SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Gizli sövdələşmə, yoxsa:Bağlanan bankların əmlakı niyə satılmır? - GƏLİŞMƏ

Gizli sövdələşmə, yoxsa:Bağlanan bankların əmlakı niyə satılmır? - GƏLİŞMƏ

Tarix:

22-11-2018, 10:14

/ 1 411 dəfə oxundu.
Gizli sövdələşmə, yoxsa:Bağlanan bankların əmlakı niyə satılmır? - GƏLİŞMƏ

Lisensziyası alınan bankların ləğvetmə prosesi davam edir.

Ən son “DəmirBank” ötən ilin dekabr ayında fəaliyyətini dayandırıb. 3 ilə yaxındır ki, ləğvetmə prosesində olan banklar var. Məsələn, “BankStandart” ASC, “TexnikaBank” ASC, “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC (sonradan Bank Olmayan Kredit Təşkilatı (BOKT) lisenziya verildi-müəl.), “Zaminbank” ASC, "Qafqaz İnkişaf Bankı" ASC "Atrabank" ASC, “Azərbaycan Kredit Bankı” ASC və "Bank of Azerbaijan” ASC 2016-cı ildən ləğvetmə prosesindədir. Bütün bankların ləğvedicisi kimi isə Əmanətlərin Sığortalanması Fondu (ƏSF) çıxış edir.

Maraqlı məqam ondadır ki, hələ də ləğv prosesində olan bankların müxtəlif ünvanlarda yerləşən binalarının üzərində reklam lövhələri, adları və loqoları əks olunur. Bu isə onu deməyə əsas verir ki, ƏSF hələ də ləğv prosesində olan bankların əmlaklarını satışa çıxarmayıb. Ümumiyyətlə, bankların ləğv prosesi necə getməlidir? Onların əmlaklarının taleyi necə olur? ƏSF ləğvetmə prosesini uğurla aparırmı?

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə şərhində deyib ki, lisenziyası ləğv olunan bank hüquqi şəxs kimi hələ də mövcuddur: “Buna görə də hazırda onların adlarının qarşısında “ləğv prosesində olan” yazılır. Məsələn, ləğv prosesində olan “Bank Standart”. O zaman bank tam ləğv olunur ki, məhkəmə yekun qərar verir. Hazırda ləğv prosesində olan bütün bankların ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur. Prosesə nəzarəti isə Apellyasiya Məhkəməsi aparır. Konkret olaraq Bakıda bütün banklar üzrə Bakı Apellyasiya, yalnız “GəncəBank”da Gəncə Apellyasiya Məhkəməsi bu nəzarəti həyata keçirir. Nəzarət prosesində eyni zamanda Kreditorlar Komitəsi də iştirak edir. Amma bu yalnız 4 bankda var. Digər banklarda Əmanətlərin Sığortalanması Fondu öz vədini pozdu və Kreditorlar Komitəsi yaradılmadı. Əmanətlərin Sığortalanması Fondunun işi isə ləğv edilən bankların əmlaklarını hərracda satmaq və bankın kreditlərini qaytarmalıdır.

Yəni, Fond bankın bütün əmlakını, torpağını, binasını, avtomobilini, mebelini və sair digər avadanlıqlarını pula çevirməlidir. Təbii ki, bu proses vaxt aparandır. Amma daşınar və daşınmaz əmlakda bu məsələ elə də vaxt aparmamalıdır. Əmlakı satmaq ciddi problem deyil, amma Əmanətlərin Sığortalanması Fondu bu prosesi çox ləng aparır. Ən sonuncu ləğv edilən bank “DəmirBank”-dı. Amma “Bank Standart” artıq 2, “Texnika Bank” isə artıq 3 ildir ləğv prosesindədir. Əmanətlərin Sığortalanması Fondu nəyi gözləyir, niyə əmlakları hərraca çıxarmır? Bunlar çox pis haldır və bizdə belə belə şübhələr yaranır ki, pərdəarxası sövdələşmələr gedir. Həqiqətən də əmlakın satılması niyyəti varsa, hərracı elan etsin, kim istəyir gəlib alısın. Ola bilər ki, bizim bilmədiyimiz pərdəarxası danışıqlar gedir və həmin əmlakları konkret şəxslərə satmaq istəyirlər. Bu da ilk növbədə bankda pulları qalan insanlar üçün pis haldır. Əmanətçilər istəyir ki, bankın əmlakları ən yüksək qiymətə satılsın, bunun da yeganə yolu hərracdır”.

Ə.Həsənov ƏSF-nun bankların ləğvedicisi kimi fəaliyyətini qənaətbəxş hesab etmədiyini vurğulayıb: “Ümumiyyətlə, əmanətlərin Sığortalanması Fondunun işində qüsurlar çoxdur. Məsələn, Fond əmanətçilərə, kreditorlara hər rübün sonunda bankın maliyyə vəziyyəti haqqında hesabat verməlidir, amma vermir. Heç vaxt bu hesabat verilməyib. Fond bütün bu prosesləri qeyri-şəffaf aparır. Fond bankın zamanında verdiyi kreditləri də çox ləng qaytarır. Bu məsələdə də Fondun canfəşanlığını görmürəm. Bu məsələdə də müəyyən şübhələr var ki, Fond borclulara gizli sövdələşmələrə gedir. Bütün bunlar isə ilk növbədə əmanətçilərə mənfi təsir edir. Ümumiyyətlə, Fondun bu sahədə fəaliyyəti qeyri-qənaətbəxşdir”.

Şərhlər

XƏBƏR LENTİ