SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Beynəlxalq Bankla bağlı daha bir müəmmalı addım

Beynəlxalq Bankla bağlı daha bir müəmmalı addım

Tarix:

17-01-2017, 09:47

/ 1 963 dəfə oxundu.
Beynəlxalq Bankla bağlı daha bir müəmmalı addım

Yeni təyinatlarda qanunun tələbləri pozulub

Abbas İbrahimovun "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) İdarə Heyətinə üzv və sədrin birinci müavini təyin olunması qanunvericiliyin tələbinə ziddir.

"Banklar haqqında" qanunun 26-cı maddəsinə əsasən İdarə Heyəti 3 nəfərdən az olmamalı, o cümlədən tək sayda üzvlərdən ibarət olmalıdır.

Qeyd edək ki, ABB-nin bu gün yaydığı açıqlamada deyilir ki, bankın Müşahidə Şurasının toplantısında İdarə Heyətinə yeni üzvün qəbulu və İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyinatı məsələsinə baxılıb. Bu vəzifəyə A. İbrahimov təyin edilib. Beləliklə, ABB-nin İdarə Heyətinin üzvlərinin sayı 6-ya (sədr + I müavin + 4 müavin) çatıb. Bu təyinatadək A. İbrahimov "Bank of Baku" ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Cari ilin yanvarın 10-da ABB-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. Yığıncaqda Bankın İdarə Heyətinə sədr seçilməsi məsələsinə baxılıb. Səhmdarların qərarı ilə Xalid Əhədov ABB-nin İdarə Heyətinin sədri seçilib. X. Əhədov 8 dekabr 2016-cı il tarixindən bu vəzifəni müvəqqəti icra edirdi.

Həmin gün Aqşin Əmirov X. Əhədovun müavini təyin olunub. Bunadək A. Əmirov "Bank Respublika" ASC-də analoji vəzifəni tutub.


"Müşahidə Şurası qanunsuzluq edib"

Hüquqşünas Əkrəm Həsənov qanunun həmin müddəasını uğursuz hesab edir. Buna baxmayaraq, mütəxəssis deyir ki, qanunun tələblərinə riayət olunmalıdır: "Dünya praktikasında belə hallara rast gəlinmir. Uğursuz bir müddəadır. Düzdür, bu, başqa mövzudur. Qanunun tələblərinə riayət olunmalıdır. Görünən odur ki, "Azərbaycan Beynəlxalq Bankı"nın Müşahidə Şurasının həmin qərarı da qanunsuzdur. Müşahidə Şurası ya əlavə bir nəfər də təyin etməli idi, ya da bir nəfəri tutduğu vəzifədən azad etməli idi".

Ə. Həsənov əlavə edib ki, təyinata razılıq verən Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) da qanunsuzluğu yol vermiş olacaq.

Qeyd edək ki, bankın Müşahidə Şurasının sədri maliyyə nazirinin müavini Azər Bayramovdur. Şuranın üzvləri isə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov, Maliyyə Nazirliyinin Hüquq şöbəsinin müdiri Xalıq Rəhmanov, Maliyyə Nazirliyinin şöbə müdirinin müavini Müşviq İsrafilov, "Moskva Mehmanxana" ASC-nin İdarə Heyətinin sədri Səidə Bayramovadır. Qərar bu şəxslərin iştirakı ilə baş tutmuş toplantıda verilib.


Bank və tənzimləyici nə deyir?

Bankın mətbuat xidmətindən "APA-Economics"ə bildirilib ki, ABB-nin İdarə Heyətinin üzvlərinin sayı 5 nəfərdir: "Bankın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışan Aqşin Əmirov hazırda İdarə Heyətinin üzvü deyil. ABB-də struktur dəyişikliklərinin aparılması və İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsinə bankın Müşahidə Şurasının növbəti iclaslarından birində baxılacaq".

Maraqlıdır ki, bankın saytında Aqşin Əmirov İdarə Heyəti sədrinin müavini kimi göstərilib.

MBNP-nin Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov isə "APA-Economics"ə açıqlamasında bildirib ki, Abbas İbrahimovun təyinatının təsdiqlənməsi ilə bağlı palataya müraciət olunmayıb: "Xalid Əhədovun (bir müddət öncə ABB-nin İdarə Heyətinin sədri təyin olunub – red.) təyinatı ilə bağlı bizə müraciət daxil olub, lakin müavinlərinin (birinci müavin Abbas İbrahimov və müavin Aqşin Əmirov – red.) təyinatı ilə bağlı müraciət yoxdur".

Şərhlər

XƏBƏR LENTİ