SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Siqaretlər yenə bahalaşacaq - SƏBƏB

Siqaretlər yenə bahalaşacaq - SƏBƏB

Tarix:

19-06-2018, 10:43

/ 1 143 dəfə oxundu.
Siqaretlər yenə bahalaşacaq - SƏBƏB

Azərbaycanda tütündən hazırlanan siqaretlərə tətbiq edilən vergi dərəcəsi artırılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Vergi Məcəlləsinin 190-cı (aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 12 manat vergi tutulacaq. Hazırda isə bu məbləğ 4 manat təşkil edir.

Digər bir dəyişikliklə Azərbaycanda istehsal olunan siqarlar, ucları kəsilən siqarlar və siqarillaların (nazik siqarlar) 1000 ədədinə görə 20 manat vergi tutulacaq. İndiyədək isə bu, 10 manat idi.

Qeyd edək ki, dəyişikliklər Azərbaycanda istehsal olunan tütün məmulatlarına tətbiq olunan aksiz dərəcələrinin artırılması məqsədilə hazırlanıb. Və Milli Məclisin mayın 12-də keçirilən növbədənkənar plenar iclasında səsə qoyularaq qəbul edilib.

Vergi dərəcəsinin artırılması ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə Sputnik Azərbaycan-a açıqlama verib. O deyib ki, ötən ilki vəziyyətə baxsaq, Vergilər Nazirliyinin dövlət büdcəsi qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirə bilmədiyini görərik.
E.Bağırzadə qeyd edib ki, vergi sistemində iki istiqamətdə işlər görülməlidir:

"Birincisi, qeyri-rəsmi sektor kifayət qədər məhdudlaşdırılmalıdır ki, oradan vergi gəlirləri artsın. Yəni vergi bazasının genişləndirilməsi hesabına. İkincisi, yeni vergi mənbələri axtarılıb tapılmalıdır. Onlardan da biri dünya təcrübəsinə uyğun daha çox lüks istehlaka qoyulan vergilərdir".

"Siqaret kifayət qədər lüks istehlakdır. Dünyanın hər yerində dövlətlər yeni vergi qoyulması ilə bağlı vergi mənbələri axtaranda ilk növbədə spirtli içkilərin, siqaretlərin və s. üzərinə düşürlər. Eyni zamanda bunlar da kifayət qədər zərərli məhsullardır. Bu baxımdan düşünürəm ki, bu da həmin siyasətin davamıdır ki, vergi gəlirlərini artırsın" — deyə ekspert bildirib.

O, bu addımın siqaretin qiymətinə təsir edəcəyini də qeyd edib.

İqtisadçı-ekspert Rəşad Həsənov isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, hökumət hazırda müxtəlif istiqamətlərdən büdcə daxilolmalarını artırmağa çalışır: "Əksər hallarda bu istiqamətlərdə vergi dərəcələrinin artması hər hansı bir sosial qıcıq formalaşdırmır. Hökumət çalışır ki, hazırda alternativ istiqamətlərdən gəlirləri daha da artırsın. Məqsəd budur".
R.Həsənovun fikrincə, 3 dəfə verginin artırılması son nəticədə bazarda qiymətlərə öz təsirini göstərəcək: "Xüsusilə də Azərbaycanda tütün bazarında həm idxalda, həm də daxili istehsalda inhisarçılıq var. Bu isə imkan yaradır ki, qiymətləri hansısa formada artırmaq mümkün olsun".

Onun sözlərinə görə, əvvəlki dövrlərdə qiymətlərin artmasını əngəlləyən müəyyən faktorlardan biri də qaçaqmalçılıq yolu ilə ölkəyə idxal olunan siqaret və digər tütün məhsulları idi. Hazırda qaçaqmalçılıqla mübarizə səyləri daha da artırılıb və bunun qarşısı alınır.

İqtisadçı düşünür ki, siqaretin qiyməti yaxın gələcəkdə bahalaşacaq:

"Nəticədə büdcənin bu istiqamətdə gəlirlərində müəyyən qədər artım olacaq. İkincisi, qiymətlər bahalaşacaq. Üçüncüsü, alıcılıq imkanları hələ də zəif olan ölkə əhalisi daha aşağı keyfiyyətli siqaret istehlakçısına çevriləcək".

Ekspert bildirib ki, ilk növbədə yerli istehsal olunan məhsulların qiymətində dəyişiklik baş verəcək. Amma Azərbaycan bazarının xüsusiyyətlərini nəzərə alsaq, çox qısa müddətdə idxal olunan məhsulların da qiymətlərində uyğunlaşma aparılacaq. Tələblər arasında müəyyən uzlaşma da var. Yəni bu, idxal olunan məhsulların da bahalaşmasını şərtləndirəcək.

Qeyd edək ki, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Rüfət Quliyev deyib ki, dəyişikliklər nəticəsində Azərbaycanda istehsal olunan siqarlar, ucları kəsilən siqarlar və siqarillalara (nazik siqarlar) tətbiq edilən vergi dərəcəsinin artırılması istehlakçılara ciddi təsir göstərməyəcək. Çünki sözügedən məhsullar ümumilikdə tütün məhsulları bazarının 0,1-0,3%-ni təşkil edir.

Deputatın sözlərinə görə, siqarlar, ucları kəsilən siqarlar və siqarillalar zərif məhsullardır və onsuz da klassik siqaretlərdən bahadır: "Qanunvericiliyə edilən dəyişikliyin tütün bazarında ajiotaja səbəb olacağını düşünmürəm. Onsuz da siqar, ucları kəsilən siqar və siqarillalar kütləvi istifadə olunan məhsullar deyil. Onlardan yalnız müəyyən bəlli kontingent istifadə edir".
Quliyev bildirib ki, son 2-3 ildə dövlət güclü proteksionizm siyasəti həyata keçirir, lakin söhbət praqmatik proteksionizmdən gedir:

"Amma bu, o demək deyil ki, hər şeyin qiymətini qaldırmaq, yaxud da bunun qarşısını almaq lazımdır. Düzünü deyim ki, mən hələ bilmirəm, kim siqar və siqarillaları istehsal edəcək, ancaq bəzi planlar ola bilər. Hər halda Azərbaycan dünya iqtisadiyyatının inkişaf yolundadır".

"Avropa və Asiyanın qabaqcıl ölkələrində gedən proseslər təbii olaraq, bir il tez, yaxud gec bizdə də baş verəcək. Bundan əlavə, qəlyan tütününün istehsalı çox maraqlı ola bilər. Bu gün Azərbaycanda bazar var və tələbat da ildən-ilə minimum 10% səviyyəsində artır. O, bütün dünyada inkişaf edir, Azərbaycanda da" — deyə millət vəkili bildirib.

Şərhlər

XƏBƏR LENTİ