SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Sahil Babayev nazirlikdəki böyük maliyyə fırıldağının üstünü açır - GƏLİŞMƏ

Sahil Babayev nazirlikdəki böyük maliyyə fırıldağının üstünü açır - GƏLİŞMƏ

Tarix:

8-05-2018, 09:28

/ 2 239 dəfə oxundu.
Sahil Babayev nazirlikdəki böyük maliyyə fırıldağının üstünü açır - GƏLİŞMƏ

Prezident İlham Əliyevin sərəncamı ilə aprelin 21-də əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilən Sahil Babayev hələ ki rəhbərlik etdiyi qurumda dəyişikliklərə başlamayıb.

“Reytinq”ə verilən məlumata görə, o, digər yeni təyinat sahibləri kimi, hələ də sələfinin nazirlik içində “xüsusi komanda” yaradıb, sanki başqa bir nazirlik kimi fəaliyyət göstərən “avanqard komandası”na qapını göstərməyə tələsmir. Əksinə, yeni nazir, ehtiyatda olan zabit rütbəsi daşıyan Sahil Babayev hərbçi soyuqanlılığı ilə sələfinin var-dövlət sahibi etdiyi kadrların hansı addımı nə vaxt atacaqlarına şərait yaratmır.

Məlumatda bildirilir ki, Sahil Babayev sabiq nazir Səlim Müslümovun əsas komanda üzvlərini – nazir müavini İdris İsayev, aparat rəhbəri Əjdər Cəbiyev, müfəttişlik xidmətinin rəisi Fuad Əlizadə, iqtisadiyyat şöbəsinin müdiri, Səlim Müslümovu bir çox xarici səfərlərdə müşaiyət edən Şəlalə Cəfərova və mətbuat xidmətinin rəhbəri Elman Babayev başda olmaqla, bütün kadrlarını təşvişə salıb. İddia olunur ki, yeni nazirin bu sükutu uzun sürməyə də bilər.

Nazirlik əməkdaşlarından biri “Reytinq”ə deyib ki, yeni nazir soyuqqanlı davranışı ilə artıq “səngərin əks istiqamətində duran” keçmiş nazirin komandasının əsəblərini tarıma çəkir, sanki onların “hücuma” keçməsini gözləyir: “Təlaş içində olan bir neçə nəfər isə sakitcə getmək üçün nazirə istefa ərizəsi veriblər. Onlar gözləyirdilər ki, Sahil Babayev dərhal ərizənin üstünü yazıb, onlara “yaxşı yol”,- deyəcək. Lakin gözlənilənin əksinə olaraq, o, ərizə yazmış vəzifəli şəxslərə “Mən dedim ki, ərizənizi yazın?”,- deyərək, onları bir növ “nokauta” salıb. Çünki bu addım belə qənaət formalaşdırıb ki, yeni nazir daxildə audit apardıracaq və onları çox çətin faktlarla üz-üzə qoyacaq. Yəni hərbçi sərtliyi gec və güclü ola bilər. Hətta indidən nazirliyin daxilində söhbət gəzir ki, ciddi korrupsiya və qanunsuzluqlara yol verənlərlə bağlı yoxlama materialları Baş Prokurorluğa göndəriləcək. Artıq bunun ilkin əlamətləri görünür”.

Məlumatda qeyd olunur ki, yeni nazir dəyişikliklərə başlamazdan əvvəl diqqətçəkən bir addım da atıb. O, nazirliyin rəsmi saytında yer alan aparat işçilərinin və nazirlik yanında fəaliyyət göstərən xidmət rəislərinin adlarını saytdan çıxartdırıb:

“Hazırda saytda ancaq nazir və müavinlərinin adları saxlanılıb. Çünki nazir müavinlərini dəyişmək yalnız ölkə başçısının sərəncamı ilə həyata keçirilir. Elə bu fakt da göstərir ki, Sahil Babayev artıq sələfinin kadrlarının “qara siyahısı”nı hazırladıb və nazirliyi həmin kadrlardan təmizləmək niyyətində qətidir”.

“Təmizləmə əməliyyatı”nın yaxın vaxtlarda olacağı ehtimal edilir: “Əminəm ki, suçlu gec-tez ilişəcəyini bildiyi kimi, keçmiş nazirin “qara” işlərində yanında olan kadrları da nə vaxtsa cəzalanacaqlarını həyacanla gözləyirlər. Hətta iş o yerə çatıb ki, onlar əvvəlki kimi saat 9-da deyil, saat 8-dən iş başında olurlar. Onlar o qədər təlaşdadır ki, bu, hətta son tədbirlərdə çəkilən fotolardan da aydın görünür. Sahil Babayev nazir təyin edildikdən sonra tədbirlərdən çəkilən fotolara diqqət etsəniz, bunu görə bilərsiniz. Üstəlik, bu fotolarla Müslümovun dövründə çəkilən fotoların müqayisəsini aparın. Görün, onlar indi hansı görkəmə düşüblər. Üzlərindəki kədər açıq olmaqla yanaşı, daha əvvəlki şux, özündənrazı duruşlarını da itiriblər. Bəli, bunlar yeni nazirin zabit hikkəsindən yayınmaq üçün təkcə kimlərinsə qapılarına minnətçi kimi ayaq döymür, eyni zamanda, yeni nazirin qarşısında sanki əsir görkəmi alıblar. Zatən, başqa yolları da yoxdur. Bu adamlar həqiqətən də nazirliyi qanunlara uyğun yox, istədikləri kimi idarə ediblər. Onlar zamanında müxtəlif yollarla ələ aldıqları media vasitələri ilə özlərinə yaxşı piar qursalar da, bu məsələdə də böyük problemlərə yol açıblar. Təsadüfi deyil ki, artıq bir çox QHT rəhbərləri bu nazirliyin “sosial sifariş” adı altında həyata keçirdiyi layihələrə ayrılan vəsaitlərlə bağlı araşdırmanın vacibliyini də dilə gətirirlər. Hansı ki, bu vaxta qədər həmin QHT-lər nazirlikdən “pay alacaqları”na ümid etdiyi üçün susurdular”.

