SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Həbsxananın həyətində bayquş ulayırdı - Şairi öldürmək planı...

Həbsxananın həyətində bayquş ulayırdı - Şairi öldürmək planı...

Tarix:

20-02-2017, 10:25

/ 1 859 dəfə oxundu.
Həbsxananın həyətində bayquş ulayırdı - Şairi öldürmək planı...

Həbsdə olduğu müddətdə Nazim Hikməti bir neçə dəfə öldürmək istəyiblər. Onlardan bəziləri dəqiq məlumdur, bəziləri isə güman olunur. Türkiyənin böyük yazıçısı Orxan Kamal “Nazim Hikmətlə 3 il yarım” əsərində həmin hadisələri yazıb.Oxuculara əsərdən həmin hissəni təqdim edirik.

***
Yaz gəldi İzzət cəza müddətini başa vurub azadlığa qovuşdu, indi növbə Necatidə idi. Mənim azad olunmağımasa, hələ illər var idi. Baxmayaraq ki, yola getmirdik, İzzətin getməyinə kədərlənmişdim. Necati də “Əmək qanunu”na əsasən digər məhbuslarla düz axşama qədər məhbəsdən kənarda olurdu...

Ta demək olar futbol-zad da oynamırdıq.

Həbsxananın həyətində bayquş ulayırdı. Bizdən əvvəllər də həbsxananın həyətində futbol oynamaq adət imiş. Lakin baş nəzarətçi bəzən mane olur, futbol topu həbsxananın həyətindən çölə düşəndə onu gətirməkçün gedənlərin “gizli narkotik alveri” ehtimalını – hədsiz, mümkünsüz, qeyri-real ehtimal olsa da – bəhanə edib yeganə əyləncəmizi əlimizdən almaq istəyirdi.

Baş nəzarətçinin saqqızını oğurlayıb icazə alanda axşamtərəfi iki komandaya bölünüb həyətə düşərdik. Digər məhbuslar bayram sevinci ilə pəncərələrin dəmir barmaqlıqları arxasına toplaşıb, əsl futbol yarışlarındakı kimi, “yaşa, afərin, vur, dayan” qışqırardılar.

Nazim gəlməmişdən əvvəl biz onsuz da oynayırdıq və şeirdə necədirsə, futbolda da eləcə bir-birimizə rəqib idik. İzzətlə Necati hədsiz gözəl oynayırdılar... İzzət lap qiyamət idi... Mən isə bir vaxtlar futbola görə – bəlkə də ancaq buna görə yox, sadəcə bu da əsaslı bir səbəb idi – məktəbi atmaq fikrinə düşəcək qədər bu oyunun xəstəsi idim.

Mətləbdən uzaqlaşmayaq, bir gün aramıza uzun boy, buruq, sarı saçlı, mavi gözlü bir şair qatıldı. Özü də komandanın ən çətin mövqeyində oyanırdı – yarımmüdafiədə!

Əksərən İzzətlə onun komandasına qarşı oynayırdıq. Mən mərkəzi hücumçu, İzzət sağ yarımmüdafiədə, yaxud da əksinə. Şeirlərindəki qədər usta və geniş nəfəsli olmadığına görə, onu və ona yaxın müdafiəni asanca keçir, onu özündən çıxardardıq. Elə əsəbiləşirdi ki... Boz şapkasının dimdiyini hirslə geriyə çevirib, hücuma keçir və hücumla müdafiə arasında əlaqə qurur, müdafiəni gücləndirir, oyunçuların yerlərini dəyişirdi, amma oyun mərkəzdən başlayandan az sonra İzzətlə “paslaşa-paslaşa”, yenə başlarının üstünü kəsdirərdik və bir də baxardıq ... qol!

Qəzəbindən kəndir çeynəyirdi... Üzü qıpqırmızı, gözləri mavi və üzünün qırmızılığında görünməz olan sarı qaşları... Hələ aldadanda, aldadıb keçsək elə qızışardı ki, meydanda “cərimə” kralına çevrilər, əllə, qolla, təpiklə girişərdi. Bir gün möhkəm bir təpiyinə tuş gəlmişdim, öz aramızdı yaman təpik idi...

