SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Qarabağa görə 120 minlik ordu... - Şoyqunun mesajı

Qarabağa görə 120 minlik ordu... - Şoyqunun mesajı

Tarix:

28-07-2017, 09:55

/ 96 255 dəfə oxundu.
Qarabağa görə 120 minlik ordu... - Şoyqunun mesajı

Rusiya ilə ABŞ (NATO) arasında gərginliyin “qradusu” günbəgün artır. Bu gərginlik artıq özünü postsovet məkanında da qabarıq büruzə verməkdədir. Baltikyanı bölgə, Ukrayna, Cənubi Qafqaz (Gürcüstan) bu sıraya addir. Deməli, Azərbaycanın da böyük diqqət ayırmalı olduğu gəlişmələr var. Konkretliyə keçək.

***

“Bir sıra xarici dövlətlər Rusiyanın Yaxın Şərqdə və Cənubi Qafqazda fəaliyyətini təhlükə sayaraq, onun sərhədləri yaxınlığında hərbi mövcudluğunu artırır”. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu nazirliyin srağagünkü kollegiya iclasında söyləyib. Nazirin sözlərinə görə, Moskvanın Yaxın Şərqdə və Cənubi Qafqazda sülhün qorunması üzrə fəal hərəkətlərini bəzi ölkələr onların milli maraqlarına təhlükə kimi qəbul edir.

Rusiya hərb nazirinin bu açıqlaması ən azı, iki aspektdən Azərbaycan üçün də xüsusi önəm kəsb edir. Biri odur ki, həmin sözlərin deyildiyi gün ABŞ Konqresi Rusiya, İran və Şimali Koreya üçlüyünə qarşı olduqca sərt sanksiyalar paketi qəbul edib. Tezliklə qüvvəyə minəcəyi şübhə doğurmayan və qanunverici akt xarakteri daşıyacaq bu sənəd artıq rəsmi Kremlin ciddi narahatlığına səbəb olub.

Digər mühüm məqam Kremlə qarşı məlum sanksiyalar paketinin ardınca NATO-nun Gürcüstanda, necə deyərlər, Rusiyanın “burnunun ucunda” növbəti genişmiqyaslı hərbi təlimlərə hazırlaşmasıdır. Xəbər verildiyi kimi, Alyansın “Layiqli tərəfdaş 2017" kod adlı hərbi təlimləri cəmi iki gün sonra - iyulun 30-da başlayacaq və avqustun 12-dək davam edəcək. Təlimlərdə Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Sloveniya, Ermənistan və Ukraynadan 2800 hərbçi iştirak edəcək. Təlimlər Vaziani və Norio hərbi bazalarında keçiriləcək.

Yeri gəlmişkən, hərbi manevrlərə qatılmaq üçün ABŞ ağır hərbi texnikasının bir hissəsi artıq Gürcüstana gətirilib. “Abrams” tankları və “Bradley” zirehli maşınlar Poti limanından dəmir yolu vasitəsilə Vaziani hərbi bazasına çatdırılıb.

***

Həm NATO təlimləri, həm də Konqresin qərarını Moskva şübhə yox ki, özünə qarşı təhdid, hətta de-marş hesab edir. Onun gərgin münasibətlərdə olduğu Gürcüstan ərazisində planlaşdırılan təlimlərin Kremldə məxsusi qıcıq yaratdığı da şübhə doğurmur. Çünki Rusiya Gürcüstanın da daxil olduğu Güney Qafqazı özünün “həyati maraqlar” zonası, yaxud “arxa bağçası” hesab edir. Regionda birdən-birə 3 münaqişə ocağını - Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrini də Moskva məhz bu “həyati maraqlar” naminə yaradıb və idarə eləməkdədir.

