yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

İnam Kərimov bu məsələni diqqətdə saxlamalıdır - NARAZILIQ VAR

İnam Kərimov bu məsələni diqqətdə saxlamalıdır - NARAZILIQ VAR
27-09-2018, 09:40 149 dəfə baxılıb

Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında cərəyan edən proseslərdən, daha dəqiq desək, orada mövcud olan nöqsanlardan, əhalinin ciddi narazılığına səbəb olan problemlərdən yazsaq, o zaman bir qəzetin onlarca səhifəsi bəs etməz. Çünki ölkənin bu bölgəsi tətbiq edilən qeyri-rəsmi qaydalara, o cümlədən yetkili şəxslər tərəfindən əhaliyə sərgilənən münasibətə görə digər regionlardan kəskin şəkildə fərqlənir. Elə bu səbəbdən də adamda elə təsəvvür yaranır ki, sanki Naxçıvan Azərbaycanın bir parçası deyil, hansısa yad məmləkətdir. Görünür, bu, Azərbaycan qanunlarının, paytaxtda verilən qərarların bir çox hallarda muxtar respublikada işləməməsindən irəli gəlir. Əgər belə olmasaydı, onda Naxçıvan arıçılarının Kənd Təsərrüfatı Nazirliyinin bu il təşkil edəcəyi bal yarmarkasında iştirakına süni əngəllər yaradılmazdı.

Məlumat üçün bildirək ki, "Arıçılıq haqqında" Qanuna uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi bu ilin 5-28 oktyabr tarixlərində Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ("A.M.A.Y Holdinq" MMC-nin ticarət mərkəzində) ünvanında arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasını keçirəcək. Bu barədə nazirliyin mətbuat xidmətindən verilən məlumatda qeyd edilib ki, yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını şəxsiyyət vəsiqəsini təqdim etməklə sentyabrın 15-dən 30-dək yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər. Nəzərinizə çatdıraq ki, yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq. Yarmarkaya hazırlıq tədbirlərini səmərəli təşkil etmək məqsədi ilə arıçılıq məhsullarının anbara qəbulu Lənkəran iqtisadi rayonu üzrə 15-18 sentyabr, Aran iqtisadi rayonu üzrə 19-21 sentyabr, Gəncə-Qazax iqtisadi rayonu üzrə 22-24 sentyabr, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 25-27 sentyabr, Quba-Xaçmaz və Abşeron iqtisadi rayonları üzrə 28 sentyabr, Dağlıq şirvan iqtisadi rayonu üzrə 29 sentyabr, Naxçıvan iqtisadi rayonu üzrə 30 sentyabr, Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə 30 sentyabr tarixində həyata keçiriləcək. Eyni zamanda şəffaflığın təmin edilməsi məqsədi ilə 2018-ci il oktyabrın 4-də yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatması keçiriləcək.

Onu da vurğulamaq lazımdır ki, bu il keçirilməsi planlaşdırılan bal yarmarkasının formatı ötənilki yarmarka ilə müqayisədə fərqli olacaq. Belə ki, Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətovun sözlərinə görə, bu dəfəki bal yarmarkası Qida Təhlükəsizliyi Agentliyi ilə birgə keçiriləcək. O, bildirib ki, adıçəkilən qurum satışa çıxarılacaq baldan nümunələr götürərək analiz edəcək.

Gördüyünüz kimi, Kənd Təsərrüfatı Nazirliyinin builki məlumatında arıxananın baytarlıq pasportu (şəhadətnaməsi), rayon baytarlıq idarəsindən verilmiş 2 nömrəli şəhadətnamə və rayon kənd təsərrüfatı idarəsindən arıçının qeydiyyatda olması barədə məktubla bağlı heç nə deyilmir. O cümlədən prosesin şəffaf keçirilməsi məqsədiylə hər kəsə bərabər şəraitin yaradılacağına dair söz verilib. Lakin buna baxmayaraq, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti, həmçinin Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Nazirlər Kabineti yerli arıçıların Bakıda keçiriləcək bal yarmarkasında iştirakına imkan vermir. Bununla bağlı redaksiyamıza daxil olan məlumata görə, naxçıvanlı arıçılardan biri 5-28 oktyabr tarixlərində paytaxtda təşkil olunacaq arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasında iştirak etmək məqsədiylə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Vəli Zihralı oğlu Novruzova müraciət edib. Ancaq qarşı tərəf arıçının müraciətinə müsbət cavab verə bilməyəcəyini vurğulayıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası rəhbərliyi tərəfindən verilən göstərişə əsasən naxçıvanlı arıçılar Bakıda təşkil olunacaq bal yarmarkasında iştirak etməməlidirlər. "Məhz elə buna görə də Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti arıçılara yarmarkada iştirak etmək üçün müvafiq sənəd verə bilməz" deyən Vəli Novruzov ona müraciət edən arıçıya məsələ ilə bağlı ətraflı məlumat almaq məqsədiylə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə üz tutmağı məsləhət görüb. Beləliklə də həmin arıçı muxtar respublikanın baş nazirinin birinci müavini Elşad Məmmədqulu oğlu Əliyevin qəbulunda olub. Lakin o da təxminən, eyni sözlərlə cavab verib və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun arıçıların Bakıda keçiriləcək yarmarkada iştirakı üçün zəruri sənədlərin verilməməsini tapşırdığını qeyd edib.

