SON DƏQİQƏ
XalqXeber.Az » Köşə » Xocalı soyqırımının FACİƏ bazarı

Xocalı soyqırımının FACİƏ bazarı

Tarix:

27-02-2018, 08:13

/ 5 108 dəfə oxundu.
Xocalı soyqırımının FACİƏ bazarı

Xocalı soyqırımı parçalanmış, içi çıxarılmış qadın, üzü dağıdılmış uşaq və bir də donaraq ölmüş ağsaqqal kişi meyiti şəklində gəlib çatıb bizə...

...Məhz həmin günü yaşayan insanlarla danışanda, onların tez-tez qırılan səslərində, sakitcə axan göz yaşlarında və qəfil əyüş-üyüş olan sifət cizgilərində soyqırımın adicə söz olmadığını bir qədər yaxından hiss edirik. Qalanları, o tirbunalardan qışqıraraq deyilənlər gopdur, pafosdur, boğazdanyuxarı şou üçün, göstəri üçün söylənir. Onlar üçün Xocalı soyqrımı eyni zamanda bazarlıq etmək, büdcədən müxtəlif yollarla pul silmək üçün vasitədir.

...Dövlət büdcəsindən pul qoparıb, xarici ölkələrə qaçaraq, orada bir həftə beşulduzlu oteldə qalmaq Xocalını tanıtmaq məqsədi deyil, bəzi "vətənpərvərlərin" istirahət və bazarlıq etmək məqsədidir. Bu məqsədə nail olmaq üşün Xocalı soyqırımı sadəcə olaraq vasitədir. Bu "vətənpərvərlik" şousu ilə məşğul olanların çoxu indiyə qədər əsirlikdən qayıdan Xocalı sakini ilə üz-üzə, göz-gözə, qəlb-qəlbə dayandımı? -Yox, dayanmadı. Birinin qapısını açıb, onunla bu acıya şərik oldumu? -Yox, olmadı.

Sadəcə olaraq, fevralın 23-24-ü aralarında bazarlıq edib, yol tədarükü görüb, xaricə yollandılar.

Bu xarici ölkələrdə Xocalı soyqırımını "təbliğ edənlər" bir dəfə öz ölkələrində soruşdularmı, niyə görə, 26 fevral Azərbaycanda rəsmi qaydada hüzn gün kimi qeyd edlmir? Soruşmazlar. Əgər soruşsalar onları bir daha dövlət büdcəsindən vəsait ayırıb xarici ölkələrə göndərməzlər.

Bir Xocalı sakininin dediyi kimi: "Biz əsl həqiqəti heç vaxt açıqlaya bilmirik və əsl həqiqəti heç vaxt deməyəcəyik. Çünki həqiqəti danəşanların qohumlarını işdən çıxarırlar".

O ki qaldı dünyaya Xocalı həqiqətini çatdırmağa, çox maraqlıdır, bəzi ingilis dilini bilməyən bu "vətənpərvərlər" dünyaya Xocalı soyqırımını necə tanıdırlar?

Bu adamlardan bircəciyi indiyə qədər qışqıraraq soruşdularmı niyə görə Azərbaycan Parlamentində oturanlar "Xocalı soyqırımı" əvəzinə "Xocalı faciəsi" ifadəsini işlədirlər? Faciə termini soyqırımın böyüklüyünü ifadə edə bilməz. Ermənilər 1905-ci ildən başlayaraq, Azərbaycanın 70 faizə qədər ərzaisində, Dərbənddə, Türkiyədə, İranda, Gürcüstanda soyqırım törətdikləri halda dünyaya car çəkib özlərinin soyqırıma uğradıqlarını iddia edirlər. O zaman, bəs biz niyə soyqırımımızı dünyaya sadəcə olaraq "faciə" adı ilə tanıdırıq? Orada, düşmən gülləsindən bir qolu, bir ayağı qırılan insanın bu anı onun yaxınları üçün faciə idi. Bəli, faciə budur. Amma, cənablar, Xocalıda soyqırım baş vermişdi. Onlarla insanın bütün nəsilini-kökünü yer üzündən sildi ermənilər o gecə. Xəbəriniz varmı?

Azərbaycanın televiziya kanallarına serial çəkilişləri üçün 2011-ci ildən 2016-cı ilə qədər dövlət tərəfindən ayrılmış 11 milyon manat vəsait hesabına TV-lər ümumilikdə 40 serial çəkib.

Amma bütün bu serialların xalqımıza xeyri varmı? 11 milyon pul ayırıb çəkdikləri bütün bu 40 serialda erməni qatili Qaregin Njde haqqında ermənilərin çəkdikləri bir kilp qədər sənət yoxdu. Çünki bizimkilərin niyyəti pul qoparmaq, ermənilərin niyyəti isə öz başkəsənlərini dünyaya qəhrəman kimi tanıtmaqdır.

Qeyd edim ki, Qaregin Njde İkinci Dünya Müharibəsi zamanı on minlərlə insanın ölümünə səbəb olub. O, təkcə türklərin, müsəlmanların deyil, eyni zamanda rusların da qatili idi.

Njdenin Ermənistanda heykəlinin qoyulmasına ruslar etiraz etsələr də, bu ermənilərin öz qatillərini dünyaya qəhrəman kimi tanıtmaq və heykəlini ucaltmaq istəyinə mane olmadı. Bizim yerli telekanalllar barbar bağırır ki, ermənilər rusların əlaltısıdır. Deməli, bu əlaltı məsələsi də yalan çıxdı. Erməni başbilənləri addım atarkən, kimsənin mövqeyinə deyil, xalqının gələcəyinə və vəhdətinə üstünlük verir.

