SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » «Musa Qasımlı özü də həmin problemli dərsliklərin müəllfidir»

«Musa Qasımlı özü də həmin problemli dərsliklərin müəllfidir»

Tarix:

19-09-2017, 09:11

/ 34 941 dəfə oxundu.
«Musa Qasımlı özü də həmin problemli dərsliklərin müəllfidir»

Dünən Milli Məclisin Elm və təhsil komitəsinin iclasında təhsillə bağlı müzakirələr səsləndirilib. Komitə üzvlərinin əksəriyyəti dərsliklərin hazırlanmasından narazılıq edib və öz təkliflərini səsləndiriblər. Deputatların dərsliklərlə bağlı səsləndirdiyi fikir və təklifləri təhsil eksperti Kamran Əsədovla müzakirə etdik. Həmin müsahibəni təqdim edirik.

- Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclasında təhsillə bağlı müzakirələr olub. Deputat Musa Qasımlı deyib ki, dərsliklərin yazılmasında inhisarçılıq var. Sizcə, inhisarçılığı təşkil edən kimlərdir?

- Əslində, bu inhisarçılıq mövzusu çox mübahisəlidir. Azərbaycan Respublikası müstəqillik əldə edənə kimi, dərsliklər Moskvada razılaşdırılır və bizə hazır formada gəlirdi. Həmin dərsliklərdə bizim ədəbiyyat, tarix, istər də milli-mənəvi dəyərlərimizə uyğun olmayan məlumatlar olurdu. Mütəqillik əldə etdikdən sonra artıq bu problemlər aradan qalxmağa başladı. Hətta, 2002-2003-cü illərədək vahid dərslik konsepsiyası yox idi. Dərsliklər demək olar ki, çox bərbad vəziyyətdə idi. Lakin ondan sonra Azərbaycanda bu sahədə ciddi irəliləyişlər başladı.

İnhisarçılıq deyəndə, nəyi nəzərdə tuturuq? Anlayıram ki, Musa müəllimin dediyində həqiqət var. Uzun müddət eyni müəllif heyəti, eyni dərslikləri yazırdılar və hər hansı yenilik olmurdu. İllərlə hansısa bir faktı silib-yazmaqla dərslik yazılması prinsipi davam etdirilirdi. Lakin 2014-cü ildən sonra dərsliklərin seçilməsi ilə bağlı inqilabi dəyişikliklər başladı. Elə düşünürük ki, eyni müəllif komandası uzun müddət bu işlə məşğul olursa, demək monopoliya yaradılıb. Dərslikdə monopoliya yoxdur. Sadəcə bu sahəni, orta məktəblərdə təhsil alan şagirdlərə nəyin lazım olduğunu yaxşı bilən mütəxəssis komandası tenderdə iştirak edib və içlərində ən yüksək bal toplayan dərsliklər orta məktəblərə verilib.

Dərslik dövlətin ən strateji ideologiyasını həyata keçirir. Burda müəllif öz fikrini irəli sürə bilməz. Hər kəs yaza və düşünə bilər ki, mənim dərsliyim daha yaxşıdır. Lakin o dərsliyin şagirdlər üçün nə qədər faydalı və ya yararsız olacağına yalnız mütəxəssislər cavab verə bilər. Dərsliyin yazılma prosesini sizə qısa izah edim. Təhsil Nazirliyi özünə lazım olan standartlara uyğun sifariş verir. Sonra müəlliflər qrupu bu dərsliklərin üzərində çalışır və tenderdə iştirak edir. Tenderdə mütəxəssislər tərəfindən ən yüksək bal toplayan dərsliklər orta məktəblərə göndərilir. Tarix fənnini götürək. Hər kəsin tanıdığı akademik Yaqub Mahmudov dərsliklərin ya müəllifidir, ya da baş redaktorudur. Bu o demək deyil ki, Yaqub müəllim bunu monopoliyaya alıb. Sadəcə olaraq, tarixi dərindən bilən, vətəndaşlıq və dövlətçilik mövqeyini dərindən araşdıran şəxs budur. Müstəqillik dönəmində tarixi sistemləşdirən şəxs Yaqub müəllimdir. O mənim müəllimim olub. Bu il tenderdə mən də iştirak etdim. Azərbaycan tarixi və Ümumi tarix fənnləri ilə öz müəllimimə qarşı çıxış etdim və qalib gəldim. Monopoliya olsaydı, yenə Yaqub müəllim qalib gələrdi. O məni yanına çağırıb təbrik etdi və hər zaman yanımda olub, dəstəkləyəcəyini vurğuladı.

