yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Yanacaq bazarında SİLKƏLƏNMƏ ANONSU! - Benzin bahalaşacaq,- deyirlər...

Yanacaq bazarında SİLKƏLƏNMƏ ANONSU! - Benzin bahalaşacaq,- deyirlər...
25-10-2018, 16:28 379 dəfə baxılıb

Bu günlərdə Nazirlər Kabinetinin verdiyi qərarla Azərbaycanda 92 (Aİ-92) oktanlı benzin idxalı müvəqqəti olaraq gömrük rüsumlarından azad edilib. Əvvəllər isə Aİ-92 markalı benzin üçün gömrük rüsumu 15 faiz idi. Qeyd edək ki, Nazirlər Kabinetinin başqa bir qərarı ilə Aİ-92 markalı benzinin idxalına görə aksiz dərəcəsi bir ton üçün 200 manatdan bir manatadək azalıb. Bu qərar 2018-ci ilin 1 oktyabr tarixindən tətbiq olunur və 90 gün müddətində qüvvədədir. Bildirilir ki, Nazirlər Kabinetinin sözügedən qərarları Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) işlərin planlaşdırılmış profilaktika işlərinə görə müvəqqəti dayandırılması ilə bağlıdır. Buna görə də benzin müəyyən həcmdə xaricdən idxal olunacaq.

Onu da nəzərinizə çatdıraq ki, Nazirlər Kabinetinin məhz bu qərarlarından sonra tezliklə Aİ-92 markalı benzinin qiymətində dəyişikliyin olacağına dair müxtəlif səpkili məlumatlar dolaşmaqdadır. Xatırlayırsınızsa, ötən ilin iyul ayında Tarif Şurasının iclasında Dövlət Neft Şirkətinin müraciəti əsasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb və nəticədə 92 oktanlı benzinin qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. İndi isə Aİ-92 markalı benzin idxalı müvəqqəti olaraq gömrük rüsumlarından azad edildikdən sonra adıçəkilən növ yanacağın qiymətində müəyyən dəyişikliyin ediləcəyi vurğulanır. Odur ki, bu gün əhalinin böyük bir hissəsini "92 oktanlı benzinin qiyməti ucuzlaşacaqmı?" sualı maraqlandırır.

Qeyd edək ki, mövzu ilə bağlı mövqeyini bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, gömrük rüsumundan azad olunmanın bu növ benzinin qiymətinin aşağı düşməsinə səbəb olacağı gözlənilmir. O, bildirib ki, Aİ 92 markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənizmləndiyi üçün bu qiymətə bazarın təsir imkanları məhduddur: "Dəyişikliyə əsasən, 92 oktanlı benzin üçün gömrük rüsumu 15 faizdən 0 faizə endirildiyini də nəzərə alsaq, bu zaman xərc müşahidələrinə ehtiyac yaranacaq. Aydındır ki, 3 aylıq güzəşt müddəti xərclərin monitorinqi və eləcə də qiymətin dəyişməsi üçün kifayət deyildir". İqtisadçı ekspert hesab edir ki, idxal edilən benzinin daxili istehlak qiymətinin aşağı salınması üçün həm güzəşt dairəsinin genişləndirilməsinə, həm də güzəşt müddətinin ən azı 1 illik dövrü əhatə etməsinə ehtiyac var: "Digər tərəfdən, güzəştlərin çox qısa müddəti, yalnız 3 ayı əhatə etməsi yerli benzin istehsalı həyata keçirən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir-yenidənqurma işlərinin aparılması ilə bağlıdır. Belə ki, yerli istehsalın azalmasının tələbə təsir etməməsi üçün növbəti 3 ayda idxalda güzəştlər tətbiq ediləcək. Bu zaman istehlakçılara yalnız yerli deyil, eyni zamanda oxşar markalı idxal benzini də təklif ediləcək".

"İqtisadi Təhlil İnstitutu" İctimai Birliyinin rəhbəri Məhəmməd Talıblı isə mövzu ilə bağlı mövqeyini bildirərkən, iqtisadi məntiqlə idxal rüsumlarının azalmasının idxal məhsullarının ucuzlaşmasına, rüsumların yüksəlməsinin isə həmin məhsulların qiymətinin artmasına səbəb olduğunu qeyd etdi: "Amma Azərbaycan iqtisadiyyatını davamlı olaraq izləyən şəxslərə məlumdur ki, bizə belə endirimlər nəsib olmayıb. Xatırlayırsınızsa, Tarif Şurası mal və xidmətlərin tarif dərəcələrini artıran zaman həmin mal və xidmətlərin maya dəyərinin formalaşmasında hansısa xammal və ya yarımfabrikatın dünya bazarında qiymət artımını əsas götürdüyünü əsaslandırmaq hissəsində qeyd edirdi. Lakin bir müddət sonra həmin məhsulun dünya bazarında qiymətləri düşən zaman Tarif Şurasının yaddaşına həmin yaxın keçmiş düşmür və tariflər dəyişdirilmir. Bu retrospektiv təhlil onu deməyə imkan verir ki, yenə də benzinin qiymətinin düşməsi üçün o cür sevindirici xəbər olmaya da bilər".

