SON DƏQİQƏ
XalqXeber.Az » Köşə » Mehriban Zəki ilə Fəxrəddin Manafovun SÖHBƏTİ

Mehriban Zəki ilə Fəxrəddin Manafovun SÖHBƏTİ

Tarix:

18-01-2017, 14:17

/ 16 618 dəfə oxundu.
Mehriban Zəki ilə Fəxrəddin Manafovun SÖHBƏTİ

Mehriban Zəki ilə Fəxrəddin Manafovun “Pəncərə” jurnalında gedən söhbətini təqdim edirik.

OVQATLAR - Mehriban Zəki və Fəxrəddin Manafov - üzbəüz PƏNCƏRƏdə

Mehriban: Bugünkü ovqatınız necədir?

Fəxrəddin: Qəribədir, bu gün bir nəfər mənim barəmdə deyib ki, o ovqata bağlı adamdır. Bəli, mən bunu bilirəm. Amma ovqatımı idarə etməyi də bacarıram.

M: Siz adətən iş vaxtı, yəni tamaşadan əvvəl, ya da çəkilişə hazırlaşanda aqressiv olursuz.

F: Aqressiv?...

M: Yəqin ki, bu, məsuliyyətdən irəli gəlir.

F: Mən müxtəlif oluram… İlk növbədə özümə qarşı tələbkar olub istəyirəm ki, ətrafımdakılar da eyni tələbkarlıqla və məsuliyyətlə işə yanaşsınlar. Mən peşəkarlığı hər şeydən üstün tuturam. Və biləndə ki, getdiyim yerdə daha çox qeyri-peşəkarlarla rastlaşacam düşünürəm: öz tələbkarlığımla, dediyiniz aqressivliyimlə və başqa «ovqatlarımla» işlədiyim adamları da müəyyən bir məsuliyyətə, cavabdehliyə cəlb edim.

M: Görürsüz, aqressiv olmaq heç də pis deyil. Aqressivlik hərəkətə gətirən ovqatdır. Bir də ki…

F: Sözünüzü kəsirəm… Amma nə zamandı soruşmaq istəyirəm. Fikir vermişəm ki, hər tamaşada, əlinizi mənə uzadanda o titrəyir. Tamaşanın sonuna qədər də bu davam edir. Bu həyəcandandı? Bir də necə olur ki, tamaşadan əvvəl ətrafdakılarla ünsiyyətə girirsiz, bəzən məişət mövzusunda olan suallara belə cavab verə bilirsiz? Necə köklənirsiz tamaşaya?

M: Mən tamaşa günü yuxudan oyandığım andan köklənirəm. Evdəkilər də bunu bilir və məni heç danışdırmağa da cəhd göstərmirlər. Mən həmin gün başqa heç bir işlə məşğul olmuram. Yəni nə çəkilişə, nə məşqə getmirəm.

F: Hə, bu mənə çox tanışdır… Demək olar ki, burada oxşarıq.

M: Tamaşadan iki saat qabaq mən artıq teatrda oluram. Geyinirəm, qrimlənirəm… Bir də bilirsiz, kimsə məndən bir söz soruşanda mən ona acı cavab verə bilərəm ki, mənə dəyməsin. Yəqin bu mənim səhvimdir, amma mən öz teatrımda başqa tərbiyə görmüşəm. Hamı da həmin yazılmamış qaydalara riayət edib. İndi calışdığım teatrda hərənin öz qaydası var. Düşünürəm ki, fərqli məktəblərin görüşdüyü bu məkanda daha səbirli olmağa məcburam.

Amma əlbəttə, tamaşaya kökləndiyim ovqatı pozmuram. Bir şeyi də səmimi etiraf edim ki, bu çox çətinliklə başa gəlir. O ki qaldı əllərimin titrəməyinə… Səhnəyə çıxdığım ilk gündən indiyə qədər hər dəfə əllərim titrəyir. Bununla bacarmıram.

