SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Siqaretin bahalaşmasında Səfər Mehdiyevin də payı var...

Siqaretin bahalaşmasında Səfər Mehdiyevin də payı var...

Tarix:

3-10-2018, 13:07

/ 1 267 dəfə oxundu.
Siqaretin bahalaşmasında Səfər Mehdiyevin də payı var...

Azərbaycanda satılan siqaretlərin əksəriyyəti xaricdə istehsal olunur və gömrük əməliyyatları şəffaflaşdıqca, onun qiymətlərinin artması da qaçılmaz olur. Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Xatırladaq ki, sentyabrın 29-dan etibarən pərakəndə satış obyektlərində və siqaret köşklərində siqaretlər artırılmış qiymətlərlə satılır. "LD" siqaretlərinin bir qutusu 30 qəpik, "Sobranie" markalı siqaretlər 50 qəpik (2,8 manatdan 3 manatadək), "Kent" siqareti mağazalardan asılı olaraq 30-40 qəpik bahalaşıb. Satıcılar bu bahalaşmanı topdansatış mərkəzlərində buraxılış qiymətlərinin qaldırılması ilə izah edirlər.

Natiq Cəfərlinin sözlərinə görə, malların çatdırılması üçün müxtəlif kölgə sxemlərinin mövcud olduğu ötən illərdən fərqli olaraq, nə qədər qəribə görünsə də, indi gömrük əməliyyatları nisbətən şəffaflaşmağa başlayıb: "Ona görə də ölkəyə mal idxal edən şirkətlər gömrük rüsumlarını və bütün vergiləri tamamilə ödəyirlər. Həmin ödənmiş məbləğləri isə malların satış qiymətlərinin üzərinə tam şəkildə əlavə edirlər. Beləliklə, qiymətlər avtomatik artır".

"Siqaretlərə gəlincə, bir çox ölkələrdə onlar Azərbaycana nisbətən daha baha qiymətə satılır. Ona görə də, əgər sahibkarlar bütün rüsum və vergiləri ödəyirlərsə, onlara qiymət artımına görə irad tutmaq düzgün deyil. Bu səbəbdən bir çox ölkələrdə siqaret çəkmək əleyhinə mübarizə aparılır" — deyə ekspert bildirib.

Azərbaycan təəssüf ki, Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Bu səbəbdən də ölkə daxilindəki alıcılar, satıcılar və istehlakçılar beynəlxalq institutlar vasitəsilə malların keyfiyyətinə iradlarını bildirə bilmirlər. Özü də bu, təkcə siqaretin keyfiyyəti ilə bağlı deyil.

"Ona görə də Azərbaycana ikinci növ, yaxud çox aşağı keyfiyyətli siqaretlər gətirilir. Bilirlər ki, buna görə onlara nəzarət edəcək və cəzalandırılacaqları heç bir beynəlxalq mexanizm yoxdur. Bu baxımdan, mən düşünürəm ki, Azərbaycana digər ölkələrdən fərqli olaraq, daha aşağı keyfiyyətli məhsullar daxil olur" — deyə iqtisadçı bildirib.

Ekspert hesab edir ki, qiymət artımı yeni tütün fabrikinin fəaliyyətə başlaması ilə də əlaqədar ola bilməz: "Əvvəla, hələlik yeni tütün zavodunun nə vaxt işə düşəcəyi məlum deyil. İkincisi, yerli siqaretləri istehsal etmək üçün xammal yoxdur və bunun üçün xammal xaricdən alınmalıdır. İstənilən halda biz bu məsələyə valyuta sərf etməli olacağıq. Mən qiymətlərin artması ilə tütün məhsulları istehsal edəcək zavodun açılması arasında birbaşa əlaqə görmürəm".

Cəfərlinin sözlərinə görə, yerli istehsalçıların dəstəklənməsi üçün, ola bilsin, gələcəkdə siqraetin qiymətləri yenidən artsın: "Ancaq bu, tam yerli istehsal deyil. Çünki biz siqaretin istehsalı üçün lazım olan hər şeyi — tütünü, filtri və hətta yarışqanı xaricdən alırıq".

Bütün bunlarla yanaşı, məlumatlı mənbənin bildirdiyinə görə, gözləntilərə baxmayaraq, yeni siqaret istehsalı zavodunun fəaliyyətə başlaması sözügedən məhsulların qiymətlərinin aşağı düşməsinə səbəb olmayacaq. "Yeni zavodun siqaret istehsalına başlaması yalnız qiymətlərin tez-tez və birdən-birə sıçramasının qarşısını almaqla qiymətləri sabitləşdirə bilər. Azərbaycan istehlakçıların daha çox tələb etdiyi siqaret markalarını istehsal etməyi planlaşdırır" — deyə mənbə bildirib.

O, qeyd edib ki, siqaretin qiymətlərinin qalxması xarici faktorlarla, xüsusilə də dolların istehlakçı dəyərinin 2%-dən 3%-ə qədərini itirməsi ilə, aparıcı transmilli şirkətlərin mənfəət itkisinə yol verməmək üçün satdıqları məhsulların qiymətlərini qaldırması ilə bağlıdır: "Təkcə siqaretlərin qiymətləri deyil, elmi-texniki inqilab, yeni model avtomobillərin, mobil telefonların və s. meydana gəlməsi fonunda ilbəil hər şeyin qiyməti artır. Odur ki, qiymətlər daimi olaraq artacaq və buna alışmaq lazımdır".

Dünya Bankının Azərbaycan üzrə meneceri Navid Naqvi dəfələrlə Azərbaycan hökumətinə təklif edib ki, tütün məmulatlarına tətbiq olunan aksiz vergilərini artırmaqla qiymətlərin artmasına və əhalinin siqaret əldə etməsini məhdudlaşdırmağa nail olsun. Onun dediyinə görə, bu, büdcəyə daxil olan vəsaitlərin həcmini artıracaq və əhalinin sağlamlığına müsbət təsir göstərəcək.

Bununla əlaqədar olaraq, siqaret çəkənlər yaxın illərdə tütün məhsullarının qiymətlərinin artması tendensiyası ilə üzləşməli olacaqlar.

AR Dövlət Statistika Komitəsinin məlumatına istinad etsək, 2018-ci ilin yanvar-avqust aylarının nəticələrinə görə, ölkədə 2,363 milyard ədəd siqaret istehsal edilib. Bu isə 2017-ci ilin analoji dövründə istehsal edilən siqaretdən 4,5 dəfə çoxdur. Eyni zamanda cari ilin səkkiz ayının yekunlarına görə, 1,645 min ton fermentləşdirilmiş tütün istehsal edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 13,7% azdır.

Şərhlər

XƏBƏR LENTİ