SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Bakıda qızılın qiyməti ucuzlaşıb: bu, nə qədər davam edəcək...

Bakıda qızılın qiyməti ucuzlaşıb: bu, nə qədər davam edəcək...

Tarix:

20-04-2017, 11:08

/ 60 668 dəfə oxundu.
Bakıda qızılın qiyməti ucuzlaşıb: bu, nə qədər davam edəcək...

Əgər ötən aylarda 583-585 əyarlı qızılın qramı təxminən 75-80 manata satılırdısa, hazırda bu rəqəm 65-75 manat arasında dəyişir
Dünya bazarında qızılın ucuzlaşması, eyni zamanda son günlər manatın məzənnəsində baş verən sabitləşmə Bakıda qızıl mağazalarındakı qiymətlərə də təsir edib.
Belə ki, ilin əvvəli ilə müqayisədə qızılın qiymətində müəyyən qədər ucuzlaşma var. İqtisadçılar hesab edirlər ki, bu ucuzlaşma hələ bir müddət də davam edə bilər.
Əməkdaşımız Bakıda yerləşən qızıl mağazalarında hazırkı qiymətlər və mövcud durumla tanış olub.
Öyrəndik ki, hazırda Bakıda yerləşən qızıl mağazalarında ötən ilin son ayları ilə müqayisədə qiymətlər təxminən hər qramına görə 5 dollar ucuzlaşıb. Satıcılar qiymətlərin manatın məzənnəsi ilə birbaşa əlaqəli olduğunu bildirdilər. Onların sözlərinə görə, malı xaricdən dollarla alıb manatla satdıqları üçün mövcud məzənnə qiymətlərə əsaslı təsir edir. Bazarda qiymətin ucuzlaşması alıcılıq qabiliyyətini də bir qədər artırıb.
Mərkəzi Univermaqda (MUM) yerləşən qızıl mağazalarında olduğumuz zaman müşahidə etdik ki, xeyli sayda insan qızılla maraqlanır. Satıcılar da təsdiqlədilər ki, toy mövsümü olduğu üçün qızıl almağa maraq göstərənlərin sayında artım var.
Lakin onu da qeyd edək ki, qızılın qiyməti manatın ikinci devalvasiyasından sonra iki dəfə bahalaşıb. Belə ki, əgər ikinci devalvasiyadan sonra 750 əyarlıq qızılın bir qramının qiyməti 40-45 manat idisə, hazırda bu 70-80 manat təşkil edir.
Söhbət etdiyimiz satıcı İlkin Həsənov bildirdi ki, 585 və 750 əyarlıq qızılın qramında ucuzlaşma var: “Əgər ötən aylarda 583-585 əyyarlı qızılın qramı təxminən 75-80 manata satılırdısa, hazırda bu, 65-75 manat arasında dəyişir. 750 əyyar isə modelindən asılı olaraq 85-90 manat arasında qiymətlə satılırdısa, hazırda bu da 5 dollar ucuzlaşıb. Komplektlərə gəlincə isə qiymətlər müxtəlifdir. Belə ki, 5 mindən-15 minə qədər komplekt tapmaq olar. Qızılın qiymətində ucuzlaşma hesab edirəm ki, hələ bir müddət davam edəcək. Manatın məzənnəsi sabit qaldıqca, biz də mala konkret qiymət qoya bilirik. Daha öncə isə mala qiymət qoyanda bilmirdik ki, mayanı çıxara biləcəyik, yoxsa yox”.
Satıcı onu da qeyd etdi ki, qızılın qiymətinin bahalaşması insanların sarı qızıl almağa üstünlük verməsinə səbəb olub.
İqtisadçı Natiq Cəfərli bildirib ki, dünya bazarında qızılın qiymətində son zamanlar oynaqlıq müşahidə olunur: “Bu, bir neçə faktorla bağlıdır. İngiltərədə növbədənkənar seçkilərlə bağlı açıqlamadan sonra qızılın qiymətində bir qədər düşmə oldu. Əslində qızıl güvənli ”liman" kimi dünya birjalarının çalxalanması dönəmində investorların ən çox müraciət etdikləri yatırım vasitəsidir. Bundan başqa, Federal Ehtiyatlar Sistemi (FES) tərəfindən son zamanlar verilən açıqlamalar onu göstərir ki, faiz artımı bu il ərzində daha yumşaq şəkildə həyata keçirilə bilər. Üçüncü bir hal isə odur ki, Trampın seçkilərdən sonra bəzi məsələlərdə iqtisadi canlanma ilə bağlı vədləri var idi. Hələ ki bu canlanma müşahidə olunmur. Bu da qızılın qiymətlərinə təsir göstərir. O baxımdan deyə bilərik ki, qızılın qiymətində baş verən dəyişikliklər dünyadan gedən proseslərin nəticəsidir. Əgər doğrudan da FES nəzərdə tutduğu kimi bu il ərzində azı iki dəfə faiz artıracaqsa, bu, qızılın qiymətinə mənfi təsir göstərəcək. Yaxud da ABŞ-da doğrudan da iqtisadi canlanma baş verəcəksə, o zaman investorların bir qismi qızıldan imtina edib, qiymətli kağızlara və real sektora yönələ bilər. Bu da qızılın qiymətinin enməsinə səbəb olar. Lakin siyasi vəziyyətdən asılı olaraq, Yaxın Şərqdə, yaxud da Koreyada hər hansı qarşıdurmaların şahidi olsaq, o zaman qızılın qiyməti yenidən artacaq".
Onu da qeyd edək ki, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 5,10 dollar azalaraq 1 289,00 dollara, gümüş isə 0,03 dollar azalaraq 18,24 dollara satılıb.
"YM"

Şərhlər

XƏBƏR LENTİ