F: Heç çalışmayın da…Bu ovqatınız xoşuma gəlir. Mən gəncliyimdə bir qonaq teatrın tamaşasında qəribə bir hadisənin şahidi oldum. Deyəsən, Şekspirin əsərini oynayacaqdılar. Tamaşadan əvvəl təqdimatda hamı səhnəyə çıxmışdı. Birdən lap küncdə dayanan saqqallı bir aktyor sanki konvulsiyalar içərisində yerə yıxıldı. Bütün salona sükut çökdü. Hamı qorxdu. Aktyoru qaldırdılar. Səhnədən çıxanda ona fikir verdim. Üzü çevrilmişdi. Yalnız yandan görə bildim. Üzünün ifadəsində yalan sezdim. Anladım ki, bu qəsdən olunmuşdu. Tamaşaçının ovqatını tamaşaya kökləməkdən ötrü. Və tamaşaçı artıq böyük gərginliklə tamaşanı gözləyirdi. Hə, «III Riçard»ı oynadılar.

M: Bəs…?

F: Mənə gəlincə… Tamaşa təyin olunan gündən - bu iyirmi gün qabaqcadan da ola bilər - mən hər gün beynimdə tamaşanı oynayıram. Buna artıq özümü uzun illər boyu alışdırmışam. Mən tamaşaya beş dəqiqə qalmış gələn aktyorlara «qibtə» edirəm. İstəmişəm bir dəfə yoxlayım bunu, alınmayıb. Zəncir kimi beynimdə qurduğum prosesin qırılmağından qorxmuşam. «Şirə bənzər» tamaşası həddindən artıq enerjimi alır. Tamaşa qəhrəmanın ölümüylə bitir. Hər dəfə tamaşaçını buna inandırmaq çox çətindir…

M: Ölüm deyirsiz… Mənə hələ indiyə qədər ölümü oynamaq qismət olmayıb. Sizin isə oynadığınız…

F: Hə, 99 faizi ölümlə bitib…

M: Hətta səhv eləmirəmsə, «Otel otağı» filmində ölüm səhnəsi sağlamlığınızın hesabına başa gəlib…

F: Yox, yox… Siz məni kimləsə səhv salırsız….

M: Səhv salmıram!

F: Siz hardan bilirsiz bunu?

M: Mənə elə gəlir ki, ölümü oynamaq özünüzə də çox maraqlıdır…

F: Elə bil bunu alın yazısı kimi ozüm-özümə yazmışam. Qardaşlarımla uşaq vaxtı kino-kino oynayardıq. İki qrupa bölüşərdik. Bir qrup filmlərdən hansısa səhnəni göstərməli, o biri qrup isə bunun hansı filmdən olduğunu tapmalı idi. Mən göstərəndə çox rahat tapırdılar.

Mənimlə qrupda oynayan qardaşım da narazı olardı ki, sən hər şeyi niyə dəqiqliyi ilə göstərirsən? Qoy tapmasınlar da!... Bir də o zaman göstərdiyim səhnələrdə ölümü çox böyük həvəslə oynayırdım. Deyəsən, o zamandan bunu bəxtimə təyin etmişəm ki, indi bütün qəhrəmanlarım ölür.

M: Min illərdi ölə-ölə,
Ölüm nədir bilə-bilə,
Doğulursa insan hələ
İnsan Allahdan böyükdü.

Siz də elə bil hər dəfə rollarınızda ölə-ölə həyatdan böyük olursuz….

F: Çox dərinə getməyin….

M: Sadəcə…

F: Elə mətləblər var ki, onlara toxunmaq olmaz. Bircə onu deyə bilərəm ki, ölümü oynayanda «artistlik» etmək olmaz.

M: Bəs, başqa ovqatları oynayanda «artistlik» etmək olar?

F: Yox… əlbəttə, yox. Amma elə məqamlar var ki, onları təsvir etmək lazımdır. Axı, teatr həyat deyil. Həyatda oynamaq nəyə lazımdır?

M: Teatr bədii yaradıcılıqdır. Teatr özlüyündə oyun məkanıdır. Teatrda olan şərtilik artıq əvvəlcədən hamı tərəfindən, yəni tamaşaçılar və aktyorlar tərəfindən qəbul olunur…

F: Bizim də işimiz bu oyunu son dərəcə orqanik yerinə yetirməkdir. Yadınızda deyil, «Şirə bənzər» tamaşasını neçə dəfə oynamışıq? 50-60?

