SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Eldar Mahmudovun oğluna Moskvada mənzil bağışlayıb” -MÜƏMMALI MİLYONÇU İLƏ BAĞLI ŞOK İTTİHAMLAR!

“Eldar Mahmudovun oğluna Moskvada mənzil bağışlayıb” -MÜƏMMALI MİLYONÇU İLƏ BAĞLI ŞOK İTTİHAMLAR!

Tarix:

24-01-2017, 13:28

/ 4 562 dəfə oxundu.
“Eldar Mahmudovun oğluna Moskvada mənzil bağışlayıb” -MÜƏMMALI MİLYONÇU İLƏ BAĞLI ŞOK İTTİHAMLAR!

“Hacı Məmmədov lazımdır ki, bunların qulağını kəssin!”
“Real MTK”-nın keçmiş təsisçisi, iş adamı İlham Qasımovun həbsindən təxminən 2 ay keçsə də, məsələ KİV-lərin və ictimaiyyətin diqqət nərkəzində qalmaqdadır.
İş adamının yaxınlarının media vasitəsilə ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına ünvalanan müraciətlərində yer alan sensasiyalı faktlar, iddialar ötən il noyabrın 30-da 15 il müddətinə azadlıqdan məhrum edilən İlham Qasımovun həbsinin əsl səbəbinin heç də ittiham aktında əks edilənlər olmadığını düşünməyə əsas verir. Hər halda Qasımovun anasının, bacısının və vəkilinin saytımızda da dərc olunan müraciətlərində iş adamına qarşı həm istintaq zamanı, həm də məhkəmədə haqsızlıq edildiyi, onun sifarişlə həbsə alındığı bildirilir. Onlar adı “MTN işi” çərçivəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində zərərçəkən kimi keçən İ.Qasımovun heç bir günahı olmadığı halda həbsə alınmasını bu həbsin sifarişçilərinin iş adamının bütün əmlakını ələ keçirmək niyyətiylə bağlayırlar.

Sifarişçilərin isə Azərbaycan Respublikası Baş Prokurorluğunun Təşkilat-Analitik İdarəsinin rəisi, general Müqəddəs Sultanov və onun biznes şəriki, iş adamı Gülağa Tənha olduğu iddia edilir. Məhkəmə prosesinə sədrlik edən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin isə bu sifarişi yerinə yetirdiyini, sahibkarı günahsız yerə həbsə aldığını söyləyirlər.
General Müqəddəs Sultanov bu ittihamlarla bağlı susqunluğunu qorusa da, əsasən Rusiyada fəaliyyət göstərən, adı müxtəlif qalmaqallarda hallanan müəmmalı iş adamı-şair Gülağa Qəmbərov (Tənha) bəzi mətbuat orqanlarında İ.Qasımova qarşı müəyyən ittihamlar irəli sürüb.

Bununla bağlı “Real” MTK-nın keçmiş təsisçisi, iş adamı İlham Səfəralı oğlu Qasımovun anası Hacı Gözəl Cəfərova təkrarən mətbuat vasitəsi ilə ölkə rəhbərliyinə və ictimaiyyətinə müraciət ünvanlayıb. Bu dəfəki müraciətində G.Cəfərova oğlu İ.Qasımovun vaxtı ilə ortaqları olan general Müqəddəs Hətəm oğlu Sultanov və iş adamı Gülağa Məmi oğlu Qəmbərova qarşı bir sıra ciddi ittihamlar irəli sürüb. Gülağa Qəmbərovu (Tənha) “Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətə qarşı çıxan, müstəqil dövlət quruculuğuna mane olmağa çalışan “OMON” adlı bir qurumun lideri və maliyyələşdiricisi” kimi təqdim edən G.Cəfərova onun bir sıra Kütləvi İnformasiya Vasitələrində iş adamı İ.Qasımova, ailə üzvlərinə və vəkillərinə şər-böhtan atdığını bildirib.

Sensasion ittihamlarla dolu olan bu müraciəti, bəri başdan qarşı tərəflərin mövqeyini işıqlandırmağa hazır olduğumuzu bəyan etməklə, olduğu kimi təqdim edirik:

Gülağa Qəmbərov niyə “Albert Mixailoviç Umarov” oldu?

