SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Ölkədə 5 min nəfəri işsiz qoyan monopoliya - "İndi bu vəsaitin əllərindən çıxmasını istəmirlər"

Ölkədə 5 min nəfəri işsiz qoyan monopoliya - "İndi bu vəsaitin əllərindən çıxmasını istəmirlər"

Tarix:

6-04-2018, 09:25

/ 1 295 dəfə oxundu.
Ölkədə 5 min nəfəri işsiz qoyan monopoliya - "İndi bu vəsaitin əllərindən çıxmasını istəmirlər"

Devalvasiyadan sonra Mərkəzi Bankın qərarı ilə ölkədə fəaliyyət göstərən valyutadəyişmə məntəqələrinin fəaliyyəti qadağan edildi.Bu qadağa əhali arasında ciddi narazılıqlara səbəb olsa da, lakin problemə əncam çəkilmədi. 2017-ci ildə Azərbaycanda yeni lisenziyalaşdırılan fəaliyyət növü - valyuta mübadiləsi fəaliyyətinin yaradılması məqsədi ilə “Valyuta tənzimi haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirə olunaraq təsdiq edildi.

Dəyişikliyə əsasən, Azərbaycanda valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək hüququna yalnız maliyyə bazarlarına nəzarət orqanından “Banklar haqqında” qanuna əsasən lisenziya almış yerli banklar, xarici bankların yerli filialları, "Poçt haqqında" qanuna əsasən lisenziya almış poçt rabitəsinin milli operatoru və bu qanunla müəyyən edilmiş qaydada lisenziya almış rezident hüquqi şəxs və fiziki şəxslər, qeyri-rezident hüquqi şəxslərin filialları (valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər) malik olacaq.

Valyutadəyişmə məntəqələri bərpa olunması haqqında Qanun təsdiqlənsə də, lakin hələ də icra olunmur.Dolayısı ilə irəli sürülən tələblərə ciddi riayət edilmir.

Bu məsələyə ötən gün Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov bir daha diqqət çəkib. Deputat Qanunun işlək olmamasından irəli gələn narazılıqları dilə gətirib: “Azərbaycanda valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qanun qəbul etdik. Ancaq indiyə qədər bu sahədə dəyişiklik yoxdur".

O həmçinin valyutadəyişmə məntəqələrinin kiminsə inhisarçılıq fəaliyyəti altında olduğunu da deyib: “Həmin məntəqələrdə 3-9 min adam çalışırdı, evinə çörək aparırdı. Bu biznesi də kimsə inhisara alıb.Bu məsələyə aydınlıq gətirilməlidir".

Bundan başqa, Siyavuş Novruzov Azərbaycanda problemli kreditlərlə bağlı məsələyə də aydınlıq gətirməyin vacibliyini vurğulayıb: "Seçicilərlə görüşdə kreditlərlə bağlı məsələlər qaldırılır. İstərdim ki, bu məsələ ciddi araşdırılsın.Burada hesabat verilsin ki, nə qədər insan krediti fermer təsərrüfatı üçün, nə qədər insan maşın almaq üçün götürüb.Məcburiyyətdən kredit götürmüş insanlara güzəşt olunmalıdır.Bu kreditlər insanların maddi vəziyyətinə uyğun dəyərləndirilməlidir.Müxtəlif kateqoriyalı insanlar bu prosesdə nəzərə alınmalıdır.Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı, amma problem həll olunmamış qalır".

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, əslində qanunun icrası tədricən icra olunur:

“Valyutadəyişmə məntəqələrinin bağlanması ilə bağlı qərar kökündən səhv verilmişdi. Bunun valyuta bazarına heç bir təsiri olmadı, əksinə, ilk gündən 4-5 mindən çox insan işsiz qaldı.Bu qərarın verilməsi ilk olaraq “qara bazar”ın yaranmasına səbəb oldu.Valyutadəyişmə məntəqələri ilə bağlı qanun qəbul olunsa da, amma qaydalarla bağlı ortaq məxrəcə gələ bilməyiblər.Çünki qaydalar çox sərtdir və bu qaydalar qanunda nəzərdə tutulmamışdı.Qanunda müvafiq icra strukturlarına bu qaydaları müəyyən etmək tapşırılmışdı.Amma müvafiq icra orqanları, o cümlədən, Maliyyə Bazarlarına Nəzarət Palatası bu qaydalara çox sərt təkliflər irəli sürdülər.İstənilən fiziki şəxs valyutadəyişmə məntəqəsi açmaq üçün ilkin olaraq 50 min manat depozit yerləşdirməli idi.Bununla yanaşı ciddi təhlükəsizli şərtləri də var. Təqribən 6-7 kvadratmetrlik yer avadanlıqla təchiz edilməlidir.Kiçik bir valyutadəyişmə məntəqəsinin açılmasında ilkin kapital qoyuluşu üçün təqribən 100 min manat vəsait lazımdır.Bu, iş adamları üçün nə məntiqlidir, nə də sərfəlidir. Ona görə də qanunun icrası bu qədər gecikdi”.

Ekspert bu günə qədər banklardan kənar bir dənə də olsun valyutadəyişmə məntəqəsi açılmadığına da diqqət çəkib:

“Bankların öz maraqları var. Çünki hazırda banklar ciddi şəkildə maliyyə proseslərindən kənarda qalıb. Nə kredit verə bilirlər, nə də verdikləri kreditləri toplaya bilirlər.Banklar böyük bir valyutadəyişmə məntəqəsinə çevrilib. Bu maliyyə qurumları ancaq valyutadəyişmə əməliyyatlarından az da olsa, vəsait qazanırlar. İndi bu vəsaitin əllərindən çıxmasını istəmirlər.

Ona görə də, sanki banklar valyutadəyişmə məntəqələri açılmasının əleyhinə çıxış edən qurumlara çevrilib.Hesab edirəm ki, sərt qaydalar dəyişdirilməlidir.50 min manatlıq depozit qaydası məqsədəuyğun deyil və tamamilə məntiqsizdir.İlkin olaraq bu depozit tamamilə ləğv olunmalıdır.Düşünürəm ki, valyutadəyişmə məntəqələrinin bağlanmadan öncəki təhlükəsizlik standartları yenidən tətbiq edilməli, lisenziyanın verilməsi asanlaşmalıdır.İstənilən fiziki şəxs tələblərə uyğundursa və lisenziya alıbsa, istədiyi yerdə valyutadəyişmə məntəqəsi açmağa imkanı olmalıdır.Bu qaydalar dəyişsə, əsasən də şəhərin mərkəzi və ona yaxın ərazilərdə valyutadəyişmə məntəqələrinin açılması sürətlənə bilər.Yenidən yüzlərlə insan işlə təmin olunar”.

Şərhlər

XƏBƏR LENTİ