SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » İki xalq artistinin məhkəmədə “şortik” qalmaqalı

İki xalq artistinin məhkəmədə “şortik” qalmaqalı

Tarix:

1-12-2017, 10:00

/ 1 495 dəfə oxundu.
İki xalq artistinin məhkəmədə “şortik” qalmaqalı

Noyabrın 30-da xalq artistləri Ramiz Məlik və Məleykə Əsədovanın “şortik” qalmaqalı ilə bağlı ilk məhkəmə prosesi keçirilib. Məhkəmədə xalq artisti Ramiz Məlik həmkarından üzr istəsə də, proses dekabrın sonun qədər uzadılıb. Bu barədə xalq artisti Ramiz Məlik “Yeni Müsavat”a açıqlamasında bildirib. Xalq artisti qeyd edib ki, məsələyə son qoymaq istəsə də, həmkarı razılaşmayıb:
“Mən barışmaq üçün addım atmışam, əl uzatmışam. Məhkəmədə də bunu dedim. Amma onun son açıqlamasından yəqin ki, xəbərdarsız, deyib ki, mən sürünə-sürünə ondan üzr istəməsəm bağışlamayacaq. Utanmır o?! Əgər özündə mədəniyyət, tərbiyə görürsə, necə deyə bilər ki, 74 yaşında kişi onun qarşısına sürünə-sürünə gəlsin?! Mənim 74, onun 50 yaşı var. Onun yaşı qədər mənim sənət fəaliyyətim var. 50 il bundan əvvəl səhnəyə gəlmişəm. Bu hansı mədəniyyətə, əxlaqa, tərbiyəyə sığar?! Bu sualı ona vermək lazımdır ki, ağsaqqal kişiyə bu cür sözü deməklə utanmırsan?”
Ramiz Məlik qalmaqalın başlanma səbəbini də xatırladıb:
“Məsələdən yəqin ki, xəbəriniz var. Mən demişdim ki, şortiklə ortaya çıxma. Axı sənin ad-sanın, teatrın, sənin imicin var. Bundan sonra o, mənim evimə zəng edib,ailəmi, qızımı, qız nəvələrimi təhqir edib, özü də küçə söyüşləri ilə. Sizcə, bundan sonra ona necə cavab verməliydim? Mən onun söyüşlərinə söyüşlə cavab verməliydim də. Dönüb bir arxasına baxsın ki, haradan gəlib. Hər bir adam dönüb arxasına baxmalıdır ki, haradan gəlib, hara çıxıb və nələrdən çıxıb və sairə.
Məhkəmədə deyilir ki, BMT-nin, ATƏT-in, Avropa İnsan Haqlari Məhkəməsinin qərarları və sairə... Bir o qalıb ki, haqqımda asılma və ya güllənmə iddiası qaldırılsın. Bu nə deməkdir axı?!"
Qeyd edək ki, xalq artisti Məleykə Əsədovanın vəkili Tağı Hüseynov sputnik.az-a açıqlama verərək bildirib ki, əgər Ramiz Məlik dizin-dizin sürünüb aktrisadan üzr istəməsə, məhkəmə prosesləri hələ uzun müddət davam edəcək:
“Məleykə xanım deyir ki, Ramiz Məlik dizin-dizin sürünüb, atamın, anamın qəbrinin üstünə gəlib üzr istəməlidir. Çünki o, KİV-də açıq-aydın açıqlama verərək bildirib ki, sənin ananı da atan fahişəlik üstündə boşayıb”.
Xalq artistlərinin qalmaqallı məhkəməsi ilə bağlı Azərbaycan Dövlət Dram Teatrı rəhbərliyinin mövqeyini öyrənməyə çalışdıq. Teatrın mətbuat katibi Cavid Zeynallı “Yeni Müsavat”a açıqlama verərək baş verən olayın xoşagəlməz hal olduğunu bildirib: “Hər iki xalq artisti arasında olan münasibətlər hələ məhkəmə predmeti olmazdan əvvəl Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru Azər Paşa Nemətov bu məsləyə münasibətini bildirmişdi. Azər Paşa Nemətov xalq artistləri arasında baş verənləri təəssüf hissi ilə qarşıladığını qeyd etmişdi və biz yenə eyni fikirdəyik. Bir daha qeyd edirik ki, Məleykə Əsədova və Ramiz Məlik arasında baş verənlər xoşagəlməz haldır.
Onlar hər ikisi bizim gözəl sənətkarımızdır, indiyə qədər Akademik Milli Dram Teatrında yaddaqalan, sevilən rollar yaradıblar. Ramiz Məlik Məleykə Əsədovadan üzr istəyib və bildirib ki, bu söhbətə son qoyulmasını istəyir. İnanıram ki, Məleykə Əsədova da onu anlayışla qarşılayacaq, üzrünü qəbul edəcək. Bizim teatr bir ailədir, ona görə də bu ailədə baş verənlərin kənara çıxmasını arzu etmirəm. Çünki hər ikisi sənətkar kimi insanların rəğbətini, sevgisini qazanıblar. İnanırıq ki, məhkəmə müstəvisinə qədər böyüyən bu məsələ tezliklə öz həllini tapacaq, hər iki sənətkarımız arasında barışıq olacaq və gələcəkdə bu cür xoşagəlməz hallarla üzləşməyəcəyik".
Xatırladaq ki, Azərbaycan Dövlət Dram Teatrının aparıcı aktyorları arasında yaranmış bu qalmaqala səbəb Məleykə Əsədovanın şortikli şəkillərini “İnstagram” səhifəsində paylaşması olub. Xalq artisti Ramiz Məlik buna görə aktrisanın ünvanına tənqid yağdıraraq bildirib ki, xalq artisti adını daşıyan şəxs sosial şəbəkələrə açıq-saçıq, eləcə də mini-şortikdə çıxmamalıdır. Onun sözləri Əsədovanı özündən çıxarıb və o, Ramiz Məliki məhkəməyə vermək qərarına gəlib. O, həmkarından şərəf və ləyaqətinin təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir.
Onu da xatırladaq ki, xalq artistlərinin arasında yaranmış “şortik qalmaqalı” bir müddət əvvəl erməni mətbuatında da müzakirə edilmişdi.

Şərhlər

XƏBƏR LENTİ