SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » “Bakı Abadlıq Xidməti” milyonlarla manatı hara xərcləyib?

“Bakı Abadlıq Xidməti” milyonlarla manatı hara xərcləyib?

Tarix:

19-05-2018, 11:52

/ 1 423 dəfə oxundu.
“Bakı Abadlıq Xidməti” milyonlarla manatı hara xərcləyib?

“Bakı Abadlıq Xidməti” MMC-nin fəaliyyəti haqqında “haqqın.az” portalının hazırladığı məqaləni təqdim edir.

Qəribə şəkildə yerli icra hakimiyyəti orqanları ilə əlaqələndirilən “Bakı Abadlıq Xidməti” adlı özəl müəssisənin fəaliyyəti dövlət büdcəsindən ayrılan vəsaitlərin talan edilməsi ilə bağlı yeni ehtimallara yol açır.

Şəhər büdcəsi – harada boş, harada isə doludur

Necə olur ki, dövlətin ayırdığı hər bir qəpiyə görə cavabdeh olan Bakı meriyasının aparatı, pulları birmənalı olmayan şəkildə xərcləyir?

Çoxmilyonluq maliyyə axınlarını nizamlayan Bakı İcra Hakimiyyəti səxavətli şəkildə milyonları özəl strukturlara xərcləyir, iş dövlət strukturlarına çatanda isə xəzinənin qapısı, demək olar ki, bağlanır.

Meriya özəl sektora xüsusi simpatiya bəsləyir? Çoxlu misallar gətirmək olar.

Onlarla şirkət və ya fiziki şəxs bu qurumdan (həm də digər şəhər və ya rayon hakimiyyət orqanlarından) mallara və ya xidmətlərin göstərilməsinə görə müqavilədə nəzərdə tutulan məbləği belə ala bilmir. Kiminsə nə vaxtsa açdığı “büdcə ventilini” isə heç kim nəzarətə götürmək barədə düşünmür.

Təsəvvür edin, Bakının abadlığına cavab verən analoji dövlət strukturu – Şəhərin Yaşıllaşdırılması üzrə Təsərrüfat Birliyində hər il Hesablama Palatası və ya Vergilər Nazirliyi tərəfindən yoxlamalar aparılır. Bunun hansı anlama gəldiyini hər bir sahibkar anlayır.

Təsərrüfat obyektinin sahiblərinin başı haradasa bir ay Hesablama Palatası auditorlarının və ya vergi müfəttişlərinin sorğularının yerinə yetirilməsinə qarışır. Üstəlik, demək olar ki, hər bir yoxlama zamanı hansısa ciddi bir nöqsan ortaya çıxır.

Yeri gəlmişkən, auditorlardan birinin ötən ilin yekunlarına dair hesabatı diqqətəlayiqdir. Həmin rəydə yaşıllaşdırma işi ilə məşğul olanların kənardan sifarişlərin qəbulunu effektiv şəkildə təşkil etmədiyi, yalnız yuxarıdan həvalə olunan planlı işlərlə kifayətləndiyi qeyd olunur.

Yəni sadə dillə desək, yalnız dövlət sifarişini yerinə yetirirlər.

Düzgün məsəldir, işləməyən dişləməz. Əlavə gəlirlər təsərrüfatın rəhbərliyinə həm işçilərin maaşlarını artırmağa, həm də yeni texnika almağa kömək ola bilərdi. Rəhbərliyin başı başqa məsələyə qarışdığı halda, buna necə nail olmaq olar axı?

Bu təsərrüfat göz gör-görə “mişarlandığı” halda, hansı kənar sifarişlərdən söhbət gedə bilər? Sakit oturacaq, heç olmasa azdan-çoxdan maaşını alacaq. Həddindən artıq aktivlik isə dövlət strukturunun və xidmət ərazilərinin itirilməsinə səbəb ola bilər.

