SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » “İlqar Məmmədovun azadlığa çıxması ilə bağlı gözləntimiz var”

“İlqar Məmmədovun azadlığa çıxması ilə bağlı gözləntimiz var”

Tarix:

6-12-2017, 11:40

/ 1 523 dəfə oxundu.
“İlqar Məmmədovun azadlığa çıxması ilə bağlı gözləntimiz var”

Ola bilsin, bizi daxildən parçalamağa cəhd göstərsinlər

“Qaynar Qazan”da bu dəfə ReAL partiyasının Təşkilat Komitəsinin koordinatoru, partiya sədrinin siyasi məsələlər üzrə katibi Azər Qasımlı ilə söhbətləşmək qərarına gəldik. ReAL-çıların hamısı – daha doğrusu, əksəriyyəti, maraqlı insanlardır. Xüsusilə, hakimiyyətin onların üzərinə xüsusi amansızlıqla getməsi və İlqar Məmmədovu hər yoldan istifadə edərək azadlığa buraxmaması ReAL-ı daha da cazibə mərkəzinə çevirib. Onlar da elə bu amansızlığın altında əzilə-əzilə bərkiyir və alternativ olma yolunda əmin addımlarla irəliləyirlər. Biz “Qaynar Qazan”da ReAL-dan Erkin Qədirli ilə söhbətləşmişik və o müsahibə xeyli də səs-səda gətirmişdi. Sonra Natiq Cəfərli həbsxanaya düşdü və tez də çıxası oldu. Qrafikimizin də ağır olması bir müddət ReAL-çılarla müsahibəmizi ertələdi. Amma bu günlərdə, xüsusilə, ReAL-ın qurultayı ətrafında yaradılan salon bumu bir daha ReAL-ı gündəmimizə daşıdı. Bu dəfə ReAL-ın daha maraqlı bir səlahiyyətlisinə – Təşkilat Komitəsinin koordinatoruna müraciət etdik – Azər Qasımlıya. Bizi iqtidarın, ya da iqtidaryönümlülərin etdiyi kimi çək-çevirə salmadı, razılaşdıq və ReAL-ın ofisində görüşdük.

İşlərimizin həddindən artıq çox və ağır olması, bu dəfə məni qəfildən yaxalamışdı. Heç hazırlaşa bilməmişdim. Mən ReAL-ın ofisini zar-zor tapanda və ReAL-ın zalına daxil olub çəkilişə başlayanda məlum oldu ki, nə qalstukum, nə də kostyumum var. Mən rəsmi geyinməmişdim. Amma Azər Qasımlı rəsmi geyimdə idi. O, “Qaynar Qazan”ın əvvəlki bir neçə çəkilişlərinə də baxıb, mənim rəsmi geyinəcəyimi təxmin edib və elə də geyinib. Necə deyərlər, çəkilişə başlamadan bir geyim böhranı yaşadıq. Yapacaq bir şey yox idi, belə də davam etməli idik çəkilişə və elə bu məqamda birdən Azər bəy, “bir dəqiqə gözləyin” deyib ReAL-ın ofisinə – başqa bir otağa getdi. Bir neçə dəqiqədən sonra əlində bir kostyum, bir neçə qalstukla geri qayıtdı. Axı bu haqda bir neçə dəqiqə bundan əvvəl danışmışdıq. Mən ofisdə kostyum-qalstuk ola biləcəyini soruşmuşdum, amma Azər bəy olmadığını demişdi. Nə isə ki, mən dərhal gətirilən kostyumla qalstuku geyindim və bir azdan baxacağınız formada müsahibəyə başladıq. Tarazlıq təmin olunmuşdu. Azər bəylə ikimiz də rəsmi geyimdə idik…

Azər Qasımlı ilə ilk dəfə idi ki, müsahibə götürürdüm. Onun bəzi fikirləri ilə tanış idim. Xüsusilə, son günlər ReAL-ın qurultayı ilə bağlı çalışmalarını və yazdığı statuslarının ətrafında qoparılan müzakirələri nəzərdən keçirmişdim. Ümumiyyətlə, ReAL-çıların ilginc adamlar olduğunu bilirdim, amma hər tanımadığın müsahib də bağlı qazan kimidir – aça bildincə, açılar, aça bilmədinsə, qapana qapana gedər.

Mən Azər Qasımlı ilə söhbətdən çox pozitiv düşüncələrlə ayrıldım. Onu təxmin etdiyimdən maraqlı gördüm. Diqqətli, dəqiq, məsuliyyətli, nə istədiyini bilən, qərarlı, hökmlü və mübariz bir xarakter. Açığı, indiyə qədər rastlamadığım dərəcədə mənə uyan bir ReAL səlahiyyətlisi. Xüsusilə, onun xalqa münasibəti, “heç bir halda xalq günahkar ola bilməz” fəlsəfəsini daşıması – o, ReAL-ın da bu fəlsəfəni daşıdığını deyir, amma mən bunu ReAL-dan qabarıq formada hiss etməmişəm – “bacarmasaq, çəkiləcəyik”, “biz Azərbaycanın son şansıyıq” düşüncələrini əxz eləməsi, mənə xüsusi zövq verdi. Ənənəvi kimi qiymətləndirilən müxalifətə yanaşması da maraqlı idi və bu haqda indiyə qədər ReAL-çı dostların heç birindən bu qədər doyurucu bilgi almamışdım. Açığı, ReAL-a münasibətimin birmənalı olmamasına baxmayaraq, Azər Qasımlı ilə müsahibədən sonra fikirlərimdə bir açıqlıq yarandı və ReAL-ın, belə gənc siyasətçilərin olduğuna sevindim.

