SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Samir Şərifovun “devalvasiya anonsu” nə qədər realdır?

Samir Şərifovun “devalvasiya anonsu” nə qədər realdır?

Tarix:

6-12-2018, 14:42

/ 1 665 dəfə oxundu.
Samir Şərifovun “devalvasiya anonsu” nə qədər realdır?

İqtisadçı ekspert: “Ölkəmizin qeyri-neft sektorunun ixrac lokomotivi hələ də yaş meyvə və tərəvəzlərdir. İdxalımız isə ixracımızı dəfələrlə üstələyir”

“Fikrimcə, maliyyə naziri Samir Şərifov öncə bu suallara cavab tapmalıdır ki,“Marshall-Lerner” şərti ixrac və idxal mallarımızda təmin olunurmu?”.

Bu sözləri iqtisadçı ekspert Vüsalə Əhmədova maliyyə naziri Samir Şərifovun manatın möhkəmlənməsi ilə bağlı açıqlamasını şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Bir neçə gün öncə maliyyə naziri Samir Şərifov manatın mövcud vəziyyəti ilə bağlı açıqlama verib. Nazir qeyd edib ki, son illər aparılan siyasət məhz makroiqtisadi balansın qorunub saxlanması, eyni zamanda iqtisadi artım üçün lazım olan təkanların verilməsi üzərində qurulub. O, həmçinin açıqlamasında “Manatın məzənnəsinin kəskin möhkəmlənməsi daxili istehsalçıların fəaliyyətinə mənfi təsir göstərir”, deyə bildirib.

Nazir Samir Şərifovun “Manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu xaricdən idxalın artmasına səbəb olur”, fikirləri isə cəmiyyətdə birmənalı qarşılanmayıb və ölkədə yeni devalvasiya olacağı barədə söz-söhbətə səbəb olub. Bəzi ekspertlər də öz açıqlamalarında nazirin bu açıqlamasını hökumətin manatın məzənnəsində dəyişikliyə getmək planı barədə xəbərdarlığı kimi qiymətləndiriblər. Bununla yanaşı, onlar valyutanın möhkəmlənməsinin ölkədəki ixracatçıların ziyanına olduğunu və bildiriblər.
İqtisadçı ekspert Əkrəm Həsənov isə yerli saytlardan birinə açıqlamasında vurğulayıb ki, nazirin məlum açıqlaması məhz özünü sığortalamaqdan ibarətdir. İqtisadçı ekspert açıqlamasında “Təxminən ay yarım əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmov manatın məzənnəsinə təminat vermədiklərini bildirdi. Samir Şərifov isə açıqlama verərək qeyd etmişdi ki, 3 il ərzində manatın məzənnəsinin sabit qalmasına təminat verir. Halbuki, manatın məzənnəsi neftdən asılı bir şeydir. Samir Şərifov əvvəl qoyduğu mövqeni yumşaldır. Əgər bir müddət sonra devalvasiya olsa və Samir Şərifovdan soruşulsa ki, bəs 2018-ci ilin payızında manatın məzənnəsinin 3 il ərzində sabit qalacağına təminat vermişdiniz. O da deyəcək ki, payızda elə demişdim, qışda da demişdim ki, “milli valyuta məzənnəsinin həddən artıq möhkəmlənməsi lazım deyil”, fikirləri ilə neftin qiyməti fonunda devalvasiyasının baş verəcəyini bildirib.

Maraqlıdır ki, neft qiymət itirdikcə manatın devalvasiya təhlükəsi yaranırmı və 2019-cu ildə manatın kəskin devalvasiyaya uğraması ehtimalı varmı? Ümumiyyətlə, beynəlxalq aləmdə gedən proseslər fonunda yaxın illərdə dünya iqtisadiyyatının tənəzüllə uğraması mümkündürmü?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı-ekspert Vüsalə Əhmədovanın fikirlərini öyrənib.

Vüsalə Əhmədova: “Ölkədə idxal əvəzləyici mallar istehsal olunmadığı bir vəziyyətdə şərtlər nə olursa olsun, biz həmin malları xaricdən almaq məcburiyyətindəyik”.

