SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Azərbaycan qazının Avropa bazarına çıxmasına bir şey qalmadı

Azərbaycan qazının Avropa bazarına çıxmasına bir şey qalmadı

Tarix:

7-01-2019, 08:35

/ 1 056 dəfə oxundu.
Azərbaycan qazının Avropa bazarına çıxmasına bir şey qalmadı

Vüqar Bayramov: “Gələn il Avropa bazarına mavi yanacaq nəql edəcəyik”
Ötən il mayın 29-da prezident İlham Əliyevin iştirakı ilə Səngəçal terminalında Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Bununla da TANAP vasitəsilə Azərbaycan qazının Türkiyəyə nəqli reallaşdı. TAP layihəsinin tikintisinin isə növbəti il başa çatacağı gözlənilir.

Bununla yanaşı, həm regionda, həm də beynəlxalq aləmdə artıq Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyəti təsdiq olunub. Bunun Türkiyənin və Avropanın enerji təhlükəsizliyində rolu ən yüksək səviyyələrdə vurğulanıb. Son olaraq, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz açıqlamasında bildirib ki, Azərbaycan tərəfindən həyata keçirilən Trans-Anadolu qaz boru kəməri (TANAP) və STAR neft emalı zavodu Türkiyədə ən əhəmiyyəti enerji layihələrindən biridir. Nazir qeyd edib ki, TANAP həm Türkiyə və Azərbaycan, həm də Avropa üçün strateji əhəmiyyətli layihədir.

TAP layihəsinin reallaşması isə 2020-ci ilə proqnozlaşdırılır. Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti Azay Quliyev ötən ilin uğurlarından bəhs edərkən TAP layihəsinin icrası ilə bağlı hər hansı problemin qalmadığını bildirib: “Cənub Qaz Dəhlizinin son hissəsi olan TAP layihəsinin icrası ilə bağlı da heç bir problem yoxdur və 2020-ci ildə təhvil veriləcək. Cənub Qaz Dəhlizinin uğurla başa çatması Azərbaycan üçün yeni üfüqlər açacaq. Azərbaycanın öz resurslarını bir çox ölkələrin bazarlarına yaxın zamanda çıxartması bizim iqtisadi və siyasi təhlükəsizliyimiz üçün çox önəmlidir”.
TAP-la bağlı xarici ekspertlər, dövlət rəsmiləri də yüksək fikirdədirlər. Polşanın iqtisadçı eksperti Filip Bjozovski “Report”un Varşava bürosuna açıqlamasında bildirib ki, Azərbaycanın Avropaya qaz nəqlini nəzərdə tutan TAP (Trans-Adriatik Boru Kəməri) layihəsi reallaşdıqdan sonra bu qitədə Azərbaycan qazı daha da aktual olacaq: “Hazırda, təəssüf ki, Azərbaycan neftini ala bilmirik. Dolayı yolla çox cüzi miqdarda bizə gəlib çatır. Halbuki bizim buna, xüsusilə SOCAR-ın fəaliyyətinə ehtiyacımız var. Çünki biz müşahidə edirik ki, Avropanın bir sıra ölkələrində SOCAR istər yanacağın keyfiyyətinə görə, istərsə də Avropa tələblərinə uyğun şirkət kimi fəaliyyətinə görə nümunəvidir. Bu, bizim diqqətimizi çəkir”.
İqtisadçı ekspert Vüqar Bayramov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Cənub Qaz Dəhlizi Azərbaycan üçün vacib olan iqtisadi layihələrdən biridir: “Nəzərə alaq ki, bu layihə dünyanın ən böyük investisiya layihələrindən biri kimi qiymətləndirilir. 40 milyard dollardan artıq investisiya tutumu olan bu layihə Azərbaycan mavi qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. Artıq sınaq məqsədli mavi qaz türkiyə bazarına nəql edilib. Ötən il TANAP-ın açılışı oldu və bu da Azərbaycan mavi qazının Türkiyə bazarına çıxarılmasına imkan verdi. Azərbaycan Türkiyə bazarına əlavə olaraq 8 milyard kubmetrə yaxın mavi qaz nəql etmək niyyətindədir. Bu da Türkiyənin mavi qaza olan ehtiyacının ödənilməsində Azərbaycanın payının artmasına gətirib çıxaracaq”.

İqtisadçının sözlərinə görə, TAP-la bağlı böyük problemlərdən biri də bu kəmərin İtaliyada çəkilişi ilə bağlı oldu: “Ətraf mühit tərəfdarları ilə TAP layihəsini çəkən şirkət arasında fikir ayrılığı var idi. Nəticə etibarilə bu, TAP-ın yubanmasına gətirib çıxartmışdı. TAP-la bağlı işlərin əhəmiyyətli hissəsi artıq görülüb. Mövcud iş sxeminə uyğun olaraq Azərbaycan 2020-ci ildə Avropa bazarına TAP kəməri vasitəsilə mavi qazı nəql etmək imkanına malik olacaq. Bu həm də Azərbaycanın dövlət gəlirlərinin artırılması baxımından çox vacibdir”.

V.Bayramov hesab edir ki, Cənub Qaz Dəhlizi mövcud qiymətlərlə ölkəmizə 120 milyard dollardan artıq vəsaitin daxil olmasına imkan verəcək: “Eyni zamanda bu layihə Avropanın enerji təhlükəsizliyinin formalaşması baxımından vacib layihə hesab olunur. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə birbaşa dəstək vermiş olacaq. 2018-ci il həm də region üçün mühüm əhəmiyyət kəsb edən və meqa-layihələrdən biri hesab olunan Cənub Qaz Dəhlizinin açılışı ilə yadda qaldı. Bu baxımdan növbəti illərdə Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə , eləcə də qardaş Türkiyənin enerjiyə olan tələbatının ödənilməsinə, həmçinin dövlət gəlirlərimizin artmasına pozitiv təsir göstərəcək”.

“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