Azər Qasımlı İlqar Məmmədovla tanış olanda, ona “bu yola kəfənini geyinib gəlməlisən” deyilib. O fəlsəfəni daşıyır. Bu da mənim üçün maraqlı idi. Adətən, belə düşünmür siyasətçilərimizin əksəriyyəti. İndi siyasətə daha çox dəbdəbə, ya da iş-iş yeri kimi baxanlar var. Amma bura “boynuna kəfən geyinib” gələn adamların sayı yox deyəcək qədər azdır və bunu heç ReAL-çıların çoxu demir də. İlqar Məmmədova münasibətdə, onun azadlığı yolunda aparılan mübarizədə də bu, aydınca görünür. Hamı “boynuna kəfən geyinsəydi”, İlqar Məmmədov indi heç içəridə qalmazdı. Ən azından, ölkə hakimiyyətinə alternativ olduğunu iddia edən bir siyasi qüvvə, gərəkdir ki, ilk öncə öz liderini dartıb içəridən çıxara. Bunu edə bilmir ReAL və biz bu haqda da danışdıq Azər Qasımlı ilə. O da İlqar Məmmədovun yetərincə müdafiə olunmadığı fikri ilə razılaşır.

Azərbaycana, onun problemlərinə özlərinin məxsusi baxışları var. ReAL-ı hakimiyyətə alternativ görürlər və hakimiyyətə gələcəkləri təqdirdə, ən ibtidaidən ən aliyə qədər Azərbaycanı dəyişdirəcəklərinə söz verirlər. Elə buna görə də özlərini Azərbaycanın sonuncu şansı hesab edirlər. Bütün güclərini də qoyublar ki, qurultaylarını keçirib partiya olsunlar, ancaq hakimiyyət ən ağlasığmaz yollardan istifadə edərək, bunun qarşısını alır. Biz hakimiyyətin bu cür oyunlarını bilirik, tanışıq. Bu boyda ölkədə ReAL-a qurultay keçirməyə bir salon belə vermirlər. Heç bu gedişlə verməyəcəklər də. Amma gərəkdir ki, ReAL da elə alternativlər tapa ki, hakimiyyət onun arxasınca gedə, getməyə məcbur ola. Birini mən dedim Azər Qasımlı ilə müsahibədə – qurultayı çadırda keçirin! Niyə də olmasın? Mənə yer verməyən hakimiyyəti gedib Muğanda – Kür çayı ilə Araz çayının qovuşuğunda qurultay keçirib rəzil-rüsvay edərəm. Nadir Şahdan kəm olmamalıyıq axı, kişi Suqovuşanda qurultay keçirib özünü Şah seçdirib, tarixdə qalacaq qərarlar almışdı. Məsələn yəni… Qurultayı qəfildən – hərəyə bir stul götürüb hansısa bir meydanda, ya da parkda da keçirmək olar. Hakimiyyət özünə gələnə kimi qurultay da bitər, sədr də seçilər. Zatən ReAL-ın qurultayında alternativ namizəd olmayacaq – indiki halında İlqar Məmmədovun qarşısına kim çıxa bilər ki…

Azər Qasımlı ilə çox şeydən danışdıq. Saat yarımlıq söhbət o qədər maraqlı oldu ki, necə bitdiyinin fərqində olmadıq. Maraqlı adamdır Azər bəy. Getdikcə açıldı və nitqi də açıldıqca rəvanlaşdı, fikirləri qətiləşdi və daha inandırıcı olmağa başladı. Beləcə, saat yarımlıq müsahibəmizdə ReAL-ın Azərbaycanı necə dəyişəcəyindən ReAL-ın kadr potensialına, “kölgə kabineti”nə qədər hər şeydən bəhs etdik. Yarızarafat olsa da, Azər Qasımlı ReAL hökumətinfə Xarici İşlər naziri ola biləcəyini dedi. Nədən olmasın?!

Müsahibə bitəndə isə daha maraqlı bir məlumatla qarşılaşdıq. Sən demə, Azər Qasımlının mənə gətirdiyi kostyum-qalstuk İlqar Məmmədovun dəsti imiş. O zaman həbs olunandan elə ReAL-ın ofisində imiş. Azər bəy söz verdi ki, yaxın gələcəkdə – Azər Qasımlıda dərin inam var ki, hakimiyyət tezliklə İlqar Məmmədovu azad edəcək – İlqar bəy azadlığa çıxanda bu kostyumla qalstuku mənə hədiyyə verəcək. Mən də məmnuniyyətlə razılaşdım. Gələcəkdə yaratmağı düşündüyüm “Siyasi Məhbuslar Muzeyi”nə eksponat kimi gözəl olar bu hədiyyə!

