SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İcra başçısı yuxarıları və aşağıları bezdirib: Təhsil şefinə və şəhid ailəsinə təzyiqlər

İcra başçısı yuxarıları və aşağıları bezdirib: Təhsil şefinə və şəhid ailəsinə təzyiqlər

Tarix:

15-08-2017, 10:04

/ 60 014 dəfə oxundu.
İcra başçısı yuxarıları və aşağıları bezdirib: Təhsil şefinə və şəhid ailəsinə təzyiqlər

Azərbaycanın işğal olunmuş gözəl yurdu Laçının icra strukturunda olmazın hadisələr baş verir; Bu qalmaqallar və skandal proseslər mətbuat səhifələrinin baş xəbərlərində yer alır...
Prezident Administrasiyasının reaksiyasını gözləyən ictimaiyyət Laçını idarə edən məmurların cəzalandırılmasını tələb edirlər. Nədən ibarətdir bu hadisələr? – az sonra...

Məktəblər “günah keçisi”

Daxil olan xəbərlərdən biri budur ki, Laçın rayon icra başçısı Aqil Nəzərli Tərtər Regional Təhsil İdarəsi rəhbəri Malik Vəliyevə təzyiq göstərmək üçün orta məktəb direktorlarını yoxladır.
Laçın təhsilinin 11 illik fəaliyyətinin təftişi üçün Laçın rayon prokurorluğuna müraciət edib. Hər halda iddialar belədir. Laçının məktəb direktorları isə narazılıq edir.
Onların sözlərinə görə, A.Nəzərlinin M.Vəliyevlə konflikti varsa şəxsi müstəvidə qarşıdurmaya getsinlər, məktəbləri “günah keçisi” seçməsinlər.
İddialara görə, icra başçısı təhsil idarəsi direktorunun yola getməməsinin səbəbi maliyyə amilidir. İcra hakiminin pul istəməsinə “yox” deyən təhsil şefi onun qəzəbinə tuş gəlib.
Vaxtilə Laçın rayon təhsil şöbəsinin müdiri olan (nazirlik artıq şöbələri ləğv edib, idarələr yaradılıb - red) M.Vəliyevlə A.Nəzərlinin arasındakı münaqişə bura qədər uzanıb. İndi idarə direktorunun acığını məktəblərdən çıxan icra başçısı prokurorluğu da işə qarışdırıb.

Yuxarılar və aşağılar ondan narazı

Mənbənin dediyinə görə, M.Vəliyev məsələdən qohumu olan deputat Mahir Abbaszadəni agah edib. Millət vəkili coşaraq icra başçısı ilə mübahisə ediblər.
A.Nəzərlinin bu davranışı ciddi şəkildə gərginliyə səbəb olub. Hazırda Laçın obalarında bir aır ab-hava var. İcra başçısı təyin olunduğu gündən aşağılardan yuxarılara qədər hamı ondan narazıdır. Bu gedişat onun üçün heç də yaxşı perspektiv vəd etmir.
Çünki aşağıların şikayətinə məhəl qoymasa da, yuxarıların - təhsil şefinin qohumları olan M.Abbazadənin, Salyanın icra başçısı Sevindik Hətəmovun PA-ya təqdim edəcəyi arayış və məruzə A.Nəzərliyə baha başa gələ bilər.
Dövlət başçısı da açıq şəkildə bildirib ki, dekabrın 15-dək ona icra başçılarının arayışı verilsin. Lakin Laçın rəhbəri həm aşağıları, həm yuxarıları özünə qarşı qoymaqla səbatsızlıq edərək özünə siyasi tələ qurmaqdadır.

“Qəbuluna gedirik, bizə öz təsərrüfatında iş təklif edir”

