SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » “Abbas Abbasovu çoxdandır görmürəm” - ÜAK sədri Fazil Qurbanov

“Abbas Abbasovu çoxdandır görmürəm” - ÜAK sədri Fazil Qurbanov

Tarix:

4-10-2017, 10:49

/ 66 653 dəfə oxundu.
“Abbas Abbasovu çoxdandır görmürəm” - ÜAK sədri Fazil Qurbanov

Rusiyada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi barədə qərar qüvvədə saxlanılsa, bu ölkədə yaşayan azərbaycanlılar qısa müddətdə yeni diaspor təşkilatı yaradacaq. Bu barədə “Report” ÜAK rəhbərliyinə yaxın mənbəyə istinadən xəbər yayıb.

Məlumata görə, yeni təşkilat, çox güman ki, ÜAK-ın bazasında fəaliyyət göstərəcək. Mənbə bildirib ki, yeni struktur yaradılarsa, onun tərkibinə həm ÜAK üzvləri, həm də son illərdə diasporun fəaliyyətində fəal iştirak etmiş yeni simalar daxil olacaq.

Mənbə onu da qeyd edib ki, yeni təşkilatın fəaliyyətində vaxtilə ÜAK-ı tərk etmiş böyük azərbaycanlı iş adamlarının iştirak edəcəyi gözlənilir. Xatırladaq ki, mayın 15-də Rusiya Ali Məhkəməsi Rusiya Ədliyyə Nazirliyinin “Ümumrusiya Azərbaycan Konqresi” (ÜAK) ictimai təşkilatının nizamnaməsinin Rusiya qanunvericiliyinə uyğun olmaması səbəbindən ləğv edilməsi barədə iddiasını təmin edib. Sentyabrın 19-da Rusiya Ali Məhkəməsinin Apelyasiya Şurası ÜAK-ın ləğvi ilə bağlı qərarı qüvvədə saxlayıb. Yayılan məlumatların nə dərəcədə doğru olduğunu öyrənmək üçün Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) prezidenti Fazil Qurbanovla əlaqə saxladıq. Təşkilat rəhbəri “Yeni Müsavat”a öncə bunları bildirdi:

- Yeni təşkilatın yaradılacağı barədə deyilənlər hələlik “çiy” söhbətlərdir. Biz hələ Rusiya Ali Məhkəmənin Rəyasət Heyətinə müraciət edəcəyik. Bu, artıq sonuncu instansiyadır. Şikayətimizə orada baxılandan sonra növbəti qərarımızı verəcəyik. İndiki halda isə heç nə deyə bilmərik. Sonuncu instansiyanın qərarı olandan sonra biz gərək fikirləşək, məsləhətləşək. İndiki halda heç nə deyə bilmərəm, çünki hələ məsələ bitməyib.

- Ötən ay qəzetimizə müsahibənizdə də ümidlə danışmışdınız. Amma 19 sentyabrda Rusiya Ali Məhkəməsinin Apelyasiya Kollegiyası ÜAK-ın bərpası barədə qərar çıxarmadı. Necə bilirsiniz, niyə Rusiya hakimiyyəti bu qədər sərt mövqe tutub?

- Mənim üçün çox gözlənilməz məsələdir. Düzü, belə olacağını heç vaxt gözləməzdim. Çox çalışdıq, çox dedik, ancaq belə bir qərar qəbul etdilər.

- Yəqin sizin münasibətdə olduğunuz dairələr var. Onlar bu qərarı nə ilə əsaslandırırlar?

- Burada siyasi məsələ yoxdur. Sadəcə, tələb olunan sənədləri vaxtında təqdim etməyiblər, yaxud bir gün gecikdiriblər. Görünən budur ki, hansısa yoxlamaların nəticəsidir. Bizim ümidimiz var idi ki, üçüncü instansiyada bizim şikayətimizə normal baxılacaq. Lakin olmadı. Cümə günü sonuncu məhkəmənin qərarını almışıq, indi də plenuma hazırlaşırıq.

- ÜAK-ın keçmiş ofisi sizdə qalırmı, yoxsa təhvil verilib?

- Yox, köhnə ofis ayrı yerdədir. Biz indi “Bakı” kinoteatrında otururuq. İndi yeni ofis üçün də axtarışdayıq. Son qərarı alaq, ondan sonra mövqeyimiz konkretləşəcək.

- Belə fikirlər var ki, Fazil Qurbanov ÜAK-a rəhbər gətiriləndən sonra təşkilatın başının üstünü qara buludlar alıb. Ola bilərmi ki, kimlərsə sizin bu böyük diaspora təşkilatına rəhbərliyinizi sinirə bilmədiyi üçün onu sıradan çıxartmaq istəyir?