Beləcə, budəfəki qonağımız, “Qaynar Qazan”ın 43-cü müsahibi ReAL partiyasının Təşkilat Komitəsinin koordinatoru, partiya sədrinin siyasi məsələlər üzrə katibi Azər Qasımlıdır. Onu dinləyirik. Bəlkə də Azərbaycanın gələcək Xarici İşlər naziri Azər Qasımlını…

Əvəz Zeynallı,

“Azadlıq salnaməsi”

I hissəni buradan oxuya bilərsiniz:

http://strateq.az/manshet/217142/real-ci-az%C9%99r-qasimli-niy%C9%99-cil%C9%99d%C9%99n-cixdi.html (ReAL-çı Azər Qasımlı niyə çilədən çıxdı:”Gedib evdə oturaqmı?!…”-VİDEO)

II hissə

İlqar Məmmədovun müdafiəsi yetərli deyil

– Respublikaçı Alternativ Partiyasının qurultayında alternativ olacaq, yoxsa seçkilər alternativsiz keçiriləcək?

– Bilmirik. Yəni o haqda hələ bir söz deyə bilmərəm. Hələ ki, gördüyümüz odur ki, namizəd İlqar Məmmədovdur.

– Alternativsiz?

– Hələ ki, ikinci şəxs yoxdur.

– O da tənqid olunacaq.

– Amma kimsə öz namizədliyini vermək istəsə, buyursun. Məsələn, mən özüm öz namizədliyimi verməyəcəyəm. Çünki mən bu vəzifəyə İlqar Məmmədovu daha layiq hesab edirəm. Onun da səbəbləri çoxdur.

– İlqar Məmmədovun müdafiəsi yetərlidirmi?

– Azərbaycan daxilində mən fikirləşirəm ki, yetərli deyil. Bu da bizim üzərində çalışacağımız işlərdən birisidir. Belə bir şey var.

– Əslində, bu boyda güc, komanda, enerji, iddia və Azərbaycan hakimiyyətinə alternativ olduğunu iddia edən nəhəng bir qrup varsa, İlqar Məmmədovun azadlığa çıxması üçün niyə böyük işlər görülmür?

– Mən deməzdim ki, biz nəhəng bir qrupuq.

– Amma alternativik deyirsiniz?

– Biz təbii ki, alternativ olduğumuzu iddia edirik. Çünki onlar monarxiya qurmaq istəyirlər, biz isə cümhuriyyəti bərpa etmək istəyirik. Onlar oliqarxik, qeyri-demokratik sistem yaradıblar, biz isə Azərbaycanı başqa cür görürük. Və sistemi dəyişib Azərbaycanı demokratik – hansında ki, insanların hüquq və azadlıqları qorunacaq, hansında ki, iş adamlarının sərbəst şəkildə fəaliyyət göstərməyə, pul qazanmağa imkanları olacaq – edən bir sistem yaratmaq istəyirik…

Bilirik ki, dozanı bir az artırsaq…

– Onu bilmək istəyirəm ki, güclü komandası olan o güclü təşkilat güclü liderini niyə çıxara bilmir 5 ildir?

– Bilirsiniz, biz Azərbaycanda bu gün formalaşan vəziyyətə adekvat davranırıq. Biz bilirik ki, biz dozanı bir az artırsaq, bunun ciddi fəsadları ola bilər.

– “Əlavə adamlar tutulacaq” demək istəyirsiniz?

– Əlavə adamlar da tutula bilər, repressiv maşın da öz işində ola bilər – bunlar hamısı var. Amma xahiş edirəm ki, heç kəs bunu qorxaqlıq kimi qələmə verməsin.

– Məsələn, Natiq Cəfərli hadisəsini elə yozdular. Natiq Cəfərli həbs olundu və 29 gündən sonra azadlığa çıxdı. O günlərdə də referendum hadisələrində ReAL geri addım atdı, çəkildi. Buna görə də ortaya istər-istəməz sual çıxır. Və çıxacaq sualları da təxmin edib verirəm. Bu boyda böyük işin altına girib, ölkəni və rejimi dəyişdirmək iddiası ortaya qoyan bir qüvvə, öncə öz liderini çəkib çıxara bilməlidir. Ona uyğun da addımlar atmalıdır. “Biz addım atarsaq, hakimiyyət repressiyanı daha da gücləndirəcək” deyiriksə, o zaman biz addım ata bilmərik.

