SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Dərman istehsalının ölkə iqtisadiyyatına təsiri - Açıqlama

Dərman istehsalının ölkə iqtisadiyyatına təsiri - Açıqlama

Tarix:

17-01-2017, 16:08

/ 1 623 dəfə oxundu.
Dərman istehsalının ölkə iqtisadiyyatına təsiri - Açıqlama

Yanvarın 16-sı Bakıdakı Pirallahı Sənaye Parkında "Caspian Pharmed" əczaçılıq zavodunun təməlqoyma mərasimi keçirilib.

İlkin mərhələdə 20,6 milyon ABŞ dolları investisiya qoyulacaq müəssisədə ağrıkəsici, ürək-damar xəstəlikləri, qeyri-steroid iltihab əleyhinə vasitə, antihistamin kateqoriyalı dərman vasitələri, həmçinin vitaminlər və qida əlavələri istehsal ediləcək. İlkin mərhələdə zavodda 54 təsiredici maddə üzrə 84 çeşiddə dərman vasitəsi istehsal olunacaq. Zavodun illik istehsal gücü birinci mərhələdə 201 milyon ədəd həb və kapsul təşkil edəcək. Gələcəkdə istehsalın genişləndirilməsi nəzərdə tutulur.

Azərbaycanda dərman istehsalı iqtisadiyyatımıza necə təsir edəcək? Dərman istehsalı üçün xammallar xarici ölkələrdən idxal olunacaq?

Bu sualları iqtisadçı ekspert Rəşad Həsənov cavablandırarkən bildirdi ki, dərman zavodları fəaliyyət göstərərkən xammal baxımından müəyyən qədər idxaldan asılı olacaqlar. Amma buna baxmayaraq, son məhsulun Azərbaycanda istehsal edilməsi iqtisadi aktivliyə öz təsirini göstərəcək, məşğulluğun genişlənməsinə səbəb olacaqdır

"Azərbaycanda inkişaf etdirilmə imkanı olan sahələrdən biri də dərman istehsalı sahələridir. 2014-cü ildən başlayan böhrandan sonra qeyri-neft sektorunun inkişafı baxımından bu sahəyə diqqət artırılıb. İran, Rusiya, Polşa və digər ölkələrin dərman istehsalı şirkətlərinin əməkdaşlığı nəticəsində bu sahədə aktivlik hiss olunur. Təbii ki, dərman zavodları fəaliyyət göstərərkən xammal baxımından müəyyən qədər idxaldan asılı olacaqlar. Amma buna baxmayaraq, son məhsulun Azərbaycanda istehsal edilməsi iqtisadi aktivliyə öz təsirini göstərəcək, məşğulluğun genişlənməsinə səbəb olacaqdır. Müəssisələrin bölgələrdə yerləşməsi məşğulluğa öz müsbət təsirini göstərəcək. Müəssisələrin fəaliyyəti nəticəsində dövlət büdcəsinə vergi daxilolmaları iqtisadi baxımından müsbət qiymətləndirilə bilər. Bundan əlavə, bu müəssisələr xarici partnyorlarla əməkdaşılığı nəticəsində ölkəyə xarici investisiyanın cəlb edilməsi gözlənilir. Bütövlükdə bu kimi müəssisələrin fəaliyyətə başlaması ölkə iqtisadiyyatına xeyirlidir. Həm məşğulluq baxımından, həm gəlirlərin artması baxımından, xüsusilə də ölkə iqtisadiyyatında zəif halqaların aktivliyinin artırılması baxımından. Çünki ölkədə dərman istehsalı ən aşağı səviyyədə idi və idxaldan kifayət qədər asılıdır. Ölkədə dərman istehsalının bərpa edilməsi xarici valyuta axınını müəyyən məhdudlaşdıra bilər ki, bu da tədiyyə balansında manat üzərində təzyiqin zəifləməsinə gətirib çıxara bilər".

Ekspert dərman zavodlarının tikilməsini və gələcək fəaliyyətini müsbət addım kimi qiymətləndirdi. Lakin ekspert onu da qeyd etdi ki, bu layihədə hər bir risk nəzərə alınmalıdır ki, digər layihələr kimi fəaliyyətini dayandırmasın:

"Ümumilikdə müsbət addımdır, amma bu şərtlə ki, bu müəssisələr bazar iqtisadiyyatı prinsiplərinə əsaslanmış istehsal şərtlərini formalaşdıra bilsinlər. Bu müəssisələrin fəaliyyətində sonrakı dövrlərdə hər hansı administrativ maneələr ortaya çıxmasın. Şahid olduğumuz digər layihələr kimi təntənəli şəkildə fəaliyyətə başladıqdan sonra hansısa səbəblərə görə fəaliyyətini dayandırmasın. Bunun üçünsə öncədən təhlillər aparılmalıdır və güman edirəm ki, bütün risklər nəzərə alınıb".

Qeyd edək ki, əczaçılıq sahəsi üzrə ixtisaslaşan Pirallahı Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılıb. Artıq noyabrın 2-də Pirallahı Sənaye Parkında Azərbaycan-Rusiya birgə müəssisəsi olan “Hayat Pharm” əczaçılıq zavodunun təməli qoyulub. Hazırda ölkəmizdə əczaçılıq sənayesinə maraq göstərən bir sıra Avropa ölkələrinin, Türkiyə və Yaponiyanın aparıcı şirkətləri ilə danışıqlar aparılır.

Şərhlər

XƏBƏR LENTİ