Daha bir diqqətçəkici detal: hazırda Gürcüstanda NATO qüvvələri ilə yanaşı, Rusiya ordusu da var və onların arasında məsafə heç 100 km deyil. Biri - NATO qanuni əsasda, digəri - rus qüvvələri isə qanunsuz əsasda (işğal altındakı Abxaziya və Cənubi Osetiya) mövcuddur. Yəni istənilən halda, Gürcüstanda Rusiya və NATO fiziki olaraq da üzə-üzə gəlmiş durumdadır.

***

Başqa bir maraqlı məqam Gürcüstanda NATO təlimləri ərəfəsində Rusiyanın Cənubi Osetiyada özünün hərbi təlimlər keçirməsi, işğalçı qüvvələrin Bakı-Supsa neft kəmərinin bir hissəsini nəzarətə götürərək Ermənistana aparan magistral yola yaxınlaşmasıdır. Bu, sözsüz ki, Bakı və Tiflislə yanaşı, Qərbə (ABŞ-a) da açıq mesajdır ki, Rusiya burda - regionda, Gürcüstandadır, “sizin qulağınızın dibində”.

Bu xüsusda Gürcüstanın sabiq müdafiə naziri Dmitri Şaşkinin bugünlərdə səsləndirdiyi fikirləri qəribçiliyə salmağa dəymir. Eks-nazir deyib ki, Rusiyanın Cənubi Osetiya istiqamətindən Gürcüstanın içərilərinə doğru tədricən irəliləməsi və bu separatçı bölgədə keçirdiyi irimiqyaslı hərbi təlimlərdə məqsəd Ermənistana 120 minlik hərbi kontingent yeritməkdir.
Onun sözlərinə görə, əgər 2008-ci ilin 5 günlük avqust müharibəsində Rusiyanın əsas hədəfi Gürcüstan olubsa, indi artıq Gürcüstan Rusiyanı, sadəcə, Ermənistana dəhliz kimi maraqlandırır. “Çünki Rusiya Gürcüstanda öz hökumətini oturdub, indi isə onun hədəfi Qarabağ və İrandır. Rusiya planlı şəkildə regionda eskalasiya hazırlayır” - Şaşkin əlavə edib. Müşahidəçilərə görə, keçmiş müdafiə naziri çox güman ki, ABŞ-ın İrana mümkün müdaxiləsi halında regionda Rusiyanın maraqlarına qarşı yarana biləcək təhdidi nəzərdə tutub. Çünki Rusiya üçün İran birbaşa təhdid deyil.

***

Beləcə, müdafiə naziri Sergey Şoyqunun yuxarıdakı xəbərdarlıq xarakterli açıqlamasına ilk öncə son gəlişmələr, həmçinin gərginləşən Rusiya-ABŞ (NATO) qarşıdurması və kontekstində baxmaq lazım gəlir. Nəhayət, belə bir xəbərdarlıqdan son vaxtlar sürəkli şəkildə Rusiyanı Qərblə şantaj edən İrəvana məxsusi pay düşür.

Söz düşmüşkən, Ermənistan bir ayın içində, ard-arda Rusiyada sərt qıcıq yaradan iki NATO təliminə qatılmaq qərarı verib: onlardan biri Rumıniyada keçirilib və təzəcə başa çatıb. Digəri isə qeyd edildiyi kimi, iki gün sonra Gürcüstanda başlayacaq.
Azərbaycan həmin təlimlərdə iştirak etməyəcək. Bəzi təhlilçilərə görə, rəsmi Bakı mövcud həssas vəziyyətdə ölkənin milli maraqları baxımından yeganə doğru qərar qəbul edib. Bununla həm də işğalçı Ermənistanı bir az da Rusiyanın hədəfinə gətirilmiş olub. Çünki Azərbaycan da NATO təlimlərində iştirak eləsəydi, Moskva Ermənistana qarşı bunca qəzəbli olmazdı.
Ən maraqlısı da odur ki, Rusiya Ermənistana Gürcüstan vasitəsilə dəhliz axtarışında ikən nankor İrəvan da NATO-ya qucaq açmağa başlayıb. Kreml belə şeyləri bağışlamır.

musavat.com

Şərhlər

XƏBƏR LENTİ