– Təbii, təbii, təbii ki, ata bilmərik. Əslində, bu addımları atmaq, bu işləri yaxşı görmək üçün biz təşkilatlanırıq, strukturlaşırıq, partiya qururuq. Məhz onlar üçün edirik bütün bunları. Bu gün bizim gücümüz 5-dirsə, biz istəyirik ki, saat mexanizmi kimi çalışan, Azərbaycanın hər bölgəsində öz üzvləri, tərəfdarları olan bir struktur yaradaq, hər bölgədə liderləri olan bir təşkilat yaradaq və təbii ki, alternativ olduğumuzu tam əməldə göstərək. Sadəcə proqramımızla, kadr potensialımızla yox, həm də əməldə göstərək. Bir şey də var – Azərbaycan da dəyişir, Azərbaycan da bir yerdə durmur. Ölkədə dəyişikliklər baş verir. Yəni bugünkü Azərbaycanı dünənki Azərbaycanla müqayisə etmək mümkün deyil. Hakimiyyətin basqıları davam edir. Görürsünüz, nümayəndələrlə bağlı qanunu dəyişdirdilər. Daha əvvəl KİV-lə bağlı, QHT-lərlə bağlı qanunları dəyişdirmişdilər. Yəni bugünkü Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Bugünkü Azərbaycan 2000-ci illərin əvvəlindəki Azərbaycan da deyil. Bu, başqa Azərbaycandır. Bu bir. İkincisi, hakimiyyətin böyük resursları var və bu resurs təbii ki, maliyyə resursudur. Bu sistem maliyyə üzərində qurulmuş bir sistemdir, rejimdir. Və hər bölgədə də o yerli elitanın loyallığını məhz pul vasitəsilə, maliyyə vasitəsilə əldə tutan bir rejimdir. Yəni bunlar olmayacaqsa, bunlar azalacaqsa, təbii ki, loyallıq da azalacaq. Təbii ki, elitanı monolit şəkildə saxlamaq mümkün olmayacaq. Baxın, Azərbaycanın büdcəsi 2 dəfə kiçilibdir. Manatın daha əvvəlki məzənnəsinə baxın, indiki vəziyyətinə baxın. Və yeri gəlmişkən, digər tərəfdən, Azərbaycan hələ də neft ölkəsidir. İlham Əliyev deyir ki, nefti unudun. Son çıxışlarını nəzərə alanda, deyəsən, fikirlərində dəyişiklik edib. Yenə də neftin önəmli olduğu haqqında fikirlər səslənir. Amma bir neçə ay bundan əvvəl biz bunun şahidi olduq ki, İlham Əliyev açıq şəkildə dedi ki, Azərbaycan üçün neft erası bitib. Amma neft erası bitməyibdir. Dünyada ümumən götürəndə neft erası bitmiş sayıla bilər. Müəyyən mənada. Amma Azərbaycanda neft erası bitməyibdir. Çünki Azərbaycanın ixracatının 93 faizi hələ də neft və qazdır. Bizim büdcəmiz və gəlirlərimiz, xaricdən gələn valyuta məhz neft satışından əldə olunur. Ona görə ki, real iqtisadiyyat qurulmayıb Azərbaycanda. Yəni iqtisadiyyat şaxələnməyib. Ona görə də neftin qiymətinin düşməsi – indi bir az qalxıbdır – enməsi, yeri gəlmişkən, hasilatın da kəskin şəkildə azalması və bu trendin davamlı olması, bizə onu deməyə əsas verir ki, çox yaxın perspektivdə, hətta mən deyərdim ki, yaxın 2-3 il ərzində Azərbaycanda ciddi proseslər baş verəcək. Bu, həm iqtisadiyyata aiddir, həm insanların sosial durumları ilə bağlıdır, həm də hər iki məsələ siyasi dəyişikliklərə gətirə bilər.

Biz islahatlara inanmırıq

– İslahatlara?

– İslahatlar deməyim. Biz islahatlara inanmırıq. Amma hər halda siyasi dəyişikliklərə gətirib çıxara bilər.

– Anko Musa adlı bir facebook istifadəçisi soruşur: “Xalq bu il İlqar Məmmədovun azadlığa çıxmasına ümid edə bilərmi?”

– Ümid çox qəliz bir sözdür. Belə deyək, biri var sən heç nə etmirsən, sadəcə ümid edirsən, ya da bir gözlənti sözü var. Bizim gözləntimiz var. Bizim heç bir zaman ümidimiz olmayıb, açıq sizə deyim – İlqar Məmmədovun azadlığa çıxması ilə bağlı. Bizim gözləntilərimiz olub. Ki, məsələn, Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun işi ilə bağlı qərar veribsə, deməli, bu, yeni bir reallıqdır. Təbii, hakimiyyət bu yeni reallığa görə də öz siyasətini uyğunlaşdırmalıdır. Gözlənti var…

– İlqar Məmmədova görə hakimiyyət Avropa Şurasından çıxarmı sizcə?

– Yəni demək istəyirəm ki, İlqar Məmmədovun bu il ərzində, yaxud çox yaxın zamanda həbsdən çıxması ilə bağlı gözləntimiz var. Azərbaycan hakimiyyəti mən inanmıram ki, İlqar Məmmədovun işinə görə Avropa Şurasından çıxsın. Bu, onun özünün, məhz elitanın siyasi maraqlarına uyğun deyil. Yəni Avropa Şurasından çıxmaq onlar üçün daha böyük itki olacaq, nəinki İlqar Məmmədovun azadlığa çıxması. Gözləntimiz var.

– Bəlkə qurultaya da ona görə icazə vermirlər ki, İlqar Məmmədovun özü çıxsın və özü iştirak eləsin?

– (Gülür…) Yox, mən fikirləşirəm ki, əksinə, onların hər halda belə bir planı da ola bilsin ki, İlqar Məmmədov çıxana qədər prosesi uzatsınlar, bizi daxildən parçalamağa cəhd göstərsinlər, sınaqlara çəksinlər. Mən heç kəsi qorxutmaq istəmirəm, bu, Azərbaycan reallığıdır və bu prosesə gələn insanlar da uşaq deyillər. Onlar bilirlər hansı prosesə gəliblər. Biz onlara güvənirik və mən şəxsən inanmıram ki, bizim insanlar, bizim üzvlərimiz hansısa bir çətinlikdən qorxub geri çəkiləcəklər. Bunu gözləmirəm, amma hakimiyyətin belə bir planı ola bilər.

– Elvin Cahangirov soruşur: “Azər bəy, İlqar Məmmədov bu gedişlə qanunsuz həbsdən azad olacaq, yoxsa Azərbaycanın Nelson Mandelası olacaq?”

– Yeri gəlmişkən, bir dəfə İlqar bəyin özü o suala cavab vermişdi. Demişdi ki, heç kəs məni Nelson Mandela hesab etməsin.

