SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Problemli kreditlərin məbləği nə qədərdir?

Problemli kreditlərin məbləği nə qədərdir?

Tarix:

25-02-2019, 15:24

/ 891 dəfə oxundu.
Problemli kreditlərin məbləği nə qədərdir?

Bu gün prezident İlham Əliyev sosial iqtisadi məsələlərlə bağlı keçirdiyi müşavirədə problemli kreditlər məsələsinə toxunub. “Qafqazinfo” xəbər verir ki, ölkə başçısı çıxışında deyib ki, bir neçə ay ərzində aparılan çox ciddi müzakirələr artıq nəticəyə gəlməyə şərait yaradır: “Biz bu təhlilin son mərhələsindəyik. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək və çox ciddi nümunə göstərəcək. Çünki biz bilirik ki, buna oxşar addımların atılması ilə bağlı bəzi ölkələrdə müvafiq qərarlar qəbul edilmişdir, ancaq onlar icra edilməyib”.

İqtisadçı ekspert Vüqar Bayramov məsələni şərh edib. O qeyd edib ki, bu gün keçirilən müşavirədə Azərbaycan Prezidenti vətəndaşları narahat edən məsələlərdən birinin problemli kreditlərlə bağlı olduğunu bildirib: “Problemin həlli ilə bağlı dövlət başçısı tərəfindən artıq göstəriş verilib. Xatırlatmaq istərdim ki, 2015-ci ildən İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən problemli kreditlərin həlli ilə bağlı üçtərəfli mexanizm təklif edir. Əvvəla, bu mexanizmin özəlliyi ondan ibarətdir ki, burada fərqin tərəflər arasında bölüşdürülməsi nəzərdə tutulub. Üçtərəfli mexanizmin mahiyyəti ondan ibarətdir ki, fərq üç tərəf arasında -müştəri, bank və dövlət arasında bölüşdürülsün. Əgər kredit 0,78 manat məzənnəsi ilə götürülübsə, o zaman 10 min dollar 7800 manat idisə, indi 10 min dollarlıq kreditin əsas hissəsi 17 min manatdır. Bunun üstünlüyü ondan ibarətdir ki, hər bir tərəf fərqin üçdə-birini üzərinə götürür. Digər tərəflər də üçdə ikisini üzərinə götürdüyünə görə heç bir tərəfə ağırlıq düşmür. Dövlət daha az vəsait ayırmaqla və ciddi maliyyə yükü olmadan problemi həll edə bilir. Banklar gəlir əldə ediblər, güzəşt etmək imkanına malikdirlər və üçdə biri üzərinə götürə bilirlər. Bu halda vətəndaş dollar kreditini 1.70 məzənnəsi ilə deyil 1.06 məzənnəsi ilə ödəyəcək və eləcə də faizlərdə güzəşt təklif edilir. İndiki halda bizim təklif etdiyimiz güzəşt mexanizminin qəbul edilib tətbiq olunmasını daha məqbul hesab edirik”.

Problemli kreditlər məsələsi ilə bağlı iqtisadçı ekspert Samir Əliyev də “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, problemli kredit məsələsini devalvasiyadan dərhal sonra ekspertlər qaldırdılar və bildirdilər ki, kompensasiya həll olunmalıdır: “2016- cı ildə hökumətdə bununla bağlı müzakirələr də gedirdi. Amma sonradan təxirə düşdü. Problemli kredit məsələsininin vaxtında həll edilməməsinin sosial fəsadlarını gördük. Müştərilər borcu qaytarmaqda çətinlik çəkdi və bunlar şişdi. Eləsi oldu ki, əlindəki əmlakı satıb onu ödədi. Banklar bağlandı. Bəzi banklar hələ də “reanimasiya”dadır. Kredit probleminin təsirindən çıxa bilməyiblər. Eyni zamanda, banklar iqtisadiyyatının kreditləşdirilməsi siyasətini məhdudlaşdırdılar. Təsadüfi deyil ki, son dövrlərdə müəyyən artım qeydə alınıb. Dövlət sığortalanmış əmanətlərin timsalında xeyli xərcə düşdü. Hər bir halda bunun zərəri oldu.

S. Əliyev vurğulayıb ki, bu dövr ərzində banklar tərəfindən müştərilərə müəyyən güzəştlər edilib: “Bəziləri kreditləri restrukturizasiya etdi. Bəziləri kreditin müddətini uzatdı, bəziləri də illik faiz dərəcəsini aşağı saldı. Dolların məzənnəsini 1.40-dan da götürən oldu. Yəni, banklar tərəfindən də müəyyən güzəştlər oldu.

Bu gün 1,6 milyard problemli kredit var. Onun 800 milyondan çoxu xarici valyutanın hesabına düşür. Ona görə də, kompensasiya xarici valyutada olan kreditlərə verilməlidir. Çünki devalvasiya nəticəsində onlar zərər alıblar.

Bəzi banklar dollar kreditini manata çevirdilər. Ancaq fakt odur ki, həmin müştərilər də devalvasiyadan zərər görüblər. Yeni qərarda bu məsələnin nəzərə alınıb alınmayacağını bilmirəm.

Digər məsələ də devalvasiya tarixləri ilə bağlıdır. Çünki ilk devalvasiya fevralın 21-də oldu və manatın məzənnəsi 0,78-dən 1.05-ə qalxdı. İkinci devalvasiyada isə 1.55-ə qalxdı. Fevralın 21-nə qədər olan kreditlər 0,78-dən götürülüb. Fevralən 21-dən sonrakı götürülən kreditlər isə 1.05-dən götürülüb. Yəni, bunlara da fərq qoyulmalıdır.

Daha sonra, borcların bağlanması təkcə banklara şamil ediləcək, yoxsa bank olmayan kredit təşkilatlarınamı? Bu vacib məsələdir. Çünki bank olmayan kredit təşkilatları bu prosesdə mütləq iştirak etməlidir. Onlar xüsusilə regionlarda əhali və kiçik sahibkarlarla işləyirlər. Bəzi iri sahibkarlar da irihəcmli kredit götürdülər. Burada ayrı- seçkilik olmamalıdır. Çünki bu məsələdə əhali və kiçik sahibkarlar birinci nəzərə alınmalıdır.

Bu həssas məsələdir və mexanizmlərin dəqiq işlənməsi vacib məsələdir”.

Şərhlər

XƏBƏR LENTİ