Görünən odur ki, bu dövlət strukturuna yalnız “başını aşağı salıb öz işi ilə məşğul olması” tapşırıldığından heç kim “Bakı Abadlıq Xidməti” MMC-dən danışmaq istəmir. Halbuki bu açıq-aydın rəqabətdə olan şirkətdir.

İstənilən sahibkar üçün öz rəqibinə qarşı kompromat tapmaq çətin məsələ deyil. Ancaq bunu MMC barədə hər suala sükutla cavab verən təsərrüfat rəhbəri Vaqif Novruzova şamil etmək olmaz.

Yəqin ki, Novruzov bunun düzgün olduğunu düşünür. Hökumət Evinin ətrafında olan bağlar təsərrüfatın əlindən alınıb. Sağ olsunlar ki, azından üç ayrı hissədən ibarət olan kiçik bağın ən gözəgələn hissəsi əllərindən çıxmayıb. Halbuki bu bağ düz hökumət üzvlərinin gözləri önündədir.

Çox qəribə mənzərə yaranır: vaxtaşırı fasad bağının torpağı peyinlə qarışdırılır, bir neçə gün ərzində ətrafı xoşagəlməz qoxu bürüyür. Qoxu tədricən keçsə də, ürəkaçan yaşıllıq xeyli müddət göz oxşayır.
Eyni zamanda, yan parklarda köhnə ot örtüyünün əvəzinə, həmin qazondan olan yeni rulonlar salınır. Novruzov özü də yaxşı bilir ki, rulonu döşəmək həm asan, həm də xoşagələndir, üstəlik, heç bir arzuolunmaz qoxuya səbəb olmur. Ancaq nə etmək olar – büdcə buna imkan vermir.

Yaxınlıqda olan “Sahil” parkında da oxşar mənzərənin şahidi ola bilərik. Halbuki, orada Səbail İcra Hakimiyyəti, Şəhər Prokurorluğu, Axundov adına Kitabxana, “Sahil” metrostansiyası, “Yeni Azərbaycan Partiyası”nın mərkəzi ofisi və digər əhəmiyyətli binalar yerləşir.

Elə təsəvvür yaranır ki, Şəhər İcra Hakimiyyəti həmin parkları və bağları “Bakı Abadlıq Xidməti” MMC-yə həvalə etsin deyə, bu strukturlardan şikayətin daxil olmasını gözləyir. Yenə tendersiz, yenə qanunda nəzərdə tutulan prosedurları pozmaqla. Halbuki bütün şirkətlərə bərabər şərait yaratmaq daha asan olardı.

Bizdə xoşagəlməz şübhələr oyanıb. Nədən Hesablama Palatası digər dövlət nəzarət orqanları kimi heç vaxt “Bakı Abadlıq Xidməti” MMC-nin dövlət vəsaitini hansı şəkildə, haraya xərclədiyi ilə maraqlanmayıb? Yox, biz Hesabalama Palatasını ona xas olmayan tapşırıqla – özəl strukturun yoxlanılması ilə məşğul olmağa çağırmırıq.

Bir məsələ var: axı oraya vəsait dövlət büdcəsindən daxil olur. Bu vəsaitlərin bölgüsünü yalnız və yalnız bir dövlət strukturu – Bakı şəhər İcra Hakimiyyəti aparır.

Auditorlar isə nədənsə heç vaxt bu dövlət strukturunun eynitipli işə görə ayrı-ayrı təşkilatlara vəsaitlər ayırması barədə düşünməyib.

Fevral ayında “Bakı Abadlıq Xidməti” MMC-nin Heydər Əliyev prospektində quruyub-saralmış otları yaşıl boya ilə rəngləməsi ilə bağlı, demək olar ki, ölkənin bütün kütləvi informasiya vasitələrində yayılmış xəbərə nəyə görəsə nə Hesablama Palatası, nə də hüquq-mühafizə orqanlarından hər hansı reaksiya gəldi.

Görünən odur ki, bu “qüdrətli” MMC-yə hər şeyə icazə var.