– “Mən Nelson Mandela kimi humanist olmayacam” – eləmi demişdi? Fazil Mustafa və Siyavuş Novruzovu nəzərdə tutaraq demişdi ki, onların ikisini həbsxanada bir kamerada saxlayacağıma söz verirəm.

– Tam dəqiq yadımda deyil… “Humanist” sözü ilə də bağlı açığını deyim ki, yadımda deyil. Bilmirəm, İlqar Məmmədov Siyavuş Novruzovla bağlı belə bir söz deyib, ya yox.

– Mən həbsxanada oxumuşdum.

– Tam dəqiq yadımda deyil. Çoxdan olub o hadisə. İlqar Məmmədov “Nelson Mandela olmayacam” deyəndə hər halda, “20 il burada yatmayacam” demək istəyirdi. Hər halda biz düşünürük ki, bu iqtidar 20 il sürməyəcək. Hətta mən onun səbəblərini də burada dedim. Bu səbəblər ReAL-ın güclü olub-olmamasına da bağlı deyil. Yenə deyirəm, Azərbaycanda gedən ictimai-siyasi-sosial proseslərin nəticəsi olaraq mən fikirləşirəm ki, Azərbaycan hakimiyyəti heç də düşünməsin ki, 20 il hakimiyyətdə olacaq. Hər halda bu, olmayacaq. Amma bu, gələcəyin işidir və təbii ki, burada kimsə dəqiq bir şey deyə bilməz. Sadəcə, biz bunların analizini ortaya qoya, fərqli proqnoz verə bilərik. Nelson Mandela məsələsinə gəlincə, burada hər halda məsələnin mahiyyətindən söhbət gedir ki, Nelson Mandela Afrikada, Cənubi Afrika Respublikasında idi. Tamamilə başqa bir cəmiyyət idi, başqa bir quruluş idi. Orada ağlar, qaralar – bilirsiniz də, bu problemləri, aparteid siyasəti var idi… Təbii ki, Nelson Mandela ağıllı insan idi və siyasəti də doğru idi. O, necə deyərlər, bir barış quşu kimi həbsxanadan çıxdı və dediyiniz kimi, humanist siyasətini həyata keçirdi. Azərbaycan tamamilə başqa ölkədir. Amma bu, o demək deyil ki, sabah ReAL hakimiyyətə gələndən, deyək ki, İlqar Məmmədov ölkənin başçısı-prezidenti olandan sonra Azərbaycanda hər kəsi, yaxud bütün məmurları həbs edəcəklər.

Siyavuş Novruzovu həbs etməyin anlamı nədir?

– Siyavuş Novruzovu dəqiq həbs edəcəklər…

– Əslində, Siyavuş Novruzovu həbs etməyin anlamı nədir, sözün doğrusu, mən onu başa düşmürəm. Mənası nədir, onu həbs etdin, ya həbs etmədin – məncə ölkədə heç nə dəyişməyəcək. Mən belə düşünürəm. Amma hər bir halda ReAL barışdırıcı qüvvədir. ReAL Azərbaycan respublikasının hər bir vətəndaşını özünə doğma bilir, amma təbii ki, o vətəndaş bu ölkənin qanunlarını pozmamalıdır. Həm insani qanunlar var, həm də Allahın qoyduğu yazılmamış qanunlar-qaydalar var. Onlar da çox önəmlidir. Elə deyil?

– Bəli.

– Təəssüflər olsun ki, bu iqtidar fəaliyyəti dövründə hətta o qanunları da pozubdur. Amma bir daha deyim ki, çox kinli siyasətçinin gələcəyi ola bilməz. Və mən yüz faiz əminəm ki, İlqar Məmmədov belə şəxs deyil. Mən onu dəqiq bilirəm. Açığını deyim ki, ReAL-da belə bir şəxs də tanımıram.

– İlqar bəylə sonuncu dəfə nə zaman görüşübsünüz? Yaxın zamanlarda görüşünüz olub?

– Xeyr. Biz – mən, Natiq Cəfərli və Erkin Qədirli – onunla, səhv etmirəmsə, 2013-cü ilin sonunda görüşmüşük. Ondan sonra bizim İlqar Məmmədovla görüşümüz olmayıb.

– 4 ildir görüşmürsünüz… Bəs necə əlaqə saxlayırsınız?

– Bəli. Amma məhkəmələrdə görüşmüşük. Həm Şəkidə, həm Bakıda məhkəmələr olub və bu məhkəmələrdə bir-birimizi görmək imkanlarımız olub.

– Yəni partiyanı idarə etmək İlqar bəy üçün çətin olmayacaq, ona görə soruşuram.

– Yəni partiya qurulandan sonra?

– Bəli.

– Xeyr. Çünki partiyada İlqar Məmmədovun demək olar ki, avtoritetini qəbul etməyən şəxs yoxdur.

– Yəni avtoritar partiyasınız?

– Yox. Avtoritar və avtoritet fərqli şeylərdir.