"Hürriyyət" olaraq biz Vasif Talıbov tərəfindən belə bir göstərişin verilib-verilmədiyini dəqiq deyə bilməsək də, görünən odur ki, bu ilin iyun ayının 27-dək Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsində çalışan, hazırda isə Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini olan Elşad Əliyev, o cümlədən əvvəllər Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində işləmiş, bu gün isə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi postunda əyləşən Vəli Novruzov heç bir tutarlı səbəb göstərmədən naxçıvanlı arıçıların paytaxtda keçiriləcək bal yarmarkasında iştirakına süni əngəl yaradırlar. Halbuki Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 avqust tarixli 57 nömrəli qərarı ilə təsdiq edilmiş "Arıçılıq təsərrüfatlarının uçotu Qaydası"nda birmənalı şəkildə qeyd olunub ki, arıçılıq təsərrüfatlarının uçotunu müvafıq ərazilər üzrə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin müvafıq yerli qurumları həyata keçirir. Sözügedən sənəddə bildirilir ki, arıçılıq təsərrüfatının rəhbəri uçota durmaq üçün müvafıq ərazi üzrə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin müvafıq yerli qurumuna ərizə ilə müraciət etməlidir. Ərizədə arıçılıq təsərrüfatının rəhbərinin soyadı, adı, atasının adı, yaşayış yeri və arıçılıq təsərrüfatının yerləşdiyi, yaz-yay və payız aylarında köçürüldüyü ərazilərin adları, arı ailələrinin sayı, onların orta məhsuldarlığı, təsərrüfatın sağlamlığı barədə baytar həkiminin arayışı və aparılan baytarlıq tədbirləri barədə məlumatlar göstərilməlidir. Bundan başqa, arıçılıq təsərrüfatının rəhbərinin şəxsiyyətini təsdiq edən sənədin surəti də ərizəyə əlavə edilməlidir. "Arıçılıq təsərrüfatlarının uçotu Qaydası"nda göstərilib ki, arıçılıq təsərrüfatlarının uçotunu aparan yerli qurum ərizəyə 2 gündən gec olmayaraq baxmalıdır.

Gördüyünüz kimi, buradan da belə qənaətə gəlmək olar ki, Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini Elşad Əliyev və Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Vəli Novruzov Vasif Talıbovun adından istifadə edərək, məhz Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş "Arıçılıq təsərrüfatlarının uçotu Qaydası"na zidd hərəkət edir, bununla da naxçıvanlı arıçıların bal yarmarkasında iştirakına imkan vermirlər. Odur ki, sözügedən məsələ ilə bağlı ətraflı məlumat almaq məqsədiylə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynovla əlaqə saxladıq.

Beləliklə, söhbət zamanı məlum oldu ki, Kənd Təsərrüfatı Nazirliyi arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkası ilə bağlı təşkilati məsələlərə başlayarkən Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə və Naxçıvan Arıçılar Assosiasiyasına müraciət edib: "Kənd Təsərrüfatı Nazirliyi tərəfindən onlara bildirilmişdi ki, yarmarka keçiriləcək və yarmarkada iştirak etmək istəyən şəxslərin siyahısı bizə təqdim edilsin. Amma ordan bizə bildirdilər ki, yarmarkaya qatılmaq istəyən yoxdur. Lakin kimsə fərdi qaydada qatılmaq istəyirsə, o zaman onlar Baytarlıq Xidmətinə müraciət etməlidirlər. Baytarlıq Xidməti də həmin şəxsin adını bizə təqdim etməklə yarmarkada iştirak edə bilərlər". Anar Hüseynova Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin naxçıvanlı arıçılara yarmarkada iştirak etmək üçün lazım olan sənədi vermədiyi dedikdə, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri bunu təəccüblə qarşıladı və bizdən bunun səbəbini soruşdu. Qeyd etdik ki, bununla bağlı redaksiyamıza müraciət edən arıçıya heç bir səbəb göstərilməyib, sadəcə "Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti arıçılara yarmarkada iştirak etmək üçün müvafiq sənəd verə bilməz", deyə cavab verilib. Onu da vurğulamaq lazımdır ki, məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti ilə əlaqə saxlamağa çalışsaq da bu, mümkün olmadı. Çünki adıçəkilən qurumların saytlarında onlarla bağlı hər hansı bir məlumat, eləcə də əlaqə nömrələri və elektron ünvanları qeyd olunmayıb. Əslində bu gün Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının böyük əksəriyyətində bu cür vəziyyət yaşanmaqdadır.

Xülasə, bütün bunlar bir daha onu deməyə əsas verir ki, Naxçıvan Azərbaycan qanunları ilə idarə olunmur, ölkənin hər yerində qəbul edilən qaydalar və qərarlar burda heçə sayılır. Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini Elşad Əliyev və Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Vəli Novruzovun naxçıvanlı arıçıların bal yarmarkasında iştirakına imkan verməmələri bunun bariz sübutu kimi qiymətləndirilməlidir.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
"Hürriyyət"in Araşdırma Qrupu


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-10-2018


17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