Əlbəttə ki, yaşıllaşdırma təsərrüfatında böyük pullar “fırlanır”. Təəssüflər olsun ki, dəqiq məlumat əldə edə bilmədik. Bu da boşuna deyil. Bakı İcra Hakimiyyəti artıq xeyli müddətdir ki, tam məxfi dövlət strukturuna çevrilib.

İcra Hakimiyyətinin bütün əməkdaşları, o cümlədən mətbuat xidməti bir ağızdan bildirirlər ki, jurnalistlərə açıqlama verdiklərinə görə iş yerlərindən məhrum ola bilərlər. Heç bir rəsmi saytda heç bir maliyyə sənədi və ya göstəricisini tapmaq mümkün deyil.

Əlbəttə ki, bu hallar ölkə prezidenti İlham Əliyevin dövlət strukturlarının fəaliyyətində şəffaflığın təmin olunması və hazırda rəqəmsal hökumət adlandırılan müasir elektron idarəetmə üsuluna keçidlə bağlı çağırışlarına ziddir.

Ancaq keçmiş mer Abutalıbovun əsasını qoyduğu “məxfilik qalasını” dağıtmaq elə də asan məsələ deyil. Meriya KİV-dəki tənqidlərə reaksiya göstərmir, nəzarət orqanları isə susur. Kim bilir, bəlkə də, Bakı İcra Hakimiyyəti deyilən bir qurumun mövcud olduğunu unudublar? Ola bilər ki, meriyanın başqa yolu tutması kimlərinsə xeyrinədir.

Bu sualları biz bir qədər sonra cavablandırmağa çalışacağıq. İndi isə Hesablama Palatasının saytında təqdim olunan rəqəmlər və göstəricilərə nəzər salaq. Bu məlumatlar şəhərin yaşıllaşdırılmasına ayrılmış maliyyə subsidiyalarının miqyasını təsəvvür etməyə imkan verəcək.

Hesablama Palatası nə deyir?

Dövlət büdcəsinin xərclərinə əsasən, 2016-cı ildə Azərbaycanda büdcədən abadlıq, tullantıların yığımı və təmizlənməsi (bura yaşıllaşdırma da daxildir) işlərinə 260 milyon manatdan çox vəsait ayrılıb. Bu məbləğdən 150 milyon manata yaxını yerli icra hakimiyyəti orqanları üçün nəzərdə tutulub.

Məbləğin əsas hissəsinin paytaxtın payına düşdüyünü nəzərə alsaq, subsidiyaların yarıdan çoxu Bakının yaşıllaşdırılmasına sərf olunur. Digər yandan, Ekologiya Nazirliyi və Nəqliyyat Nazirliyi (hər halda rabitə və yüksək texnologiyalar nazirliyi ilə birləşənə qədər) öz sahələrinin yaşıllaşdırılmasını özləri maliyyələşdirir.

Halbuki onlara da dövlət büdcəsindən təyinatı üzrə vəsait ayrılır. Dənizkənarı Bulvar İdarəsi, Nazirlər Kabinetinə tabe olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Təmiz şəhər” ASC və yerli icra hakimiyyətlərinin də xərcləri ayrıdır.

Başqa bir nüans da diqqəti çəkir. Büdcənin 8.2.2.7 müddəası (abadlıq və bərk məişət tullantılardan təmizlənmə üçün yerli icra hakimiyyəti orqanlarına ayrılır) üzrə abadlıq xərcləri son illər azaldığı halda, digər yandan 8.2.2.9 müddəası üzrə ( yaşayış massivlərinə aid olan kommunal təyinatlı infrastrukturların bərpası və abadlaşdırılması) eyni məqsədlərlə həmin orqanlara ayrılan vəsaitlər əksinə, artıb.

