SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Elman Rüstəmovun manat arxayınlığı

Elman Rüstəmovun manat arxayınlığı

Tarix:

30-04-2019, 10:25

/ 860 dəfə oxundu.
Elman Rüstəmovun manat arxayınlığı

Hazırda Azərbaycanda manatın məzənnəsinə hansısa təzyiqlər mövcud deyil. Bu barədə jurnalistlərə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Baş bankirin fikrincə, manatın məzənnəsinin dəyişməsinə gətirəcək şərtlər yoxdur.

Mərkəzi Bank rəhbərinin milli valyutanın məzənnəsi ilə bağlı arxayınlığı nədən qaynaqlanır? Manatın hazırkı mövqeyini nə qədər sabit hesab etmək olar? Sualları cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərov hesab edir ki, baş bankir daha çox manatın yaxınmüddətli dövrdəki məzənnəsindən rahat ola bilər: “Elman Rüstəmov qarşıdakı 2-3 illik dövr üçün manatın məzənnəsi barədə elə danışsaydı, bunu arxayınlıq kimi qiymətləndirmək olardı. Baş bankir yalnız bu il üçün məzənnəyə heç bir təhlükənin olmadığını qeyd edib ki, bunun üçün də real əsaslar mövcuddur. Makroqitisadi vəziyyətdən xəbərdar olan bir şəxs kimi E.Rüstəmov bilir ki, artıq dörd ayı arxada qalmış bu ilin sonunadək milli valyutanı dəyərsizləşdirəcək amillər gözlənilmir. Buna əsas verən birinci amil neftin dünya bazar qiyməti və həmin qiymətə uyğun olaraq ölkəyə daxil olan valyutanın həcmidir. Bundan başqa, ölkənin ticarət və tədiyə balansında da vəziyyət qənaətbəxşdir. Yəni ölkəyə daxil olan xarici valyuta ilə ölkədən çıxan valyuta arasında fərq birincinin xeyrinədir. Bu balans 2014-2016-cı illərdə ölkədən çıxan valyutanın xeyrinə pozulmuşdu, 2017-ci ilin ortalarından etibarən düzəlməyə başladı”.

Qeyd edək ki, bu il Azərbaycana xaricdən mal idxalında kəskin artım baş verib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən 2019-cu ilin 3 ayı üzrə xaricdən məhsul idxalı 3.135 milyard dollara çatıb ki, bu da 2018-ci eyni dövrünə nisbətən 944 milyon dollar (43 faiz) artım deməkdir.

İdxalın belə artması inflyasiyanı gücləndirməklə manatın məzənnəsinə təzyiqi artıra bilərmi? P.Heydərovun fikrincə, idxalın strukturu belə bir təhlükənin real olmadığını göstərir: “İdxalın strukturunda gündəlik tələbat mallarının payında kəskin artım hiss olunmur. Düzdür, ümumilikdə idxalın artması müsbət hal deyil. Amma bizdə idxalın bu artımı daha çox iqtisadiyyatın inkişafı ilə bağlıdır. Son 2 ildə yaranmış makroiqtisadi sabitlik iqtisadiyyatda müəyyən canlanmaya səbəb olub. Nəticədə idxalda artım baş verib. Bu artım daxili bazarda xarici valyutaya olan tələbatı da kəskin artırıb. Amma hesab edirəm ki, bu ilin ikinci yarısından etibarən idxaldakı artım tempinin zəifləməsini müşahidə edəcəyik”.

İqtisadçı-ekspertin fikrincə, Azərbaycan manatının məzənnəsinə yeganə real təhlükə neftin qiymətidir: “Bu qiymət 50 dollardan aşağı düşərsə, valyuta bazarında gərginlik yaranar, 40 dollardan aşağı düşərsə, istər-istəməz milli valyutanın məzənnəsini sərbəst buraxmaq zərurəti yaranar. Çünki bu halda Mərkəzi Bankın məzənnəni saxlamaq üçün imkanları yoxdur - ən yaxşı halda buna 2 ay nail olmaq mümkündür. Neftin dünya bazar qiymətinin isə ilin sonunadək 60-70 dollar aralığında dəyişəcəyi gözlənilir. Bu gün dünya neft bazarında əsas söz sahibi ABŞ və Səudiyyə Ərəbistanıdır. Onların arasında hərbi-siyasi əməkdaşlıq olsa da, Ər-Riyad heç bir halda neftin qiymətinin 50 dollardan aşağı düşməsinə imkan verməz. Çünki bu, onun özünün iqtisadiyyatı üçün kəskin fəsadlar deməkdir. Hər nə qədər də Səudiyyə Ərəbistanı düşməni olan İranın bazardakı yerini doldursa belə, qiymətin indiki səviyyədən aşağı düşməsinə də imkan verəcək niyyətdə deyil”.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