SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Vəzifədən çıxarılan məmura teatrda da qadağa qoyulub?

Vəzifədən çıxarılan məmura teatrda da qadağa qoyulub?

Tarix:

9-05-2018, 10:40

/ 1 520 dəfə oxundu.
Vəzifədən çıxarılan məmura teatrda da qadağa qoyulub?

Prezident İlham Əliyevin aprelin 21-də yeni hökumətin tərkibinin təsdiq olunması haqqında imzaladığı sərəncama əsasən, baş nazirin müavinləri postunu tutan Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abbasov işdən azad olunublar. Baş nazirin müavinləri Yaqub Eyyubov yenidən I müavin, Əli Əhmədov və Əli Həsənov müavin kimi yeni tərkibdə yer alıb. Hacıbala Abutalıbov da yeni hökumətdə baş nazir müavini təyin edilib. Qeyd edək ki, bu sərəncamadək baş nazirin 6 müavini vardı. Abutalıbov da daxil olmaqla onların sayı indi 4-ə endirilib.
Baş nazirin müavinlərinin sayının azaldılacağı barədə xəbərlər hələ seçkidən əvvəl də vardı. Bildirilirdi ki, ən azı iki müavin postu ləğv ediləcək. Həm Abid Şərifovun, həm Elçin Əfəndiyevin səlahiyyətləri digər müavinlər arasında bölüşdürüləcək, bir qismi isə ləğv olunacaq.
Abid Şərifovun səlahiyyətlərinin Bakının sabiq icra başçısı H.Abutalıbova tapşırıldığı məlumdur. Kənd təsərrüfatı üzrə baş nazir müavini olan İ.Abbasovun səlahiyyətlərini belə görünür ki, Y.Eyyubov özü icra edəcək. Amma E.Əfəndiyevin səlahiyyətlərinin kimə dövr edildiyi barədə dəqiq bilgi yoxdur. Mümkündür ki, Nazirlər Kabinetində bu məsələ hansısa şöbə səviyyəsində həll edilsin. Sirr deyil ki, E.Əfəndiyev işlədiyi 22-il müddətində xüsusi işi ilə yadda qalmayıb.
“Heç kəs üçün vəzifə əbədi deyil. Hər şeyin başlanğıcı olduğu kimi sonu da var. Bu baxımdan mənim hökumətdə yer almamağımla bağlı nə üzüntüm, nə də təəccübüm var”. Bu sözləri gununsesi.info-ya açıqlamasında baş nazirin sabiq müavini Elçin Əfəndiyev yeni hökumətdə yer almaması barədə danışarkən deyib. Elçin Əfəndiyev bildirib ki, uzun illər çalışdığı vəzifədə dövlətə xidmət göstərib: “İnanıram ki, yeni gələnlər də Azərbaycanın uğurları üçün çalışacaq. Prezidentin rəhbərliyi ilə ölkəmizin inkişafı bundan sonra da davam edəcək. Mən yeni təyin olunan şəxslərə uğurlar arzu edirəm”.
Bundan sonra hansı işlə məşğul olacağına gəlincə, Elçin Əfəndiyev bunları deyib: “Bundan sonra yeni əsərlər yazacam. Buna vaxtım olacaq. Sizlər də oxuyarsınız”.

Yeri gəlmişkən, iddialar var ki, yüksək vəzifədə olduğu vaxt E.Əfəndiyev teatrlarda daha çox öz pyeslərinin səhnələşdirilməsinə çalışıb. Maraqlıdır ki, Akademik Milli Dram Teatrının 2018-ci ilin aprel ayı üçün olan repertuarında Əfəndiyevlərə məxsus dörd tamaşa yer tutduğu halda vəzifədən çıxarıldıqdan sonra vəziyyət dəyişib. 2018-ci ilin may ayı üçün olan repertuarda Əfəndiyev imzası ilə cəmi bir tamaşaya yer verilib. (mənbə: sputnik.az). Teatrın mətbuat xidməti isə Əfəndiyevlərin əsərləri əsasında hazırlanan tamaşaların səhnədən yığışdırılmasını təkzib edib.
Əfəndiyev 1943-cü il may ayının 13-də xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində anadan olub.
Elçin Əfəndiyev Bakı Dövlət Universitetinin filologiya fakültəsini, Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını bitirib, “Azərbaycan bədii nəsri ədəbi tənqiddə” mövzusunda namizədlik, “Ədəbiyyatda tarix və müasirlik problemi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.

Əsərləri müxtəlif xarici dillərə tərcümə edilib.
Azərbaycan Ali Sovetinin deputatı olub.
Elçin Əfəndiyev həm də Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti – “Vətən” Cəmiyyətinin sədri vəzifəsində çalışır. Bakı Dövlət Universitetinin professorudur. Bir sıra dövlət komissiyalarının sədri, nüfuzlu Azərbaycan və beynəlxalq ədəbi, ictimai qurumlarının üzvüdür.
22 il baş nazirin müavini olmuş E.Əfəndiyevin mayın 13-də 75 yaşı olub.
Qeyd edək ki, E.Əfəndiyevin qardaşı Timuçin Əfəndiyev də uzun müddət-27 il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru olub. 2014-cü ildən bu günə qədər isə Bakı Xoreoqrafiya Akademiyasının rektorudur. Sabiq nazir müavininin qızı Günay Əfəndiyeva isə Türk Mədəniyyəti və İrsi Fondunun prezidentidir.

“YM”

Şərhlər

XƏBƏR LENTİ