M: 100-ü keçib. Artıq yeddi ildir oynayırıq. Saysaq…

F: Önəmli deyil, amma dediyim odur ki, tamaşanın bu qədər uzunömürlü olması məhz oyun tərzinin orqanik olmasından irəli gəlir. Özünüz də bilirsiz ki, çox tamaşaların ömrü bu qədər uzun olmur. Bu tamaşa isə indiyə qədər zalı tərk edən tamaşaçını emosional təsirsiz buraxmır. Final səhnəsindəki sizin hayqırtınız…

M: Sizin yıxılıb ölüm ayağında çabalamağınız…

F: Bunlar axı boşuna keçmir. Məhz orqanik varolmanın nəticələridir ki, mənim həkim dostlarım narahat olurlar. Hərçənd biz ikimiz də orqanik olmaq üçün aktyor sənətində olan psixo-texniki vasitələrin necə istifadəsini yaxşı bilirik.

M: Məşqlər vaxtı, final səhnəsi ilə bağlı filosofumuz Rəhman Bədəlovla söhbətim olmuşdu. O mənə demişdi ki, sonda hayqırmaq, ağlamaq lazım deyil. «İtki» ilə üzləşən adam başqa ovqatda olur. Açığı, şəxsən mənə də Rəhman müəllimin dediyi daha yaxındı. Amma siz son nöqtənin məhz bu cür qoyulmasını məsləhət etdiz…

F: Rəhman müəllim son dərəcə kübar, alicənab, yüksək intellektli, incə zövqlü insandır. Və o zamankı ovqatının tələbi ilə bunu sizdən istəməyə haqqı da vardı. Amma bizim tamaşa başqa ritmdə, başqa ovqatda, başqa konsepsiyada qurulmuşdu. Finalı da məhz belə olmasaydı, indi yaranan emosional təsir olmayacaqdı.

Bilirsiz, bu yaxınlarda bir xanım yazarın pyesini oxudum. Qəribədir ki, orda da qəhrəman ölür. Düzdür, qəhrəman yaş etibarı ilə məndən cavandı. Amma elə istəyirəm ki, ölümü bir də oynayım…

M: Məncə bu, sizin özünüzdən asılıdır... Gəlin söhbətimizin ovqatını bir qədər dəyişək. Sizcə, mən gözəl qadınam?

F: Siz cazibədar xanımsız. Başqalarına bənzəmirsiz. Səhnədə ikən özünüzü unudanda, bükülmüş çiyinləriniz, uzanmış çənəniz, üzünüzün mistik ifadəsi mənə maraqlıdır.

M: Ovqatımı təlx elədiz.

F: Niyə?

M: Mən əlbəttə bilirəm ki, gözəl deyiləm. Açığı güzgüyə baxanda da qanım qaralır. Amma səhnəyə çıxanda özümü dünyanın ən gözəl, ən cazibədar, ən hündürboylu qadını kimi hiss edirəm.

F: Bəs siz, mənimlə daha bir tamaşada oynamaq istərdiz?

M: Açığı, sizinlə oynamaq çox çətindir… həm də maraqlıdır.

F: Açıqlayacaqsız?

M: Bəli. Xətrinizə dəymək istəməzdim. Çox …

F: Bilirəm, xasiyyətim çox ağırdı…

M: Əlbəttə, xarizmatik şəxsiyyətsiz…

F: Xətrimə dəymədi, əksinə xoşdur…

M: Çox böyük təzyiq göstərirsiz… Yəqin ki, bu çavabdehlikdən, məsuliyyətdən irəli gəlir… Amma mən heç bir təzyiqi sevmirəm. Bununla bahəm dediyim kimi sizinlə işləmək çox maraqlıdır. Siz o qədər qıvraq, çevik, elastik (üzr istəyirəm ifadəmə görə, o ovqatı çatdırmaq üçün başqa söz tapmadım) tərəf müqabilisiniz ki…

F: Anlayıram…

M: Bir sözlə, üzünüzə demək olmasın, amma o qədər mahir aktyorsuz ki, sizinlə oynayanda hər saniyə, hər an beyin işləməlidir. Həm də məndə etdiyiniz hər hansı elementə layiqli cavab vermək istəyi yaranır ki, bu da böyük zövq verir.