İqtisad elmləri doktoru Qubad İbadoğlu isə bu qənaətdədir ki, yeni standart yeni qiymətə hazırlığın anonsudur. Onun fikrincə, benzinin qiymətlərində yenidən artım gözlənilir. Bakı Neft Emalı Zavodunda planlaşdırılmış profilaktika ilə əlaqədar işlərin müvəqqəti olaraq dayandırılmasının yenidən diqqəti neft məhsullarının qiymətinə cəlb etdiyini vurğulayan Qubad İbadoğlu qeyd edib ki, artıq Aİ 92 markalı benzinin də xaricdən idxal olunmasına hazırlıq başlayıb: "Belə ki, "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"nə dəyişikliklər edilməsi haqqında qərar qəbul edib. Ölkəyə idxal edilən Aİ-92 markalı benzin 15 faizlik gömrük rüsumundan azad edilib və bu markalı benzin üçün aksiz dərəcəsi 200 manatdan 1 manata endirilib. Hər iki qərar oktyabrın 1-dən qüvvəyə minib və bu ilin son 3 ayında tətbiq olunacaq. Bununla yanaşı, Nazirlər Kabinetinin bu ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxış edən prezident Bakı Neft Emalı Zavodunda Avro-5 standartlarına uyğun benzin istehsalının anonsunu verib. Göründüyü kimi, bütün hazırlıqlar neft məhsullarının, o sıradan da benzinin, mazutun, dizel yanacağının və sürtgü materiallarının yeni qiymətinin əsaslandırılmasına hesablanıb. Əvvəlcə, rüsum və aksizləri ləğv edib, idxal benzinin qiymətini regional qiymətlərlə tarazlaşdırmaq yolunu seçən hökumətin sonradan həmin qiyməti yeni AzEuro standart benzin və digər neft məhsullarına tətbiq edəcəyi gözlənilir". İqtisadçı ekspert hesab edir ki, qiymət artımını şərtləndirən başqa bir arqument isə ölkəyə gətirilən avtomobillərin sayında müşahidə olunan artımdır: "Böyük ehtimalla, istehlakçılar yanacaq məhsullarının yeni qiymətləri sürprizi ilə ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində qarşılacaqlar".

Yeri gəlmişkən, Qubad İbadoğlu hələ bir neçə ay öncə, daha dəqiq desək, "Premium Euro-95" və "Super Euro-98" markalı benzinin qiymətinin qaldırılması zamanı bunun növbəti qiymət artımları üçün keçid rolunu oynayacağını bəyan edib. Belə ki, o, bu ilin sonuna yaxın Aİ-92 markalı benzinin və dizel yanacağının da bahalaşdırılacağını qeyd edib. Onun sözlərinə görə, bunun 4 əsas səbəbi var: "Birinci səbəb Bakı Neft Emalı Zavodunun oktyabr ayında əsaslı təmirə dayandırılmasıdır. Beləliklə də Azərbaycanda avtomobillərin istehlak etdiyi bütün növ yanacaq idxal məhsulu sayılacaq və bahalaşma dünya bazarı ilə əlaqələndiriləcək. İkincisi, avtomobil yanacağının müxtəlif növləri arasında qiymət fərqinin böyüməsidir. Hazırda dizel yanacağı ilə 98 markalı benzinin qiyməti arasında fərq 3 dəfədir. Eyni zamanda, son dövrdə dizel yanacağının istehlakı da artıb. Üçüncü səbəb avtomobillərin idxalının artımıdır. Bu ilin 7 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən avtomobillərin sayında 2,6 dəfə artım olub, idxal 4468-dən 11700 qalxıb. Sonuncu səbəb isə postsovet regiondan olan qonşu dövlətlərdəki qiymətlərlə müqayisədir. Belə müqayisələr qüsurludur. Əslində daha düzgün müqayisə orta aylıq əmək haqqının benzinlə olan alıcılıq qabiliyyətidir. Bu müqayisəyə görə, orta aylıq əmək haqqına Almaniyada 3000 litr, İranda 1840 litr, Rusiyada 1003 litr, Qazaxıstanda 920 litr, Belarusda 679 lirt, Gürcüstanda 495 litr, Türkiyədə 485 litr, Azərbaycanda isə 350 litr keyfiyyətli benzin almaq olar".
Hurriyyet.org


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

15-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