“Hörmətli redaksiya!
Əvvala sizlərə minnətdarlıq edirəm ki, bu günə qədər haqsızlığın, ədalətsizliyin, şər və böhtanın qurbanı olan ailəmizin və oğlum, iş adamı İlham Qasımovun səsinə səs vermisiniz. Bizim başımıza gələn müsibət o qədər böyük faciədir ki, ancaq yalan və şərin qurbanı olan insanlar bu müsibəti dərk edə bilərlər. Sizə etdiyim bu müraciət isə şər və böhtan qurbanı olan bir ananın fəryadıdır. Allah mənə ağbirçək vaxtımda müqəddəs ziyarətgah olan Kəbə evini ziyarət etməyi nəsib edib. Bunun üçün də ədalətli danışmağı özümə borc bilirəm. İş o yerə çatıb ki, oğlumu şərləyib həbs etdirən general Müqəddəs Sultanov və Gülağa Qəmbərov müxtəlif adamlar və pravdainfo.az, tezadlar.az və bu iki böhtançı cütlüyün qohumuna məxsus olan azpress.az saytları vasitəsi ilə bizim ailəmizə, oğlum İlham Qasımovun vəkillərinə, oğlumun ailəsinə və hətta mənə, ağbirçək bir anaya qarşı şər və böhtan kampaniyası aparırlar.

Gülağa Qəmbərovu tanıyanlar yaxşı bilirlər ki, bu adam vaxtı ilə – 1993-1994-cü illərdə “OMON”-un rəhbər şəxslərindən biri kimi dövlətə və xalqına silah qaldıranlardan, dövlət çevrilişinə cəhd etmişlərdən birisidir. “OMON” adlı bir qurum tərkisilah olduqdan, liderlərdən biri – R.Cavadovun ölümündən sonra həmin gecə gizli yolla Azərbaycanı tərk edərək, qaçmışdır. Qorxu hissi keçirən G.Qəmbərov adını və soyadını dəyişərək, Albert Mixailoviç Umarov adı altında sonradan birdən-birə milyoner kimi ortaya çıxdı.

“Gülağa Qəmbərov Eldar Mahmudovun oğluna Moskvada mənzil bağışlayıb!”

Ortaya çıxmaqda ona yardımçı olan isə sabiq Mili Təhlükəsizlik naziri Eldar Mahmudov, MTN-nin idarə rəisi, general Akif Çovdarov və hazırda dövlət məmuru olan general M.Sultanov olub. Onların dəstəyi ilə Azərbaycanda öz fəaliyyətini davam etdirməyə nail olub.

G.Qəmbərov Eldar Mahmudovun ən yaxın adamlarından biri olub. O, Eldar Mahmudovun oğluna Moskva şəhərində böyük bir mənzil bağışlayıb. Bundan sonra Eldar Mahmudov onun Azərbaycana girişinə icazə verib. G.Qəmbərovun Eldar Mahmudovla işbirliyi açıqlansa bir çox həqiqətlər ortaya çıxar. Lakin kimsə bu əlaqələrin ortaya çıxmasını yasaqlayır.

Müəmmalı məqamlardan biri də budur ki, o, biznes fəaliyyətində Albert Mixailoviç Umarov kimi, məhkəmə şikayətlərində isə Gülağa Qəmbərov kimi tanınır. Dediyinə görə “Allaha bir köynək yaxın olan insan” Albert Mixailoviç Umarovdu, yoxsa Gülağa Məmi oğlu Qəmbərov?

Mətbuat vasitəsilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən G.Qəmbərovun, yəni Rusiyada Albert Mixailoviç Umarov kimi qeydiyyatda olan bu insanın tam kimliyi haqqında bizə məlumat verməsini xahiş edirəm.

“Müqəddəs Sultanov və Gülağa Qəmbərov oğlumun əmlakına göz dikiblər”

Oğlum, iş adamı İ.Qasımov onların məqsədlərinin heç də yaxşı olmadığını bildikdən sonra “Real” MTK-dakı payının 10%-ni general M.Sultanovun həyat yoldaşı Təranə Novruz qızı Əliyevanın adına, 45%-ni isə G.Qəmbərovun sonuncu arvadı Şəhla Əliağa qızı Rüstəmovanın adına keçirmişdir.
Lakin G.Qəmbərov oğlumun yaxasından əl çəkmədi və hələ də əl çəkmək istəmir. Çünki oğlum onun və havadarı, Baş Prokurorluğun idarə rəisi general Müqəddəs Sultanovun çirkin əməllərinə alət olmaq istəmədi. General M.Sultanov və G.Qəmbərov oğlum İ.Qasımov barəsində işin Apellyasiya Məhkəməsinə verildiyini bilərək, öz qara fikirlərindən əl çəkmədən yenidən bizlərdən mal-mülkümüzü tələb edirlər. Tamahlarına sahib çıxa bilməyən cütlük oğluma sifarişlə verdirtdikləri 15 illik həbs qərarının quvvədə qalması üçün əllərindən gələni edirlər.

