SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Xidmət və iaşə sektorundakı qiymət xaosu

Xidmət və iaşə sektorundakı qiymət xaosu

Tarix:

15-01-2019, 09:43

/ 1 058 dəfə oxundu.
Xidmət və iaşə sektorundakı qiymət xaosu

Ölkə turizminə zərbə vuran fürsətçiləri necə durduraq; iqtisadçı: “Qiymət özbaşınalığına son qoyulması üçün dövlət kompleks tədbirlər həyata keçirməlidir”
Azərbaycanın xidmət və iaşə sektorundakı qiymət xaosu xarici və yerli turizmin inkişafına mənfi təsirini göstərməkdədir. Belə ki, zaman-zaman mətbuatda eyni menyunun turistlərə 2-3 dəfə artıq qiymətə satılması, bəzi istirahət mərkəzlərində yarım litr adi suyun 5 manata təklif olunması, həmçinin kafe və restoranlarda 1 stəkan çay içmək istəyən müştəriyə 30 manatlıq dəsgahın sırınması məsələsi müzakirəyə çıxarılıb.

Nəticədə son 3 ildə yaşanan turist axını getdikcə zəifləməkdədir. Yeni il ərəfəsində turizm məkanlarında turist az olduğu kimi, Novruz bayramına da öncədən edilən rezervlərin sayında azalma var. Bəzən hotellərdə bir gecəlik qonaqlama və qidalanmaya elə qiymət qoyulur ki, onunla Gürcüstanda 1 həftə və ya Türkiyədə 3 gün dincəlmək mümkündür. Yaxud da yerli müştərilər restoran-kafelərdə dincəlmək istəyərkən onlara yemək və çay fantastik qiymətə təklif edilir.

Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən iqtisadçı ekspert Vüsalə Əhmədova da vurğuladı ki, turizm, xidmət və ictimai iaşə sektorundakı qiymət özbaşınalığı ölkəmizin ən ağrılı yeri olaraq qalmaqda davam edir: “Demək olar ki, vətəndaşlarımızın əksəriyyəti bu vəziyyətdən son dərəcə şikayətçidirlər. Şəxsən özümün vaxtaşırı xaricdən qonaqlarım olur. Şəhərimizin hətta ən yaxşı sayılan ictimai iaşə müəssisələrindəki mövcud xidmət səviyyəsindən dəfələrlə olub ki, utanc hissi keçirmişəm. Xarici vətəndaş gördükdə hesabın dərhal bir neçə dəfə yüksədilməsi isə digər bir problemdir. Buna görə də Dünya İqtisadi Forumu tərəfindən turizm, aviadaşımalar və səyahətlər üzrə hesablanan rəqabət reytinqində Azərbaycan heç ilk yüzə daxil olmağı bacarmır. Ölkəmizə gələn turistlər dünyadakı turistlərin cəmi 0,003%-ni təşkil edir ki, bu səbəbdən də turizmdən götürülən gəlirlər qənaətbəxş deyil. Azərbaycan hökuməti qeyri-neft sektorunun prioritet sahələrindən biri kimi turizmi seçdiyi halda bu sektorun inkişafı üçün real addımlar atılmır”.
Ekspert hesab edir ki, ilk növbədə mövcud qiymət və tariflər yerli və xarici turistlər üçün optimal həddə endirilməlidir: “Qiymətlərin süni artırılması vətəndaşlarımızın, o cümlədən də turistlərin hüquqlarını pozur. Ən əsas problem Azərbaycanda istirahətin xarici ölkələrlə müqayisədə baha başa gəlməsi, xidmətlərin səviyyəsinin aşağı olması və turist cəlb etmək üçün lazımi işlərin görülməməsidir.1950-ci ildə fransalı bir üzgüçünün üzərək İspaniya adası olan Mayorkaya gəlib çıxması və burada kamp qurması, bunu görən İspaniya hökumətinin isə həmin şəxsə qidalanması, gecələməsi və digər ehtiyacları üçün tək bir qiymət təklif etməsi, bildiyiniz kimi, dünyada tək tarifli (all inclusive) turizm fikrinin ortaya çıxmasına səbəb oldu. Eynilə bu modelin, tarixi və mədəni cazibədarlığa malik olmayan Kariblərə 1960-1970-ci illərdə turist cəlb etmək üçün böyük qatqısı olmuşdu. Hazırda İtaliya, Yunanıstan, Fransa, Tayland və Dominikan Respublikasında bu konsept geniş tətbiq edilir”.

