SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » “AccessBank”ın çöküşü: müştərilərini satdı, özü müflis olur…

“AccessBank”ın çöküşü: müştərilərini satdı, özü müflis olur…

Tarix:

11-02-2019, 09:48

/ 1 020 dəfə oxundu.
“AccessBank”ın çöküşü: müştərilərini satdı, özü müflis olur…

Bankın məcmu kapitalı kəskin azalıb, zərəri artıb; Mərkəzi Bankın tələbləri isə havadan asılı qalıb – bankın riskli aktivləri çoxalıb, kapital dayanıqlığı isə zəifdir
Azərbaycanda əsasən kiçik və qismən də orta sahibkarlar arasında populyar olan “AccessBank” QSC son illər heç cür zərərdən çıxa bilmir. Sözügedən bank 2018-ci ili 11 milyon 579 min manat xalis zərərlə başa vurub. Bu, Azərbaycanda fəaliyyət göstərən banklar arasında mənfi mənada kifayət qədər yüksək göstəricilərdən biridir.
Əslində, 2018-ci ildə bankın əməliyyat zərəri daha çox olub – 33 milyon manata yaxın. Yalnız, ötən il ehtimal olunan kredit və depozit itkiləri üçün ehtiyatdan daxil olan 21 milyon 415 min manatın hesabına bankın zərəri 11 milyon 579 min manata düşüb. Bank 2017-ci ili də böyük zərərlə başa vurmuşdu.
Mərkəzi bankın qanuni tələbi, yoxsa mənasız kağız parçası…
2018-ci ildə “AccessBank”ın faiz gəlirləri 2017-ci illə müqayisədə 15 milyon manata yaxın azalaraq, 102 milyon 475 min manatdan 88 milyon 71 min manata enib. Bankın qeyri-faiz əməliyyatlarından zərəri isə 8 milyon 974 min manat təşkil edib.
Həmçinin, bankın balans kapitalı da 2017-ci ilin nəticələrinə nisbətdə 12 milyon manatdan çox azalaraq, 56.569 milyon manata enib.
“AccessBank”ın maliyyə göstəricilərindəki ən çox narahatlıq doğuran məqamlardan biri isə bankın məcmu kapitalının 2017-ci ilə nisbətdə artmaq əvəzinə, azalmasıdır. Məlum olduğu kimi, Mərkəzi Bankın məcmu kapital tələbi 50 milyon manatdır. Lakin 2017-ci ilin 31 dekabr tarixinə bankın məcmu kapitalı 43 milyon 593 min olduğu halda, 2018-ci ilin eyni tarixinə 14 milyon manata yaxın azalaraq, 30 milyon 28 min təşkil edib. Bu, az qala bankın yavaş-yavaş “aradan çıxması” kimi də başa düşülə bilər…
Çünki Mərkəzi Bankın 50 milyon manat tələbinə yaxınlaşmaqdansa, uzaqlaşma prossesi baş verir. Bu, ya Mərkəzi Bankın tələbinə məhəl qoyulmaması, onu adi kağız parçası hesab etmək, ya da gerçəkdən bankın Azərbaycanın bank sektorundan uzaqlaşmaq istəyi kimi yozula bilər. Və onu da xatırladaq ki, “AccessBank” Mərkəzi Bankın məcmu kapital tələbini yerinə yetirə bilməyən 3-4 bankdan biridir…
Eynilə Mərkəzi Bankın kapital adekvatlığı əmsalı ilə bağlı qoyduğu tələb də yerinə yetirilməyib və “AccessBank”da bu göstərici də acınacaqlıdır. Xatırladaq ki, bu göstərici bankın risk ölçülü aktivlərə qarşı kapital dayanıqlılığını göstərir. Onun aşağı olması isə bankın riskli aktivlərinin çox, kapital dayanıqlığının isə zəif olmasına işarədir.
Mərkəzi Bank 2016-cı ildə I dərəcəli kapitalın adekvatlıq əmsalını ən azı 5 faiz, məcmu kapitalın adekvatlıq əmsalını isə minimum 10 faiz təyin edib. Göstəricilərin bu faizlərdən aşağı olması bankın müflisləşmə ehtimalını artırır. ““AccessBank”da isə 2018-ci ilin yekunlarına görə, bu göstəricilər müvafiq olaraq, 2 faiz və 4.03 faizdir, yəni ki, hətta minimal normadan da 2 dəfə (!) az.
“”Accessbank” vasitəsilə böyük qazanc əldə etdilər, indi isə kənarda durublar…”
Yeri gəlmişkən, bir müddət öncə “AccessBank”da baş verənlərlə bağlı mətbuata danışan tanınmış hüquqşünas, bank işi üzrə ekspert Əkrəm Həsənov bu bank barədə ilginc fikirlər söyləmişdi. O, bankın “Fitch” beynəlxalq reytinq agentliyinin xidmətindən imtina etməklə, hətta iflasın astanasında olduğuna dair iddia irəli sürmüşdü.