Buradan belə bir nəticə çıxır – onlarla milyon manatdan ibarət subsidiya hər il mənzil istismar sahələri və özəl strukturlar, o cümlədən “Bakı Abadlıq Xidməti” MMC arasında bölüşdürülür.

Dövlət strukturlarına bu məbləğdən, artıq qeyd etdiyimiz kimi, “qəpik-quruş” qalır. Əksinə, maliyyə yardımı və verilən imtiyazların sayəsində “Bakı Abadlıq Xidməti” MMC brendinin inkişafı üçün hər cür şərait yaradılır.

Praktikada belə faktlar digər ölkələrdə də müşahidə olunur. Ancaq onların hamısı, bir qayda olaraq, hansısa yüksək vəzifəli məmurun güclü dəstəyi ilə əlaqəlidir. Öz mövqeyindən və dövlətin ona verdiyi səlahiyyətlərdən istifadə edən məmur, seçilmiş şirkət üçün daha əlverişli şərait yaratmağa nail olur.

Büdcədən maliyyələşmənin artırılmasına, müxtəlif lüqotların verilməsinə nail olmağa çalışır, ancaq şirkətdən bunun müqabilində effektivliyi artırmağı tələb edir ki, bu da onun addımlarını doğruldur və gələcəkdə daha böyük vəsaitlərin ayrılmasını təmin edir.

Əlbəttə ki, bunların hamısı elə-belə edilmir. Mahiyyətcə, bu məmur onun yaradılmasında iştirak etməsə belə, artıq həmin şirkətin əsas sahiblərindən birinə çevrilir. Əksər hallarda belə məmurun şirkətin sahibi olması ictimaiyyətdən gizli saxlanılır.

Ancaq gec-tez hər şey üzə çıxır, məmur isə korrupsiya mexanizmində iştirak etdiyinə görə, vəzifəsindən sui-istifadə etdiyinə görə, dövlət büdcəsini talan etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunur.

Belə olan halda, rezonanslı bir sual ortaya çıxır: “Bakı Abadlıq Xidməti”nin arxasında kim dayannır? Siyasi elitada təmsil olunanlardan kim bu struktura himayədarlıq edir?

Siz kimsiniz, cənab “X”?

Adətən, belə bir “krışanı” tapmaq elə də asan başa gəlmir. Hətta peşəkarcasına aparılan istintaq-əməliyyat tədbirləri belə əksər hallarda bacarıqlı şəkildə qurulmuş piramidanın “zirvəsinə” çıxmaq baxımından heç bir nəticə vermir. Belə strukturlarda əsas yük “aşağı zümrə ” - əyanların çiyinlərinə düşür, “yuxarı zümrə” isə onların bir növ işini asanlaşdırır, ancaq onlar heç vaxt aqibətdən qaça bilmirlər.

Bütün yarım-mafiya və ya son vaxtlar adlandırılan korrupsiyaya qurşanmış strukturların mahiyyəti bundan ibarətdir. Onların “uzunömürlülüyü” də bununla izah olunur, başçı həmişə kölgədə qalır. Ondan fərqli olaraq, rəsmi icraçılar sərbəst şəkildə bəyanatlar verə bilir, başçının göstərişi əsasında və ya yaranmış vəziyyətdən asılı olaraq, iyerarxiya pillələri və ya karyera nərdivanı ilə qalxa bilir.

Hər şey detektiv kitab və ya film müəlliflərinin göstərməyə çalışdığı kimi deyil. MMC-nin “ali rəhbərliyi”, yumşaq desək, mətbuatla ünsiyyət qurmağı sevmir. Bunu digər KİV-nin yaydığı xəbərlərdə görmək olur. Yerli ictimaiyyət onları tanımır. Ancaq onlara kimin himayədarlıq etdiyini öyrənmək onları tanımaqdan daha asandır.