Kimlərsə dərslik yazıb, məğlub olduğu zaman, belə düşünürlər ki, kimsə onlara mane olur. Dərslikləri qiymətləndirən ekspertlərin kimliyi heç kimə məlum olmur və onlar da hansı dərsliyi yoxladıqlarını bilmirlər. Standartlara cavab verən və ən yüksək bal alan dərsliklər qalib olur. Yenə də qeyd edirəm ki, Yaqub müəllimin uzun müddət dərsliklərin müəllifi olması monopoliya deyil. O həqiqətən də çox savadlı insandır. Sadəcə artıq standartlar dəyişir və dərsliklər kurikliuma cavab verir. Çox təssüf ki, məğlub olmaq mədəniyyəti yoxdur. Uduzan tərəf qalib tərəf haqqında mənfi təəssürat yaradır və onun şəxsiyyəti ilə bağlı fikirlər bildirir. Ona görə də məğlub olmağı bacarmaq və bundan dərs çıxarmaq lazımdır.

2014-cü ilə kimi bəlkə də neqativ hallar ola bilərdi. Hazırda isə dərsliklər bir idarə tərəfindən deyil, 3 rəsmi qurum və bütün orta məktəblərdə müəllimlər tərəfindən ayrı-ayrılıqda qiymətləndirilir. Və hansı müəllimin hansı dərsliyi yoxladığı məlum olmur. Ona görə dərsliklərə hansısa yolla təsir etmək mümkün deyil. Monopoliya və ya təsir etmək gücü olsaydı, bu il Kamran Əsədov 10-cu sinif Azərbaycan tarixi dərsliyinin müəllifi olmazdı. Əvvəlki illərdə olduğu kimi yenə də Yaqub Mahmudov olardı. Bizim problemimimz monopoliya yox, keyfiyyətli dərslik yazılması ilə bağlıdır.

"Musa Qasımlı özü də sadaladığı həmin problemli dərsliklərin müəllfidir"
- Musa Qasımlının fikrincə, dərsliklərdə daha çox xronologiya və insan adları yer alır. Dərsliklərdə əsas ideya dövlətçiliyi aşılamalıdır, statistikanı yox. Buna münasibətiniz necədir?

- Musa Qasımlı Azərbaycan Avropa xalqlarının tarixinin araşdırılmasında həqiqi rolu olan tarixçilərdən biridir. O barmaqla sayılan tarixçilərimizdən biridir. Lakin bir məsələni qeyd edim ki, Musa müəllim özü də sadaladığı həmin problemli dərsliklərin müəllfidir. Onun sözləri ilə yüz faiz razıyam. Bizim dərsliklərimiz informasiya yükü ilə doludur. Dərslik şəxsiyyət yetişdirməlidir. Amma Azərbaycanda orta məktəbdə dərlik bu missiyanı yerinə yetirmir. Biz sadəcə şagirdi faktla yükləyirik. Elə bil telefonda nömrə siyahısıdır. Ad, nömrə, ad, nömrə... Bizim orta məktəb tarix kitabının bir paraqrafında 33 dənə xronologiya var. 15 dənə il qeyd olunub. Təkcə keçən ilə kimi istifadə olunan 10-cu sinif tarix kitabından fakt deyim. Dərslikdə 640 şəxs adı, 2000-dən çox xronologiya, yeni informasiya yükü 400-dən çox idi. Ona görə də Musa müəllim tamamilə haqqlıdır. Ona dərslik məsələsini bu qədər yüksək səviyyədə müzakirə etdiyi üçün təşəkkürümü bildirirəm. Biz informasiyadan çox, tarixi şəxsiyyətlərimizi göstərməliyik. Ümid edirəm ki, müzakirə olunan bu mövzu növbəti dərs ilində dərslik hazırlanan zaman nəzərə alınacaq.