Ölkədə növbəti devalvasiyanın baş verməsi üçün münbit şəraitin olmadığını qeyd edən iqtisadçı ekspert Vüsalə Əhmədova görə, geosiyasətdə baş verən proseslər fonunda isə ümumi olaraq 2020 və ya 2021-ci illər üçün dünya iqtisadiyyatının tənəzzüllə üzləşəcəyi ehtimalı yüksəkdir:

“Bildiyiniz kimi, ABŞ prezidenti Donald Tramp “G-20” sammitində Çinli həmkarı ilə razılıq əldə etdi. Ehtimal olunur ki, Səudiyyə Ərəbistanı kralı Məhəmməd İbn Salman da neft hasilatının məhdudlaşdırılması məsələsinə həsr olunan OPEC görüşündə, qiymətlərin stabil saxlanılması üçün bir neçə ay hasilatın məhdudlaşdırılmasına razı olsun. Bənzər nəticə Tramp üçün də məqbul sayılır. 2

2014-cü ildə olduğu kimi ehtiyatlardakı sıçrayışın təkrar müşahidə olunmaması üçün Səudiyyə Ərəbistanı və müttəfiqləri hasilatı azalda bilərlər. Bu təbii olaraq bazarı balansda saxlayacaq, qiymətlərə öz təsirini göstərəcək. Təchizatın ciddi şəkildə məhdudlaşdırılması zərurəti yaranarsa, Ər-Riyad növbədənkənar OPEC zirvə toplantısının keçirilməsinə zəmin hazırlaya bilər.

Son “G-20” sammitində şahzadə dünya liderlərinin heç cür bir araya gəlmək istəmədikləri Rusiya prezidenti Vladimir Putin ilə OPEK+ toplantısını müzakirə etmək üçün görüş keçirdi. Həmin vaxt isə Tramp Çin ilə aralarındakı ticari konfliktin həlli istiqamətində prezident Xi Jinping ilə rəsmi görüş keçirirdi. Nəticədə Ağ Evin Pekinə ticarət müharibəsi çərçivəsində 90 günlük atəşkəs elan etməsi neft qiymətlərini gücləndirdi. Çinlə danışıqlarda bu cür yanaşma bu həftə OPEC konfransı ərəfəsində İbn Salman üçün gözlənilməz bir hədiyyə ola bilər.

Vüsalə Əhmədova: “2019-cu il üçün neftin barelinin orta illik qiyməti 62-58 dollar arasında olacaq”.

Dörd illik yüksəlişin ardınca dəyərinin üçdə birini itirmiş WTI və Brent markalı xam neftin qiyməti bazar ertəsi günü 4% yüksələrək, dörd ay ərzindəki ən yüksək göstəriciyə çatdı. Bu yüksəlişin davamlı olması üçün hasilatın gündə 1,3 milyon barel və ya daha çox azaldılması tələb olunur. Məhdudlaşdırma əhəmiyyətli dərəcədə olmalıdır ki, bazar ehtiyatların tez bir zamanda azalan dinamikaya keçməsindən əmin olsun. Digər tərəfdən, OPEC bu həftə hasilatın azaldılacağını elan etməsə belə qiymətlərdə kəskin eniş olmayacağını düşünürəm.

Qiymətlərdəki azalma potensial olaraq bir barrel üçün 5 dollardan çox olmayacaq. Gündə 1 milyon barel məhdudlaşdırma gözləntisinin olmasına baxmayaraq, bazar əks ssenariyə də hazır olmalıdır.

Hazırkı vəziyyətdə gizli məhdudiyyətlərin gətiriləcəyi daha çox ehtimal olunur. Bu isə neftin qiymətinin yenidən yüksəlməsi üçün daha bir neçə ay tələb olunacağı deməkdir. Bütün bu kimi hallar onu göstərir ki, 2019-cu il üçün neftin barelinin orta illik qiyməti 62-58 dollar arasında olacaq.
ABŞ-ın hasilatı intensiv artırması uzunmüddətli perspektivdə neftin qiymətinin aşağı olacağını deməyə əsas verir. Həmçinin İran sanksiyalarından dolayı bazar gündə 500 min barel itkilərə məruz qalacaq ki, bu da gələn ilin ikinci yarısı üçün qiymətlərin qısamüddətli olaraq 7-8% artmasına səbəb ola bilər. Trampın ABŞ və Çin arasında gedən ticari savaşa 90 günlük fasilə verməsi, yavaşlayan dünya iqtisadiyyatının ABŞ üçün də tənəzzül təhlükəsi yaratmasından qaynaqlanır.