İlk qarşıya çıxan mənzil-istismar sahəsi rəisindən soruşan kimi, o dəqiqə böyük məmnuniyyətlə “Bakı Abadlıq Xidməti” MMC-nin nailiyyətlərindən danışmağa başladı. O, bizə MMC-nin bütün lazımi mütəxəssisləri və texnikası olan qabaqcıl dövlət strukturu olduğunu aydınlaşdırmağa çalışırdı.

Dediyinə görə, şəhər mərkəzi, digər park və istirahət yerləri göz oxşasın deyə MMC-ni bütün lazımi vasitələrlə təmin edirlər. Bir növ Bakı Dənizkənarkı Bulvar İdarəsi kimi müstəqil dövlət strukturudur.

Mənzil-istismar sahəsi rəisinin MMC-nin tabeliyi barədə “bilgiləri” bizi, həqiqətən, təəccübləndirdi. Paytaxtın mərkəzində büdcəni iriqmiqyaslı şəkildə talan edən cənab “X”in kim olduğunu öyrənmək ümidilə onun sözünü kəsmədik.

Tədricən o, sözügedən “qabaqcıl dövlət strukturu” ilə müqayisədə, onun idarəsinin işçilərinin nə üçün qat-qat aşağı maaş aldığına aydınlıq gətirirdi. Guya onlar daha yaxşı işləyir, onların işi daha məsuliyyətlidir və s.

Bütün bunları danışan zaman üzündə bir damla paxıllıq sezilmirdi, səmimi qəlbdən danışırdı, hər şeyi bilən və hər şeyi ədalətli şəkildə bölən ali orqanların düzgünlüyünə tam əmin görünürdü.

“Bəs əgər bu dövlət strukturudursa, onun kuratoru olmalı deyil?”, - deyə soruşduq.

“Əlbəttə ki, var! “Bakı Abadlıq Xidməti” MMC-nin fəaliyyətinə Nazirlər Kabinetinin rəhbərliyi nəzarət edir. Bu ölkə rəhbərliyinin paytaxtın mərkəzinin, digər park və bağlarının abadlığına nə qədər böyük önəm verdiyini bir daha sübut edir”.

Oxucunu təsadüfən rastımıza çıxmış MİS rəisinin müdrik nitqi ilə yormaq fikrimiz yoxdur. Üstəlik, onun cavabını mahiyyət etibarilə, demək olar ki, bütün instansiyalarda sıravi işçidən tutmuş bir çox qurumların rəhbərlərinə kimi hamı təsdiqləyirdi.

Nazirlər Kabinetinin şəhərin bir hissəsinin abadlaşdırılması və yaşıllaşdırılması ilə məşğul olan özəl strukturun fəaliyyətinə nəzarət etməsi heç kimdə təəccüb doğurmurdu. Elələri də var idi, hiyləgərcəsinə gülümsəyib, ikibaşlı fikirlər səsləndirirdi.

Ancaq birmənalı olmayan rəy və ya nəticələr haqqında söz açmağa tələsməyək. Nazirlər Kabineti rəhbərliyinin bu strukturla hər hansı şübhəli əlaqələrinin olduğunu təsəvvürə gətirmək çətindir və bizim hörmətli insanların üzərinə kölgə salmaq niyyətimiz yoxdur.

Ölkənin, demək olar ki, bütün iqtisadiyyatına nəzarət edən şəxsin dalandarların və bağbanların gəlirlərinə göz tikməsi inandırıcı deyil. Ola bilər dövlət başçısı, həqiqətən, Nazirlər Kabinetinə şəhər mərkəzində səliqə-səhman yaratmağı, bakılıların və şəhər qonaqlarının istirahəti üçün lazımi şərait yaratmağı tapşırıb.

Və yüksək vəzifəli məmurlar xeyirxah niyyətlərini rəhbər tutaraq, sadəcə, qoyulan tapşırığın öhdəsindən layiqincə gəlməyə çalışır. Ancaq ətrafda olanlardan kimsə yaranmış vəziyyətdən öz maraqları üçün istifadə edir. İstənilən halda bu cənab “X”i MMC rəhbərliyindən tutmuş Nazirlər Kabinetinə kimi dar bir halqada axtarmaq lazımdır.

