SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » «Space»nn prezidentinə yeni vəzifə verildi

«Space»nn prezidentinə yeni vəzifə verildi

Tarix:

11-10-2017, 17:09

/ 82 441 dəfə oxundu.
«Space»nn prezidentinə yeni vəzifə verildi

Azərbaycanın görkəmli kinorejissoru, xalq artisti, "Space TV"nin prezidenti Vaqif Mustafayev Çinin Honkonq Televiziyasının mədəniyyət, televiziya və kino üzrə müşaviri təyin olunub.

Təyinatla bağlı bu gün “Azərbaycan” kinoteatrında təşkil olunan tədbirdə Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev, Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Dorox, Çin və Ukraynanın Azərbaycandakı səfirliklərinin rəsmiləri və mədəniyyət xadimləri iştirak edib.

Həmçinin Ukrayna KİV İşçiləri Assosiasiyası Bolqarıstan, Belarus, Qazaxıstan, Moldova, Polşa və digər ölkələrdən olan həmkarlarının təkliflərini nəzərə alaraq, beynəlxalq əməkdaşlığın inkişafında kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi istiqamətində göstərdiyi misilsiz xidmətlərə görə Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeri Ruzinin, Ukrayna KİV İşçiləri Assosiasiyasının sədri Viktor Petrenkonun və digər ölkələrdən olan nümayəndələrin iştirakı ilə “Soqlasiya” (“Согласия”) Qızıl Ordeni də Vaqif Mustafayevə təqdim olunub.

Eyni zamanda, Vaqif Mustafayev Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında dostluq və mədəni əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi böyük töhfələrə görə Çinin “Xeyluntszyan” Teleradio Şirkətinin Fəxri Fərmanı ilə təltif edilib.

Tədbirdə Rusiya, Çin və Azərbaycan kino nümayəndələri memorandum da imzalayıblar. Memoranduma əsasən, üç ölkənin nümayəndələri müştərək olaraq rejissor Vaqif Mustafayevin ssenarisi əsasında film çəkəcək.

Məsələ ilə bağlı danışan Vaqif Mustafayev filmin “Kambey” adlandığını deyib, lakin təfərrüatları barədə məlumat verməyib.

“Mənə verilən bütün mükafatları vətəndaş olaraq qəbul edirəm. İlk öncə bu ölkənin vətəndaşıyam. Cənab prezidentimiz İlham Əliyevə Azərbaycanı bütün dünyada tanıtdığı üçün minnətdarlığımı bildirirəm. Bizi elə buna görə də tanıyırlar”, - Mustafayev deyib.

Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev Vaqif Mustafayevin Azərbaycan mədəniyyətinə verdiyi töhfələri sadalayıb:

“Vaqif Mustafayev tələbəlik illərindən ta indiyə qədər kinoya töhfələr verib. Onun “Yaramaz”, “Fransız”, “Nakəs” və digər filmləri, “Mozalan” üçün çəkdiyi süjetlər mədəniyyətimiz üçün böyük töhfədir. Yaxın zamanlarda onun çəkdiyi daha bir filmin tamaşaçısı olacağıq. Çin, Rusiya və Azərbaycanın müştərək istehsalı olan yeni layihəsini də səbirsizliklə gözləyirik”.

Rusiyanın ölkəmizdəki səfiri Vladimir Dorox Vaqif Mustafayevin çəkəcəyi filmi səbrsizliklə gözlədiyini bildirib.

Sonda çinli rejissorun “Moskvanın divarları” adlı filmi nümayiş olunub.

Şərhlər

XƏBƏR LENTİ