SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Rüfət Aslanlıya sərt ittihamlar... - “Bütün bu işlərin arxasında dayanan da odur”

Rüfət Aslanlıya sərt ittihamlar... - “Bütün bu işlərin arxasında dayanan da odur”

Tarix:

15-06-2018, 09:46

/ 1 603 dəfə oxundu.
Rüfət Aslanlıya sərt ittihamlar... - “Bütün bu işlərin arxasında dayanan da odur”

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə tanınmış iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənovun barəsində absurd bir xüsusi qərardad çıxarılıb. Təcrübəli hüquqşünas Əkrəm Həsənov ləğv edilmiş “Bank Standard”ın 82 əmanətçisinin nümayəndəsi olaraq Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasını məhkəməyə verib.

İddianın mahiyyəti də budur ki, 82 vətəndaşa bu 2 qurumun səhlənkarlığı üzündən böyük ziyan dəyib və həmin ziyan tutulub əmanətçilərə qaytarılmalıdır. İddia onunla əsaslandırılır ki, 10 il ərzində hər il “Bank Standard”da yoxlama aparılıb, müvafiq aktlar tərtib olunub və işlərin qaydasında getdiyi əksini tapıb. Bank ləğv olunanda isə məlum olub ki, əslində əmanətçilərin “Bank Standard”a etibar etdiyi əmanətləri sağa-sola xərclənib, heç bir girov təminatı olmadan kredit şəklində verilib. Odur ki, əmanətlər batıb. Bu gün 82 əmanətçinin bankın müflisləşməsində təqsirli olan şəxslərə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində və Nəsimi Rayon Məhkəməsində 6 kollektiv iddiası var. İddiada təqsirkarlardan vurulan zərərin əvəzi - 47 milyon 500 min dollardan (81 milyon manat ) çox məbləğin ödənilməsi tələb olunur. Mətbuatda bu qalmaqallı məhkəmə çəkişməsi haqda məlumat yayılıb. Mənbəyi bilinməyən məlumatlarda Əkrəm Həsənovun hərəkətlərində cinayət əlamətlərinin aşkar olunması ilə bağlı xüsusi qərardad qəbul edilməsi və məsələnin baxılması üçün prokurorluğa göndərildiyi bildirilir.

Əkrəm Həsənov deyir ki, mayın 24-də qəbul olunan xüsusi qərardad 2 gün əvvəl ona təqdim olunub. Onun sözlərinə görə, xüsusi qərardad qərəzlidir: “Maliyyə Bazarlarına Nəzarət Palatası iddia edir ki, guya mən bank sirri olan məlumatları yaymışam və barəmdə xüsusi qərardad çıxarılmasını tələb edib. Hakim Elçin Məmmədov məhkəmə prosesində dedi ki, cinayət əməlinə qiymət vermirlər, bəs məhkəmə inzibati-iqtisadi məhkəmədir. Halbuki Elçin Məmmədov cinayət işləri üzrə məhkəmədə işləyib. Hakim özü də işdə açıq-aşkar qərəzlidir. Palatanın verdiyi gün hakim Elçin Məmmədov iclası dayandırdı. Həmin günün sonunda mən yazılı şəkildə etirazımı hakimə təqdim etdim. Palatanın verdiyi vəsatətin niyə qərəzli və əsassız olduğunu ortaya qoydum. Bundan 10 gün sonra hakim xüsusi qərardad qəbul edib. Qərardadda mənim etiraz təqdim etməyim, göstərdiyim arqumentlər yoxdur. Hakim qərəzli olmasaydı, xüsusi qərardadda yalnız 1 tərəfin fikirlərini əks etdirməzdi. Mənim gətirdiyim 5 arqumentdən 1-ni heç olmasa, xüsusi qərardada əlavə edərdi. Həmin arqumentlərin hər biri ayrı-ayrılıqda xüsusi qərardadın qərəzli olduğunu təsdiqləyir”.

Əkrəm Həsənov deyib ki, qarşı tərəf iddia edir ki, guya bank sirrini yaymaqla cinayət törədilib: “Həmin məlumatları mənə məhkəmə təqdim edib, bunu özləri də vəsatətlərində, sonradan isə xüsusi qərardadda yazırlar. Bundan başqa, İnzibati Prosessual Məcəllədə xüsusi qərardad anlayışı yoxdur! Sadəcə, yoxdur! Hakim belə bir qərardad çıxara bilməzdi! Digər tərəfdən, ”Bank Standard"ın ləğv planında bank sirri yoxdur. Xüsusi qərardadda da hansı bank sirrindən söhbət getdiyi açıqlanmır. Bank sirri söhbəti varsa, konkret olmalıdır, konkret müştəri haqda məlumat olmalıdır. Yoxdur belə məlumat! “Banklar haqqında” Qanuna görə, ləğv planı bütün kreditorlara təqdim olunmalıdır. Yəni məhkəmə də həmin ləğvetmə planını mənə təqdim edib. Əgər ləğv etmə planında bank sirri olsaydı, Bakı Apelyasiya Məhkəməsi həmin sənədi mənə təqdim etməzdi. Deməli, məhkəmə həmin sənədi kreditorlara təqdim etməklə sənəddə bank sirri olmadığını təsdiqləyib".

Əkrəm Həsənov Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı ilə münasibətlərinin gərgin olmasını da açıqladı. Bildirdi ki, bank sahəsində çox nadir peşəkarlardan olan R.Aslanlı onun yaratdığı “Antikollektor” şirkəti haqda mətbuatda xoşagəlməz fikirlər səsləndirib: “Şirkətə gəlmişdi, özünü müştəri kimi təqdim etmişdi və sonra gedib mətbuatda cəfəng fikirlər səsləndirmişdi. Yəni Palatanın rəhbərliyi mənə qarşı qərəzlidir. Düzdür, hazırda Rüfət Aslanlı faktiki olaraq səlahiyyətsiz durumdadır. Hazırda Palatada söz sahibi İbrahim Alışovdur. Bütün bu işlərin arxasında dayanan da odur. Belə absurd, bisavad vəsatətlərlə məni qorxutmaq mümkün deyil”.

Əkrəm Həsənov deyir ki, Palata rəhbərliyi belə vəsatətlərlə digər bağlanmış banklardan “Antikolektor”a axışan bank müştərilərinin qarşısını almağa çalışır: “Bu xüsusi qərardad məhkəmədə elan olundu, amma bizə təqdim olunmadı. Bu təsadüfi deyildi. Onlar mətbuata xəbər sızdırdılar ki, guya məhkəmə əməlimdə cinayət tərkibi tapıb. Hesab edirəm ki, belə sızdırılmanın arxasında Palata durur. Mayın 24-də məhkəmədə elan olunan xüsusi qərardadı mənə 2 gün əvvəl veriblər. Mənə verməmişdən əvvəl isə məlumat mətbuatda peyda olmuşdu. Rüfət Aslanlı belə bir addım atmazdı. Çünki işinin peşəkarıdır. Bilir ki, belə addımlarla cılızlığı ortaya qoymuş olacaq. Bilinəcək ki, qanunsuz, əsassız, qeyri-peşəkarlıqdan doğan bir vəsatət verilib”.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