"Qaregin Njde" yazın və youtube də axtarışa verin görün nələr çıxacaq. Ermənilər qatil Androniki, qatil Njdeni xalq qəhrəmanına çevirəndə bizim başımızdakılar Sultan bəyi, Qəmlonu, Reyhanı "unutdular" və unutdurmağa çalışdılar.

Məsələn, ortaya maraqlı məqam çıxır, niyə görə, Nəbinin arvadı Həcər Azərbaycan təhsilində bu qədər təbliğ edildiyi halda "Dağlar qızı Reyhan" mahnısının qəhrəmanı, ermənilərə qan udduran Reyhan heç yada düşmür? Çünki Reyhan erməniləri qırırdı. O zaman Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun "ermən və Azərbaycan xalqı bir-birinin dostudur" deməsi yada düşür. Bəli, "qəhrəmanlar unudulan zaman ölür" deyilib. Ermənilər ölülüərini sənət əsərlərində yaşadırlar. O əsərlərə baxanda ermənilərin öz qatillərinə olan sevgisinə mat qalırsan.

Niyə görə, dəqiq tarixi faktlara söykənməyən Tomrisin baş kəsməyi, qan gölündə baş basdırmağı qəhrəmanlıq kimi uşaqlarımıza təbliğ olunur, amma qəmlolar qəsdən unudulur?

Bu gün ermənilər xaricdən gələn qonaqlarını "Erməni soyqırımı" abidəsinin və Njdenin heykəlinin qarşısına aparırlar və dünya liderlərini bu qatilin, yalançı soyqırım abidəsinin qarşısında əyilməyə məcbur edirlər.

Ortaya sual çıxır-bəs Azərbaycana gələn dünya liderlərini, xarici qonaqları niyə görə Xocalı soyqrımı abidəsini ziyarət etməyə aparmırlar? Bu abidənin adını da Xocalı soyqırımı deyil, "Ana harayı" qoyublar. Hə, axı bizim xalqımız şair xalqdır.

Xocalı soyqırımından 26 il ötdü bu gün. Soyqırımımızın 26 yaşı oldu. Amma bu günü ümumixalq hüzn günü kimi rəsmiləşdirməyiblər. Niyə? Bəlkə qorxurlar ki, "qardaş xalqın" qəlbinə toxuna bilər bu addım?

Bu gün qeyri-iş günü də deyil. Orta məktəb şagirdlərinin gündəliyində 8 mart günü qırmızı hərflərlə qeyd edilsə də, 26 fevral adi günlər kimi təqdim edilib. 8 mart gününü tarixə çevirən yəhudi xalqının iki qadını əslində öz milli bayramları olan Purim bayramını tarixləşdirdilər.

Həmin günü müəllimələr siniflərdə, şəhid jurnalistimiz Çingiz Mustafayevin, İlqar Cəfərovun, Mirnaib Həsənoğlunun, fransalı fotoqraf Rza Diqqətinin və digər cəsur insanların lentə aldığı dəhşətli kadrları kədərli musiqi sədaları altında uşaqlara təqdim edib, ürəklərini partladana qədər vahimələndirməklə öz vətəndaşlıq və müəllimlik borclarını vətən qarşısında ödədiklərinə tam əmin olaraq rahat nəfəs alırlar. Bu müəllimlərin yadına da düşmür desinlər ki, Xocalı soyqrımı günü hamı ermənilərin qabağından qaçmırdı. O günü Əlif Hacıyev kimi cəngavərlərimiz Şəhadət anına qədər döyüşdülər düşmənlərlə.

Belə deyilməlidi. Əslində uşaqlara, gələcəyimiz olan uşaqlarımıza soyqırım tariximizin ilk günlərini 1905-ci ildən anlatmaq lazımdı.

Xatırladınızmı, bir dəfə 26 fevral günü "Ana harayı" abidəsini ziyarət edən ölkə başçısının yan-yörəsindəki deputatlardan 3 nəfəri zarafatlaşıb gülüşürdülər. Çünki bu deputatların BAZARLIQ SİYAHISInda 26 fevral günü "sveji" quzu əti kimi qeyd edilib. Bu qədər dadlı təamdır 26 fevral tarixi bunlara- Kabab çəkirlər və yeyirlər iştahla. O kababın tüstüsü ətrafa yanmış insan qoxusunu yayır. O "bazarkom" deputatlar isə bu "dadlı kabab qoxusundan" bayılırlar. Nəyi pisdir onlar üçün? Onlara vacib olan vətən deyil ki... Onlara vacib olan cibləri və şişman qarınlarıdır ki heç biri, heç bir vaxt doymur-dolmur, doymayıb-dolmayıb, doymayacaq -dolmayacaq.

Bəli, biz əsirlərdir soyqırıma məruz qalırıq. Həm xaricdən, həm də daxildən. Xaricdən bizi yağılar, düşmənlər fiziki olaraq soyqırıma məruz qoysalar da, daxili düşmənlərimiz bizi mənəvi aşınmayla, unutdurmaqla soyqırım edirlər.

Allah bizi hər iki düşmənin şərindən qorusun! Biz hər iki düşmənə qalib gəlmək üçün mənən güclü olmalıyıq.

Arzu Abdulla

Şərhlər

XƏBƏR LENTİ