Dövlət məmuru M.Sultanov və hazırda cinayət axtarışında olan G.Qəmbərovun birgə hazırladıqları ssenari ilə mülki işi cinayət işinə cevirərək, insan həyatının onlar üçün nə qədər uçuz olduğunu subut ediblər. Və indi də oğlumun həyatını məhv etməyə çalışırlar.

General M.Sultanovun diktəsi ilə G.Qəmbərovun arvadının şikayət edərək ailəmizdən tələb etdiyi puları, indi G.Qəmbərov özü tələb etməyə başlayıb. Bununla bağlı şikayət verib. Bunu necə başa düşək? Ortaqların şəriklikdə ünvanlı xərclənən pulları tələb etmələri yalnız onların tamahkarlığı ilə bağlıdır.

General M.Sultanov və G.Qəmbərov özlərini oğlumun biznes şərikləri kimi deyil, düşməni kimi aparırlar. Bu da onunla bağlıdır ki, Müqəddəslə Gülağa oğlum İ.Qasımovun var-dövlətinə göz dikiblər.

Gülağa Qəmbərov niyə qanqster Hacı Məmmədovu arzulayır?


Bu yaxınlarda G.Qəmbərov öz qohumunun saytı olan azpress.az saytında bir video-müsahibə yayımlayıb. Həmin müsahibədə G.Qəmbərov Eldar Mahmudova “şərəfsiz, alçaq” deyir. Həmçinin həmin video yazıda özünü ağıllı sayan G.Qəmbərov insan oğurluğu ilə məşğul olan bir banda başçısı olan Hacı Məmmədova haqq qazandırır. Onun azadlıqda olmasını, yeni cinayətlər həyata keçirməsini arzulayır (video yazıya əlavə edilir-red.)

Sual olunur, bütün bunları G.Qəmbərov niyə yada salır? Bu sözlər onun vaxtilə Hacı Məmədovla da yaxın olduğunu təsdiq edir. Eyni zamanda bu adamın cinayətkar aləmə münasibətini, əsl simasını ortaya çıxarır.

Gülağa Tənhanın “möminliyi”: Ayrıldığı qadınlardan notariusda “halallıq kağızı” alır!

G.Qəmbərovun yaxın dostu, onun Bakıda işlərini görən və oğlumun həbsində əsas rol oynayan “Odlar Yurdu” MTK-nın rəhbəri Orxan Bünyadzadənin atası Hacı İlqar Bünyadzadə onun haqqında “Təzadlar” qəzetində görün nə yazır. Sitat: “O, kiminə maşın alıb, kiminə ev bağışlayıb, kimin könlündən nə keçibsə həmin xanımın arzularını yerinə yetirib. G.Qəmbərov hər bir xanımından ayrıldığı zaman onun mehrini verib, ondan hallalıq alıb – hətta notarial qaydada belə bir məzmunda sənədlər də var: “Mən, (xanımın adı, soyadı, atasının adı), Qəmbərov Gülağa Məmi oğluna qarşı heç bir iddiam yoxdu və zəhmətimi ona halal edirəm”. Mən hələ elə bir mömin və imkanlı şəxs tanımıram ki, ayrıldığı xanımlardan belə notarial təsdiqlənmiş halallıq sənədi alsın”.

Bu açıqlama “Təzadlar” qəzetində G.Qəmbərovun keçmiş arvadı, şahmatçı, 1983-cü il təvəllüdlü Zeynəb Məmmədyarova onun haqqında mətbuata biabırçı açıqlama verdikdən sonra təşkil olunmuşdu (Qeyd edək ki, G.Qəmbərovun təvəllüdü 1959-cu ildir. Xeyriyyəçi kimi özündən 24 yaş kiçik Zeynəb Məmmədyarovaya yaxınlaşıb, 1 il 6 ay evli olublar-red.)

Gülağa Qəmbərov neçə dəfə evlənib-boşanıb?
Dostu hacı İlqar Bünyadzadənin dili ilə G.Qəmbərov özünü bu şəkildə biabır etdi. Özünə“Allaha yaxın olan adam” deyən Albert Mixailoviç Umarov, yəni G.Qəmbərov öz dini əxlaqını bu şəkildə ortaya qoydu. G.Qəmbərov özünün neçə dəfə evlənib boşanması ilə bağlı mətbuata məlumat verə bilərmi? Yəqin ki, verə bilməz.

Məndə olan məlumata görə hazırda G.Qəmbərov son həyat yoldaşı, 1990-cı il təvəllüdlü Şəhla Rüstəmova ilə də boşanır. Buna görə də Gülağa Tənha Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, oğlumdan müsadirə olunaraq “Real” MTK-nın payçısı Şəhla Rüstəmovaya ödəniləcək olan məbləğin ona ödənilməsi ilə bağlı iddia qaldırıb.