Xatırladaq ki, nüfuzlu agentlikdən imtina addımı “Fitch”in “AccessBank”ın uzunmüddətli defolt reytinqinin “C” səviyyəsində olduğunu açıqlamasından sonra atılıb. Əkrəm Həsənov açıqlamasında demişdi ki, bu qərar ilk növbədə bankın iflas olması anonsunu verir: “”Accessbank”ın vaxtilə öyündüyü “Fitch” reytinqlərindən imtina etməsi olduqca ciddi məsələdir. Agentliyin banka verdiyi sonuncu reytinq “C”-dir, yəni müflisləşmə ehtimalı olduqca böyükdür (bəziləri bu reytinqi müflisləşmənin qaçılmaz olduğu kimi tərif edir).
Xeyli problemli krediti olan və savadsız tərtib edilmiş kredit sənədləri ucbatından məhkəmələrdə məğlub olan “Accessbank” ötən ili (2017) 73,7 milyon manat, 2016-cı ili isə 100,889 milyon manat zərərlə başa vurub. Halbuki, 2007-2015-ci illəri yüksək xalis mənfəətlə başa vurmuşdu: cəmi təxminən 210 milyon manat.
Həmin illərin manat məzənnəsini nəzərə alsaq, bankın cəmi qazancı (təxminən 270 milyon dollar) cəmi itkilərindən (təxminən 107 milyon dollar) azı iki dəfə yarım çoxdur. Amma problem odur ki, ötən illər ərzində bankın səhmdarları qazancı götürüblər və indi banka pul qoymaq (heç olmasa götürdüklərinin bir hissəsini geri qaytarmaq) istəmirlər.
Xatırladıram ki, “Sizin yerli Avropa bankınız” şüarı altında fəaliyyət göstərən bu qurumun səhmdarları Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı və digər nüfuzlu beynəlxalq və xarici maliyyə institutlarıdır. Neft gəlirlərimizin bumu illərində sahibkarlarımıza yüksək faizlə kredit verərək, (özü də kölgə iqtisadiyyatına rəvac verərək, “qara mühasibatlıq” əsasında) bu təşkilatlar “AccessBank” vasitəsilə böyük qazanc əldə etdilər, indi isə kənarda durublar. Bazarımız artıq onlar üçün maraqlı deyil”.
“Müştərilərini güdaza verən banka kim etibar edər… ?“
Bankın gələcəyilə bağlı danışan ekspert iddia edib ki, “AccessBank”ın rəhbərliyinin dəyişdirilməsi də təsadüfi deyil: “Təsadüfi deyil ki, bu ilin iyun ayında ilk dəfə olaraq, banka rəhbərliyi də xarici deyil, yerli kadra (deputat Sevinc Fətəliyevanın həyat yoldaşı Anar Həsənov) etibar etdilər. Yəni “qara işi” ona həvalə etdilər.
O da bankın problemli kreditlərinin həlli üçün ən “qara” yolu tapdı: kollektor şirkəti yaratdı və qanunsuz olaraq borclular haqda məlumatı ona ötürdü, habelə borcluların guya, bankdan qanunsuz kredit götürməsi adı ilə hüquq-mühafizə orqanlarına topdan qaydada müraciət etdi (heç bir yerli bank hələ bu səviyyəyə enməmişdi).
Halbuki, bir bankda bu qədər qanunsuz kredit verilibsə, ilk növbədə elə onun rəhbərliyini məsuliyyətə cəlb etmək lazımdır (amma hələlik bankın inzibatçıları deyil, ancaq sahibkarlar həbs olunur). Ən əsası isə müştərilərini belə güdaza verən banka bundan sonra kim etibar edər axı? Əmanətçilər də ona etimad göstərərmi? İnanmıram ki, “AccessBank” bütün bunları nəzərə almayıb. Alıbsa, onda belə çıxır ki, həqiqətən də artıq bazarda qalmaqda maraqlı deyil. Əsas, mümkün qədər çox kredit qaytarmaq və daha az zərərlə getməkdir. Nə yolla olursa olsun. Necə deyərlər, imic heç nədir, susuzluq hər şey! Elə buna görə də “Fitch” reytinqi kimi dürüst güzgüyə də artıq ehtiyac yoxdur…”
Sonda hüquqşünasın dediklərindən, eləcə də“AccessBank”ın maliyyə göstəricilərindən belə qənaətə gəlmək olar ki, doğrudan da sözügedən bank qətiyyən ölkəmizin bank sektorunun güclü həlqələrindən biri deyil və bu həlqənin hələ nə qədər davam gətirəcəyi də böyük sual olaraq qalır… (AzPolitika.info)

Şərhlər

XƏBƏR LENTİ