SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Elman Rüstəmov, yoxsa Samir Şərifov: - Palatada "nüfuz savaşı" bitdi?

Elman Rüstəmov, yoxsa Samir Şərifov: - Palatada "nüfuz savaşı" bitdi?

Tarix:

8-10-2018, 13:54

/ 1 095 dəfə oxundu.
Elman Rüstəmov, yoxsa Samir Şərifov: - Palatada "nüfuz savaşı" bitdi?

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) yaradılan zaman cəmiyyətdə bank sektorunda vəziyyətin dəyişəcəyinə böyük ümidlər gözlənilirdi. Vaxt keçdikdə ümidlər kəsildi. İstər bank sektorunda, istərsə də Palatanın nəzarətində olan digər sahələrdə müsbət dəyişikliklərin olacağına inam azaldı. Qurumun fəaliyyəti yalnız 11 bankın bağlanması ilə yadda qaldı. Bu, bankların sağlamlaşdırma prosesinin tərkib hissəsi sayılırdı, amma palata bu prosesi də yarımçıq saxladı. Hələ də bank sektoru sağlamlaşdırılmayıb, “xəstə banklar” bu gün də fəaliyyətini davam etdirir.

Keçən həftə prezidentin müvafiq sərəncamı ilə MPNP-nın fəaliyyətində dəyişikliklər edilib. Yeni nizamnamə təsdiq edilib və Palatanın idarəedici orqanı olan Direktorlar Şurası ləğv olunub. Belə ki, yeni nizamnaməyə görə, MBNP-nin idarəetmə orqanı artıq təkcə İdarə Heyətidir. Bundan əvvəlki nizamnamədə isə qurumun idarə edilməsi İdarə Heyəti ilə yanaşı, Direktorlar Şurasına həvalə edilmişdi. Həmin Şuraya Rüfət Aslanlı rəhbərlik edirdi. İdarə Heyətinin rəhbəri isə İbrahim Alışovdur. Yeni nizamnaməyə görə hazırda Palataya İbrahim Alışov rəhbərlik edir.

Ümumiyyətlə, Palata yaranandan bir müddət sonra daxili çəkişmələrlə gündəmə gəlirdi. Əsas mübarizə isə sabiq Direktorlar Şurasının sədri Rüfət Aslanlı ilə İdarə Heyətinin rəhbəri İbrahim Alışov arasında gedirdi. Bu mübarizə MBNP-nın qeyri-sağlam qurum görüntüsü yaratmışdı. İki rəhbər şəxs arasında gedən mübarizə Palatanın daxilində də parçalanmaya səbəb olur, bu da qurumun fəaliyyətində ciddi problemlər yaradırdı. Qurumda bir növ ikihakimiyyətlilik yaranmışdı. Palataya bir tərəfdən Rüfət Aslanlı (Direktorlar Şurası), digər tərəfdən İbrahim Alışov (İdarə Heyəti) rəhbərlik edirdi.

Daha bir iddia isə hər iki şəxsi “qoruyan əllər”lə bağlı idi. Belə ki, iddialara görə Rüfət Aslanlı maliyyə naziri Samir Şərifova, İbrahim Alışov isə baş bankir Elman Rüstəmova yaxın şəxsdir. Mübarizə də əslində bu konteksdə gedirdi. Baş verən dəyişikliklə görünən odur ki, Elman Rüstəmovun mövqeyi daha həlledici olub və Rüstəmov daha güclüdür. Samir Şərifov isə indiki halda uduzmuş görünür.

Hətta, bir müddət öncə rəhbər şəxslər arasında gedən nüfuz savaşı fonunda Palatanın ləğv olunacağı ilə bağlı məsələ də gündəmə gəlmişdi. Palatanın işinin öhdəsindən gəlmədiyi, yaranan problemləri aradan qaldırmaq iqtidarında olmadığı günlərlə mətbuatın müzakirə mövzusuna çevrilmişdi. Ekspertlər də deyirdi ki, bu qurum etimadı doğrultmadı, əksinə, hamıda özünə qarşı bir qıcıq, narazılıq yaratdı. Bank üzrə mütəxəssislərdən biri real durumu belə xarakterizə edirdi: “Bu qurum bank sektorundakı vəziyyəti düzəltmək, onu sağlamlaşdırmaq, insanların banklarla yaranmış problemlərini həll etmək əvəzinə, durumu daha da çıxılmaz hala saldı”.

Reallıq da həmin ekspertlərin iddiasına haqq qazandırır. Doğrudan da, Palata fəaliyyət göstərdiyi ötən dövr ərzində özünə kifayət qədər mənfi imic formalaşdırdı. Ona görə də dəyişiklik də, yenilik edilməsi də gözlənilirdi. Nəticədə gözlənilənlər oldu və yuxarıda da qeyd olunduğu kimi, ölkə başçısının Sərəncamı ilə qurumda müvafiq dəyişiklər edildi. Bu dəyişiklərin müsbət effekt verib-verməyəcəyini isə yaxın zamanlarda görmək mümkün olacaq.

Şərhlər

XƏBƏR LENTİ