– Nüfuzdur təbii ki…

– Lider nə deməkdir? Lider o deməkdir ki, sənin kiminsə üzərində avtoritetin var. Avtoritet nə deməkdir? Legitimlik deməkdir. Avtoritet əldən gedəndə, legitimlik də əldən gedir. Adamlar sənə hörmət etmirlərsə, deməli, sənin legitimliyin, avtoritetin də yoxdur. Amma avtoritar üsul-idarə tamamilə başqa şeydir. Yəni bizim nizamnaməmizi açıb baxa bilərsiniz. Bu gün Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyaları müqayisə etsək, mən düşünürəm ki, biz daha demokratik və nümunəvi bir Azərbaycan partiyasının strukturunu və nizamnaməsini nəzərdə tutmuşuq.

– Amma siz də tez-tez cəbhəçilərlə facebookda böyük davalara çıxırsınız…

– Tez-tez deməzdim.

– Zaman-zaman olur amma…

– Mən yox, onlar hər halda… Onlar deyəndə, heç bilmirsən ki, o yazan insanlar cəbhəçidir, müsavatçıdır, yoxsa hakimiyyətin adamıdır. Ona görə də mən çalışıram ki, belə insanlarla heç polemikaya girməyim. Elə adamlar var ki, onları tanıyırıq və bilirik ki, Xalq Cəbhəsinin və yaxud Müsavat partiyasının üzvləridir. Nəsə yazırlar, biz də cavab veririk, təbii ki, hərdən mübahisələr də düşür. Bu, normaldır və buna normal yanaşmaq lazımdır. Sadəcə, söyüş, təhqir olanda, yalandan danışılanda, pisdir. İnanmıram belə şeyləri bəyənən insanlar olsun. Biz də bəyənmirik.

Biz bu prosesə İlqar Məmmədovla yürüyürük

– Azər bəy, seçkilərlə bağlı suallar var. Bəhruz Sahiboğlu soruşur: “Prezident seçkilərinə qədər İlqar Məmmədov bəraət alıb çıxmasa – namizəd olmaq üçün bəraət şərtdir, bu da çətin görünür – ReAL hansı partiya və təşkilatla birlikdə seçkiyə getməyə daha yaxındır?” Ağaşirin Tarverdioğlu da oxşar bir sual soruşur: “Azər bəy, 2018-ci il prezident seçkilərində kimisə müdafiə edəcəksiniz, yoxsa ReAL olaraq təşkilatınızın namizədi olacaq?”

– Əvvəla, İlqar bəylə bağlı onu deyim ki, bizim gözləntimiz odur ki, birincisi, İlqar Məmmədov həbsdən azad olunacaq və ikincisi, Avropa İnsan Haqları Məhkəməsinin qərarları icra olunacaq və o, tam bəraət qazanacaq. Yeri gəlmişkən, Avropa İnsan Haqları Məhkəməsinin bu ayın 16-da (müsahibə Avropa İnsan Haqları Məhkəməsinin ayın 16-da verdiyi qərardan əvvəl götürülüb – Red.) İlqar Məmmədovun işi ilə bağlı 2-ci qərarı olacaq. Və bu qərar bilavasitə bəraətlə bağlı olan bir qərardır, hansı ki, Azərbaycan hakimiyyəti həyata keçirmək məcburiyyətindədir. Etməyə bilərlərmi? Etməyə bilərlər təbii ki… Belə olan təqdirdə, yəni İlqar Məmmədov azadlığa çıxsa və üzərində məhkumluq qalsa, biz İlqar Məmmədovun üzərində olan məhkumluğun götürülməsi uğrunda və onun prezident seçkilərində iştirak etmə hüququnun bərpası uğrunda mübarizəmizi davam etdirəcəyik. Onu da deyim ki, Azərbaycan qanunvericiliyinə görə, prezident seçkiləri noyabr ayının birinci bazar gününə düşür. Yəni bu, o deməkdir ki, seçki prosesi avqustun sonunda başlayacaq. Yəni deyək ki, İlqar Məmmədov bir aydan, yaxud iki aydan sonra həbsdən çıxacaqsa, bizim hələ 6-8 ayımız olacaq ki, İlqar Məmmədovun məhkumluğunun üzərindən götürülməsi uğrunda mübarizəmizi aparaq. Bu mübarizəmizi də biz mütləq şəkildə aparacağıq. Ona görə də burada hansısa yeni, alternativ namizədlərdən danışmaq mən hesab edirəm ki, yersizdir. Çünki hal-hazırda bizim namizəd İlqar Məmmədovdur və hələ ki, seçki kampaniyası başlamayıbdır. Ona görə də biz bu prosesə İlqar Məmmədovla yürüyürük.

– Cəmil Məmmədli soruşur: “ReAL istənilən halda prezident seçkisində iştirak edəcəkmi? Yəni heç olmasa müşahidəçi kimi ümumrespublika səviyyəsində iştirak etmək barədə düşünmürlər ki?”

– Ola bilər. Əslində, olmalıdır da. Bu, düzgün mövqedir. Biz hər bir halda siyasi proseslərdən yararlanmağın tərəfdarıyıq. Biz siyasi proseslərdən qaçmağın, seçkiləri boykot etməyin tərəfdarı deyilik. Halbuki yeri gəlmişkən, boykotun özü də bir siyasi “rıçaq”dır, metoddur. Hansından ki, istifadə etmək olar. Yəni demək ki, belə bir şey yoxdur, o da səhvdir. Amma hər halda mən düşünürəm ki, əgər boykotdan söhbət gedirsə, bu, aktiv boykot olmalıdır. Aktiv boykot nədir? Aktiv boykot odur ki, insanlara müraciət edirsən, yəni Azərbaycan xalqına. Ki, seçkilərə getməyin – bir. Dövlət idarələrində işləyən insanlara müraciət edirsən ki, iş yerlərinə çıxmayın – iki. Üç – sən kütləvi və aktiv şəkildə aksiyalara başlayırsan. Minlərlə, on minlərlə insanları bu prosesə gətirirsən. Bunu edə bilirsənsə, buyur, et. Bu metoddan istifadə et. Amma bunu edə bilmirsənsə… Təbii ki, burada o minimum şərait ki var, hansından ki, istifadə edib özünü tanıda bilərsən, insanlarla görüşə bilərsən – bunları et. Siyasət nədir? Siyasət maksimum əldə edə biləcəyini əldə etmə məharəti, sənətidir.

