SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » Mehman Əliyev: “Cəhd edəcəklər ki, məni yenidən həbs etsinlər”

Mehman Əliyev: “Cəhd edəcəklər ki, məni yenidən həbs etsinlər”

Tarix:

3-10-2017, 10:28

/ 64 107 dəfə oxundu.
Mehman Əliyev: “Cəhd edəcəklər ki, məni yenidən həbs etsinlər”

Vergilər Nazirliyi agentlikdən əl çəkmir

Vergilər Nazirliyi “Turan” informasiya agentliyinə bir müddət əvvəl agentlik barəsində açılmış cinayət işinin davam etdirildiyi haqda məlumat göndərib. Nazir müavini Namiq Əliyevin imzaladığı, 26 sentyabr tarixli məktub oktyabrın 2-də agentliyə daxil olub.
Məktubda həmçinin qeyd edilir ki, agentliyin direktoru Mehman Əliyevə qarşı həbs-qətimkan tədbiri sentyabrın 11-də “başqa yerə getməmə” qətimkan tədbiri ilə dəyişdirilib, bu da ölkədən çıxma qadağası deməkdir. Məktub agentliyin Vergilər Nazirliyinin qanunsuz əməllərinə qarşı şikayəti üzrə sentyabrın 27-də keçirilən məhkəmə iclasından bir gün əvvəl tərtib edilib.
Məlum olduğu kimi, avqustun 7-də Bakı Lokal Vergilər Departamenti 31 iyul 2014-cü il tarixindən 31 iyul 2017-ci il tarixinə qədər olan dövrdə agentliyin 26 907 manat vergi ödənişindən yayınması və təxminən 10 000 manat cərimə tətbiq edilməsi haqqında qərar çıxarıb. Agentlikdən tələb olunan ümumi məbləğ təxminən 37 000 manat təşkil edib.
Agentlik bu qərarı qanunsuz hesab edib və avqustun 14-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iclası sentyabrın 27-nə təyin edilib və tərəflərin iştirakı ilə keçirilib.
Avqustun 8-də artıq Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti faktla bağlı səyyar yoxlamaya başlayıb.

Bununla paralel olaraq agentliyə qarşı cinayət işi açılıb.

Elə həmin departament avqustun 16-da 2014-2017-ci illər üçün yoxlamanı ləğv edib və 2010-cu il oktyabrın 1-dən 2017-ci il avqustun 1-nə qədər yoxlama təyin edib.
Agentlik bu qərardan da məhkəməyə şikayət verib. İclas oktyabrın 11-nə təyin edilib.
Bu arada “Turan”ın öz fəaliyyətini bərpa edəcəyi ilə bağlı ötən həftənin sonunda məlumat yayıldı. M.Əliyev açıqlamasında bildirdi ki, “Turan”la bağlı problem hələ aradan qaldırılmayıb: “Bizim hesablar bağlı olaraq qalır. Vergilər Nazirliyinin qərarı var. O qərara əsasən, hesaba hər hansı vəsait daxil olursa, bizə irəli sürülən ittiham əsasında 37 min manata yaxın borca görə silinəcək. Bu mənada demək olmaz ki, problem bitib. Cinayət işi davam edir. Tədqiqat da davam edir, məhkəmə prosesi də. Əslində heç bir şey dəyişməyib. Fəaliyyətimiz bərpa olunub. Biz işləyirik. Maaş -filan yoxdur. Amma kollektiv hazırdır işləməyə. Ümidlidirlər ki, nəsə müsbət dəyişiklik olacaq. Bir ay işləyək, görək nə baş verir. Məhkəmə prosesini gözləyək”.
Müsahibimiz dedi ki, əməkdaşlar arasında evdən də işləyənlər var, redaksiyada çalışanlar da. M.Əliyevin sözlərinə görə, buna fəaliyyətin tam bərpa olunması demək olmaz: “Sadəcə, informasiya xidməti göstəririk. O ofisdən köçməmişik. Elan vermişik ki, informasiya yayırıq. Amma bizdə bu problem qalır. Əslində məhkəmə müstəvisinə keçəndə bütün proseslər dayandırılmalıdır. Halbuki bir tərəfdən məktub göndəririrlər ki, cinayət işi dayandırılır, çünki məhkəmə müstəvisinə keçir. Digər məktubla da deyirlər ki, istintaq davam edir. O biri tərəfdən də baş prokuror deyir ki, ”Turan"ın fəaliyyətinə heç bir maneə yoxdur. Amma Vergilər Nazirliyi deyir ki, cinayət işi davam edir. Hesablara pul gələndə dərhal çıxarılırsa, bu, məhdudiyyətin olmaması deməkdir? Heç bir iş aparılmayıb. İrad bildirilməyib. Biz onlara sənədləri təqdim etmişik. Avqustun 15-nə qədər olan bütün rəsmi sənədlər onlardadır. Bununla bağlı bizə heç nə deyilməyib. Yoxlamaya 1 ay vaxt verilir. Bizimlə heç bir iş aparılmayıb".
Müsahibimiz dedi ki, hazırda “Turan” ətrafındakı proses davam edir. “Cəhd edəcəklər ki, məni yenidən həbs etsinlər, təzyiq göstərsinlər” deyən M.Əliyevin sözlərinə görə, yaxın gələcəkdə nə baş verəcəyini proqnozlaşdıra bilmir. “Turan”ın rəhbəri həmçinin əfv ərizəsi yazması ilə bağlı iddiaları da yalanladı. Dedi ki, məhkum olunmadığı üçün əfv ərizəsi yazması da mümkünsüzdür: “”Turan" 27 il ərzindəki fəaliyyətində məhkəməyə verilməyib. Qanunlara riayət edib. Mən heç zaman istintaqdan yayınmamışam, agentliyin bütün sənədlərini təqdim etmişəm. Prezidentdən də xahiş etmişəm ki, mənim barəmdə seçilən həbs-qətimkan tədbirinin dəyişdirilməsinə yardımçı olsun. Bunun adı əfv ərizəsi deyil".
Avqustun 24-də Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti Mehman Əliyevə qarşı CM-in 213.1 (vergi ödənişindən yayınma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2-ci (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürüb. Məhkəmənin qərarı ilə o, 2,5 ay müddətinə həbs edilib. Sentyabrın 11-də qətimkan tədbiri dəyişdirilib.
Elə həmin gün Vergilər Nazirliyi agentliyin 37 000 manat borcu haqqında qərarı ləğv edib, bank hesabları üzərindən həbs qaldırılıb. Amma sentyabrın 15-də borc qərarı yenidən bərpa edilib.

“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