yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Bazara yeni banklar gəlir? - DƏYİŞİKLİK

Bazara yeni banklar gəlir? - DƏYİŞİKLİK
11-10-2018, 10:53 192 dəfə baxılıb

Azərbaycanda bank sektorunun vəziyyəti qənaətbəxş olmadığı yenilik deyil.

Bankların maliyyə durumu acınacaqlıdır, kredit siyasəti yoxdur, digər gəlir gətirəcək alətləri isə demək olar ki, işləmir. Bu gün ölkədə fəaliyyət göstərən banklar demək olar ki, ancaq valyutadəyişmə məntəqəsi funksiyasını həyata keçirir. İqtisadçılar hesab edir ki, bankların təmərküzləşdirilməsinə ciddi ehtiyac var. Bank sektorunda bir müddət öncə aparılan islahatların, sağlamlaşdırma prosesinin yarıda saxlanılması müsbətə doğru dəyişikliyə imkan vermədi. Bu sahədə səlahiyyətli qurum olan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) prosesi 2018-ci ilin sonuna qədər başa çatdırmalı idi. Ancaq ilin sonuna az qaldığını nəzərə alsaq, bu prosesin zamanında yekunlaşacağı heç də inandırıcı görünmür.

Palatada aparılan son islahatlardan sonra bank sektorunun sağlamlaşdırılması prosesinin yenidən başlayacağı gözlənilir. Palatanın yeni nizamnaməsindən də görünür ki, şərtlər beynəlxalq standartlara uyğunlaşdırılır, əvvəlkinə nisbətən sadələşdirilir. Prezident İlham Əliyevin təsdiq etdiyi nizamnamədə göstərilir ki, Azərbaycanda bank və sığorta şirkətinin lisenziya alması üçün birbaşa dövlət başçısının razılığı tələb olunmayacaq. İkinci bənddən göründüyü kimi, Palata bank və sığorta fəaliyyətində lisenziyalaşdırma, eləcə də icazələrlə bağlı qərar verərkən bunu dövlət başçısı ilə razılaşdırmalıdır. Amma burada söhbət lisenziyanın verilib-verilməməsi ilə bağlı qərarlardan deyil, bunun üçün qoyulacaq tələb və standartların müəyyən edilməsindən gedir.

Maraqlıdır, yeni şərtlər bank və ümumilkdə maliyyə sektorunda hansı müsbət dəyişikliklərə yol açacaq? Bu, bazara yeni bankların gəlməsini stimullaşdıra bilərmi?

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə şərhində yeni nizamnamədə şərtlərin sadələşdiyini desə də, bazara yeni bankların gələcəyinin inandırıcı olmadığını bildirib. A.Nəsirli mövcud maliyyə bazarının buna adekvat olmadığı qənaətindədir: “Bu, sadə prosedur qaydaları, şərtlərin dünya standartlarına uyğunlaşdırılmasıdır. Məsələn, bank açmaq, maliyyə bazarında hansısa bir qurum yaratmaq üçün prezidentin qərar verməsi tələb olunmur. Sadəcə, standartlar müəyyənləşəcək və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) qərarı ilə məsələ həllini tapacaq. Əslində burada elə bir ciddi dəyişiklik yoxdur ki, bazarda hansısa yeniliyin olacağını gözləyək. Hazırkı şəraitdə ölkədə valyuta sabitliyi var, amma sahibkarların buna o qədər də etibarı yoxdur. Kredit bazarında vəziyyət olduqca gərgindir. Azərbaycanda bankların əsas gəlir mənbəyi kreditlərdir.

Çox təəssüf ki, dünyada bankların gəlir əldə etmək üçün yüzlərlə aləti var, amma Azərbaycanda bu alətlərdən yalnız biri işləyir. Buna isə həm ölkədəki maliyyə şəraiti imkan vermir, həm də banklar özləri həvəsli deyil. Düşünürəm ki, hazırda yeni bankların bazara çıxması gözlənilmir. Ümumiyyətlə, ölkənin maliyyə sferasına görə hazırda fəaliyyət göstərən bankların sayı da çoxdur. Hesab edirəm ki, Palatanın bankları təmərküzləşdirilməsi istiqamətində siyasəti olmalıdır. Ötən illərdə belə bir tendensiya hiss etdik, amma bu, bir qədər kortəbii oldu. Bu istiqamətdə beynəlxalq təcrübəni öyrənmək və bankların ədalətli təmərküzləşməsinə nail olmaq lazımdır.

Bu həm də böyük kapitallı bankların yaranmasına səbəb olar ki, gəlir əldə etmək üçün digər alətlərin yaranmasına da stimul verə bilər. İndiki şərait buna imkan vermir. Bankların sayı çox, kapitalı isə məhduddur. Yəni, kapitallar bölünmüş vəziyyətdədir. Bankların təmərküzləşməsinə ehtiyac var ki, bölünmüş kapitallar birləşsin və böyük vəsaitlərlə bankın manevr imkanları genişlənsin”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