General Müqəddəs Sultanov və Gülağa Qəmbərov birləşərək

General Müqəddəs Sultanov və vaxtilə dövlətə qarşı çıxan Gülağa Qəmbərov birləşərək, oğlum İ.Qasımovun var-dövlətinə, mal-mülkünə və biznesinə bilərəkdən əl uzadaraq, ona qeyri-qanuni 15 il azadlıqdan məhrumetmə cəzası verdirdilər.

Möhtərəm Prezidentimiz dəfələrlə çıxış edərək söyləyib ki, sahibkarlığın inkişafına mane olanlar xalqa və dövlətə xəyanət etmiş olurlar. Məqamı çatmışkən xatırladım ki, general M.Sultanov dövlətimiz tərəfindən ona verilən vəzifə və ali rütbə ilə kifayətlənmədiyi üçün özəl sektorlara əl uzadır. Dövlət başçımızın ideya və fikirlərinə qarşı çıxan dövlət məmuru, general M.Sultanov hələ də öz hegemon qərarlarından əl çəkmir.

Mən bir ana kimi bütün məsuliyyətimlə bildirirəm ki, oğlum, iş adamı İ.Qasımovun cinayət işinin aparılması general M.Sultanovun tapşırığı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi, M.Sultanovun yaxın qohumu Zeynal Ağayevə bilərəkdən verilmişdir. Çünki hakim Zeynal Ağayev tapşırıqla hökm oxuyan tanınmış bir hakimdir. General M.Sultanov kimi qanunlarımızı yox, sifarişləri nəzərə alaraq hökm oxuyur. Səbəbini belə izah etmək olar.

“Gülağa Qəmbərov həbsxanaya – oğluma xəbər göndərib…

Oğlum İlham Qasımovdan gələn son xəbərdə bildirilir ki, Gülağa Qəmbərov həbsxanaya – oğluma xəbər göndərib. Deyib ki, şəxsi acığını soyutmaq üçün İlham Qasımova 15 il həbs cəzası verilməsini o təşkil edib. Gülağa Qəmbərov oğluma yolladığı xəbərdə həmçinin bildirib ki, hakim Zeynal Ağayev dövlət ittihamçısının istəyinə uyğun olaraq, İlham Qasımova 13 il cəza kəsməyi düşünürmüş.

Hökm elan olunmamışdan əvvəl Gülağa Qəmbərov ilə birlikdə şam edən hakim Zeynal Ağayev özü bunu Gülağa Qəmbərova bildirib. Bundan sonra isə G.Qəmbərov hakim Zeynal Ağayevə 50 min manat verərək, ondan oğluma 15 il cəza verilməsini istəyib. Və onun bu istəyi də yerinə yetirilib.

Bir daha xatırladıram ki, bütün bunları G.Qəmbərov özü həbsxanada olan oğluma göndərdiyi xəbərdə etiraf edib.

Prezidentimizə inanıram, bu işə ədalətlə baxacağına ümid edirəm!
Mən onu da qeyd etmək istəyirəm ki, mənim yaxınlarım və oğlumun vəkilləri tərəfindən Prezidentimiz cənab İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, Ədliyyə naziri Fikrət Məmmədova və Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova etdikləri müraciətlərdən sonra Bakı Apellyasiya Məhkəməsinin bu işə ədalətlə baxacağına ümid edirəm.

Mən Prezidentimiz İlham Əliyev cənablarının humanist addımlarına və haqq-ədalətin şərin üzərində qələbə calacağına inanıram!
Hörmətlə, Hacı Gözəl xanım Cəfərova”.

Xatırladaq ki, son günlər ölkə mediasının gündəmində olan və ötən ilin ən qalmaqallı həbslərindən biri kimi xarakterizə olunan “MTK-Real” MTK-nın keçmiş təsisçisi, iş adamı İlham Qasımovun barəsində 2016-cı ilin 30 noyabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayev tərəfindən 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. İş adamının adı “MTN işi” çərçivəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində zərərçəkən kimi keçsə də, özü hazırda həbsdədir. Onu da qeyd edək ki, dövlət ittihamçısı məhkəmədən İlham Qasımovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, hakimi Zeynal Ağayev təqsirləndirilən İlham Qasımovu daha ağır cəzaya, 15 illik həbs cəzasına layiq görüb. Hazırda qarşı tərəf Apellyasiya şikayəti verib və işə yaxın zamanlarda Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

P.S. Bəzi məlumatlara görə, Gülağa Qəmbərov 2 gün əvvəl – yanvarın 22-də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Bakı aeroportunda saxlanılıb.

Şərhlər

XƏBƏR LENTİ