"Bizim dərsliklər dövlətin strateji hədəflərini müəyyən edəcək bacarığa malik deyil"
- Deputat Rafael Hüseynov da təklif edib ki, dərsliklərdə nəyin hansı həddə olmasını müəyyənləşdirən qanun layihəsi hazırlanmalıdır. Belə bir qanuna ehtiyac varmı?

- Dərsliyin sifarişçisi Təhsil Nazirliyidir. Dərslik yazmaq ənənəsi Azərbaycanda yoxdur. Dünyada Dərslik Yazmaq İnistutu mövcuddur. Dərslik yazan müəlliflərə həmin inistitutda təlim keçirlər. Hər kəs tarixi oxuyur və düşünür ki, bunu yaza biləcək. Bu gün Azərbaycanda bütün dərsliklər bir-birinin təkrarıdır. Yeni informasiya, məlumat yoxdur. O deyilən standartları reallaşdıran müəllifdir. Müəlliflərə treninq, dərs keçilməlidir. Nəyi yazamaq olar, nəyi yox. Lakin bu qanunda öz əksini tapa bilməz. Çünki bizdə hər müəllif bunu qəbul edəcək bacarığa malik deyil. Bu gün Azərbaycanda 1 fənndən 2 milyon dərslik çap olunur. Bu ciddi rəqəmdir. Onların hər birinə nəzarət etmək mümkün deyil. Hər fənn üzrə ümumi sifariş verəndə nəzərə alınır ki, orta məktəbdə 256 dərslik var. Hər birinin nəzərə alsaq ki, 40 paraqrafı var. O zaman biz nə qədər qanun layihəsi hazırlamalı olacağıq. Dərslik dövlətin strateji hədəflərini müəyyən edir. Amma təəssüf ki, bizim dərsliklər bu hədəfə çatacaq bacarığa malik deyil.

"Təhsil müəssisələri 70-ci illərdə yaşayır, keçirilən dərslər Sovet dövründən qalmadır"
- Millət vəkili deyir ki, orta məktəb attestatı ilə xaricə gedən insanlarımızı və başqa təsirlərin altına düşməkdən qorumaq üçün ölkəmizdəki universitetlərdə təhsili, universitetlərimizi gücləndirməliyik. Bunun üçün hansı addımlar atılmalıdır?

- Bu çox düzgün fikirdir. Azərbaycanda hələ də ali təhsil müəssisələri 70-ci illərdə yaşayır. Keçirilən dərslər Sovet dövründən qalmadır. Azərbaycan ali təhsil müəssisələrinin yetişdirdikləri kadırlar əmək bazarının tələblərini ödəmir. Yararsızdıralr. Bizim universitetdə keçirilən dərslər günün tələbinə cavab vermir. Ciddi dəyişikliklər olmalı, günün tələblərinə cavab verməlidir. Fəaliyyət göstərən 54 müəssisədən biri standartlara cavab versəydi, heç olmasa biz indi ən yaxşı universitetlər siyahısının minliyinə düşə bilərdik. Biz hətta o on minlikdə də yoxuq. Halbuki, Gürcüstan, Türkiyə və İranın universitetləri var. Bir də nəzərə alın ki, bizim 54 universitetdə olan təhsil haqqları həmin o reytinqli universitetlərin təhsil haqqlarına bərabərdir. Təhsil haqqı yüksəkdir. Biz daha çox keyfiyyət artımına diqqət yetirməliyik. Bu da o zaman ortaya çıxır ki, alimlərimizə etibar olunur. Bu gün Azərbaycan aliminə dünyada nə etibar, nə də istinad edən var. Ali məktəblərin keyfiyyətini artırmaq üçün mütləq dünya təcrübəsindən istifadə etmək lazımdır. Ali təhsil müəssisələrinə yeni kadırlar cəlb olunmalıdır. Hansı ki, onların təhsildən, müasirlikdən başı çıxsın və təhsil menecerliyindən xəbəri olsun.