– Mümkün olanları əldə etmək sənətidir…

– Bəli. Siyasətə həm də bu cür ad verirlər. Bu nöqteyi-nəzərdən yanaşsaq məsələyə, təbii ki, biz seçkilərdə iştirak etməyin tərəfdarıyıq. Kimsə sual verə bilər ki, seçki vasitəsilə bu gün Azərbaycanda hakimiyyətə gəlmək mümkündürmü? Çünki seçkilər saxtalaşdırılır.

– Mümkündürmü?

– Bəli, seçkilər saxtalaşdırılır və gördüyümüz də odur ki, 2018-ci ildə də saxtalaşdırılacaq. Amma mümkündür…

Mitinqlərlə Azərbaycanda heç nə dəyişmir

– Burada onunla bağlı sual var. Orxan Səlimzadə soruşur: “ReAL üçün mitinqlər məqsədə çatmaq üçün sonuncu vasitələrdən biridir. İndiyə kimi fəaliyyətləri dövründə mitinq keçirməməkləri buna əsas verir. Gələn il seçkilərdə İlqar Məmmədov da namizəd olacaq – tezliklə azadlıqda olmağını arzulayırıq – sualım belədir: Demokratik seçki olarsa, seçkidə səs toplayacağı təqdirdə, səsləri necə qorumağı düşünürlər?” Elə indicə danışdığımız mövzudur…

– Sonuncu məqsəd deyəndə nə nəzərdə tutulur?

– Hər halda mitinqlərə getməməklə bağlı…

– Azərbaycanda deyək ki, hər sahədə islahatlar keçirib, dəyişikliklər etmək, sistemi dəyişdirməkdən söhbət gedirsə, təbii ki, mitinqlər buna yaramır. Mitinqlərlə heç bir sistem dəyişmir. Mitinqlərlə Azərbaycanda heç nə dəyişmir. Sözsüz. Amma söhbət siyasi proseslərin yönünü dəyişməkdən gedirsə və mitinqlərdən, kütləvi aksiyalardan istifadə edib, siyasi vəziyyəti dəyişib, bunun nəticəsi olaraq hakimiyyətə gəlməkdən gedirsə, təbii ki, bu, mümkündür.

– Yəni o şərtlərdə mitinqlərə gedə bilərsiniz? “O ayrı şeydir” deyirsiniz?

– Təbii ki, gedə bilərik. Yəni biz mitinqləri, kütləvi aksiyaları bir siyasi metod kimi, təsir və təzyiq instrumenti kimi kənara atmamışıq. Heç bir zaman da bunu kənara atmamışıq. Sadəcə bizim hər zaman dediyimiz odur ki, hələ Azərbaycan cəmiyyəti buna hazır deyil. Biz cəmiyyətin buna hazır olduğunu görəndə, ilk meydanda biz olacağıq. Heç kəsin buna şübhəsi olmasın.

– Çingiz Cabbarlı soruşur: “Niyə ReAL Milli Şuranın mitinqlərinə qatılmadı?”

– Niyə qatılmalıdır? Yazmayıb orada niyə qatılmalıdır?

– Yox…

– Hərdən olur da, niyə qatılmalıdır yazılır…

– Amma sualın davamında yazır: “İlqar Məmmədovun mübarizəsinə zərrə qədər şübhəm yoxdur. Əsas hədəf “JEK” müdirləridir, yoxsa birinci şəxs?”

– Əsas hədəf nə birinci şəxsdir, nə də ki, “JEK” müdirləridir. Əsas hədəf bu gün Azərbaycanda formalaşan sistemdir. O sistemin başında olan insanlar var təbii ki, ilk növbədə də İlham Əliyev. Və görürsünüz, bunu açıq söyləyirəm.

– Yəni deyirsiniz ki, bizim hədəfimiz şəxslər və fərdlər deyil, sistemi dəyişməkdir?..

– Təbii ki… Bizim hədəfimiz o deyil ki, İlham Əliyev pisdir, İlqar Məmmədov yaxşıdır. İlham Əliyev getsin, onun yerinə İlqar Məmmədov olsun. Xeyr. İlqar Məmmədov, İlqar Məmmədovun komandası, İlqar Məmmədovun və ümumiyyətlə, bizim partiyanın proqramı bir vasitədir. Nəyə vasitədir, ölkədə sistemi dəyişməyə vasitədir. Və yeni nəsil qurmaq üçün. Və yeni Azərbaycan qurmaq üçün… (Gülür…) Yeni Azərbaycan bir az pis səsləndi, amma fərqli, daha yaxşı bir Azərbaycanı, tərəqqini mümkün edəcək bir sistemin qurulmasını istəyirik. Bax, hədəfimiz budur. Yenə də deyirəm, burada söhbət “JEK” müdirindən, İlham Əliyevdən, yaxud hansısa başqa bir isimdən getmir. Burada söhbət sistemin dəyişməsindən gedir. Amma başda sözsüz ki, İlham Əliyev durur. Onun da öz komandası var. Biz təbii ki, onların hakimiyyətdən getməsinin tərəfdarıyıq. Nəinki onların, hətta hesab edirik ki, Azərbaycanda bütün sahələrdə, aşağıdan yuxarıya qədər ciddi kadr islahatlarına ehtiyac var. Bunu da öz proqramımızda açıq-aydın yazmışıq. Və bunu necə həyata keçirəcəyik – onu da yazmışıq.