Vüsalə Əhmədova: “2020 və ya 2021-ci illər üçün dünya iqtisadiyyatının tənəzzüllə üzləşəcəyini ehtimal etmək olar”.

Hazırda ABŞ-Çin razılaşması maliyyə bazarları və real iqtisadiyyatlar üçün dopinq rolunu oynayır. Keçən həftə FED rəhbərliyinin “faiz artırımlarını yavaşlatmağa və hətta sona çatdırmağa yaxınlaşırıq” kimi açıqlama verməsinə də bu prizmadan baxmaq olar. Bu açıqlamanın da qısa müddətli perspektivdə inkişaf etməkdə olan ölkələrin lehinə olduğunu söyləyə bilərik. Bütün bunlar 2019-cu ildə manatın kəskin devalvasiyaya uğraması ehtimalını azaldır. Lakin 2020 və ya 2021-ci illər üçün dünya iqtisadiyyatının tənəzzüllə üzləşəcəyini ehtimal etmək olar. Dünya iqtisadiyyatında 2010-ci ildən bu günə davam edən artım mərhələsində diqqətə çarpan yavaşlama yaşanır. Fransada “sarı jiletlilərin” etiraz aksiyaları da potensial risk daşıyır. Bunu da göz ardı etməmək lazımdır”.

Vüsalə Əhmədova: “Ölkəmizin qeyri-neft sektorunun ixrac lokomotivi hələ də yaş meyvə və tərəvəzlərdir. İdxalımız isə ixracımızı dəfələrlə üstələyir”.

Maliyyə Naziri Samir Şərifovun manatın durumu ilə bağlı açıqlamasına da münasibət bildirən iqtisadçı ekspert Vüsalə Əhmədova vurğulayıb ki, manatın dəyər itirdiyi halda əzilən sadə vətəndaşlar olacaq:

“İqtisadiyyatın ən tanınmış hipotezlərindən biri, pulun dəyəri ilə xarici ticarət arasındakı əlaqəni ortaya qoyan hipotezdir. Yəni, ölkənin valyuta məzənnəsi xarici valyutalara nisbətdə dəyər itirərsə, ixrac ucuzlaşacaq və artacaq, idxal isə bahalı vəziyyətə gələcəyi üçün azalacaq.

Bu doğru fərziyyədir. Lakin hər bir hipotez ətraf şərtlər ilə birgə ələ alınaraq qiymətləndirilməlidir. Hipotez və nəzəriyyələr ətraf şərtlər nəzərə alınmadan bəsit şüar kimi ələ alınıb tətbiq edilərsə, böyük xəta etmiş olarıq.

Fikrimcə, maliyyə naziri Samir Şərifov öncə bu suallara cavab tapmalıdır ki,“Marshall-Lerner” şərti ixrac və idxal mallarımızda təmin olunurmu? İxrac həyata keçirdiyimiz ölkələrdə iqtisadi vəziyyət necədir? Ümumiyyətlə, onlar bizim artan ixracatımızı almaq istəyirlərmi? 2018-ci ilin 8 ayı ərzində ölkəmiz 12,9 milyard ABŞ dolları ixrac həyata keçirib. Bunun isə cəmi 1 milyard 94 milyon dolları qeyri-neft sektorunun payına düşür.

Gördüyünüz kimi, ixracın 85%-i neft sənayesinə, 15%-i qeyri-neft sektoruna aiddir. Qeyri-neft sahəsi üzrə ixrac olunan məhsullara nəzər salsaq, bunlar əsasən pomidor, qabığı təmizlənmiş meşə fındığı, xurma, alma, xiyar və kartofdur. Çox cüzi nar şirəsi, tomat pastası və şərab yer alır. Göründüyü kimi, ölkəmizin qeyri-neft sektorunun ixrac lokomotivi hələ də yaş meyvə və tərəvəzlərdir. İdxalımız isə ixracımızı dəfələrlə üstələyir.

Ölkədə idxal əvəzləyici mallar istehsal olunmadığı bir vəziyyətdə şərtlər nə olursa olsun, biz həmin malları xaricdən almaq məcburiyyətindəyik. Manatın dəyər itirdiyi halda isə əzilən yenə də sadə vətəndaşlar olacaq. İxrac mallarının xarici tələb elastikliyi ilə idxal mallarının daxili tələb elastikliyi cəminin 1-dən böyük olması şərti mütləq təmin olunmalıdır”.

pia.az

Şərhlər

XƏBƏR LENTİ