SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Mərkəzi Bank manatla bağlı mühüm qərar açıqlayacaq

Mərkəzi Bank manatla bağlı mühüm qərar açıqlayacaq

Tarix:

18-09-2017, 10:18

/ 36 903 dəfə oxundu.
Mərkəzi Bank manatla bağlı mühüm qərar açıqlayacaq

18 sentyabr 2017-ci il tarixində Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin növbəti toplantısı keçiriləcək.
İclasda faiz dəhlizinin parametrləri növbəti dəfə müzakirə ediləcəkdir.
Mərkəzi Bankın iclasdan sonra açıqlama yayacağı gözlənilir. Açıqlama 19 sentyabr 2017-ci il tarixində də mətbuata təqdim edilə bilər.
Mərkəzi Bank tərəfindən izafi pul təklifinin sterilizasiyası məqsədilə depozit və qısamüddətli notların yerləşdirilməsi üzrə əməliyyatlar aparılır. Sterilizasiya əməliyyatı - artmış pul kütləsinin inflyasiya potensialına malik izafi hissəsinin dövriyyədən çıxarılmasına yönəldilmiş bir əməliyyatdır. İqtisadiyyata pul buraxılması iqtisadi artıma səbəb olsa da, bu müəyyən həddi keçdikdən sonra inflyasiya yaranır. Məhz inflyasiya yaradan bu kütlənin bazardan təmizləməsinə sterilizasiya prosesi deyilir. Depozit əməliyyatları və notların yerləşdirilməsi faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi (hazırda 10%-15%) arasında tərəddüd edən faiz dərəcələri ilə aparılır. 2017-ci ilin 1-ci yarısında depozit əməliyyatları ilə vəsaitlər 10,1%- 14.8%-lə cəlb edilmiş, notlar isə 12.01%-14.99%-lə yerləşdirilmişdir.
Əgər faiz dəhlizinin (aşağı həddi 10%, yuxarı həddi 18%) aşağı həddi aşağı salınarsa, Mərkəzi Bank depozit hərraclarında və notların yerləşdirilməsində banklardan manat kütləsini daha aşağı faizlə yığa bilər. Son hərraclar zamanı tələb təklifi üstələyir. Sadə dildə desək, banklar 10,1% ildə daha çox vəsaiti banklarda yerləşdirməkdə maraqlıdırlar. Mərkəzi Bank isə 100 milyon manatdan çox cəlb etmir. Faizin aşağı düşməsi bankların depozit hərraclarına və notlara marağını azalda bilər. Belə olan halda banklar vəsaitləri yerləşdirmək üçün başqa alətlər axtarmalı olacaqlar. Nəticədə də, dövriyyədən yığılan manat kütləsi azala bilər. Adətən faizlərin aşağı salınması milli valyutanın ucuzlaşmasına səbəb olur.
Mərkəzi Bankın İdarə Heyəti 1 avqust 2017-ci il tarixində uçot dərəcəsinin 15% səviyyəsində və faiz dəhlizinin digər parametrlərinin (dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18%) dəyişməz saxlanılması barədə qərar qəbul edib.
Mərkəzi Bankının İdarə Heyəti 1 avqust 2017-ci il tarixində uçot dərəcəsinin və faiz dəhlizinin parametrlərini dəyişməməsini aşağı şəkildə izah etmişdi.
“Aylıq inflyasiya səviyyəsində mövsümi azalmaya və inflyasiya gözləntilərinin nisbətən səngiməsinə baxmayaraq hələ ki, inflyasiya üzərində qısa və orta müddətli risk amilləri tam neytrallaşmayıb”.
2017-ci ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşmışdır. Bu barədə "Marja"ya Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd edək ki, 2017-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşmışdı.

marja

Şərhlər

XƏBƏR LENTİ