SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » “Bəzi banklar bağlanacaq” İDDİASI

“Bəzi banklar bağlanacaq” İDDİASI

Tarix:

9-05-2018, 10:28

/ 1 370 dəfə oxundu.
“Bəzi banklar bağlanacaq” İDDİASI

Maliyyə Bazarlarına Nəzarət Palatası rəsmisi bank sektorunda müsbət göstəricilərin qeydə alınması ilə bağlı məlumat verib. “APA-Economics”in məlumatına görə, Bakıda “Rəqəmsal Biznes Trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumunda Maliyyə Bazarlarına Nəzarət Palatasının Bank Fəaliyyətinə Nəzarət Departamentinin Xarici Nəzarət İdarəsinin rəisi Taleh Nəhmətov çıxış edərək, bank sektoruna müsbət təsir göstərən iqtisadi inkişafdan bəhs edib.

O bildirib ki, xarici iqtisadi təsirlərə baxmayaraq 2017-ci ildə Azərbaycan iqtisadiyyatın inkişafını bərpa edə bilib: “Artıq Azərbaycandakı 12 faizlik inflyasiya 4 faizə enib. Qeyri-neft ümumi daxili məhsulu 2,9 faiz təşkil edib. İqtisadiyyatın müsbət trendləri bank sektoruna da təsir göstərməkdədir”.

Tahir Nemətov qeyd edib ki, artıq bank sektorunda müsbət tendensiyalar müşahidə edilir: «Maliyyə sektorunun 97 faizini banklar, 2,7 faizini sığorta sektoru təşkil edir. Artıq artım tempi bərpa edilib, yığımlar və öhdəliklərdə artımlar var. Sadəcə, kreditləşmə sahəsində biz az ləngimə var. Sektorda çox yüksək likvid aktivlər 6,1 milyard təşkil edib. Cari öhdəliklər 10,6 milyard, əmanət portfeli 7,5 milyard manat olub. Məcmu kapital 3,2 milyard dollar olub. Ötən il ərzində bank sektorunda kapital adekvatlığı 19 faiz təşkil edib. Verilmiş kreditlərdə də müsbət tendensiya var. 2017-ci ildə 5 milyard manat kredit verilib. Bunun 64 faizi real biznes məqsədilə verilib".

Bəs bank sektorundakı durumu yaxından izləyən iqtisadçı ekspertlər bank sektorunda irəliləyişlərin olması ilə bağlı fikirlərlə razıdırlarmı?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, rəqəmlərdə müəyyən müsbət tendensiya müşahidə olunsa da, ümumilikdə bank sektoru haqqında bunu demək mümkün deyil: “Həqiqətən də Azərbaycanda ötən ilin sonundan başlayaraq əmanətlərin həcmi artıb. Bu da onunla bağlıdır ki, milli valyutanın məzənnəsi sabitləşib. Həmçinin manatla əmanətlər üzrə yüksək faizlər tətbiq olunur. Bunun sayəsində əmanətlərin həcmində cüzi artım var. Lakin bu hələ o demək deyil ki, bank sisteminə etimad artıb. Sadəcə, kimlərsə qısamüddətli gəlir əldə etmək istəyir.

Digər tərəfdən, banklar məcbur olub problemli kreditlərinin bir hissəsini siliblər, bu səbəbdən də bu kreditlərin həcmi azalıb. Likvidlik göstəriciləri isə ona görə artıb ki, banklar kredit vermirlər. Bu səbəbdən bankların sərbəst vəsaitləri çoxalıb. Bunun nə dərəcədə yaxşı və ya pis göstərici olması da birmənalı deyil. Ola bilər ki, hansısa müsbət rəqəmlər qeydə alınıb. Ancaq mən hesab edirəm ki, bankların ən əsas məsələsi olan problemli kreditlər artmaqda davam edir. Bu il çox güman ki, əmanətlərin həcmi də azalacaq. Çünki faiz dərəcələri düşür".

Kredit portfelində biznes kreditlərinin həcminin artmasına gəlincə, Əkrəm Həsənov bunun nə dərəcədə real olduğunu aydınlaşdırmağın mümkün olmadığını bildirdi: “Biznes adı altında çox kreditlər verilib. Hamısının da real biznesə verildiyi qeyd edilir. Bank sektorunun ötən illərdəki təcrübəsi onu göstərdi ki, bəzi hallarda kreditin ayrıldığı biznes qurumları, ümumiyyətlə, mövcud olmayıb. O baxımdan bu rəqəmlərin nə dərəcədə reallığa uyğun olması mübahisəli məsələdir. Ümumilikdə, kredit verilməsi isə davam edir”.

Hazırda başlanan yeni tendensiya üzrə verilən kreditlərin sonradan geri dönməmə ehtimalına gəlincə, Ə.Həsənov bankların öncəki təcrübədən dərs çıxartdıqlarını vurğuladı: “Hazırda verilən kreditlər əvvəlki kimi necə gəldi verilmir. Etiraf etməliyik ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzarəti Mərkəzi Bankdan daha güclüdür və daha effektivdir. Banklar özləri də son illərdə baş verənlərdən sonra kredit verərkən ehtiyatlı davranırlar. Həmçinin Palatadan daha çox çəkinirlər. Bu həqiqətən də belədir, banklar MBNP-ni daha ciddi qəbul edirlər. Əvvəllər banklar bilirdilər ki, istənilən problem zamanı Mərkəzi Banka gedib orada kiminləsə dil tapa bilərlər. Ancaq artıq belə deyil. Palata bir çox məsələlərdə bankları sıxır, yarandığı gündən etibarən məsuliyyətli kreditləşmə siyasətini tətbiq etdi. Ümid edirəm ki, məhz bu faktorların nəticəsi olaraq hazırda verilən kreditlər daha düzgün verilir. Palatanın nəzarət məsələsində əsas problemi məhz kadr problemidir. Burada çalışan kadrlar bank rəhbərlərinin işlədə biləcəyi variantları öncədən bilməlidirlər. Bu mənada Palatanın zəif nöqtələri var, istəsə də tam nəzarət edə bilmir. Ümumilikdə isə ümid edirəm ki, bu gün verilən kreditlərin taleyi əvvəlkilərlə eyni olmayacaq”.

Əkrəm Həsənov onu da vurğuladı ki, bu il bir neçə bankın bağlanması gözlənilir: “Çünki bu bankların xilas olması üçün real tədbir görən yoxdur. Problemli bankların əmanət qəbul etməsini məhdudlaşdırıblar, digər tərəfdən də kredit vermirlər. Qeyri-sağlam banklar bu gedişlə bağlanmağa məcbur olacaqlar. Əgər hər hansı addımlar atılmasa, hazırki gedişat onu göstərir ki, ilin sonuna doğru bəzi banklar bağlanacaq. Hazırda ciddi risk altında olan azı banklar var”.

Şərhlər

XƏBƏR LENTİ