Belə olan halda heç kimin dəlilsiz-sübutsuz nəticə çıxarmağa haqqı yoxdur. Bunu yalnız daha təfsilatlı araşdırma, bəlkə də, jurnalist araşdırması ilə etmək olar. Ancaq podratçının seçimi, onun maliyyələşdirilməsi ilə bağlı qanun pozuntuları, sağlam rəqabət qaydalarının pozulması ilə bağlı faktlar, necə deyərlər, “kor-kor, gör-gör” göz qabağındadır.

Bu, özlüyündə daha səlahiyyətli orqanların bu faktların araşdırılması ilə məşğul olması üçün kifayət edir. Ölkənin yeni qurulan hökumətinin bu siqnalı diqqətdən kənarda qoyacağını düşünmürük.

Qanun hamı üçün qanundur

Bəli, həqiqətən, dövlət başçısının qoyduğu hədəfləri layiqincə yerinə yetirmək üçün yeni hökumət çətin tapşırıqların öhdəsindən gəlməli olacaq. Qanunun aliliyi təmin olunmadan ölkənin inkişafı və əhalinin rifahının yaxşılaşdırması məqsədi daşıyan nə bu tapşırıqlar, nə də gələcək irimiqyaslı islahatların gerçəkləşdirilməsi mümkün deyil.

Bu baxımdan, ən yüksək vəzifədə olan məmurlar insanlara örnək olmalıdır.

Əminik ki, Nazirlər Kabinetinin qonşu kabinetlərdə oturan yüksək vəzifəli məmurları bundan sonra bizim siqnala reaksiya göstərəcək və şəhərin abadlığını, sözün əsl mənasında, qaydaya salacaq. Bizim vəzifəmiz bu həqiqətləri onların diqqətinə çatdırmaqdır.

Eyni zamanda, onlara bildirmək istəyirik ki, son zamanlar müəyyən məmurlar dövlət müqaviləsi icraçısının seçimləri üzrə ticarət prosedurunun keçirilməsi ilə bağlı öz öhdəliklərinə məhəl qoymur və konkret firmalarla müqavilələr bağlayırlar.

Qanuna görə, belə bir müqavilənin məbləği 50 min matdan çox olduqda, onlara bu qədər vaxt verilmir. Ancaq qanunda bəzi istisna hallar var ki, tenderin keçirilməsini vacib etmir. Belə istisnalardan biri fövqəladə vəziyyət zamanı bağlanan sövdələrdir. Ancaq fövqəladə vəziyyət dedikdə, yanğınlar, daşqınlar və digər fəlakətlər nəzərdə tutulur.

Yəni belə hallarda tender keçirməyə nə vaxt, nə də şərait olur. Bizdə olan məlumatlara əsasən, hazırda məmurlar istənilən sənədi fövqəladə vəziyyət adı altında rəsmiləşdirə bilir. Lakin yaşıllaşdırmanı da fövqəladə hal adı altında rəsmiləşdirmək adamı “ələ salmaq” kimi çıxır. Həqiqi fövqəladə vəziyyət baş versə, onlar nə edəcək?

Bir iş yenidən bahalı və keyfiyyətsiz görülməsi üçün, bahalı və keyfiyyətli şəkildə görülürsə, o zaman, sonradan belə nöqsanları ört-basdır edə bilən məmurları necəsə başa düşmək olar. Üstəlik, o qədər də hiyləgərcəsinə hazırlanmamış maxinasiyaları heç də hər zaman vaxtında ifşa etmək mümkün olmur.

Ortabab şirkətin nə üçün onlarla bank hesabı var?

Bir hal olmasaydı, bu məsələyə prinsipcə elə buradaca nöqtə qoymaq olardı. Ümumiyyətlə, bunu bir cinayət və ya maliyyə pozuntusu kimi təsnif etmək olmaz.

