XalqXəbər.Az

Bankların qaranlıq faiz siyasəti: Xərclər necə ödənəcək?

yüklənir...
Bankların qaranlıq faiz siyasəti: Xərclər necə ödənəcək?
17-12-2018, 10:18
yüklənir...

Son günlər bank sektorunda baş verənlər ciddi narahatlıqla izlənilir. Bankların böyük əksəriyyətinin ağır durumda olması, kapital çatışmazlığı ilə üzləşməsi və bu durumdan çıxmaq üçün atılan addımlar heç də birmənalı şərh olunmur. Bir sıra banklar artıq uzun müddətdir ki, kredit siyasətini dondurub.Müəyyən istisnalar olmaqla demək olar ki, kredit verilmir.Nəzərə alsaq ki, Azərbaycanda bankların əsas və yeganə gəlir mənbəyi məhz kreditlərdir, mövcud vəziyyətdə bankların durumunu təsəvvür etmək heç də çətin deyil. Belə bir durumda banklar həm də itirdiyi etibarını bərpa etməyə çalışır. Bunun üçün müəyyən gedişlər edən banklar hələlik müsbət nəticə qazana bilməyib.

Vətəndaşların etimadı azaldığı üçün kapitalını banka yatırmaq əvəzinə, evində saxlamağa üstünlük verir. Bağlanan banklarda hələ də vətəndaşların milyonlarla vəsaiti qalıb. Bu baxımdan insanların narahatlığı, inamsızlığı başadüşüləndir. Banklar isə əmanət cəlb edə bilmədikləri üçün maliyyə çatışmazlığı ilə üz-üzə qalır, dövriyyədəki vəsaitini, xərclərini azaltmağa məcbur olur. Banklar əmanət cəlb etmək üçün isə yeni bir metoddan istifadə etməyə başlayıb. Belə ki, son günlərdə bütün banklar əmanət üzrə faizləri artırdı. Bəziləri 1, bəziləri isə 2 faizli artıma gedib. Əslində əmanət faizlərinin artırılması normalda vətəndaşın xeyrinə olan addımdır. Amma Azərbaycan banklarının durumu, etibarsızlığı bu məsələyə baxışı dəyişir. Bir sıra ekspertlər hesab edir ki, bankların əmanət faizlərini artırması birbaşa olaraq özlərini qorumağa hesablanmış addımdır. Yəni, banklar manatla olan əmanətləri cəlb edəcək, sonradan onu xarici valyutaya çevirib saxlayacaq ki, hər-hansı bir məzənnə dalğalanmasından özünü qorusun. Bəzi ekspertlər isə bankların manat üzrə əmanət faizlərini artırmasını onların nağd vəsait cəlb edərək maliyyə çatışmazlığını həll etməyə çalışması kimi şərh edir.

Amma bütün bunlarla yanaşı bankların əmanət cəlb etməsi onların həm də borc yükünü artırır. Deyək ki, hər hansı bir bank böyük həcmdə əmanət cəlb etdi. Həmin bank məcburdur ki, cəlb etdiyi əmanət üzrə faiz ödəsin. Bunun üzərinə əməliyyat, ofis və digər xərcləri də əlavə etsək, bu bank üçün ciddi xərc deməkdir. Banklar əvvəllər bu xərci yüksək faizli kreditlər hesabına rahat şəkildə kompensasiya edə bilirdi. Amma indi bu sektorda vəziyyət əvvəlki kimi deyil. Məsələn, “AG Bank” son iki ildir ki, ancaq əmanət üzrə və ipoteka kreditləri verir. Digər biznes, istehlak və başqa adlı kredit növlərinə məhdudiyyətlər tətbiq edib. Bugünlərdə “Günay Bank” da kredit siyasətinə məhdudiyyətlər tətbiq etdiyini rəsmi olaraq açıqladı. Bu məhdudiyyətlərin nə zaman bitəcəyi haqqında isə heç bir rəsmi məlumat verilmir.

Maraqlıdır, bank kredit vermirsə, cəlb etdiyi əmanətlər üzrə faiz və əməliyyat xərclərini necə ödəyir? Bankların manat üzrə əmanət faizlərini artırmasında qaranlıq qalan məqamlardan biri də budur. Nəzərə alsaq ki, hazırda kredit şərtləri kifayət qədər ağırdır, bu da bankların ümumi kredit portfelinin azalmasına səbəb olur. Sadalanan məqamlara istinad etsək, əslində banklar əmanət faizlərini artırmamalı, əksinə azaltmalı idi. Necə ki, bir müddət öncə kredit siyasəti iflasa uğrayan banklar analoji addımı atmışdı.

