XalqXəbər.Az

“Exchange”lərə nəzarət sərtləşdirildi - Qaydaları pozanları hansı cəza gözləyir?

yüklənir...
“Exchange”lərə nəzarət sərtləşdirildi - Qaydaları pozanları hansı cəza gözləyir?
27-12-2018, 15:48
yüklənir...

Maliyyə Bazarlarına Nəzarət Palatası "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin valyuta mübadiləsi fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası”nə təsdiq edib.

BakuPost-un məlumatına görə, valyuta mübadiləsi məntəqəsi valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının həyata keçirildiyi yer (obyekt), valyuta mübadiləsi əməliyyatı xarici valyutanın nağd qaydada alınması, satılması və dəyişdirilməsi üzrə əməliyyatdır.

Qaydalara əsasən, valyuta mübadiləsi məntəqəsinin fəaliyyətinə nəzarət valyuta mübadiləsi məntəqəsi tərəfindən Maliyyə Bazarlarlna Nəzarət Palatasına təqdim edilmiş hesabatlar, Palata tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada növbəti və növbədənkənar yerində yoxlamalar, habelə Palata tərəfindən təqdim edilən proqram təminatının mərkəzi serveri ilə cari (on-line) rejimdə aparılan məlumat mübadiləsi əsasında həyata keçiriləcək. Hesabatlar müəyyən olunmuş müddətdə təqdim edilmədikdə valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsə Palata tərəfindən 3 iş günü müddətində göstəriş verilir. Göstərişdə 10 iş günü ərzində hesabatlarla birgə onların vaxtında təqdim olunmama səbəbi barədə izahat verilməsi və növbəti hesabat tarixindən isə hesabatların vaxtında təqdim olunması tələb ediləcək. Valyuta mübadiləsinə lisenziya almış şəxs tərəfindən Palatanın göstərişinə əməl edilmədikdə Palata lisenziyanın dayandırılması barədə qərar qəbul edir və bu barədə valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsi 2 iş günü müddətində məlumatlandıracaq.

Palata aşağıdakı hallardan biri mövcud olduqda valyuta mübadiləsi məntəqəsində növbədənkənar yoxlama aparacaq:

- insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından Palataya konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda;

- valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs növbədənkənar yoxlamanın aparılması barədə Palataya müraciət etdikdə;

- sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair çıxarılmış qərarın yerinə yetirilməsi haqqında valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs tərəfindən Palataya məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edildikdə.

Yoxlama haqqında hesabat Palatanın yoxlamanı həyata keçirən əməkdaşları tərəfindən imzalandıqdan sonra ən geci 15 iş günü müddətində Palata tərəfindən aşağıdakılar barəsində qərar çıxarılacaq:

- Valyuta mübadiləsi fəaliyyətinə dair Qanunun, Palatanın və Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərinin pozulması aşkar olunmadıqda, pozuntunun aşkar olunmaması haqqında;

- inzibati xətanın əlamətləri aşkar olunduqda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş müddətlərdə və qaydada inzibati xəta haqqında iş üzrə icraata başlanılması və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında;

-. cinayət əlamətləri aşkar edildikdə, toplanmış materialların aidiyyəti üzrə prokurorluğa, təhqiqat və ya istintaq orqanlarına göndərilməsi və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında;

- məsuliyyətə səbəb olan digər qanun pozuntuları aşkar edildikdə qanunla müəyyən edilən məsuliyyət tədbirləri və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında.

Yoxlamanın nəticələri üzrə qərar Palatanın İdarə Heyətinin sədri tərəfindən imzalanacaq. Yoxlamanın nəticələri üzrə qərarın surəti çıxarıldığı vaxtdan 3 iş günündən gec olmayaraq valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsə təqdim ediləcək və ya sifarişli poçt vasitəsi ilə göndərilir, qərarın əsli isə Palatada saxlanılacaq.

Yoxlamanın nəticələri üzrə qərarda qərarın tarixi və nömrəsi, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsin adı, ünvanı, pozuntu aşkar olunduqda onların təfərrüatı, əsaslandırıcı sübutlar və pozulmuş hüquqi aktların konkret struktur elementləri, aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün görülməli olan tədbirlər, pozuntuların aradan qaldırılması müddəti, bu Qaydanın 3.16-cı bəndinə istinad edilməklə qəbul edilmiş qərar, qərardan şikayət vermə müddəti və qaydası göstəriləcək. Aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün görülməli olan tədbirlər yerinə yetirildikdən sonra valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs tərəfindən 3 iş günü müddətində Palataya məlumat veriləcək.Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs pozuntuların aradan qaldırılması barədə müvafiq tələblərə əməl etmədikdə, Palata lisenziyanın dayandırılması barədə qərar qəbul edəcək və bu barədə valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsi 2 iş günü müddətində məlumatlandıracaq.

Cari (on-line) rejimdə aparılan məlumat mübadiləsi zamanı Qanunun, Palatanın və Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərinin pozulması müəyyən edildikdə, pozuntu aşkar edildiyi tarixdən 3 iş günü ərzində Palata tərəfindən valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsə pozuntunun aradan qaldırılması tələbi ilə bağlı göstəriş veriləcək. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs 5 iş günü ərzində həmin pozuntu hallarını aradan qaldırır. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs tərəfindən Palatanın tələbinə əməl edilmədikdə Palata lisenziyanın dayandırılması barədə qərar qəbul edəcək və bu barədə valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsi 2 iş günü müddətində məlumatlandıracaq.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.