Türkiyə təcrübəsini nümunə göstərən ekspert bunun Azərbaycanda tətbiqinin də fayda verəcəyini açıqladı: “Son dövrlərdə Türkiyədə daha da inkişaf etdirilən ”all inclusive" (oll inkluziv) modeli digər ölkələrdəki nümunələrindən demək olar ki, fərqlənir. Nəzərinizə çatdırım ki, türk turizm sektoru terror aktları, baş verən güclü zəlzələ və qonşu ölkələrdəki hərbi əməliyyatlar səbəbilə 3 dəfə böyük böhran yaşadı. Bu böhranlardan çıxmaq üçün ölkənin əksər turistik müəssisələri 1990-cı ildən etibarən növbə ilə “all inclusive” konseptinə keçdi. Sistemin standartlaşdırılması üçün bir çox fikirlər ortaya atılmış, bu ölkənin Mədəniyyət və Turizm Nazirliyi isə yaratdığı bir peşəkar komanda ilə turistik müəssisələrin riayət edəcəkləri qaydaları müəyyən edərək, sistemin standartlaşdırılmasını təmin etmişdi. Klassik HD, imperial HD, maksimum HD və “ultra hight class HD” konsepti olaraq bir neçə növə ayrılan bu model hazırda dünya ölkələrindən ən çox Türkiyədə tətbiq edilir və bu günədək ölkə qazanclı çıxıb demək olar".

V.Əhmədovanın fikrincə, “All inclusive” xidmət növündən hotellər, səyahət agentlikləri, hotel personalı, ölkənin ictimai iaşə müəssisələri, ən çox isə müştərilər məmnun qalır: “Müştərilər üçün ən cazibədar olan, bu növ xidmət təklif edən turistik mərkəzlərdə qiymətlərin digərlərində olduğundan aşağı olmasıdır. Həmçinin müştəri üçün istirahətin bütün büdcəsinin əvvəlcədən planlaşdırılmasına imkan yaranır ki, tətil zamanı əlavə xərclər ortaya çıxmır. Onu da qeyd edim ki, bu model xüsusilə ailələrin böyük rəğbətini qazanmaqdadır. Bir neçə ailə fərdi ilə birgə ölkəmiz kimi bir yerə səyahət edən birini düşünün, həmin şəxsin nə qədər xərcinin çıxacağını əvvəlcədən müəyyən etməsi qeyri-mümkündür. Qeyd etdiyiniz kimi, adi 40 qəpiklik suyun əyləncə məkanlarında 2-5 manata satılması, uşaq əyləncə parklarındakı bahalıq buna əyani sübutdur. Vətəndaşlara 20-50 manatlıq çay dəsgahlarının təklif olunması və ya ”Bu məkanda yemək yeməyənlərə çay verilmir" deyilməsi isə biznes təfəkkürümüzün yüksək “inkişafından” xəbər verir. Halbuki 2 nəfərlik 31 çeşidli səhər yeməyi süfrəsinə Türkiyədə cəmi 25-36 TL (7-11 AZN) ödəyəcəksiniz. İqtisadi faydanı ən yüksək həddə çatdırmaq üçün keyfiyyət və fərqlilik mütləqdir. Əsas deviz yüksək xidmət, münasib qiymət, müştəri məmnuniyyəti olmalıdır. Qiymət özbaşınalığına son qoyulması üçün dövlət kompleks tədbirlər həyata keçirməlidir. Bir vacib məqamı isə heç vaxt yaddan çıxarmaq olmaz. Güclü turizm üçün daxili bazar şərtdir. Orta və aşağı gəlirli vətəndaşlarımızın bütün turizm xidmət növlərindən faydalanması təmin olunmalıdır".

Şərhlər

XƏBƏR LENTİ