Belə bir məqamda bankların gəlir əldə etmək üçün yalnız bir yolu var, o, da Azərbaycan Mərkəzi Bankının təşkil etdiyi depozit hərraclarında iştirak etməkdir.

Banklar əllərində olan pulu kreditə verməkdə çətinlik çəkirlər. Bunu Mərkəzi Bankda keçirilən depozit hərracları da təsdiq edir. Hətta Mərkəzi Bankın depozit faizlərini 12-dən 8 faizə endirməsi də bankların bu hərraclara marağını azaltmayıb. Bir məqamı xatırlatmaq kifayət edər ki, bankların depozit hərracına marağının nə qədər böyük olduğunu görmək mümkün olsun. 2018-ci ilin fevral ayında keçirilən depozit hərracında kommersiya bankları 1 milyard manata yaxın pulu Mərkəzi Bankda 14 gün yerləşdirib 8 faiz gəlir əldə etməyə hazır idilər. Mərkəzi Bank isə təklif olunan kapitalın cəmi 250 milyon manatını cəlb etdi. Mərkəzi Bankın son depozit hərracında da analoji vəziyyət qeydə alınıb. AMB-dan verilən məlumata əsasən, 10 dekabr tarixində hərracda Bank 350 milyon manat cəlb edib. Depozit hərracında kommersiya banklarının təklifi isə 733,2 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 7,76 faiz təşkil edib.

Bankların vətəndaşa verdiyi kredit faizləri 28-35 civarındadır. Bu baxımdan onların 7-8 faizli depozit hərracına göstərdiyi maraq kredit siyasətinin iflasa uğradığının bariz göstəricisidir. Əks halda banklar 28-35 faizlik gəlirdən imtina edib, 8 faiz gəlirə maraq göstərməz.

Bu, bir daha onu göstərir ki, banklar əmanət faizlərini artırmaqla cəlb etmək istədikləri vəsaiti kreditə yönəltməyəcək. Hazırkı durumda bu banklar üçün həm riskli, çünki verilən kreditin problemli kreditə çevrilməsi daha böyük ehtimaldır, həm də çətindir, ona görə ki, vətəndaşlar artıq kredit götürməyə əvvəlki kimi maraq göstərmir. Bu isə bir məsələni gündəmə gətirir. Yuxarıda da qeyd olunduğu kimi, banklar əmanət faizlərini artırmaqla cəlb etdiyi vəsaitin xərcini necə ödəyəcək? Ekspertlər hesab edir ki, banklar cəlb etdiyi əmanətləri tamamilə başqa məqsədlə, yəni, xarici valyuta ehtiyatlarını artırmağı planlaşdırır. Məzənnə dalğalanmasından özlərini qorumağa çalışır. Burada söhbət bankın xərcinin artmasından və ya kredit siyasətindən getmir. Banklar bu fərqi Mərkəzi Bankın depozit hərracları vasitəsilə kompensasiya etməyə çalışacaq. Bütün hallarda hazırkı proses bankların manatın məzənnə dalğalanmasına hazırlıq kimi qiymətləndirilir, əmanət faizlərinin artırılması isə müvəqqətidir. Banklar xarici valyuta ehtiyatlarını təmin etdikdən sonra yenidən faizlərin azaldılması prosesinə gedəcəklər.

Digər bir problem isə əmanətlərin sığortalanması məsələsində yaşana bilər. Belə ki, banklar əlavə vəsait cəlb etmək üçün vətəndaşa 15 faizdən artıq, daha dəqiq desək bonus faizlər təklif edir. Bankların bu cür şirnikləşdirici addımları isə sonda vətəndaşın aldadılmasına, maliyyə itkisinə yol açır. Belə ki, Əmanətlərin Sığortalanması Fondunun qaydalarına əsasən, Fonda üzv banklar tərəfindən qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır və tam kompensasiya olunur. Bu isə o deməkdir ki, faiz dərəcəsi xarici valyutada illik 3 faizdən, milli valyutada isə illik 15 faizdən yüksək olan əmanətlər Fond tərəfindən tamamilə sığortalanmır və Bank bağlandıqda və ya sığorta hadisəsi baş verdikdə əmanətçilərə heç bir kompensasiya ödənilmir.

Ekspertlər isə vətəndaşlara məsləhət görür ki, əmanətin sığortalı olmasını istəyirlərsə, bu cür “hədiyyələri” qəbul etməsinlər.

Dia.Az

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.