SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Borcu borcla bağlamaq: Problemli kreditləri azaltmağın yeni yolu - Bu, çıxış yoludurmu?

Borcu borcla bağlamaq: Problemli kreditləri azaltmağın yeni yolu - Bu, çıxış yoludurmu?

Tarix:

31-10-2018, 09:27

/ 1 189 dəfə oxundu.
Borcu borcla bağlamaq: Problemli kreditləri azaltmağın yeni yolu - Bu, çıxış yoludurmu?

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il oktyabrın 1-nə 1 milyard 749 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, sentyabrın 1-i ilə müqayisədə 1,3 faiz azdır. İlin əvvəlinə nisbətən problemli kreditlər 7,5 faiz artıb, ötən il oktyabrın 1-nə nisbətən isə 5,8 faiz azalıb. Sentyabrın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 14,2 faiz təşkil edib. Bu nisbət iyulun sonuna 14,4 faiz, ötən ilin sonuna 13,8 faiz, ötən il sentyabrın sonuna isə 14,9 faiz təşkil edib. Qeyd edək ki, vaxtı keçmiş kreditlərin məbləği bu il sentyabrın 1-nə 1 milyard 772,4 milyon manat təşkil etmişdi. Bu, avqustun 1-i ilə müqayisədə 0,5 faiz az idi.

Maraqlıdır, problemli kreditlər könüllü ödəmələrin, məhkəmə qərarlarının, yoxsa yeni kreditlərin hesabına azalır?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında, bu məsələdə iki hesablama qaydasının olduğunu deyib:

“Mərkəzi Bankın hesablama qaydası ilə beynəlxalq reytinq agentliklərinin hesablamaları üst-üstə düşmür. “Moody's”, “Fitch” və digər reytinq agentliklərinin hesabatlarına görə, Azərbaycanda problemli kreditlərin həcmi təqribən 30 faizdir.Amma Mərkəzi Bankın hesablamalarında bu, təqribən 15 faiz civarında göstərilir.İki dəfədən artıq fərq yaranır.Bunun da səbəbi odur ki, Mərkəzi Bankın monitorinqinə və hesablama qaydalarına görə cüzi ödənişlər olduqda belə, bunu problemli kredit hesab etmir. Tutaq ki, kiminsə aylıq ödənişi 500 manatdır, amma müştəri bunun əvəzinə ayda 50 manat ödəyirsə, Mərkəzi Bank bunu problemli kredit saymır. Əslində, bunun özü də problemlidir.Çünki gələcəkdə borc faizləri artacaq və ödəniş qabiliyyəti kifayət qədər zəif olan həmin müştəri ümumiyyətlə, ödəmə iqtidarında olmayacaq.Çünki üzərinə daha çox borc yükü yığılır.Bu nöqteyi-nəzərdən problemli kreditlərin hesablanma qaydasında da dəyişiklik etməyə ehtiyac var”.

Ekspert hesab edir ki, problemli kreditlərin həcmindəki azalma çox cüzidir:

“Azalmanın əsas səbəbi hesablama qaydalarının qeyri-dəqiq olmasıdır. Digər tərəfdən, bu ilin əvvəlindən başlayaraq kreditlərin yenidən aktiv şəkildə verilməsinə start verildi.Bir çox bankda kredit şərtlərinin ağır olmasına baxmayaraq, kreditləşmə yenidən artırıldı.Müştərilər yeni götürdükləri kreditlərlə köhnə kreditlərin bir hissəsini bağlaya bildilər.Bu da statistik göstəricilərə təsir göstərir.Amma bu, özlüyündə problemlərin təxirə salınmasıdır. Yeni götürülmüş kreditlər problemli kredit kateqoriyasına daxil ola bilər. Bu, problemi daha da dərinləşdirə bilər.Mərkəzi Bankın statistikasından fərqli olaraq, hesab edirəm ki, bu problemlə daha dərindən məşğul olmaq və araşdırmaq lazımdır.Problemli kreditlər məsələsini həll etmək üçün ciddi bir yol xəritəsinə ehtiyac var. Hökumət bu problemi həll etmək istəmir.İki devalvasiyadan sonra bu problem daha da dərinləşib.Bəzi hallarda isə, bağlanan bankaların problemli kreditlərinin digər dövlət qurumuna ötürmək yolu ilə onu statistikadan silməklə məşğul olurlar.Yəni, reallıqla statistik rəqəmlər arasında ciddi fərq yaranır.Əslində bu, doğru yanaşma deyil.Bir müddət sonra bank sektorunda problemlərin daha da dərinləşdiyinin şahidi olacağıq.Heç də təsadüfi deyil ki, son vaxtlar bəzi bankların zərərlə işləməsi haqda məlumatlar var. Bankların əməliyyat xərcləri artıb.Bu isə bank sektorunda vəziyyətin getdikcə daha da dərinləşməsinin ilkin işarələridir.Bir müddət sonra bank sektorunda daha ciddi dalğalanma və problemlərin olması ehtimalı çox yüksəkdir”.

Şərhlər

XƏBƏR LENTİ