SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » “BOA” kollektor agentliyini kim himayə edir? – ARAŞDIRMA

“BOA” kollektor agentliyini kim himayə edir? – ARAŞDIRMA

Tarix:

23-01-2017, 09:25

/ 2 538 dəfə oxundu.
“BOA” kollektor agentliyini kim himayə edir? – ARAŞDIRMA

Son illərdə ölkə mətbuatının gündəmindən düşməyən “BOA” Bakı Kollektor Agentliyinin adı son günlər yenidən hallanmaqdadır.
Belə ki, əvvəlcə, bu agentliyin öz saytında belə “BOA” abbreviaturasına və loqotipdəki ilan şəklinə diqqət yetirək. Hindistanda insanları boğaraq öldürən ilan növü məhz “boa” adlanır. Bu agentliyin özünə simvol və eləcə də abbreviatura olaraq BOA adını seçməsi oxucularda da sual doğura bilər – axı, normalda abbreviatura BKA və ya BCA (“Baku Collecting Agency”) olmalı idi.
Bu günlərdə “Anti-Kollektor” MMC-nin rəhbəri Əkrəm Həsənov ölkə mətbuatına açıqlamasında bildirib ki, insanları intihar həddinə çatdıran, hətta 70 yaşlı Sevil Əbdüləli qızı Vəliyevanı “nəvəni oğurlayarıq” deyə təhdid edən BOA nümayəndələri haqqında tədbir görülmür.
S.Vəliyevanın özü isə mətbuata bildirib: “Bizə zəng edib, pulu ödməyəcəyim halda qonşular arasında biabır edəcəklərini dedilər. Bütün qohumlarımıza bu borcla bağlı danışıblar. Deyirlər ki, qapıda stul qoyub oturacaqlar. Son dəfə hətta nəvəmi məktəbdən oğurlayacaqları ilə hədələdilər”.

Yaşlı qadının sözlərinə görə, o bu təzyiqlərə tab gətirməyib və iki dəfə intihara cəhd göstərib: “Biz ödəməkdən imtina etmirik, sadəcə ödəməyə pulumuz yoxdur. Nəvəm hətta özü Heydər Əliyev Fonduna məktub yazaraq, ailəmizə yardım etməyi xahiş edib. Uşaq məktubunda yazıb ki, anası xəlvətdə ağlayır və ona məktəb üçün ləvazimatlar ala bilmir. Bundan sonra bizə televizor göndərdilər və iş üçün Dövlət Neft Şirkətinə göndəriş verdilər. Amma təəssüf ki, orda da qızım Gülanı üçün iş tapılmadı”.
Məhkəmə olmamış, özünü icra şöbəsinin məmurlarından da artıq səlahiyyətlərə malik şəxslər kimi aparan, insanların evinə soxulub zorakılıqla təhdid edən BOA kollektorlarının barəsində hər hansı araşdırma aparılıbmı?
Təəssüf ki, indiyə qədər nə Baş Prokurorluqdan, nə DİN-dən bu istiqamətdə hər hansı açıqlama olmayıb.
Lakin tək-tük hallarda mətbuatda vətəndaşların şikayətləri yayılır… Vəssəlam. Halbuki, mətbuatda yayılan faktlar hüquq mühafizə orqanları üçün istintaq predmeti və cinayət işi başlamaq üçün səbəb sayıla bilər.

Xatırladaq ki, ötən ilin avqustunda Xəzər TV-də yayımlanan videosüjet sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb oldu. Həmin videomaterialdan sitat gətirir : “Paytaxt sakinlərindən biri bankların birindən kredit götürüb. Sonra da işsiz qaldığına görə borcu geri qaytara bilməyib. Belə olan halda isə bank əməkdaşları vətəndaşa hədə-qorxu gəlməyə başlayıblar.