Necati də azad olandan sonra artıq futbolla vidalaşmalı olduq. Futbol topumuzun meşini və rezini də dağılmışdı. Hələ üstəlik belə bir soyuq qış düşmüşdü.

Mən ardıcıl olaraq dərslərimi öyrənirdim. Ancaq dərslərin çətinliyi artdıqca və ciddiləşdikcə o daş divarlar arasında ürəyim az qalırdı partlasın. O da eləydi... bir də baxırdım, əlində kitab yatağında kürəyiüstə uzanıb, oxumaqdan bezir, kitabı tolazlamamışdan əvvəl sıxıntının verdiyi əzabı düşünür, kəlmə də kəsmədən sadəcə baxışırdıq. Bir-birimizlə o qədər çox danışmışdıq ki... hələ çöldə göy üzü dolanda, lopa-lopa qar yağanda, yaxud daş divarlar arasında günlər bir az da soyuqlaşanda... sağa baxırsan divar, sola baxırsan divar, qənşərində pəncərə, həminki göy üzü və pəncərədən görünən, sovrulan qar dənəcikləri, qar, dağ, həminki göy üzü, həminki zirvələr... Zülmlü səhər başlayır, elə də günorta düşür, elə də axşam olurdu. Kamera barmaqlıqları çəkilib, çöldən bağlanana qədər həbsxanada uzaqdan gələn, kəsilmək bilməyən o səslər elə hey eşidilər, ta gecəyə qədər nəzarətçinin fit səsi həbsxananın soyuq və lal divarlarında əks-səda verib uğuldayardı...

Kamera pəncərələrindən qaralan zülmət uçurum, əl-ayaq çəkilən həbsxanada “qadınsız kişilərin” həsrət dolu gözlərini yumub yatmaq üçün apardığı mübarizə və nəhayətsiz gecələr...

Gecələri hələ yola vermək olur... Əsas gündüzlərdi... belə gündüzlərə yaxşı bələdəm. Belə günləri təkcə həbsxanada yox, çöldə, “azad küçələr”in avaralığına aludə olduğum zamanlarda belə tamam cansıxıcı, ağır, maqnitli havası ilə məni bir təhər edirdi...

Bir-birimizlə kəlmə də kəsmədən göz-gözə gəldiyimiz vaxtlarda Nazim köks ötürər, sonra nə dediyi tam aydın olmaz, öz-özünə mızıldanardı:

– Anasını... Hələ iyirmi il var e!

Və birdən diksinər, yatağından qalxar, müştüyünü axtarıb tapar, amma hələ də qəmli-qəmli, müştüyünə tütün qoyar, odlayar, tez-tez bir qullab alıb, gözlərimə yenə narahat-narahat baxıb deyərdi:

– Eh, ay kişi, sən də... Hə, indi fransızca tapşırıqlarını çıxart görüm.

Onun sıxıntısı mənimki kimi ancaq ağır günlərlə bağlı deyildi. Mənim arvadıma və uşaqlarıma baxan atam var idi. Atam sadəcə arvadıma və uşaqlarıma yox, mənə də baxırdı. Bəs o? Onun ana və bacısının elədiyi yardım, özünə güclə çatırdı, o da güc-bəlayla... Halbuki, heç kimdən bir qəpik köməklik görməyən arvadı və dostu Kamal Tahir də vardı.

Ağıllı, daxilən zəngin, çox həssas və hər şeyin yerini bilən qadın olan xanımı Pirayə, son vaxtlar gələn məktubların birində bu qış odun ala və vərəm xəstəsi olduğunu güman etdiyi qızını müalicə etdirə bilməyəcəyi barədə yazırdı.

Pirayə xanımın necə düşüncəli bir insan olduğunu yaxşı bilirdim və Nazimin dilindən onun haqqında ağızdolusu xoş sözlər eşitmişdim və başa düşürdüm ki, Pirayə xanım məhbus ərinə belə bir məktub yazmağa məcbur olacaq qədər acınacaqlı bir vəziyyətdədir.