Hər ikisinin qanunvericilikdə cəzası ağırdır. Özünə hörmət edən heç bir sahibkar buna getməz. Nə qədər güclü himayədarı olursa-olsun, buna “Bakı Abadlıq Xidməti” MMC-nin rəhbərliyi də getməz – büdcəni talan etmək səriştə tələb edir. .

Bununla belə, bu kimi hallar ciddi şəkildə düşündürür. Təkcə jurnalist araşdırması ilə bu suala cavab tapmaq olmaz. Bəs bunun mahiyyəti nədən ibarətdir?

Uğurlu şəkildə geridə qoyduğumuz “inkişaf etmiş sosializm” dövründə istənilən müəssisəsinin yalnız bir bank hesabı olurdu – rubl hesabı. Yalnız idxal-ixrac əməliyyatları ilə məşğul olan ayrı-ayrı iri şirkətlərə valyuta hesabına icazə verilirdi.

Ancaq növbəti mərhələyə - “inkişaf etməkdə olan kapitalizm”ə qədəm qoyduqdan sonra bu qaydalar dəyişdi. Nəticə etibarilə, bu gün təkcə şirkətlər və müəssisələr deyil, eyni zamanda, adi fiziki şəxslər ürəyi istəyən qədər bank hesabı aça bilir. Ona görə də kiminsə pul qabında bir neçə bank kartının olması heç bir təəccüb doğurmamalıdır.

Bunun üstün cəhətləri var. Başqa bankın bankomatından nağd pul çıxaranda müəyyən məbləğdə pul itiririk. Lazım olan bankların kartlarına sahib olmaqla artıq əlavə faizlərdən qurtulmaq olur.

Ona görə “Bakı Abadlıq Xidməti” MMC kimi “qabaqcıl” şirkətin ölkənin bəzi banklarında bir neçə hesabının olduğunu təsadüfən öyrəndikdə buna heç təəccüblənmədik. Bununla belə, qəlbimizə düşən şübhə toxumları jurnalist araşdırmasını daha da önə aparmağa sövq etdi.

Şəhərin abadlığı ilə məşğul olan adi bir şirkətin bu qədər bank hesabı nəyinə lazımdır və ümumiyyətlə, MMC-nin neçə bank hesabı var?

Sual yalnız ilk baxışdan sadə görünür. Bir daha əmin olduq ki, bank sirri keçilməsi çətin olan bir səddir. Ancaq “qan-tər” bahasına öyrənə bildik ki, MMC-nin bank hesablarının sayı 20-dən çoxdur. Bu, hələ öyrənə bildiklərimizdir.

“Bakı Abadlıq Xidməti” MMC-nin ümumilikdə neçə hesabı var, abadlaşdırma işi ilə məşğul olan “ortabab şirkətin” onlarla hesabında nə qədər pul saxlanılır?

Hə, əziz oxucu, təkcə şirkətin manatla olan hesablarının ondan çox olduğunu öyrənə bildik – “Bank Respublika”da dörd hesab, “AG Bank”da üç hesab, “Caspian Development Bank”da iki hesab, “AtaBank”, “Bank of Baku”, Kapital Bank”da hərəsinə bir hesab.

Dollar hesablarının sayının isə altı olduğunu öyrəndik. Elə həmin banklarda açılıb: “Caspian Development Bank” və “Bank Respublika” (hərəsinə iki hesab), “Kapital Bank”, “AG Bank” (hərəsinə bir hesab). Şirkətin həmin banklarda avro (üç), funt sterlinq və rublda olan hesabları da mövcuddur.

Gəlin, bir daha bu şirkəti MİS-lərlə və Bakı Yaşıllaşdırma Təsərrüfat Birliyi ilə müqayisə edək. Birliyin cəmi bir hesabı var, o da manat hesabıdır.

