SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Xarici investorları Azərbaycandan qaçıranlar kimlərdir? - məhkəmə sistemi, məmur oliqarxiyası...

Xarici investorları Azərbaycandan qaçıranlar kimlərdir? - məhkəmə sistemi, məmur oliqarxiyası...

Tarix:

3-05-2019, 09:19

/ 946 dəfə oxundu.
Xarici investorları Azərbaycandan qaçıranlar kimlərdir? - məhkəmə sistemi, məmur oliqarxiyası...

“Bəzi hallarda hansısa yerli və ya xarici şirkət investisiya qoymaq istəyəndə onun qarşısında süni, bürokratik və digər əngəllər yaradılır. Bu, tamamilə qəbuledilməzdir, buna yol vermək olmaz”.

Bu fikri prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirəsində səsləndirib.

Xarici investorların Azərbaycana vəsait yatırmasına mane olan kimlərdir, hansı strukturlardır? Mövcud vəziyyəti aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?

İqtisadçı-ekspert Natiq Cəfərlinin “Yeni Müsavat”a dediyinə görə, xarici investorlara bürokratik və digər əngəllər yaradan dövlət strukturlarının rəhbərlərinin bir çoxu həmin müşavirədə iştirak edib: “Çünki dövlət qurumlarının dəstəyi olmadan heç bir oliqarx, biznes qurumu xarici investora maneə yarada bilməz. Burada söhbət dövlət qurumlarının qeyri-peşəkar yanaşmasından, yaxud yaratdıqları maneələrdən gedir. Əslində xarici investor hər hansı bir ölkəyə getməzdən əvvəl bir neçə məsələni öyrənir. Ən çox bilmək istədikləri məsələlər bazardakı oyunçuların kimlər olması, fəaliyyətlərinə hansı maneələrin yaradıla bilməsi ehtimalıdır. Bizdə də çox təəssüf ki, bazarın böyük bir hissəsi inhisarlaşıb. Söhbət ondan gedir ki, bazar böyük əksəriyyəti iri məmurlara bağlı olan bir neçə şirkət arasında bölüşdürülüb. Bu da onu deməyə əsas verir ki, məmur biznesdən ayrılmasa, onu biznesdən qoparmasalar xarici investorlara yaradılan maneələri aradan qaldırmaq mümkün olmayacaq”.

Ekspertin fikrincə, xarici sərmayədarları Azərbaycandan qaçıran ikinci səbəb məhkəmə hakimiyyətidir: “Nəinki Azərbaycana, mülkiyyət hüququnun qorunmadığı heç bir ölkəyə xarici investor gəlməz. Yəni investor hər hansı problemini azad və ədalətli məhkəmə vasitəsilə həll edə biləcəyinə əmin olmalıdır ki, pulunu gətirib bura yatırmağa etibar etsin. Bu, investorlar üçün ən mühüm şərtdir. Mümkündür ki, yeni başladılan məhkəmə-hüquq islahatları çərçivəsində bu sahədə hansısa dəyişikliklər olsun. İnvestorları Azərbaycandan çəkindirən üçüncü məsələ dövlət layihələrində iştirak imkanının yaradılmamasıdır. Neçə illərdir Azərbaycanda dövlət sifarişi ilə böyük həcmli layihələr həyata keçirilir. Xarici şirkətlər böyük həvəslə bu layihələrdə iştirak etmək istəyirlər. Lakin dövlət satınalmaları sahəsindəki qeyri-şəffaflıq buna imkan vermir. Bütün bunlar o deməkdir ki, yalnız iqtisadi addımlarla investorları ölkəyə cəlb etmək mümkün deyil. Bütövlükdə idarəetmənin fəlsəfəsi dəyişməli, investorları cəlb edəcək vergi və gömrük rejimi yaradılmalıdır”.

İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, xarici investorların Azərbaycana gəlişi sahəsində çox böyük problemlər mövcuddur: “Bu problemlərin olduğunu isbat etmək elə də çətin deyil. Çünki ”Doing Business" hesabatında dünya üzrə 25-ci yerdə olan ölkəyə xarici investisiyaların gəlməməsi faktının özü kifayətdir ki, böyük problemlərin olduğunu görəsən. Məsələ ondan ibarətdir ki, Azərbaycanda son 25 ildə xüsusi iqtisadi modelin formalaşdırılması istiqamətində daha çox cəhdlər həyata keçirilir - bu gün bazarda mövcud olan və əksəriyyəti məmur-oliqarxlardan ibarət böyük oyunçular tərəfindən. Bu model heç də xüsusi üstün tərəfləri ilə fərqlənən və dünyada özünə yer tapmaq istəyən iqtisadi yanaşma deyil. Bu model milli rejim adı altında müəyyən qrupların maraqlarını qorumaq və iqtisadiyyatı mümkün qədər qapalı saxlamaq yolu ilə hansısa formada mövcud avantajlardan yararlanmaqdır. Məsələ nədir: azərbaycanlı oliqarx-biznesmen sərbəst rəqabət şərtləri daxilində fəaliyyət göstərmək, biznesini inkişaf etdirmək bacarığına malik olmadığını yaxşı bilir. Çünki rəqabətli bazar şərtləri innovasiyalar, müasir yanaşma, eyni zamanda ciddi təhlil qabiliyyəti, bacarıqlar tələb edir. Buna görə də faktiki rəqabətin olmadığı, hər hansı formada hüquqi və qeyri-hüquqi baryerlərlə oyunçuların bazara girməsinin qarşısı alındığı şəraitdə işləmək onlar üçün daha asandır. Bu üzdən də həmin maraq qrupları Azərbaycanda həyata keçirilən və ən yüksək səviyyədə dəstəklənən islahatları belə sabotaj edərək, şərtlərin dəyişilməsinə imkan vermirlər. Son 3-4 ildə iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı modelin yaradılması ilə bağlı kifayət qədər geniş spektrli islahat aktları həyata keçirilib. Amma bunun nəticəsi görünmür: nə iqtisadi artım tempində, nə xarici investisiyaların cəlbində. Bu isə çox ciddi fundamental problemin olduğunu göstərən başlıca amildir".

R.Həsənov da mülkiyyət hüququnun qorunması sahəsindəki kəskin problemləri xarici investisiyaların cəlbinə mane olan başlıca amillərdən biri hesab edir: “İdarəetmə problemləri ilə yanaşı, hüquqların müdafiəsi sahəsindəki problemlər də bu məsələdə mühüm rol oynayır. Məhkəmə sisteminin liberallaşması xarici investorlar üçün ən mühüm məsələlərdən biridir. İnvestor anlamalı, əmin olmalıdır ki, istənilən qeyri-qanuni yanaşmada öz hüquqlarını məhkəmədə rahatlıqla bərpa edə biləcək. Digər tərəfdən, iqtisadiyyat açıq olmalıdır. Azərbaycan 22 ildir Ümumdünya Ticarət Təşkilatına üzv olmur, Avropa Birliyi ilə əməkdaşlıq sazişi yubanır və sair. Azərbaycan hökuməti mümkün qədər iqtisadi bloklardan kənar qaçır ki, bu ölkəni qapalı iqtisadiyyata çevirir. Bu baxımdan iqtisadiyyat mümkün qədər liberallaşdırılarsa, məhkəmə sistemi tənzimlənərsə, eyni zamanda məmurlar biznesdən ayrılarsa, qərar qəbuletmə ilə biznes arasında konkret sədlər müəyyənləşərsə, artıq biz mərhələli şəkildə xarici investorların Azərbaycan bazarına gəldiyini görəcəyik”.

Şərhlər

XƏBƏR LENTİ