Nazim günlərlə fikirli, düşüncəli, kefsiz olurdu. Bir dəfə: “...Mən bax bu həbsxanada, bax bu həbsxanada ikinci mərtəbənin betonundan siqaret kötüyü yığmışam, bir tək quru çörəklə səkkiz saat keçinmişəm, ancaq heç vaxt bu qədər sıxıldığımı xatırlamıram” – dedi.

Bir gün Ərtoğrul – kamera yoldaşımız – cibgirlik üstündə tutulmuşdu, oğurladığı pul vur-tut bir neçə yüz liradan çox deyildi, ancaq səkkiz il iki ay iş kəsmişdilər – dedi: Ay ustad, bir fikrim var, ancaq bilmirəm sən necə qarışlayarsan?

Fikri praktik idi: Bir neçə tikiş maşını alıb dərzi atelyesi yaratmaq. Özü də bir neçə gün sonra azad olacaq məhkumun satmaq istədiyi maşınları da var idi.

Əsl vaxtı idi. Nazim çox götür-qoy elədi. Ağzında siqaret Malta dəhlizində o baş-bu baş gəzdi. Yəqin ki, fikri bəyənmişdi deyə, səhəri gün həbsxananın rəisi, katib və müstəntiqlə əlaqə yaratdı, lazım olan icazəni aldı və işə başladı. Bir neçə gün sonra çöldən alınan tikiş maşını və buradakılarla birgə üç maşın hazır vəziyyətə gətirildi. Sap, şəriklərə aid idi deyə, yaddaşım məni aldatmırsa, hər dəzgaha ancaq iki top düşürdü, o da heç bilmirəm hansısa tarixdən kooperativdə qeydiyyatda idi. O tarixdən sonra işləyən maşınlar həmin haqlardan faydalana bilmirdi.

Saplar aldırıldı, atelyedə Nazim keflə müştüyünü tüstülədir, uğurun verdiyi həzdən burun pərləri titrəyirdi və dəzgahlar işləyirdi. Hiss olunurdu ki Nazim yerə-göyə sığmır... “Qamçılı” tikiş maşınlarının fabriki xatırladan səs-küyü içində Nazim sağa-sola, bu dəzgahdan o birinə qaçır, güllə sürətiylə “gedib-gələn” xanalara, eyni zamanda həm əlləri, həm də ayaqları ilə işləyən işçilərə baxır, bəzən çaş-baş qalır, bəzən nələrisə izah edir, bəzən də artıq “istehsaldan” danışırdı.

Bu işinin nə sərmayəsində, nə də yaradılmasında heç bir rolum olmasa da, Nazim mənə də pay ayırmışdı. Bir pay mənə, bir, ya da iki pay Kamal Tahirə, bir pay Ertoğrula, iki pay da Pirayə gəlinbacıya, bir pay da özünə...

Tikilən yataq dəstləri, dəsmallar və parçalar “Tikiş kooperativinə” göndərilir, biz ancaq toxuduğumuzun pulunu alırdıq. Məhsullar kooperativə təhvil verilib, pulu gələn günlərdə Nazim çox ciddi bir mühasibə çevrilirdi. Masa arxasına keçib, əksərən də, eynəyini taxıb, əlində qələm, qarşısında dəftər hesabat aparmağa başlardı... Bir qəpik o yana-bu yan olmazdı, hamının haqqını qəpiyinəcən hesablayar, ilk fürsətdə və ən tez vasitə ilə Pirayə gəlinbacı və Kamal Tahirin pullarını poçtla çatdırardı.

Adını “Müdir” qoymuşduq...

“... ustad, işi böyütdün, ha! Necədi? Hə, gördün... Pul belə şeydir e...”

Belə söhbətlər olurdu.