Yuxarıların səbəbləri məlum oldu, bəs yerli camaat nədən narazıdır? - gəlin oxuyaq. Məlumata görə, Laçının Kalafalıq kəndindən məcburi köçkün, hazırda Ağcabədi rayonu “Taxta körpü” ərazisində məskunlaşmış 2-ci qrup əlil Qasımov Mirələm Əhliman oğlu, Vağazin kəndindən məcburi köçkün, şəhid bacısı Hümbətova Bilqeyis Süleyman qızı, Əhmədov Amin Xosrov tərəfindən prezidentə müraciət olunub.
Sitat: “Aqil Nəzərli qəbuluna getdikdə bizimlə kobud davranır, Qarabağ əlilinə kömək əvəzinə atasına və qardaşına məxsus şəxsi təssərüfatda işləməyi təklif edir.
Mən Qarabağ əlili olaraq kömək edilməsini cənab A.Nəzərlidən xahiş etdikdə bizi müxtəlif vəzifəlilərə, o cümlədən millət vəkili M.Abbaszadəyə doğru istiqamətləndirir.
Bildirdiyinə görə guya millət vəkili cənab M.Abbaszadənin nazirlikdə kimlərləsə şəxsi münasibəti var. 28 iyul 2017-ci il tarixdə Vağazin kəndindən 30-a yaxın sakin qəbuluna getdikdə problemi həll etmək əvəzinə A.Nəzərli atasının əmlakından, varından, fermasından, yanacaqdoldurma məntəqəsindən danışaraq onun bu vəzifəyə ehtiyacının olmadığını bildirir.
Onda sual yaranır ki, laçınlı məcburi köçkünlər problemlərini hara desinlər? Ancaq cənab Aqil Nəzərlinin qardaşı, hərbi xidmətdə olmayan Müqabil Nəzərli qanunsuz olaraq “Taxta körpü” qəsəbə məktəbində psixoloq işləyir, 121 saylı Dairə Seçki Komisiyasında maaş alır, heç bir dövlət qulluğunda işləmədiyi halda Dövlət İdarəçiliyi Akademiyasnda guya təhsil alır.
Müqabil Nəzərlinin həyat yoldaşı Qənbərov Pəri Yaşar qızı “Taxta körpü”qəsəbə məktəbində neçə illərdi müəllim kimi adı gedir, qanunsuz olaraq əmək haqqı alır”.

Şəhid ailəsinə işgəncə verdirən başçı

Hümbətova Bilqeyis Süleyman qızı yazır ki, gəlini Məmmədova Nailə Yaqub qızı, nəvələri - 9 yaşlı Məmmədov Rəvan ,12 yaşlı Məmmədov Elçin yaşamaq üçün evləri olmadığına görə Laçın RİH-nin başçısı Aqil Nəzərlinin 10 may 2017-ci il tarixdə qəbulunda olub:
“Mən şəhid qardaşımın şəklini ona göstərərək bir şəhid bacısı olaraq nəvələrimə kömək etməsini xahiş etdikdə, hörmətsizlik edərək məni otaqda tək qoyaraq otağı tərk etdi.
Mən çox təəssüfləndim ki, həmin otaqda cənab Aqil Nəzərlinin başının üstündə Ulu Öndər Heydər Əliyevin və cənab İlham Əliyevin şəkilləri olduğunu belə hiss etmədi.
Əslində mənim təəccüblənməyim əbəsdir, Laçın icra başçısı övlət atributlarını tanımır, müharibə və əmək veteranlarının fərqini ayırd edə bilmir.
Hətta tədbirlərdə üzündən oxumaqda belə çətinlik çəkir. Mən ona şəhid bacısı olduğumu bildirəndə, oğlanlarımın hərbi xidmətdə olub-olmadığını soruşdu. Ancaq cənab Aqil Nəzərli və qardaşı Müqabil Nəzərli heç vaxtı hərbi xidmətdə olmamışdır.
Məhz İcra Başcısı A.Nəzərlinin göstərişi ilə şəhid ailələrinə hörmətsizlik olaraq gəlinimi və azyaşlı nəvələrimi Laçın rayon Polis Şöbəsinin rəisi Adil Əsədovun başçılığı ilə polis işçiləri tərəfindən isti havada şöbədə beş saat qanunsuz olaraq ac-susuz saxladılar.
Bundan əvvəl də 8 may 2017-ci il tarixdə gəlinim və azyaşlı nəvələrimi qanunsuz olaraq bir gün ac-susuz saxlanılmaqla polislər tərəfindən işgəncələrə məruz qalmışlar. Daha sonra gəlinimin və nəvələrimin bu işgəncəyə görə halı pisləşmiş və Təcili Tibbi Yardım həkimləri tibbi köməklik göstərmişdir”.
A.Nəzərlinin əməlləri bununla bitmir. Növbəti sayımızda onun vəzifələrə təyin edərkən kimlərdən nə qədər pul aldığı barədə siyahını təqdim edəcəyik.

RİH-nin də mövqeyini dərc etməyə hər zaman hazırıq.

Şərhlər

XƏBƏR LENTİ