Minck Qrupu çox passivdir, ləngdir və hətta prosesi imitasiya edir

– Elşən Əlisoy soruşur: “ReAL Qarabağ məsələsinin həllini nədə görür? Müharibə edib torpaqlarımızı azad etmək lazımdır, yoxsa danışıqlar davam etməlidir?”

– Biz Minck Qrupu çərçivəsində danışıqların davam etdirilməsinin tərəfdarıyıq. Amma digər tərəfdən, bizim bir də gördüyümüz odur ki, Minck Qrupu aktiv deyil, Minck Qrupu çox passivdir, ləngdir və hətta prosesi imitasiya edir. Biz bunları görürük. Amma digər tərəfdən də biz çox gözəl bilirik və anlayırıq ki, nəyə görə Minck Qrupu belə davranır. Çünki bu gün bölgədə və dünyada elə bir proseslər baş verir ki, elə bir vəziyyət yaranıb ki, bütün dünya oyunçuları Cənubi Qafqazda, hansında ki, Azərbaycan bu gün yerləşir, aktiv proseslərin olmasını istəmirlər. Bu, həm Rusiyaya, həm ABŞ-a, həm də Avropa Birliyinə daxil olan əsas açar ölkələr var ki, onlara da aiddir. Yəni həm region, həm də dünya bu gün Qarabağ probleminin həllinə hazır deyil. Biz bunu görürük. Azərbaycan buna hazırdırmı? Mən fikirləşirəm ki, Azərbaycan da buna hazır deyil. Bu gün hazır deyil. Niyə? Çünki birinci, cəmiyyətə baxaq. Əgər cəmiyyətdə ədalət yoxdursa, əgər məhkəmələrdə insanların hüquqları pozulursa, əgər biznes əhlinin, iş adamlarının hüquqları pozulursa, insanlar Azərbaycanı tərk edib getmək istəyirlərsə, burada fəaliyyət göstərmək istəmirlərsə, insan hüquq və azadlıqları pozulursa, deməli, bu cəmiyyət Qarabağı hansısa bir formada geri qaytarmağa hazır deyil. Bu, acı nəticədir. Və bu hakimiyyətin bu neçə illər ərzində hakimiyyətdə olmasının, bunların fəaliyyətlərinin nəticəsidir. Yeri gəlmişkən, orduya baxın. Düzdür, indi pis-yaxşı hansısa bir formada ordu yaradıblar. Bu ordunu 1990-cı ildə olan ordu ilə də müqayisə etmək olmaz. Bu da yanlışdır. Yeri gəlmişkən, keçən ilin aprel döyüşlərinə də baxsaq görərik ki, bizim ordu əzmkardır, orada olan hərbçilərimiz həqiqətən də Vətəni qorumaq istəyirlər. Sözsüz. Amma digər tərəfdə biz nə görürük? Digər tərəfdən də biz gördük ki, yanlış qərarlar verilir. Onu da gördük. Mən tam təfərrüatı ilə Silahlı Qüvvələr məsələsinə girmək istəmirəm. Sadəcə bir detalı qeyd edim ki, biz aprel döyüşlərini – hamımız yox, amma böyük əksəriyyətimiz bunu dəstəkləmişik. Lakin biz Azərbaycan ordusunu, Silahlı Qüvvələri dəstəkləmişik. Orduda olan hərbçiləri, zabitləri və əsgərlərimizi dəstəkləmişik. Dünən də dəstəkləmişik, bu gün də dəstəkləyirik, sabah da dəstəkləyəcəyik. Çünki nəticə etibarilə ola bilsin ki, elə bir vəziyyət yaransın ki, biz Qarabağı hansısa hərbi əməliyyatlar vasitəsilə geri qaytarmağa məcbur ola bilərik. O dövr gələ bilər, amma bunun üçün təbii ki, həm dünyada, həm regionda müəyyən şərtlər və status-kvolar dəyişməlidir. Onun dəyişdiyini gördükdə təbii ki, biz aprel döyüşləri ki var idi, eynilə deməyim, amma ondan daha yaxşı, ondan daha əzmkar əməliyyatların keçirilməsinə də yox demirik. Yəni qoy hər kəs bilsin ki, Azərbaycan öz torpaqlarını verməyəcək. Ya hərb yolu ilə, ya danışıqlar yolu ilə – hansısa bir şəkildə torpaqlarımızı geri qaytaracağıq.

– Azərbaycan xalqına nə deyirsiniz? Məsələn, biz hakimiyyətə gələndən sonra hansı müddət içində Qarabağ bizim olacaq deyirsiniz?

Strateq.az

Şərhlər

XƏBƏR LENTİ