O belə söz-söhbəti müsbət qarşılayır, gülürdü:

– Əlbəttə, əzizim, əlbəttə, mən artıq müdir olmuşam, mən də belə pozuldum” – deyirdi.

– Ta sizdən də adama xeyir gəlməz, – deyib sataşırdım.

– Hə də, təəssüf belə oldu, məndən ta xeyir gözləmək olmaz. Daha bir köpüklük adam deyiləm mən.

Nazim birgə çalışdığı dostlarının bütün ehtiyacları və problemləri ilə maraqlanırdı. Tikiş maşınlarında parça tikən Qərbi Anadoluların da hörmətini qazanmışdı. Belə olması digər işçiləri nəyə görəsə bərk narahat eləyirdi. Ancaq Nazim onları eyninə də almırdı. Bildiyini eləyir, metr-metr parça toxuyurdu.

Bir ara eşitdik ki, hansısa kənddən bir ağa Nazimin əleyhinə plan qurub, onu bıçaqlatdıracaqmış.

Məsələnin maraqlı tərəfi, pulla ələ alınan bir qaraçı, Nazimin yanına gəlib; danışıb: “Nazim qardaş... Mənə çox şeylər danışdılar, mən onsuz da, eynimə almadım, qardaş... Mən o pullardan çox görmüşəm. Nazim qardaş yazıq deyil, məgər? Axmaq, məni tüfeyli zənn edib. Oğulsansa özün vur da” – bu kimi sözlər söyləyib.

Hələ bir gün başqa bir plandan xəbər tutmuşdum. Nazim həbsxananın həyətində “Məmləkətimdən insan mənzərələri” şeirini yazır, əsas divarın yanında gedib-gəlir, əl-qolunu tərpədir, var-gəl edir, mızıldanır, danışırmış...

Bu vaxt həbsxananın ən yuxarı mərtəbəsindəki təcridxanalardan birində, ayaqlarında zəncir, üç nəfər, – bunlar üç gün əvvəl həbsxanada narkotik alveri üstündə bir adam öldürdükləri üçün ayaqlarına zəncir vurulub təcridxanaya atmışdılar – Nazimə baxa-baxa aşağı-yuxarı, təxminən belə danışıblar:

– Bunu görürsənmi, bunu? Bu adamın adı, vallah, tarixə düşəcək...”

– Əlbəttə düşəcək, kəlləli adamdı, oxuyub...

– Bilirsən ağlıma nə gəlir? Bir dəli şeytan deyir dur, öldür bunu... Hə, nə deyirsən, adam öldürəndə də, gərək, belə adam öldürəsən e... Yoxsa bizim kimi. Bir parabeyni öldürürük, ondan sonra bu qazamatda yat ki, yatasan. Amma bunu öldürsən, bütün dünya qəzetləri də səndən yazacaq, adın tarixə düşəcək.

– Yox əşi, – üçüncü deyib – Nazim böyük qardaşımızdı, adamın əli gələr onu vurmağa?

Bunu mənə o hissənin təmizliyinə baxan, bir adəmbaba danışdı:

– Amanın günüdü, Kamal qardaş, Nazim qardaşa de ki, ehtiyatlı olsun. Səfehlərin beyni çönüb, özün bilirsən də.

Bu hadisəni Nazim Hikmətə danışanda, gülmüşdü: “Yox əşi? Adı tarixə düşsün deyə, səfeh məni vuracaq... kaş düşə... tarixə düşmək üçün başqa bir iş görmək olmaz?”

Bir faktı da qısaca diqqətinizə çatdırım: Bu üç adam bir neçə gün sonra Anadolunun müxtəlif həbsxanalarına sürgün olundular. Yadımda qalan budur ki, yanılmıramsa, üçü də gedəndən bir neçə gün sonra bıçaqlanıb öldürüldülər... Bu xəbəri eşidəndə ən çox Nazim Hikmət pis olmuş, həbsxana dəhlizində xeyli var-gəl eləmişdi.

Türkiyə türkcəsindən uyğunlaşdıran: Fərid Hüseyn

Şərhlər

XƏBƏR LENTİ