SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » “Vergilər nazirini parodiya etmişdik, az sonra…”

“Vergilər nazirini parodiya etmişdik, az sonra…”

Tarix:

7-09-2017, 10:52

/ 40 873 dəfə oxundu.
“Vergilər nazirini parodiya etmişdik, az sonra…”

Tahir İmanov müğənnilərin başına gələcəkləri açıqladı

Azərbaycan şou-biznesinin tanınmış simaları Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun fəaliyyətini kəskin tənqid edən klipin hazırlaması ictimaiyyətdə böyük marağa səbəb olub.

Klipdə məşhur müğənnilərin etirazını Sevda Yəhyayeva, Manana, Elnarə Xəlilova, Samir Piriyev, Nadır Qafarzadə, Tünzalə Ağayeva, Çingiz Mustafayev, İlhamə Qasımova və başqaları musiqiyə çevirib. Nəticədə, H.Abutalıbovun bütün təşəbbüslərinin lağa qoyulduğu istehzalı mahnı alınıb.

Sonradan məlum olub ki, yayılan klip əslində “Planet Parni iz Baku” teatrının ötən ilin aprel ayında keçirdiyi konsertdən çıxarılıb. Qalmaqallı kliplə bağlı teatrın rəhbəri Tahir İmanov danışıb:

– “Yaxşı ki, “Haqqın.az” saytı bizi yada salır, yoxsa bizi heç kəs xatırlamazdı. İki ildir ki, biz “qaralanmışıq”, biriniz də soruşmursuz ki, ay “Planet Parni iz Baku”nun kollektivi necəsiz, necə yaşayırsız, necə dolanırsız, ac-susuzsuz? Bir nəfər də zəng edib bu haqda soruşmur. Amma bir video çıxdı, hansı ki, bizim üslubumuza uyğundur və burda sensasiya yoxdur, 25 ildir ki, bu işlə məşğul olmuşuq, həmin formatdır, hamı başladı məni, bizim kollektivi axtarmağa… Nə oldu bəs birdən-birə?

– Klip nə zaman yaranıb?

– Bunu bilmək üçün ilk növbədə bizim sənətimizi daim izləmək lazımdır. Hər il aprel ayında tamaşa ilə çıxış edirik və bu ənənəyə sadiqik. Son illərdə tamaşalarımıza maksimum 1-2 xəbər saytı gəlir, hansı ki, onlara zəng edib özüm dəvət edirəm, bildirirəm ki, gəlin heç olmasa xəbəriniz olsun. Sanki bu haqda tapşırıq verilib ki, “Planet Parni iz Baku”nun kollektivini yaddan çıxardın, onların tamaşalarını işıqlandırmayın, ancaq “geydirmə” və bayağı yumoru təbliğ edin. Yəni, məndə bu cür təəssürat yaranıb və bu cür təəssüratımın yaranmasına haqqım var. Əgər müxbirlər bizim sonuncu, ötən ilin aprel ayında keçirilən tamaşamızda olsaydılar, bilərdilər ki, bu klip həmin tamaşadandır. Necə olub ki, zamanında bunu işıqlandırmayıblar? Yəqin ki, ya tamaşanı pis izləyiblər, ya da ki, onların yumordan, satiradan anlayışı yoxdur. Necə ola bilər axı, həmin klip tamaşanın ən yadda qalan, gurultulu alqışlarla qarşılanan nömrəsi idi.

– Necə düşünürsüz, niyə klip məhz iki gün öncə mətbuatda yayılmağa başladı?

– Mən düşünürəm ki, kimsə yenə də bizim münasibətlərimizi vurmaq, bizi pis görkəmdə təqdim etmək istəyir və s… Amma Hacıbala Abutalıbov bizim çox hörmət etdiyimiz merdir. Onun çox gözəl yumor hissi var, düşünürəm ki, provakasiya alınmayacaq. Təbii ki, onun ətrafında elə insanlar var ki, bizim aramızı həmişə vurmağa çalışıblar. Bu haqda mətbuata açıqlamalarımda da demişəm ki, Bakı Şəhər İcra Hakimiyyəti bir müddət bizim afişalarımızın şəhərdə asılmasına icazə vermirdi.