Zərərçəkən iddia edir ki, bank əməkdaşları hətta ondan böyrəyini satıb pulu qaytarmasını da tələb ediblər. Müxtəlif yerlərdə fəhləlik etməklə gündəlik 5-10 manat qazancı olan Mübariz Bayramov banka olan borcuna görə az qala böyrəyindən olacaqdı.
Mübariz Bayramov iddia edir ki, hazırda problem yaşadığı bankdan dəfələrlə kredit götürüb və vaxtında qaytarıb. Sonuncu dəfə isə problemləri yarandığı üçün bank əməkdaşlarına borcu qaytarmaq üçün pulunun olmadığını deyib. Müştərinin iddiasına görə, ən sonda bank əməkdaşları ondan hətta orqanını satıb pulu qaytarmasını belə tələb ediblər. Zərərçəkənin sözlərinə görə, o, əməliyyat üçün bank əməkdaşının ona məsləhət gördüyü klinikaya getsə də, orda əməliyyat etməyiblər. Vəziyyətinin qəlizləşdiyini görən Mübariz Bayramov hüquq mühafizə orqanlarına müraciət edib.
Maraqlı məqam ondan ibarətdir ki, sözügedən bank müştərini məhkəməyə verməyib. Düzdür, bank əməkdaşlarının böyrəyi satmaqla bağlı təhdidləri bir neçə ay bundan əvvəl yaşanıb. Amma işlə bağlı araşdırmalar davam etdiyindən müştəri narahatdır ki, yenidən hədə-qorxular başlaya bilər.

Hüquqşünaslar bildirirlər ki, qanunvericiliyə görə, borcu qaytara bilmədiyinə görə müştəridən adi əşyanı satmasını belə tələb etmək qanunsuzdur. Müştəriyə hədə-qorxu gəlmək isə cinayət məsuliyyəti yaradır. Belə ki, 3000 manatdan yuxarı borcu hədə-qorxu gəlməklə tələb etməyə görə bank əməkdaşı 5 ildən 10 ilə qədər azadlıqdan məhrum edilə bilər. Qeyd edək ki, bir neçə gün öncə sözügedən bankın “Unibank” olmasını şikayətçi özü təsdiqləmişdi”.
LEGİON saytı araşdırma zamanı öyrəndi ki, sözügedən vətəndaş Mübariz Bayramovun problemi hələ 2016-cı ilin aprel ayında bəzi saytlar tərəfindən işıqlandırılmışdı. Mübariz Bayramov bildirmişdi ki, “Unibank”ın adından ona dəfələrlə zənglər və hədələr olub. Dəvət edib bir neçə saat da saxlayıblar. Cibində olanları da boşaldıb əlindən alıblar. Qohumlarına da zəng vurublar ki, gəlin Mübarizin pulunu ödəyin. Lakin görünən odur ki, Mübarizin “Unibank”ın işçisi hesab etdiyi şəxslər əslində “Baku Collecting Agency” (BOA)-nin işçiləri olub. Çünki bizə təqdim etdiyi sənədlərin içində həmin şirkətə ödədiyi 50 manat üzrə mədaxil qəbzinin surəti də var.

Başqa sözlə, sözügedən kollektor şirkəti “Unibank”a xidmət göstərərək onun problemli borclarının qaytarılması ilə məşğuldur. Mübarizi hədələyənlərdən biri ona böyrəyini satmağı təklif edib.
Mübariz də buna razı olub. Başlayıb xəstəxanaları gəzməyə ki, böyrəyimi alın. Təbii, yaxın buraxan olmayıb. Buna görə də təklifi verən kollektordan (və ya bank işçisindən – bunu hələ dəqiqləşdirmək lazımdır) telefonla xahiş edib ki, xəstəxananın yerini desin, gedib böyrəyini satsın. O da başlayıb onu yenə qorxutmağa ki, işin artıq məhkəmədədir (bu, yalandır!), axtarışdasan, səni tutacaqlar. Mübariz yenə xəstəxana barədə soruşanda kollektor cavab verib ki, sən tez gəl, mən səni yönləndirərəm ora.

Həmin söhbətin audio yazısını oxuculara təqdim edirik. LEGİON-a maraqlı gəldi, “Unibank” Mübariz Bayramovun kredit borcunu həqiqətən də kollektor şirkətinə satıbmı (və ya hansısa şəkildə bu borcu almağı həvalə edibmi)? Güman ki, belə bir proses baş verib. Lakin doğrudanmı, bu kollektor şirkətinin müştərilərlə münasibətdə kobud davranması “Unibank” rəhbərliyinin vecinə deyil? Axı, bu zaman həm də bankın imicinə xələl gəlir… LEGİON olaraq, məsələni aydınlaşdırmaq üçün “Unibank”a zəng etdik, ordan bizə ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs Sülhiyyə Şirinova ilə əlaqə saxlamağı tövsiyə etdilər. S.Şirinova ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz boşa çıxdı. Lakin üç iş günü ərzində sözügedən məsələ ilə bağlı “Unibank”ın münasibətini də LEGİON -da dərc etməyə hazırıq.

