SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » ABŞ uçot dərəcəsini 0%-ə endirir: manat diriləcək? (ŞƏRH)

ABŞ uçot dərəcəsini 0%-ə endirir: manat diriləcək? (ŞƏRH)

Tarix:

12-09-2017, 13:33

/ 42 953 dəfə oxundu.
ABŞ uçot dərəcəsini 0%-ə endirir: manat diriləcək? (ŞƏRH)

Xəbər verdiyimiz kimi, Almaniyanın nüfuzlu "Deutsche Bank"ı ABŞ Federal Ehtiyat Sisteminin bir neçə ay ərzində yenidən uçot dərəcəsini 0 faizə endircəyi və monetar ekspansiyaya başlaya biləcəyi ilə bağlı proqnoz verib.
Qurum bunu belə əsaslandırıb ki, ABŞ-da resessiya təhlükəsi hazırda son 10 ilin maksimal səviyyəsinə yüksəlib, ölkə iqtisadiyyatı hələ "Harvey" və "İrma" qasırğasından əvvəl durğunluq mərhələsinə qədəm qoyub: "İşsizliyin azalmasına baxmayaraq, baza inflyasiya artmır, amma iş saatının müddəti yüksəlir. Bu da resessiya riskinin artdığını göstərir. Kommersiya və sənaye sektorunda kreditləşmə göstəricisində artım iyul ayında 13%-dən 1,6%-ə geriləyib. Bu da resessiyanın yaxınlaşdığını göstərir".
Əgər belə bir şey baş versə, bu Azərbaycan manatının hansı səviyyəyə qədər möhkəmlənməsinə səbəb ola bilər?
Bununla bağlı danışan iqtisadçı-ekspert Natiq Cəfərli belə bir addımın atılacağına inanmadığını, bunun birja oyunçularını bir növ çaşdırmaq məqsədi daşıdığını deyib:
"Əslində bu xəbərin doğru olduğuna və perspektivliyinə inanmıram. Çünki ABŞ Federal Ehtiyat Sistemi keçən ildən başlayaraq uçot dərəcəsini artırmaqla bağlı addımlar atıb və bu ilin sonuna qədər bu prosesin davam etdirilməsi gözlənilir. Xəbər ABŞ və dünya iqtisadiyyatını analiz edən bir qrup tərəfindən verilib və proqnoz kimi qeyd olunub. Yəni hər hansısa bir etibarlı mənbəyə əsaslanmır və yaxud da bunu FED-in daxilində gedən proseslərin sızdırılması kimi qəbul etmək doğru deyil. Ona görə də düşünmürəm ki, FED uçot dərəcəsini yenidən 0 faizə qədər endirsin. Artıq bununla bağlı 3 dəfə faiz artımı olub və hazırda uçot dərəcəsi 1,5 faiz civarındadır. Əksinə, FED bu ilin sonunda uçot dərəcəsini növbəti dəfə artırsa və linkviditliyin azaldılması proqramına start versə, bu, dollara müsbət təsir edəcək. Yəni ilin sonuna yaxın dolların bahalaşmasını görə bilərik. Ona görə də bu tipli xəbərlər investorlar və birja oyunçuları üçün bir növ çaşdırıcı rol oynayır. Əslində daxildə gedən proseslər, yəni iqtisadi, makroiqtisadi göstəricilərə görə FED-in belə bir addım atacağı ehtimalı çox aşağıdır. Bu, o zaman ola bilər ki, dünyada yeni bir böhran alovlansın, ABŞ-da iqtisadiyyatın çöküşü baş versin, yəni iqtisadiyyatda azalma müşahidə edilsin. Əgər belə bir şey baş versə, o zaman FED yenidən faizləri aşağı salıb, linkviditliyin artırılması və dolların bazarlara daha çox axıdılması barədə qərar verə bilər. Yaxın gələcəkdə isə bu ehtimalın olması çox aşağıdır".
Ekspert həmçinin bildirib ki, manatın məzənnəsi hazırda beynəlxaq proseslərdən daha çox daxili amillərlə əlaqədardır və manatın dollar qarşısındakı məzənnəsi inzibati qaydada tənzimlənir:
"Düzdür manat da digər valyutalar kimi dünyada baş verən proseslərlə əlaqəlidir. Biz ayrıca bir ada kimi yaşamırıq. Amma manata hazırda təsir edən əsas amillər daxili proseslərdir. Nə qədər imtina etsələr də, bunu etiraf etməsələr də, hələ də manatın məzənnəsi ən azından dollar qarşısında ciddi inzibati qaydada tənzimlənir. Digər valyutalara nəzər salsaq bazar elementlərini görə bilərik, məsələn dünyada avro bahalaşdıqca, manat da avro qarşısında ucuzlaşdı, yəni paralel bir proses getdi. Lakin dolların məzənnəsi sırf inzibati qaydada tənzimlənir. Ən azından daxildəki proseslər, yəni neftin qiyməti, büdcə ilə yaranan problemlər dolların məzənnəsinə daha çox təsir göstərir, nəinki beynəlxalq proseslər. Ona görə, əsas məsələ daxildəki proseslərdisə, manatın məzənnəsinə də ən çox bu təsir edəcək. Yaxın gələcəkdə manatla bağlı ciddi bir hərəkətliliyin olacağını düşünmürəm. İlin sonuna yaxın manat az da olsa, dollar qarşısında dəyər itirə bilər, lakin ciddi devalvasiya, yaxud manatın dollar qarşısında kəskin bahalaşmasını gözləmək əbəsdir. Əslində manatın bahalaşmasını heç hökumət də istəmir. Çünki həm xarici ticarəti, həm ixracı stimullaşdırmaq üçün ucuz manat hökumətə daha çox sərf edir".

Şərhlər

XƏBƏR LENTİ