"Nəyə görə bizim qız və oğlanlarımız seriallardakı qəhrəmana oxşamağa çalışır?"
- Başqa bir deputat Kamilə Əliyevanın fikrincə, nə qədər ki, orta məktəb dərsliklərini ali məktəb müəllimləri hazırlayır, bu problem davam edəcək. O bildirib ki, orta məktəb dərslikləri monoqrafiyaya dönüb. Buna münasibətiniz...

- Təəssüf ki, biz dünya təcrübəsini öz təhsilimizə tətbiq edə bilmirirk. Hollandiya, İngiltərə, Cənubi Koreya, Sinqapur kimi ölkələrin orta məktəb dərsliklərini Azərbaycana tətbiq etməyin vaxtı gəlib. Bizimkilər informasiya yükü ilə doludur. Təsəvvür edin ki, dərsliyi yazan şəxslər elmlər doktorudur və ya professordur. O özünün bildiyi bütün məlumatları dərsliyə daxil edir. Düşünür ki, onun bildiyi bütün saxta məlumatlar lazımlıdır. Lakin bu qətiyyən düzgün yanaşma deyil. Dərslik sadə dildə yazılmalıdır. Dərslik şəxsiyyət yetişdirməlidir. Nəyə görə bizim qız və oğlanlarımız seriallardakı qəhrəmana oxşamağa çalışır? Çünki özlərinin müsbət qəhrəmanlarını orda tapır. Əvvəllər sinifdən xaric oxular var idi. Hansı ki, biz həmin vaxt bədii əsərlər mütaliə edərdik. İndi isə dərsliklərimizin heç birində müsbət obraz yoxdur. Dərsliklərdə yaradıcı şəxslərimizi, qəhrəmanları, sərkərdələrimizi şagirdlərə sevdirməliyik.

"Bunun qarşısını almaq üçün maarifləndirmə tədbirləri həyata keçirilməlidir"
- Gövhər Baxşəliyeva isə bildirib ki, Bakı kəndlərində valideynlər 14-15 yaşlı uşaqların oxumağa qadağa qoyub, onları ərə verirlər. Bunun qarşısını almaq üçün Təhsil Nazirliyi və yerli icra orqanları hansı addımları atmalıdı?

- Bu qanunvericiliklə qadağan olunan bir məsələdir. 16 yaşından tez qız, 18 yaşından tez isə oğlanlar ailə qura bilməz. Bilirik ki, onlar bu toyları qeyri-rəsmi şəkildə həyata keçirir. Bunun qarşısını almaq üçün maarifləndirmə tədbirləri həyata keçirilməlidir. Gənc yaşda ailə qurmağın insanın gələcək həyatına nə qədər mənfi təsiri ola biləcəyini anlamalıdrlar. Statistika idarəsinin məlumatlarına nəzər salsaq, gənc yaşda ailə quranların boşanma sayı, yetkin yaşda ailə quranlara nisbətən daha çoxdur. Bu tipli məlumatverici xəbərlər təbliğ olunmalı, hətta dərsliklərə də bu yöndə maarifləndirici mövzular salınmalıdır. Gələcəkdə bu cür erkən ailə qurmaq onları iş, karyera baxımından geri salacaq. Vaxtsız ailə başçısı olmaq kimi problemlər yaranacaq. Bu daha çox Təhsil Nazirliyinin üzərinə düşən bir şey deyil. Digər icra orqanlarının maarifləndirici tədbirləri çox olmalıdır. Hesab edirəm ki, əlbir şəkildə layihələr həyata kçirmək olsa, valdeyinləri bu hallardan çəkindirmək olar.

Qaynarinfo.Az

Şərhlər

XƏBƏR LENTİ