-Yox. Məndən qabaq bəzi şeylər olub, sənədləri vaxtında təqdim etməyiblər. Yavaş-yavaş problemlər yığıldıqca məsələ bu dərəcəyə gəlib çatmışdı. Yəni məsələ mənim təşkilatın rəhbərliyinə gəlməyimlə bağlı deyil. Sadəcə, təşkilata bəzi yeni adamlar gəlib. Təzə adam gələndə də gərək ayrı-ayrı şəxslərlə də razılıq olsun, deyilsin ki, necə adamdır. Yoxsa biri gəlir, biri gedir, belə olmur. Bəziləri özlərini düzgün aparmadılar, işi düzgün qurmadılar. Mən istəmirəm köhnə məsələlərə qayıdım, bəzi məsələləri deyim.

- Ali Məhkəmənin Rəyasət Heyəti sizin şikayətinizə nə vaxt baxacaq?

- Hələ bilinmir. Hazırda biz vəkillərlə sənədləri hazırlayırıq ki, sonuncu instansiyaya müraciət edək. Bu, axırıncı instansiyadır, müsbət qərar verilməsə, demək bitdi, təşkilatı bağlayacaqlar.

- Avropa İnsan Haqları Məhkəməsinə müraciət barədə fikirləşmirsiniz ki?

- Mənə belə gəlir ki, Avropa Məhkəməsinə müraciət etməyə ehtiyac yoxdur. Biz gərək təşkilatdakı səhvlərimizi düzəldək və nə etmək barədə düşünək. Ola bilsin yeni adla cəmiyyət yaratdıq, bu barədə də düşünmək lazımdır.

- O halda yeni təşkilatın da rəhbəri siz olacaqsınız?

- Bunu indidən demək olmaz. Gərək o halda seçki olsun, üzvlərin rəyi nəzərə alınsın. Böyük təşkilatdır, bu, başsız qala bilməz axı.

- Azərbaycan əsilli milyarderlər var, onları necə, yeni təşkilata cəlb etmək niyyətiniz varmı?

- Bilirsiniz indi necədir? Biz istərdik ki, tanınmış ziyalılar, biznesmenlər bizə dəstək olsun. Əlbəttə, onlar böyük dəstək verə bilər. Biz heç kimin yolunu bağlamamışıq, bizim cəmiyyət açıqdır. Adlı-sanlı adamlar insanlara dəstək ola bilər.

- "Forbes"in siyahısında adı olan məşhur azərbaycanlı iş adamları var, bu vaxta qədər onlardan dəstək görmüsünüzmü?

- Vaxtilə olub. Məsələn, Araz Ağalarov cəmiyyətdə təmsil olunub. Lakin sonralar bilmirəm, bəlkə də təşkilatın pis fəaliyyət göstərməsinə görə onlar kənarda qalıblar. Cəmiyyət işləməyəndən sonra, heç kimə kömək etməyəndən sonra, camaatın problemlərinə biganə olduğu halda, kim gəlib ona sponsorluq edər?

- Söyün Sadıqovla münasibətiniz necədir?

- Mən onu şəxsən tanımıram. Amma bilirəm ki, belə bir adam var.

- Bəs Abbas Abbasovla necə, əlaqəniz qalırmı?

- Yox, Abbas Abbasovu çoxdandır görmürəm. O da burada yoxdur. Cəmiyyət bizdə açıqdır. Kim istəyirsə dəstək olsun, təbii ki, biz ona qarşı deyilik. Yalnız dələduz adamları, cinayətkarları, məhkəmədə işləri olan şəxsləri cəmiyyətimizdə görmək istəmirik.

- Fazil bəy, Qarabağa qanunsuz səfər edənlər arasında Rusiya vətəndaşları birinci yerdədir. Diaspor təşkilatı olaraq bununla bağlı etirazınız olurmu?

- Biz həmişə Azərbaycan, Qarabağ məsələsində mövqeyimizi bildirmişik, demişik ki, Qarabağ bizimdir, başqa cür ola bilməz. Muxtar statusla da olsa, Azərbaycanın tərkibində olmalıdır. Ancaq mən hazırda ÜAK-ın taleyi ilə məşğul olduğum üçün hətta müsahibə verməyə də vaxt tapa bilmirəm.

- Elə isə zamanınızı çox almayım. Təşəkkür edirəm.

- Siz də sağ olun.

Şərhlər

XƏBƏR LENTİ