SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Mərkəzi Bankın İdarə Heyəti özbaşınalıq edir - Ekspert

Mərkəzi Bankın İdarə Heyəti özbaşınalıq edir - Ekspert

Tarix:

25-01-2017, 15:32

/ 1 855 dəfə oxundu.
Mərkəzi Bankın İdarə Heyəti özbaşınalıq edir - Ekspert

“İndiyədək Mərkəzi Bankın başının pul qazanmağa qarışması xalqımıza baha başa gəldi”

“Mərkəzi Bank banklara nağd pulu daha baha verəcəksə, banklar da müştərilərindən nağd əməliyyatlar üzrə tutduğu komisyon haqqı artıracaq”.

Bu sözləri bank üzrə ekspert Əkrəm Həsənov Mərkəzi Bankın banklara 50 və 100 manat dəyərində əsginasların verilməsi üzrə tariflərin artırılması qərarına münasibət bildirərkən açıqlamasında qeyd edib.

Mərkəzi Bank banklara 50 və 100 manat dəyərində əsginasların verilməsi üzrə tariflərin artırılması barədə qərar qəbul edib. Qərarla bağlı olan məktub bütün banklara göndərilib.

Məlumatda deyilir: “Mərkəzi Bank banklara 50 və 100 manat dəyərində əsginasların verilməsi tariflərini 0,05 faizdən 0,1 faizədək artırıb. Bu qərar 2017-ci ilin fevral ayından qüvvəyə minəcək. Eyni zamanda gün ərzində bütün əsginaslara ikinci və daha sonrakı nağd pul verilişinin tarifləri 0,05 faizdən 0,1 faizədək artırılıb”.

Bu qərar hansı məqsədə xidmət edir? Mərkəzi Bankın bu qərarı bank sektorunda müəyyən mənada dirçəlişə səbəb ola bilərmi və tariflərin artırılması banklarda kreditləşmə əməliyyatlarına necə təsir edə bilər?

Əkrəm Həsənov: “Mərkəzi Bank sadəcə gəlirlərini artırmaq istəyir, çünki ehtiyatları kəskin azalır”.

Mərkəzi Bankın banklara 50 və 100 manat dəyərində əsginasların verilməsi üzrə tarifləri artırması qərarının qanunsuz və səlahiyyəti xaricində olduğunu vurğulayan bank üzrə ekspert Əkrəm Həsənova görə, Mərkəzi Bankın bu qərarı sahibkarlar və vətəndaşlar üçün mənfi haldır:
“Fevralın 1-dən Mərkəzi Bank banklara 50 və 100 manat dəyərində əskinaslar, habelə gün ərzində bütün əskinaslar üzrə ikinci və daha sonrakı nağd pul verilişinin tariflərini 0,05 faizdən 0,1 faizədək artırıb. Yəni, əgər indi Elman Rüstəmov banka verdiyi hər 50 manatdan 2,5 qəpik, hər 100 manatdan isə 5 qəpik tuturdusa, bundan sonra müvafiq olaraq 5 və 10 qəpik tutacaq. "Yekə kişidir, qəpik söhbəti edir!" məsəli burada keçərli deyil, "Dama-dama göl olar!" daha aktualdır. Gün ərzində həmin bank Elman müəllimdən yenə nağd pul istəsə, eyni xərac digər əskinaslara (1, 5 və 20 manat) görə də tutulacaq.

Beləliklə, bank sisteminin xərcləri yenə artır. Mərkəzi Bank banklara nağd pulu daha baha verəcəksə, deməli, banklar da müştərilərindən nağd əməliyyatlar üzrə tutduğu komisyon haqqı artıracaq. Xatırladıram ki, indiyədək Mərkəzi Bankın başının pul qazanmağa qarışması xalqımıza baha başa gəldi. O, banklardan, banklar da əhalidən qazanırdı. Halbuki, Mərkəzi Bank haqqında Qanunun 4.3-cü maddəsinə əsasən mənfəət götürmək onun əsas məqsədi deyil.

Lakin məsələnin sosial-iqtisadi aspekti ilə yanaşı, hüquqi tərəfi də çox əhəmiyyətlidir. Belə ki, Mərkəzi Bankın ümumiyyətlə belə tariflər müəyyən edib tutmağa səlahiyyəti yoxdur. Mərkəzi Bank haqqında Qanunun nə nağd pul tədavülünün təşkilinə (6-cı fəsil), nə İdarə Heyətinin səlahiyyətlərinə (4-cü fəsil) dair müddəalarında, nə də hər hansı digər hissəsində Mərkəzi Bankın verdiyi kreditlər üzrə faizdən başqa haqq tutmağa ixtiyarı yoxdur. Başqa sözlə, Mərkəzi Bankın İdarə Heyəti özbaşınalıq edərək sözügedən tarifləri müəyyən edib tutur.

Mən heç nə demirəm, xalqımız talana artıq alışıb. Sadəcə hər şeyin bir qaydası var. Məsələn, Vergilər Nazirliyi ötən ilin sonunda Vergi Məcəlləsinə xeyli düzəliş etdirdi ki, olan-qalan nə varsa onu da vergi kimi tutub alsın. Amma bunu qanuni yolla etdi. Elman müəllim isə həmişəki kimi qanunla həll etmir. Mərkəzi Bank sadəcə gəlirlərini artırmaq istəyir, çünki ehtiyatları kəskin azalır. Bunun təsiri isə həm əhali, həm də sahibkarlar üçün mənfi olacaq. Çünki bank xidmətlərinin qiyməti artacaq”.

Şərhlər

XƏBƏR LENTİ