F: Minnətdaram, elə isə mən də sizə açıq deyəcəm. Sizin bir cəhətiniz məni heç açmır. İntizamsızlığınız.

M: Mübahisə etməyəcəm. Görünür, intizam barədə hərənin bir anlayışı var. Amma istərdim ki, elə bir hala gəlim çatım ki, siz mənə nə intizam barədə, nə məsuliyyət barədə təzyiq göstərə bilməyəsiniz.

F: Sizə bir etiraf edim. Dediyiniz təzyiq, tələbkarlıq yalnız sizə qarşıdır. Çünki tam qarşılıqlı anlaşma yalnız sizinlə baş verir, uzun illərin nəticəsində, hələ «YUĞ» teatrından bəri yaranan bu anlaşma mənə o haqqı verir. Və inanmıram ki, siz buna etiraz edəsiz. Amma sualıma cavab vermədiz…

M: Böyük ehtiyatla və ikiqat böyük maraqla, bəli, sizinlə bir daha səhnədə rastlaşmaq istərdim. Nəinki səhnədə…

F: ?

M: Hətta…kinoda da… Bax siz kinoda daha çox işləmisiz. Teatra sizdə sanki bir biganəlik var. Kinodan bezmədinizmi?

F: Mən kinonu daha çox sevirəm. Səmimi etiraf edim ki, kino daha çox şöhrət və pul gətirir.

M: Mən, düzü, sizin qədər çəkilməmişəm, sizin qədər şöhrət və pul da qazanmamışam. Amma mən də etiraf edim ki, kino çəkilişi günü mənim üçün bir bayrama çevrilir.

F: Düzdür, bu bir bayramdır. Və təsəvvür edin ki, mən bu bayramda 30 ildir ki varam .

M: Bəs teatr?

F: Hövsələ də çox yaxşı bir ovqatdır.

M: Dinləyirəm…

F: Bu yaxınlarda bir materialla bağlı internetə girdim. Maraq kəsildim: bax, mən bu qədər filmə çəkilmişəm, görəsən mənim haqqımda internetdə informasiya varmı?

M: Əlbəttə var!

F: Axtarışa verdim. Manafov. Cavab gəldi ki, bu soyadda tək və yeganə aktyoram. Üstəlik yazılıb ki, Rusiyanın kino aktyoruyam. Təəssüf ki, bizim saytlarda özüm haqqında belə bir şeyə rast gəlmədim. Sualınıza gəlincə, demək istəyirəm ki, mən teatra qayıtmaq istərdim. Axı, mən teatrda tərbiyə almış, teatr məktəbi görmüş aktyoram.

M: Qayıdıb da nə oynamaq istərdiz?

F: İstəyərdim ki, səhnədə elə bir həyat yaşayım ki, günümüzdə bayağılışan, ucuz seriallarda hər addım başı səslənən «səni sevirəm» sözlərini, doğrudan da, onların əsl mənasını və dəyərini itirməyərək tamaşanın lap sonunda deyim. Və onda bu sözlər elə səslənsin ki, hamı onların həqiqi mənasını dərk etmiş olsun. Yəni oyunumu heç nədən, ağ vərəqdən başlayaraq elə bir finala gətirib çıxarım ki, o vərəqdə kiçik bir nöqtə üçün də boş yer qalmasın. Bu tamaşada mən səhnə və teatrla birləşmək, ayrılmaz bir vəhdət təşkil etmək istəyirəm. Onda bu mənimçün böyük bir bayram olacaq. Hərdən mənə elə gəlir ki, mən öz məhəbbətimi, ya da əzizimi itirmişəm və onu qaytara bilməyəcəm…

M: Siz heç pəncərədən baxırsız?

F: Mən elə doğulduğum gündən pəncərənin içindəyəm…

M: Mən də uşaq vaxtı oturub saatlarla pəncərədən çölə baxardım. Pəncərənin çərçivəsi mənə ekranı, orda baş verənlər isə kinonu xatırladırdı. Mən də yorulmadan həmin kinonu seyr edirdim…

Şərhlər

XƏBƏR LENTİ