Məlumatda bildirilir ki, S. Müslümov və ətrafı QHT-ləri layihə ümidi ilə susdururdusa, bəzi mətbu orqanları isə “aylıq şirinlik” və hədiyyələrlə ələ almağı bacarıblar. Bununla ƏƏSMN-də baş verən qanunsuzluqların gündəmə daşınmasını ustalıqla ört-basdır ediblər. Ancaq buna baxmayaraq, Müslümov və “komandası”nın pensiyaçılar, əlillər və yoxsullar üzərindəki “oyunları” Prezident İlham Əliyevin də diqqətindən yayınmayıb.

İddia olunur ki, S. Müslümovun vəzifədən azad olunduğu gündən indiyədək susması və komanda üzvlərinin narahatlıq keçirməsi səbəbsiz deyil: “Səlim Müslümovu nə Ziya Məmmədov, nə Heydər Əsədov, nə də vəzifələrini itirmiş digər şəxslərlə qarışdırmayın. O, əslində Azərbaycanın Viktor Kojenisidir. Çox mahir adamdır, korrupsiya dolanbacını əla bilən, eyni zamanda, proseslərdən ustalıqla çıxmağı bacaran şəxsdir. Xatırlayırsınızsa, o, məşhur “Bəşər Hacıyev olayı”nda qısamüddətli həbsdə yatsa da, oradan çıxdı və sürətlə yüksəldi. İndisə yəqin düşünür ki, susmaq və ümumiyyətlə, üzə çıxmamaq daha münasibdir. Bildiyimə görə, hətta vəzifələrə gətirib, var-dövlət, karyera sahibinə çevridikləri də indi onunla təmasa keçməkdən ehtiyat edirlər. Bilirsiniz niyə?

Birincisi, vəzifədən getməmək üçündürsə, ikincisi, qısa zamanda buradan qazandıqları var-dövləti itirmək qorxusudur. Bəli, bunların arasında elələri var ki, vaxtı ilə yoxsul olub. Sonradan aylıq maaşları 600-700 manat olsa da, çox qısa zamanda 300 min manat dəyərində mənzil, bağ evi, bahalı avtomobil sahibinə çevrilə biliblər. Sizcə, bunu necə qazanıblar? Onlar bunun hesabatını verə bilərlərmi? Elə Səlim Müslümovun dayısının kürəkəni Fuad Əlizadəni götürək. Təkcə onun ad günlərinin harada və necə təmtəraqla keçirildiyini araşdırın. Yaxud sizə adi görünən mətbuat xidməti rəhbərinin özünü nazirin 5-ci müavini kimi aparmasının səbəbini öyrənin. Nəhayət, digər nazir müavinləri - Natiq Məmmədovun, İlqar Rəhimovun və Mətin Kərimlinin niyə əksər tədbirlərdən və nazirlikdaxili proseslərdən kənarda saxlanılmaları ilə maraqlanın. Araşdırın ki, Müslümovun nazirlikdəki komandası bu müavinləri niyə saymırdı? Əminəm ki, cəmiyyətin həssas təbəqəsi ilə işləyən yeni nazir bunların da səbəbini artıq bilir”.

Yeri gəlmişkən, “Reytinq”in redaksiyasına Bəhruz Xosrov oğlu Əhmədov tərəfindən Prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova və digər aidiyyatı dövlət qurumlarının rəhbərlərinə ƏƏSMN-nin aparat rəhbəri Əjdər Cəbiyevin qardaşı Şahalı Cəbiyevin rəhbərlik etdiyi DSMF-nin Suraxanı rayon şöbəsində baş verənlərlə bağlı şikayət məktubu da daxil olub. O, şikayətində bu şöbədə kimlərə saxta pensiya hesabı açıldığını siyahılaşdırıb, detallarına qədər yazıb.

Həm bu, həm də nazirlikdə cərəyan edən digər maraqlı proseslərlə bağlı dəqiqləşdirmələrimiz davam edir. Növbəti saylarımızda bunlarla yanaşı, Müslümovun kadrları hansı prinsiplərlə irəli çəkməsi, Mətin Kərimli, Natiq Məmmədov və İlqar Rəhimovun niyə təcrid edilməsi ilə bağlı təfərrüatları da təqdim edəcəyik. Eyni zamanda, özünüməşğulluq layihəsinə ayrılan 32 milyonun taleyi, bu nazirliklə əməkdaşlıq edən QHT-lərin hansı prinsiplə seçilməsi, həmçinin Ünvanlı Sosial yardımlara hər il ayrılan 200 milyondan çox vəsaitlərlə bərabər, Səlim Müslümovun maliyyə naziri Samir Şərifovu necə “tələ”yə salmaq istəməsi kimi maraqlı məsələlərə də toxunacağıq.

Şərhlər

XƏBƏR LENTİ