– Bu parodiyalara görə idi?

– Yəqin ki… Və yəqin ki, kimsə Hacıbala Abutalıbovun qarşısında xal qazanmaq istəyirmiş. Mən belə düşünürəm, amma ola bilər ki, səhv edirəm. İndi də ola bilər ki, həmin qüvvələr bizim aramızı vurmaq istəyir, yaxud birbaşa bizə qadağa qoyan məmurlar bunu edir. Başqa heç kəsi günahlandıra bilmirəm. Bir daha qeyd edirəm, bu parodiyaların, tənqidlərin əsası 90-cı illərdən qoyulub. Əgər yadınızdadırsa, biz bütün məmurları parodiya etmişik. Hətta parodiya etdiklərimizin bir çoxu artıq dünyasını dəyişib. Məsələn, Natiq Əliyev… Halbuki mən onu dəfələrlə parodiya etmişəm. Parodiyalar həmişə olub və olacaq da… Və birdən-birə “ay “Planet Parni iz Baku” belə elədi… “, “Ulduzlar Hacıbala Abutalıbova qarşı çıxış etdilər” deyə başlıqlı yazılar dərc olunur. Bunu niyə edirlər, reytinq qazanmaq üçün? Bu birbaşa ulduzlarla Hacıbala Abutalıbov arasında münasibətlərə zərbədir. Ayrı vaxt heç onlara ulduz demirlər, indi birdən-birə ulduz oldular?

– Sizcə məlum klipdən sonra həmin ulduzlara qarşı da qadağalar qoyula bilərmi?

– Əgər ən çətin dövrlərdə Azərbaycanı təmsil edib, bayrağını yüksəldib, döyüş meydanında (səhnə bizim döyüş meydanımızdır – T.İ.) ermənilərə qarşı qalib gələn komandaya bu gün qadağalar qoyulursa, nə gözləyirsiz. Təbii ki, onlara da qadağa qoyulacaq. Bu bəhanə ilə olmasa da, başqa bəhanə ilə qadağa qoyulacaq.

– Klipin yayılmasından sonra Hacıbala Abutalıbov sizinlə əlaqə saxlayıbmı və ya münasibət bildiribmi?

– Dərhal münasibət bildirməz. Özü də etməsə köməkçisi, müavini, mətbuat katibi bildirəcək, amma başqa cür… Bilmirəm, nə cürsə münasibət bildirəcək. Nəsə olacaq, yəni başqa cür ola da bilməz. Məsələn, son zamanlarda biz vergilər nazirini parodiya etmişdik. Az sonra bizə yoxlama gəldi ki, sizin filan qədər borcunuz var. Yəni ki, bizə bu cür cavab veriblər. Amma düşünmürlər ki, hazırda televiziyalardan daha çox populyar olan sosial şəbəkələr var.

– Əvvəldə irad bildirdiz ki, jurnalistlər sizinlə maraqlanmır…

– Bu, irad deyil, bizim iradlarımız artıq arxada qalıb. Bu, sadəcə sıravi bir vətəndaşın gileyidir.

– Onda belə bir sualım olacaq, kollektivinizlə bağlı vəziyyət nə yerdədir, nə yeniliklər var?

– Kollektiv çətin olsa da yaşayır, şükürlər olsun. Və təəssüflər olsun ki, biz bir çox işlərimizi itirdik. Bilirsiz ki, işsiz yaşamaq indi çox çətindir. Ən azından insanlar ailələrini dolandırmalıdır. Bundan əvvəl kollektivimizin üzvləri hər ay maaş alırdı, indi isə vəziyyət çox çətindir. Buna baxmayaraq güc-bəla ilə olsa da teatrımızı yaşadırıq, ildə bir dəfə konsertlərimizi təqdim edirik, filmlərimizi çəkirik. Bilmirəm bunun axırı necə olacaq… Amma mən bədbin adam deyiləm. İnanıram ki, bu məsələ gec-tez öz həllini tapacaq və o məmurlar ki, qadağalarda birbaşa iştirak edirlər, onlar da başa düşəcəklər ki, səhv edirlər”.

Şərhlər

XƏBƏR LENTİ