SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Şərab bazarı uğrunda böyük savaş: Azərbaycana şans yaranır - GƏLİŞMƏ

Şərab bazarı uğrunda böyük savaş: Azərbaycana şans yaranır - GƏLİŞMƏ

Tarix:

12-07-2019, 09:56

/ 884 dəfə oxundu.
Şərab bazarı uğrunda böyük savaş: Azərbaycana şans yaranır - GƏLİŞMƏ

Rusiya Dövlət Duması Şurasının iclasında Gürcüstan şərab və sularının ölkəyə idxalına qadağa qoyulması məsələsi müzakirə edilib.

Duma hökumətə Gürcüstana qarşı sanksiyaların tətbiq edilməsinin məqsədəuyğunluğuna baxılmasını və müvafiq təklifin Prezidentə təqdim edilməsini tövsiyə edib.
Dövlət Dumasının bununla bağlı qəbul etdiyi bəyanatda Gürcüstana tətbiq ediləcək iqtisadi sanksiyaların şərab və qazlı suların idxalına, maliyyə və xarici iqtisadiyyat əməliyyatlarına, turizm fəaliyyətinə və gömrük rüsumlarına aid ola biləcəyi bildirilib.

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin isə deyib ki, Rusiyaya hörmətli münasibət naminə şərabdan vaz keçmək olar: “Gürcü şərabını dadmaq imkanım olanda, imtina etmirəm. Lakin, mən, mənim yaxınlarım gürcü şərabı və suları olmadan da keçinə bilərik. Bizim möhtəşəm Rusiya şərablarımız var, sizə tövsiyə edirəm”.

Xatırladaq ki, Dumada məsələ “Vahid Rusiya” fraksiyası tərəfindən qaldırılıb. Prezident Vladimir Putinin bu məsələdə mövqeyinin üst-üstə düşəcəyi təqdirdə, Gürcüstanı ciddi sanksiyalar gözləyə bilər. Qeyd edək ki, bir qədər əvvəl isə Rusiyada ticarət şəbəkələrindən Gürcüstan şərabının piştaxtalardakı payı haqqında məlumat toplanılmasına başlanıldığı haqda xəbərlər mətbuatda yer almışdı. Hazırda gürcü şərabı Rusiya idxalının 17%-ni təşkil edir. Ümumiyyətlə, ötən il Gürcüstanda ixracın səviyyəsi son 30 ildə rekord səviyyəyə çatıb. Dünyanın 53 ölkəsinə 86,2 milyon şüşə şərab ixrac edilib. İxrac edilən şərabın dəyəri 203 milyon dollar olub və bu, 2017-ci ildəki göstəricidən 20% çox olub. Gürcü şərabının ən böyük bazarı Rusiyadır. Sonrakı yerlərdə Ukrayna, Çin, Qazaxıstan, Polşa, Latviya, Belarus, Estoniya, Litva və Almaniya dayanır. Ötən il Azərbaycana da ixrac edilən gürcü şərabının həcmi 40% artıb.

Ekspertlər ehtimal edirlər ki, məhdudiyyət qoyularsa, bu qanunsuz idxalın artması və Gürcüstan şərab müəssisələrinin bir qisminin bağlanması ilə nəticələnə bilər.

Bəs, Gürcüstandan idxalın qadağan olunması Rusiya bazarında Azərbaycan məhsullarına yol aça bilərmi?

İqtisadçı ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında öncə Rusiyanın Gürcüstana tətbiq etdiyi sanksiyanın siyasi məsələ olduğunu xatırladıb: “Azərbaycan Rusiyaya müəyyən şərab məhsulları ixrac edir. Gürcüstanın bazardan çıxarılan payı uğrunda mübarizəyə şübhəsiz ki, digər ölkələr də qoşulacaq. Amma gürcü şərabının brendi var. Bu brend Rusiya bazarında özünə alıcı tapıb. Gürcü şərabı seqmentinin Azərbaycan və ya digər ölkələr tərəfindən doldurulması bir qədər mücərrəd məsələdir. Gürcü şərabının Rusiyaya ixracı o qədər də böyük həcmdə deyil. Düşünürəm ki, gürcü şərabının başqa yollarla Rusiyaya ayaq açması prosesi baş verəcək”.

İqtisadçı bildirir ki, bu prosesin Ermənistan tərəfindən həyata keçirilməsi ehtimalı daha böyükdür: “Əvvəl də Rusiya ilə Gürcüstan arasında bir neçə günlük müharibə baş verən zaman şərabın idxalı qadağan edilmişdi. Lakin erməni sahibkarlar “erməni brendi” adı altında bu şərabın ixracına başladılar. Azərbaycan sahibkarları bazarın o seqmentinə təsir edə bilmədilər, yəni həmin seqmenti doldurmaq üçün hər hansı məhsul təqdim edə bilmədilər. Hesab edirəm ki, indi də şərait dəyişməyəcək. Burada yalnız ermənilərin istifadə etdiyi üsuldan istifadə etməklə uğur qazanmaq mümkündür. Gürcü şərabını “Azərbaycan şərabı” adı altında təqdim etməklə həmin seqmentin bir hissəsini ələ keçirmək mümkündür”.

Bəs, ümumiyyətlə Azərbaycan şərabının ixrac potensialı nə qədərdir?

Ekspert bu sahədə ölkəmizin böyük potensiala malik olduğunu bildirir: “Sovet dönəmində bizim böyük üzüm plantasiyalarımız, onlarla şərab zavodumuz var idi. Lakin, o infrasturuktur məhv edildi. İndi həmin təsərrüfatın yenidən qurulması üçün geniş investitsiyaların qoyuluşuna ehtiyac var. Potensial var, amma bunu realaşdırmaq üçün çoxlu işlər görmək lazımdır”.

Şərhlər

XƏBƏR LENTİ