yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Məzar yeri dəyişdirilən bəstəkarın adı ətrafında yeni qalmaqal

Məzar yeri dəyişdirilən bəstəkarın adı ətrafında yeni qalmaqal
6-04-2018, 13:00 666 dəfə baxılıb

Tahir Əkbərin xanımı: “Ailəmizdə gördüyünüz vəziyyəti yanlış formada insanlara çatdırmayın”

Bu günlərdə xalq artisti Flora Kərimovanın mərhum bəstəkar Tahir Əkbərin ailəsi haqqında verdiyi açıqlama qalmaqala səbəb oldu. Belə ki, xalq artisti efirdə mərhum bəstəkarın ailəsinin çox ağır durumda yaşadığını deyib və göz yaşlarını saxlaya bilməyib. Bəstəkarın həyat yoldaşı Aybəniz Əkbər isə aznews.az saytına danışaraq xalq artistinin açıqlamasından qəzəbləndiyini bildirib:
“Ailəmizi diqqətdə saxlayanlar da sağ olsun, saxlamayanlar da. Sənət adamları, sizdən xahiş edirəm evimizə başsağlığına gəlib-getdikdən sonra heç olmasa, ailəmizdə gördüyünüz vəziyyəti yanlış formada insanlara çatdırmayın. Biz sənətkar ailəsiyik, yetərincə qohumlarım və ətrafımızda bizə sadiq olan dostlarımız var. Biz niyə yiyəsiz oluruq ki? Allaha şükür, acından ölmürük ki. Görəsən, biz özümüzü necə göstərdik ki, sizin bizə yazığınız gəldi? Axı biz heç kəsin qarşısında əl acıb özümüzü yazıq, dilənçi simasında göstərməmişik. Düzdür, Tahir müəllim rəhmətə getdi və ömürlük gözümüzü yaşlı qoydu. Amma bizi küçələrdə əl açıb dilənçi vəziyyətinə salmadı axı. Çox şükür, övladımıza öndə gedən ali universitetlərin birində təhsil verdi. Əlbəttə ki, Tahir müəllim sənətkar idi, biznesmen deyildi. Onun müalicəsi üçün bir daha sağ olsunlar kömək edənlər, bizə yaxından dəstək oldular. Amma biz heç kəsin qarşısında bir qarın çörəyə görə nə ağlamamışıq, nə də ki, ağlamaq fikrimiz yoxdur. Çox şükür Allaha, övladımızı böyütmüşük və özü-özünü saxlamaq iqtidarındadır. Xahiş edirəm bizi heç kəsin qarşısında yazıq bir ailə kimi qələmə verməsinlər”.
Məsələyə aydınlıq gətirmək üçün xalq artisti Flora Kərimovanın mövqeyini öyrənmək istəsək də, zənglərimiz cavabsız qaldı. Mərhum bəstəkarın və ailəsinin yaxın dostlarından biri olan şairə-jurnalist Zemfira Əlişqızı “Yeni Müsavat”a danışaraq olanlara bu cür aydınlıq gətirdi:
“Aybəniz xanım söhbətimizdə narazılıq etdi ki, Flora xanım gərək bu dərəcədə deməzdi. Flora xanımı da qınamıram. Çünki əslində Flora xanım düşünürdü ki, Tahir Əkbər böyük sənətkardır və buna görə onun güzəranı, dolanışığı tamam başqa cür olmalı idi. Amma gəlin etiraf edək ki, bu gün Azərbaycanda əsl ziyalının, sənətkarın yaşam tərzi eyni formadadır. Deməzdim ki, Tahir Əkbərin ailəsi acından ölür və ya çox acınacaqlıdır.

Bildiyim qədər onun açıqlamasında nəsə peraşki söhbəti olub. Bildiyiniz kimi, adətə görə heç bir yasda süfrəyə peraşki qoyulmur. Ola bilsin ki, orada şəkərbura, badambura olub. Bəlkə də Flora xanım o ailəyə dəstək, kömək olmaq üçün vəziyyətini haradasa xalqa çatdırmaq üçün belə danışıb. Bilmirəm bu nə dərəcədə doğrudur və ya deyil. Flora xanım sənətini, millətini sevən xanımdır. Bunu çoxları bilir ki, bu gün Tahir Əkbər yoxdursa, o evdə işləyən də yoxdur. Onun qızı təhsil alır. Ölümündən sonra atasının pensiya təqaüdü övladına kəsilib. Bu gün o ailənin yanında dostları, o cümlədən mən, Aybəniz Haşımova və digərləri var. Tahir müəllim xəstələnəndə Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva ona dəstək oldu. Beləliklə, onun xəstəlik və dəfn xərclərini dövlət öz öhdəsinə götürdü".

Xatırladaq ki, tanınmış bəstəkar Tahir Əkbər uzun sürən xəstəlikdən sonra martın 2-də dünyasını dəyişib. Bəstəkarın nəşi soyumamış ailəsi tərəfindən məzar yeri dəyişdirilib. Mərhumun həyat yoldaşı Aybəniz Əkbər bunun səbəbini bəstəkarın ona layiq olmayan yerdə dəfn olunması ilə izah edib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

12-12-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