SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Bakının qızıl bazarı çöküb: - Qiymət baha, alıcı az

Bakının qızıl bazarı çöküb: - Qiymət baha, alıcı az

Tarix:

25-08-2017, 10:29

/ 93 418 dəfə oxundu.
Bakının qızıl bazarı çöküb: - Qiymət baha, alıcı az

“Mən qızılı həmişə bu univermaqdan alıram.Oğlum nişanlıdır, ona qızıl almağa çıxmışam. İndiki qiymətləri görəndə təəccübləndim, az qala şoka düşdüm. Qızılın qiyməti çox bahalaşıb.Böyük oğlumu evləndirəndə brilyant komplekt almışdım.Amma indi əlimdəki pul qızıl komplektə güclə çatdı.Yaxşı olar ki, ucuz olsun, hamı da rahat ala bilsin.Axı bu qədər bahalıq nəyə lazımdır?!”Bu sözləri Cebhe.info əməkdaşına Mərkəzi Univermağın (MUM) qızıl-zinət əşyalarının satış məkanında olarkən Səadət adlı bir xanım deyir.

Univermaqda apardığımız sorğu-sualdan aydın olur ki, qızıla olan tələbat devalvasiyadan öncəyə nisbətən xeyli azalıb.Bu da qiymətlərin bahalaşmasından irəli gəlir.Piştaxtalarda şüşə altında bərq vuran brilyantların qiymətində xeyli artımın şahidi oluruq.Bunu satıcılar da təsdiqləyir.

“Dollar bahalaşdıqdan sonra qiymətlər əhəmiyyətli dərəcə qalxıb.Bu bizdən asılı məsələ deyil.Qızıl xaricdən gətirildiyi üçün malın dəyəri dollarla ödənilir.Biz də müştərilərimizə bunu manata çevirib satanda təbii ki, qiymət bahalığından şikayətlənirlər.Bu səbəbdən bugünkü qiymətlər alıcı durğunluğu yaşadır.Amma dolların məzənnəsi baha olsa da, dəyişməz qalanda, təbii ki, biz də qiymətlərdə endirim edə bilirik.Yəni cüzi də olsa, ucuzlaşma olur.Buna baxmayaraq müştərilərin gözü o qədər qorxub ki, artıq qızıl almağa gəlmirlər.Mağazaya baxanda da görünür.Bütün piştaxtaların qarşısı boşdur.Alıcılıq qabiliyyəti sıfıra bərabərdir. Məndə sırf brilyant satışı olduğu üçün deyə bilərəm ki, əvvəllər hansısa brilyant dəstinin qiyməti 1500-2000 manat civarında satılırdısa, bu gün qiymət 2800-3700 manat arasında dəyişir”.

Daha bir satıcı bizimlə söhbətində deyir ki, vəziyyət çox pisdir.Alıcılar yoxdur, bu da ona görədir ki, insanlarda pul yoxdur.“Alıcı çox azalıb, alış-veriş zəifləyib.Əvvəllər 585 əyarlı qızılın qramı 60-dan yuxarı, 750 əyyarlı qızılın qramı isə az qala 100 manatadır”, - deyə satıcı xanım bizimlə söhbətində deyir.

Satıcıların sözlərinə görə, MUM-da daha çox Dubay, Türkiyə və Honq-Konqdan gətirilən qızıllar satılır.Satışda yerli mal azdır, səbəb isə yerli mala tələbatın olmamasıdır.Əhali daha çox 750 əyarlıq İtaliya qızılına üstünlük verir.Qiymətli daşlara gəlincə, satıcılar bildirirlər ki, çox vaxt brilyant qaşlı zinət əşyaları alınır.Brilyantlar isə Rusiya, Cənubi Afrika,
Hindistan, Fransa, Kanada, İsraildən gətirilir.

- Nişan üzüklərinin qiyməti nə qədərdir?

- 1000 manatdan başlayaraq dəyişir. Sizə hansı qiymətə lazımdır?

- Bəs komplektlər neçəyə başa gəlir?

- Baxır, alıcı əlini nəyə uzadacaq. Ancaq qiymətlər minimum 3500-4000 manatdan başlayır.Bəyəndiyiniz olmadı?

…Yolumuza davam edirk.

Onu da deyək ki, Univermaqda həftə içi olmasına baxmayaraq vitrinlərin önündə xeyli insanın olması nəzərimizdən yayınmır.Kimisi qızılın, kimisi də brilyantın qiyməti ilə maraqlanır.Baxanların çoxu qiymətləri öyrəndikdən sonra vitrindən uzaqlaşaraq gedir.Ticarət mərkəzinin bu hissəsində gənc cütlüklər daha çox nəzərə çarpır.Onlardan biri öz aralarında nə isə müzakirə edir.

Cütlüklərdən birinə yaxınlaşırıq.Öyrənirik ki, bu yaxınlarda nişanlanacaqlar. Ancaq ciblərinə uyğun nişan üzüyü tapa bilmirlər. Gənc xanım deyir ki, bir müddət öncə 800-1000 manata olan üzüklər indi 1500-1800 manatdan yuxarıdır.Bu isə onları çətin vəziyyət qarşısında qoyur. Özünü Fərid adı ilə təqdim edən cavan oğlan da qiymətlərin yüksək olmasından şikayətlənir:

“Düşünürdüm ki, nişan və toy üçün lazım olan qızılları ailəmdən kömək istəmədən özüm alacam.Ancaq qiymətlər cibimizə heç də uyğun deyil. Ən sadə üzüyün belə qiyməti mənim imkanıma görə yüksəkdir. Satıcılar da deyir ki, dollara uyğun olaraq hesablanır.İndi bilmirəm nə edəcəyəm. Axı xeyli vaxtdır ki, dolların qiyməti qalxmır, stabil olaraq qalıb”

Daha bir satıcı xanıma yaxınlaşırıq. Leyla xanım deyir ki, “Həri”, nişanı yola vermək üçün minimum 4000 manat xərcləmək lazımdır: “Bu 4000 manata nişan üzüyü bir də “kolye” almaq olar. Ondan aşağı qiymətə olan məhsullar biz tərəfdən alıcılara məsləhət görülmür.Ancaq ümumilikdə gəlinlərin seçimi fərqli olur.Əllərini nəyə uzatsalar, oğlan evi məcbur olub onu alır.Borc-xərcə baxmır.Nə də olsa, ömürdə bircə dəfə olan şeydir”.Artıq bir neçə ildir ki, manatın məzənnəsinin düşməsi qızıl bazarından da yan keçməyib.Qiymətlər yüksək, alıcılar isə narazıdır. Rəsmi rəqəmlər isə deyir ki, COMEX-də qızılın bir unsiyasının qiyməti 2,40 dollar azalaraq 1 294,30 dollara satılıb.

Şərhlər

XƏBƏR LENTİ