SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Nisyə dəftərləri qayıtdı: Bayramdan sonrakı “bayram”

Nisyə dəftərləri qayıtdı: Bayramdan sonrakı “bayram”

Tarix:

29-03-2017, 11:59

/ 6 320 dəfə oxundu.
Nisyə dəftərləri qayıtdı: Bayramdan sonrakı “bayram”

9 günlük bayram tətili arxada qaldı. Ölkədə bayram əhval-ruhiyyəsi o qədər hiss edilməsə də, ümumilikdə paytaxta gələn turistlər, mağazaların müştəri toplamaq üçün keçridiyi astarı üzündən baha müxtəlif kampaniyaları və bahalaşma xəbərləri bayramı xatırlatmağa kifayət etdi.

Hər bayramda olduğu kimi bu dəfə də qiymətlərin bir daha enməmək şərtilə qalxması gözlənilən idi və gözləntilər doğruldu. Onsuz da ağır olan iqtisadi vəziyyətə bir də bayram bahalaması əlavə edildikcə borclar üst-üstə qalandı. Artıq az qala hər evdə bayram bazarlığının kasadlığı, süfrələrin kasıblaşması, qonaq qəbulunda yaranacaq çətinliklərlə bağlı gileylər eşidildi. Qapılara atılan papaqlar ya boş qaldı, ya da içinə nisbətən daha ucuz olan nemətlər qoyuldu. Uşaqlar da bu bayramda elə böyüklər qədər böhranın ağırlığını hiss etdilər.

Bakıda bayramı xatırladan turistlər

Papaqlardakı “pul qoyun” yazılmış kağızlar da ev sahiblərini ürəyini yumşaltmağa, cibinin ağzını açmağa vadar edə bilmədi. Olmayandan nə bayram payı? Bu bayram ölkəmizdə heç zaman olmamış kimi təmtəraqdan uzaq keçdi. Yaxşı ki, şəhərdə bayram əhval-ruhiyyəsində olan, üzügülər və xoşbəxt görünən turistlər vardı. Onların ölkəmiz haqqında bir neçə günlük də olsa, xoş təəssüratı bizi də azacıq sevindirdi, ölkəmizə bir də onların gözü ilə baxıb daha çox sevməyə həvəsləndirdi. Bu günlərdə bayramı biz turistlərdən öyrəndik. Bizim ölkəmizdə bizim bayramı bizdən daha sevinclə yaşadıqları üçün...

Bayram bitdi, problem başladı

Bayram bitdi, problemləri isə hələ yeni başlayır. Ayın sonudur, hər kəsin ailə büdcəsinn böyük bir hissəsi bayrama xərclənib. 4 nəfərlik orta statistik Azərbaycan ailəsinə Novruzda açılan bayram süfrəsi azı 200 manata başa gəlib. Ancaq məsələ təkcə bayram süfrəsi ilə yekunlaşmır. Uşaqların yaz tətili olduğuna görə onların da əyləncəsini, istirahətini təmin etmək lazımdır və aylıq büdcənin müəyyən hissəsi də buna xərclənir. Uşaq əyləncə mərkəzlərində, parklarda qiymətlərin “kəllə çarxda” olduğunu nəzərə alsaq, valideynlərin çətinliyini anlamaq mümkündür. Kiçik bir müşahidə göstərir ki, Dənizkənarı Milli Parkda uşaqların bir neçə saatlıq əyləncəsi üçün azı 50 manat xərcləmək lazımdır. Əks təqdirdə uşaqları evə razı və sevincli qaytarmaq mümkün olmaz.

“Bir əlində qızıl, bir əlində siyahı lombarda gəlib”

İndilik görünən odur ki, Azərbaycan ailəsi bayramdan borcla çıxıb. Bu dəfə borclar banklara deyil, lombardlara və mağazalaradır. Nə qədər qəribə olsa da, artıq banklardan kredit götürməkdən gözü qorxan həmvətənlərimiz lombardlara üz tutur. Bakıdakı lombardlardan birinin əməkdaşı Sevda Ağarzayevanın sözlərinə görə bayram ərəfəsində kiçik miqdarda kredit üçün müraciətlər artıb:

“Bir üzüyünü və ya boyunbağısını gətirib az miqdarda kredit istəyənlər çoxalıb. Məsələn, əgər malın dəyəri 400 manatdırsa, 200 manat istəyirdilər. Özləri də deyirdi ki, bayramı yola vermək üçün pul lazımdır. Əlavə pul götürüb ödəməkdə problem də yaşamaq istəmirdilər. Təkcə öz lombardımızdan deyə bilərəm ki, gündə azı 10 nəfər beə az miqdar üçün müraciət edirdi. Lombard krediti ən zəruri ehtiyaclar üçün alınmalıdır, yəni bu, yemək krediti deyil. Lombarddan pul götürüb ərzaq üçün xərcləməzlər. Amma bu dəfə bayram ərəfəsində gələnlər sırf bu məqsədlə kredit götürürdülər və özləri açıq etiraf edirdilər. Hətta kişilər bayram bazarlığı üçün bir əllərində siyahı, bir əllərində qızıl gəlirdilər. İlk dəfə idi ki, Novruz bayramında belə vəziyyət gördüm. Heç yeni ildə belə olmamışdı”.