Cəmiyyətdə “Baku Collecting Agency” və ya “BOA Kollektor” kimi tanınan şirkət haqqında ölkə mətbuatında az yazılmayıb.“Baku Collecting Agency”nin təsisçilərindən biri də “Unibank”ın prezidenti Eldar Qəribovun poker yarışında 1 milyon dollar udan oğlu İlkin Qəriblidir. O, 3 il öncə Vergilər Nazirliyində qeydiyyatdan keçmiş və Azərbaycanın tarixində ilk borc agentliyi olan “Baku Collecting Agency” (BOA) MMC-ni yaradıb, lakin “Unibank”ın əsas təsisçisi Eldar Qəribovun oğlu ilə bağlı xəbərin digər maraqlı tərəfi onun ortağı ilə əlaqəlidir. Belə ki, ölkədə fəaliyyət göstərən yeganə kollektor şirkəti olan BOA agentliyinin digər həmtəsisçisi ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu Rüstəm Hacıyevdir.
2015-ci il martın 11-də Samir İsmayılov kavkaznews.az saytına müraciət edib: “ Mənim hələ adını çəkmək istəmədiyim müştərimə “Baku Collecting Agency”nin Ramin adlı əməkdaşı zəng vuraraq bildirib ki, guya mənim müştərimin “Unibank”a böyük miqdarda borcu var. Mənim müştərim isə bildirib ki, mənim həmin banka heç bir borcum yoxdur”. Samir İsmayılovun müraciətindən sonra, biz “Baku Collecting Agency”nin əməkdaşı Raminlə əlaqə saxlayaraq, hansı əsasla “Unibank”a olan borcları tələb elədiyini soruşduq. O, bildirdi ki, “biz Ədliyyə Nazirliyinin əmri ilə ölkədaxili borcları yığmaqla məşğuluq”.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Aydın Ağazadə isə bizə bildirdi ki: “Bu, Ədliyyə Nazirliyinə böhtandır. Biz “Baku Collecting Agency”yə borclarla bağlı belə bir tapşırıq verməmişik”.
LEGİON olaraq qeyd edək ki, bu məlumatın yayılmasından bir il yarım vaxt keçib. Bu müddət ərzində Ədliyyə Nazirliyinin sözügedən kollektor agentliyinə qarşı hər hansı addım atıb-atmaması ictimaiyyətə məlum deyil. Əlbəttə, dövlət qurumu adından sui-istifadə edən bir şirkət sərt cəzalandırıla, hətta məhkəmə qaydasında bu şirkətin fəaliyyətinə qadağa da qoyula bilərdi. Lakin bu barədə bir məlumat yoxdur. Sözügedən agentlik hələ də fəaliyyətini davam etdirir və sadə vətəndaşları qorxutmağa davam edir. Yazı sayta gedərkən,öyrəndik ki, ötən il hüquqşünas Samir İsmayılovun müdafiə etdiyi, “Bakı Collecting Agency” tərəfindən təhdidlərə məruz qalan M.Tağıyev məsələ ilə bağlı 2015-ci ilin martında Respublikanın baş prokuroru Zakir Qaralova və DİN başçısı Ramil Usubova müraciət etmişdi. M.Tağıyevin bildirdiyinə görə, müraciət Yasamal rayon prokuror köməkçisi Nigar Talıblı tərəfindən araşdırılmış, lakin kollektor agentliyinin əməkdaşlarına qarşı tədbir görülməmişdi.

Hətta vətəndaş qeyd edib ki, Ramin adlı kollektorun Ədliyyə Nazirliyi adından sui-istifadə etməsini isbatlayan səs yazısını hüquq mühafizə orqanlarına təqdim etdiyi halda, onlar kollektorların təhdidlərinə və dövlət qurumları adından istifadə etməsinə faktiki olaraq haqq qazandırıblar. M.Tağıyev həmin borcunun təhdidlərdən hələ 3 il əvvəl, 2012-ci ildə bağlandığını da əlavə edib. “Unibank”ın nümayəndəsi Yevgeni Sultanov təmsil etdiyi bankın hər hansı kollektor agentliyinin xidmətindən istifadə etmədiyini deyirsə, bəs bu agentlik vətəndaşların “Unibank”a borcları barədə məlumatları kimdən alır?

Bütün borc məsələləri bir yana, mətbuatda dəfələrlə Ədliyyə Nazirliyinin adından istifadə edilməsi faktı tirajlanmasına baxmayaraq, nazirliyin bu faktlara sükutla yanaşması nədən xəbər verir?
Olmaya, Ədliyyə Nazirliyində kimlərsə BOA-nı himayə edir?
Araşdırmamız davam edir.

legion

Şərhlər

XƏBƏR LENTİ