SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » "Rabitə Bank" iflas edirmi? - Bank sektoru qaynayır...

"Rabitə Bank" iflas edirmi? - Bank sektoru qaynayır...

Tarix:

21-02-2019, 10:58

/ 1 090 dəfə oxundu.
"Rabitə Bank" iflas edirmi? - Bank sektoru qaynayır...

Azərbaycanda daha bir bankın vəziyyətinin ürəkaçan olmaması haqqında məlumatlar yayılıb.

"Kommersant.az" saytının məlumatına görə, "Rabitəbank"ın müddətli depozit portfeli əriyib. 2018-ci ilin 4-cü rübündə bankın müştəriləri 26 mln. 444 min manat məbləğində pulu geri çəkərək bankın müddətli depozitlərini 210 mln. 951 min manata endirib.

Bu bankda əmanət yerləşdirilməsinin sərfəli olmadığı iddia olunan yazıda qeyd olunur ki, bankın fərdi müştərilərinə təklif etdiyi ən yüksək əmanət faizi 10%-ə qədərdir. Hətta bu rəqəm bəzi hallarda 10% belə olmur. Bundan başqa, bankın ən aşağı əmanət faizi "Uşaq yığım əmanəti"dir ki, bu da, 5%-ə qədər hesablanır və yenə də demək olar 5%-i ötmür.

Eyni zamanda, "Rabitəbank"ın il ərzində qeyri-faiz gəlirlərinin 4 mln. manata yaxın azaldığı qeyd olunur. Kredit portfelinin isə 83 mln. manatdan çox artırıldığı bildirilir. Həmçinin, müştərilərə təlqin olunur ki, adıçəkilən bankdan kredit götürməsinlər.

Müəllif yazının “qara piar” hesab edilməməsini oxuculardan xahiş etsə də, əmanət qoymamağa və kredit götürməməyə açıq çağırış edir. Məlumdur ki, ölkəmizdə “Əmanətlərin tam sığortalanması” haqqında qanun qüvvədədir. Amma buna baxmayaraq, hər hansı bankın maliyyə durumunun yaxşı olmaması haqqında xəbərlər əmanətçilərdə, eləcə də həmin banklara müraciət etmək istəyən digər vətəndaşlarda təşviş yaradır.

Maraqlıdır, mövcud vəziyyət “Rabitə Bank”ı iflasa doğru apara bilərmi?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında öncə bildirdi ki, bu cür məlumatın mətbuat səhifələrində yer alma səbəbləri maraqlıdır:

“Adətən banklar bu cür məlumatları açıqlamırlar. Maliyyə Bazarlarına Nəzarət Palatası da bu cür məlumatları açıqlamır, çünki bu məlumatlar bank sistemində təşviş yarada bilər. Bu baxımdan, bu məlumatların nə dərəcədə doğru olduğunu demək olmaz. Amma əmanətçilərin banklarımızdan pullarını geri çəkməsi prinsipcə son illərdə baş verən məsələlərdəndir. Milli valyutanın devalvasiyasından sonra tədricən banklarda əmanətlərin həcmi azalmaqdadır. “Rabitəbank”ın açıqladığı göstəricilərə görə, bank ötən ili heç də pis başa vurmayıb. Maliyyə göstəricilərinə görə, “Rabitəbank” bank sisteminin orta səviyyəli banklarından biridir və belə demək olarsa, pis bank da deyil. Buna görə də həqiqətən də belə bir vəziyyət yaranıbsa, bunun səbəbləri olmalıdır”.

Ekspert deyir ki, bankda hər hansı iri əmanətçinin olması və onun əmanətini geri çəkməsi mümkündür. Digər tərəfdən isə “Əmanətlərin tam sığortalanması” haqqında qanunun qüvvədən düşməsi ilə bağlı bu hal baş verə bilər:

“Martın 4-də qanun qüvvədən düşür. Doğrudur bu məsələyə parlamentdə baxılacaq. (Qeyd edək ki, dünən Milli Məclisdə əmanətlərin tam sığortalanmasının müddəti daha bir il uzadılıb -müəllif). Ola bilər ki, bununla bağlı əsassız təşviş yaranıb və əmanətçilər nəinki “Rabitəbank”- dan, eləcə də digər banklardan əmanətlərini çıxarıblar. Digər tərəfdənsə, ola bilər ki, bu məlumatı “Rabitəbank”ın rəqibləri məqsədli şəkildə yayıblar”. “

Rabitəbank”da əmanət faizlərinin aşağı olmasının bu cür vəziyyətlərin yaranmasına səbəb olmasına gəlincə, hüquqşünas deyir ki, hazırda bankların əksəriyyətində əmanət faizləri təqribən bu məbləğdədir.

Şərhlər

XƏBƏR LENTİ