Valyutadan burada söz gedə bilməz. Mənzil-istismar sahələrinə gəlincə, xarici valyutada olan bank hesablarını onlar yuxularında belə görə bilməzlər. Halbuki onların “qonşuluqda olan həmkarları” müxtəlif valyutalarda iri maliyyə əməliyyatları həyata keçirir.

Ancaq belə götürəndə, demək olar ki, eyni işi yerinə yetirirlər. Şəhərin müxtəlif hissələrində olsalar belə. Axı onlar geoloji tədqiqat işi aparmır ki, torpağın kateqoriyasından asılı olaraq, qazma işlərinin qiyməti də dəyişsin. Bəli, torpaq və qaya təbəqəsinin qazılması eyni şey deyil. Ancaq bağların və küçələrin təmizlənməsi, ağacların və güllərin sulanması xərcləri bu işin kim tərəfindən şəhərin hansı hissəsində yerinə yetirilməsindən asılı olaraq dəyişə bilməz axı. Qiymətin dəyişməsinə yalnız bir amil təsir göstərə bilər – brend.

Belə olan halda dünya səviyyəli şirkət texniki və texnoloji baxımdan digər, heç kimin tanımadığı şirkətlərin çiyinlərinə götürə bilmədiyi yükü öz öhdəsinə götürür. Kim bilir, bəlkə, “Bakı Abadlıq Xidməti” MMC, həqiqətən, qlobal brenddir, sadəcə, Bakı sakinləri onun haqqında heç nə eşitməyib?

Ancaq bu hallar belə şirkətin çoxsaylı bank hesabları, həmçinin valyuta hesabları ilə müəmmanı aydınlaşdırmır. Üstəlik, şirkətin özündən artıq xaricdən heç bir bitki idxal etmədiklərini əmin edirlər. Həm ağaclar, həm ot örtüyü artıq neçə illərdir ki, yeri istehsalçılardan alınır.

Yabanı baobablara və palmalara tələbat aşağı düşsə də, şirkətin maliyyə vəsaitinə, o cümlədən valyuta vəsaitlərinə olan tələbi tərs-mütənasib şəkildə artıb. Buradan yalnız bir nəticə çıxarmaq olar. Yəqin, MMC qazon salmaqdan, bağları və küçələri təmizləməkdən, ağacları sulamaqdan bezib və iri biznesə girişməyə qərar verib.

Abadlıqla nə qazanmaq olar axı? Ancaq iş belədirsə, “Bakı Abadlıq Xidməti” MMC-nin şəhərin abadlaşdırılması ilə bağlı brendini də dəyişmək lazımdır. Çünki deyək ki, kərpic istehsalı üzrə adı çıxarmış şirkətin kosmosun fəthinə girişməsi nə dərəcədə düzgün olar? Ona görə nəticə etibarilə “qapalı bir halqa” ilə üz-üzə gəlirik.

Hansı tərəfdən yaxınlaşırsan-yaxınlaş, onlarla bank hesabı ilə bağlı müəmmanın sirrini aça bilmirsən. Oxşar mənzərə “Beynəlxalq Bank”ın keçmiş rəhbəri Cahangir Hacıyevin işində də müşahidə olunurdu. Canik, həyat yoldaşı və qızı çoxsaylı manat və valyuta bank kartları ilə sağa-sola milyonları xərcləyir və bu pulların haradan gəldiyinin düşüncəsinə dalmırdı.

Ancaq o Canik idi və çətin ki, onun bu hərəkətini təqlid etmək kiminsə ağlına gəlsin. Digər tərəfdən, keçmiş bankir bunun bədəlini ödəməli olub – 14 il azadlıqdan məhrum edilib.

MMC-də onun yeni davamçılarının ortaya çıxdığını düşünmək istəməzdik...
“Bakı Abadlıq Xidməti” milyonlarla manatı hara xərcləyib?
“Bakı Abadlıq Xidməti” milyonlarla manatı hara xərcləyib?

Şərhlər

XƏBƏR LENTİ