“11 min manat nisyəmiz var”

Mağazalarda da nsiyə dəftərləri “qabarıb”. Xüsusilə, qəssablar alıcılıq qabiliyyətinin aşağı düşməsindən şikayətçidir. Səbəb bəllidir, ətin qiymətindəki artım. Bayramda ət müxtəlif ərazilərdə müxtəlif qiymətlərlə satılıb. Ancaq Bakıda əsas qiymət 12-14 manat olub. Qəssablar axır çərşənbə də daxil olmaqla bayram günlərində ət satışında canlanma olduğunu deyir, ancaq nisyələr də bu canlanmaya adekvat olub. “11 min manat nisyəmiz var. Bu bayramdan sonra heç kəsə nisyə mal verməmək qərarına gəlmişik. Amma desək də məcbur qalıb verəcəyik. Axır çərşənbədə heyvan kəsmişdik. 11 manatdan satdıq, çünki rayondan öz qohumumuzdan almışdıq, bayramdır, istədik ki, hamı ət ala bilsin. Amma onda da çoxu nisyə aldı.

Dedilər ki, ayın sonu deyil, maaşlar verilməyib, alanda ödəyəcəklər. Amma biz bu sözləri çox eşitmişik. İndi 11 min manat alacağımız var. Bir aya bu pulu toplaya bilməsək, dükanı bağlamalı olacağıq. 11 manatdan da 7 mini mal sahiblərinin puludur. Onları da pis vəziyyətə qoymuşuq. Amma indi hamı belə işləyir, mağazalar hamısı nisyə ilə baş dolandırır” deyə qəssab Bəhram dayı deyir.

7 il əvvəl qayıtdığı ölkədən yeni köç

Bəhram kişi vəziyyətdən çıxış yolunu tapa bilməsə də, oğlu tapıb: “Nə vaxta qədər belə olacaq? Oğlum deyir ki, işləmək üün Rusyaya gedəcək. 7 il əvvəl gəlmişdi, dedik ki, daha öz ölkəmizdə yaşasın, pulunu da burda qazansın. Evləndirdik, indi 2 uşağı var. Bir az pul da gətirmişdi, bu dükanı açmaq üçün bankdan aldığımız krediti ödədik. İndi qayıtmaq istəyir. Uşağı bu il məktəbə gedəcək. Onları burda qoyub özü gedir. Onun da ailəsinə baxmalıyam. Gedib özünə iş tapıb tam yerləşənə qədər çətin olacaq, aylar laızmdır. Evlənməli 2 oğlum var, onları da ev-eşik etmək lazımdır. Burda işləməklə mümkün deyil. Ona görə də Rostovdan işindən ayırıb gətirdiyim oğlum yenidən qayıdır. Özü də sıfırdan başlayacaq, aradan 7 il keçib”.

Nisyə dəftərləri qayıtdı

Məhəllə mazağlarında da vəziyyət xoşagələn deyil. Nisyə dəftərləri yendiən piştaxtalara qayıdıb. Ötən yaydan etibarən vəziyyətin getdikcə daha da ağırlaşması ilk növbədə bu kiçik iş yeri sahiblərinə təsir göstərib. Böyük marketlərlə müqayisədə uduzan və müştərilərini itirən məhəllə dükanları köhnə müştəriləri geri qaytarmağa başlayıblar. Ancaq geri qayıdan müştərinin özüdür, pulsuz və nisyəyə meyilli...

Mağazalar isə nisyələrin artmasına rəğmən onsuz işləməyin indiki zamanda mümkün olmadığını bildirir. “Nisyə vermədən müştərini saxlamaq mümkün deyil. Marketlər kampaniya edirlər, çünki firmalardan malı elə götürürlər.

Biz kampaniya edə bilmirik. Çünki satışımız onsuz da azdır. Nisyə də verməsək, mağazanı başlamalıyıq. Pensiya alanlarla ciddi problem olmur, onlar borclarına daha ciddi yanaşırlar. Amma cavan ailələr var ki, hər şeyə pul tapır, mağazaya yox”,- deyə kiçik məhəllə dükanının sahibi Əli Kazımov deyir. Onun sözlərinə görə dükan icarə olmadığına görə ailəsini dolandıra bilir:
“Əgər dükana icarə haqqı verməli olsaydım, çətin ki saxlaya bilərdim. İcarələr azalsa da, mağazadakı alver onu verməyə, kommunal xərcləri ödəməyə, işçi saxlamağa çatmır. Çünki alver neçə qat azalıb”

Əhali “pul yoxdur”, Komitə “gəlirlər artıb” deyir

Əhali maddi vəziyyətin azlığından, gəlirin yoxluğundan şikayətlənsə də, rəsmi rəqəmlər bunun əksini deyir. 2017-ci ilin yanvarında Azərbaycanda əhalinin nominal gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 4,6 faiz artaraq 3,48 milyarda çatıb. Bu, Azərbaycan Dövlət Statistika Komitəsinin 2017-ci ilin yanvar ayının yekunları ilə bağlı hesabatında qeyd olunub. Hesabata görə, qeyd olunan dövrdə əhalinin adambaşına düşən gəliri 3,4 faiz artaraq 358,6 manat təşkil edib. Bundan başqa Dövlət Komitəsinin məlumatına görə əhalinin sərəncamında qalan gəlirlər ötən ilin yanvar ayı ilə müqayisədə 4,5 faiz artaraq 3,14 milyard manat təşkil edib.
Müqayisə üçün bildirək ki, 2016-cı ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 faiz artaraq 28,97 milyard manata çatmışdı.

Dövlət Statistika Komtəsinin hesabatında deyilirdi ki, əhalinin gəlirlərinin 78,2 faizi istehlak məqsədlərinə, 9,3 faizi vergiyə, sığortaya, 2,6 faizi kreditlər üzrə borca ayrılıb, 9 faizi isə kənarda yığılıb.

Şərhlər

XƏBƏR LENTİ