SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Neftin tezliklə bahalaşması gözlənilmir, çünki...

Neftin tezliklə bahalaşması gözlənilmir, çünki...

Tarix:

11-05-2017, 10:16

/ 35 719 dəfə oxundu.
Neftin tezliklə bahalaşması gözlənilmir, çünki...

Dünya birjalarında neftin qiyməti bir qədər bahalaşsa da, 50 dollarlıq həddi ötə bilməyib. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 0,30 dollar bahalaşaraq 46,18 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,26 dollar artaraq 48,99 dollar olub. “AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 0,31 dollar bahalaşaraq 49,63 dollar təşkil edib.
Neftin qiymətinin 50 dollardan aşağı olması Azərbaycanla yanaşı, digər neft ölkələrinin iqtisadiyyatına da ciddi təsir göstərir. Hazırda neft cüzi olaraq bahalaşsa da ekspertlər bunun davamlı olacağını düşünmürlər. Çünki OPEK-in hasilatın azaldılması ilə bağlı razılaşmasını imzalamayan neft ölkələri hasilatı artırmaqda davam edirlər. Bəs qarşıdakı aylarda dünya neft bazarını nə gözləyir?
İqtisadçı ekspert Vüqar Bayramov vurğuladı ki, neft ölkələri və eləcə də Azərbaycan üçün bu xammalın dünya bazar qiyməti olduqca vacibdir: “Doğrudur, son 3 ildə Azərbaycan iqtisadiyyatı neftin mövcud qiymətlərinə transformasiya olunub. Əslində neftin bir barelinin 50 dollar olması da ölkəmiz üçün uyğundur. Amma ən vacibi təbii ki, qiymət stabilliyidir. Qırmızı xətt isə neftin qiymətinin 40 dollardan aşağı düşməsi ola bilər. Azərbaycanın gündəlik neft ixracatı 596 min bareldir. Neftin dünya bazarındakı hazırkı qiymətini nəzərə alsaq, gündəlik neft ixracatından Azərbaycana daxil olan vəsaitin həcmi kiçik kənarlaşmalarla istehsal və daşınma xərcləri də daxil olmaqla, 29,0 milyon dollardır. Bu vəsaitin orta hesabla 75 faizi Azərbaycan dövlətinə çatır. Deməli, neftin qiymətindəki hər 2 dollarlıq azalma gündəlik 1 milyon dollardan artıq fərq deməkdir. O baxımdan, Azərbaycan üçün məqbul qiymət 50 dollar intervalıdır. Təbii ki, daha yüksək olarsa, bu, daha yaxşı olar. Ancaq 40 dollardan aşağı düşürsə, ölkəyə daxilolmalara ciddi şəkildə təsir göstərir. Çünki Azərbaycan iqtisadiyyatının 86 faizi neft və neft məhsullarının satışından daxil olur. Neftin dünya bazarında qiymətinin aşağı düşməsi həmin gəlirlərə birbaşa təsir göstərir”.
Ekspertin sözlərinə görə, hazırda bazarda stabilliyə nail olmaq qeyri-mümkündür: “Hansı halda neft bazarında vəziyyət stabilləşə bilər? OPEC hasilatın azaldılması ilə bağlı anlaşmanı, ən azı, birinci mərhələdə nəzərdə tutulan müddət qədər uzadarsa, o halda qiymət stabilliyi müşahidə edilə bilər. Amma uzunmüddətli qiymət stabilliyinə nail olmaq çox çətin görünür”.
V.Bayramov vurğuladı ki, xüsusi bir siyasi hadisə baş verməzsə, hər hansı proqnozlaşdırılmayan qlobal hadisə olmazsa, neftin qiymətində kəskin artımların olacağı gözlənilmir: “Şist neftin maya dəyəri də aşağı düşməsi Amerika və Kanadanın bazardakı mövqeyinin güclənməsinə gətirib çıxarır. Nəticə etibarilə azalan hasilat şist neftlə kompensasiya olunduğundan, qiymət artımları gözlənilmir. Amma növbəti 6 ay üçün anlaşma imzalanarsa, bu o deməkdir ki, növbəti aylarda qlobal neft bazarında stabillik mümkün olacaq. Təbii ki, söhbət 50 dollar ətrafındakı stabillikdən gedir. Ancaq OPEK-in hasilatın azaldılması ilə bağlı, xüsusən də Səudiyyə Ərəbistanının bazardakı mövqeyini itirməsi ilə bağlı narahatlığı var. Nəticədə bu neftin qiymətinin 40 dollardan da aşağı düşməsinə gətirib çıxara bilər. Ona görə də hasilatın azaldılması ilə bağlı OPEK-ə üzv olan ölkələrlə yanaşı, üzv olmayan ölkələrin, o cümlədən Rusiyanın da mövqeyi önəmli olacaq”.
İqtisadçı hesab edir ki, orta və uzunmüddətli dövrdə neftin dünya bazarındakı qiyməti aşağı olacaq: “Uzunmüddətli dövrü proqnozlaşdırsaq, nəzərə almaq lazımdır ki, Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 15 milyon barelə qədər artıra bilər. Bu da bazara çıxarılan neftin həcminə təsir göstərə bilər. Amerika həm xam, həm də şist neft istehsalını artırır. Bu isə o deməkdir ki, orta və uzunmüddətli dövrdə neftin dünya bazarındakı qiymətinin aşağı olması proqnozlaşdırılır. Neftin ucuzlaşması hələ büdcə gəlirlərinin azalması demək deyil. Çünki büdcə daxilolmaları Neft Fondundan transferlər hesabına formalaşır. Lakin neftin qiymətinin azalması Neft Fondunun gəlirliliyinə təsir göstərir. O baxımdan, DNF-in xərcləmə imkanları məhdudlaşır. Neftin qiyməti cari olaraq manatın məzənnəsinə, büdcə gəlirlərinə təsir göstərməsə də, potensial olaraq psixoloji baxımdan təsir göstərir. Əgər neft 40 dollardan aşağı düşərsə, bu, DNF-in hərraclardakı xərcləmələrinə təsir göstərə bilər. Ancaq burada Mərkəzi Bankın manat qıtlığının yaradılması prosesinin davam edib etməyəcəyi də önəmlidir. Neftin qiyməti müəyyən qədər aşağı düşərsə, manat qıtlığı yaranarsa, o halda da mövcud məzənnəni qoruyub saxlamaq olar. Neft qiyməti manatın məzənnəsi üçün önəmli faktordur. Neftin qiyməti 50 dollar ətrafında formalaşarsa, Mərkəzi Bankın manatın məzənnəsinə təsir etmək imkanları arta bilər”.

Şərhlər

XƏBƏR LENTİ