SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Mikayıl Cabbarov məktəblərə nəzarəti itirib... - Təhsil ocaqlarında nə baş verir?

Mikayıl Cabbarov məktəblərə nəzarəti itirib... - Təhsil ocaqlarında nə baş verir?

Tarix:

24-01-2017, 10:42

/ 1 982 dəfə oxundu.
Mikayıl Cabbarov məktəblərə nəzarəti itirib... - Təhsil ocaqlarında nə baş verir?

Azərbaycanın təhsil müəssisələrində xoşagəlməz qalmaqalların baş verməsi adiləşir. Son vaxtlar ölkənin bir sıra orta ümumtəhsil məktəblərində utancverici hadisələr yaşandığı barədə xəbərlərin ardı-arası kəsilmir.
Bu günlərdə Şəmkir rayonundakı Seyfəli kənd tam orta məktəbində direktor və laborant arasındakı pornoqrafiya qalmaqalı barədə məlumat geniş ajiotaj doğurdu.
Dünən isə Cəlilabaddakı Göytəpə şəhər 1 saylı tam orta məktəbinin direktorunun bu təhsil ocağının acınacaqlı durumu və məktəbdə rüşvət hallarının baş alıb getməsi barədə mətbuata şikayət ünvanlayan müəllimə Etiraf Vəliyevanı ağır söyüşlərlə təhqir etdiyi barədə məlumat yayılıb. Məlumatı müəllimə özü açıqlamasında deyib.
Qeyd etdiyimiz kimi, baş verənlər son bir neçə ayda yaşanan ilk qalmaqallar deyil.
Ötən ilin sentyabrında Xətai rayonu 30 saylı 7 illik musiqi məktəbinin bir qrup müəllimi Ölkə.Az-ın redaksiyasına müraciət edərək direktor Yusif Məmmədov və direktor müavini Fəxriyyə Quliyevadan şikayətçi olduqlarını bildiriblər.
Şikayətçilər deyiblər ki, Y. Məmmədov tez-tez məktəbə içkili vəziyyətdə gəlir. Hətta onlar iddia edirlər ki, direktor məktəbdə də spirtli içki qəbul edir.
Oktyabrda isə Xəzər rayonu Şimal DRES qəsəbəsindəki 230 saylı orta məktəbin kollektivi ölkə.az-ın redaksiyasına ilginc hesab ediləcək müraciət ünvanlayıb. Müraciətdə bildirilib ki, məktəbin direktor müavini Ləman Babayeva onları şantaj, təhqir edir, qardaşı müəllimləri bıçaqla hədələyir.
Bundan sonra məlumat yayılıb ki, məktəb direktoru Elşən Qafarov ilə onun müavini Ləman Babayeva arasında baş verən qalmaqalla əlaqədar olaraq, direktor vəzifəsindən azad edilib.
L.Babayeva E.Qafarovun onu zorladığını iddia edib, lakin bu fakt Xəzər rayon Prokurorluğu tərəfindən təsdiqlənməyib.
Ötən ilin dekabrında Bakının Suraxanı rayonunda yerləşən 104 saylı orta məktəbdə şagird döyülüb. Rayon Polis İdarəsindən (RPİ) daxil olan məlumata görə, bununla bağlı uşağın valideynə RPİ-yə şikayət edib.
Belə ki, Tanriverdi Nəcəfov adlı valideyn Suraxanı RPİ-yə müraciət edərək bildirib ki, oğlu 2006-cı il təvəllüdlü F.N. məktəbdə İradə adlı müəllim tərəfindən döyülüb.
Bunlar internet üzərindən apardığımız kiçik bir axtarış zamanı son aylarda Azərbaycanın təhsil ocaqlarında baş verən biabırçı qalmaqalların bir qismidir.
Ölkə təhsilinin durumu göz önündədir. Orta məktəblərdə keçirilən buraxılış və qəbul imtahanlarının nəticələri təhsil sahəsində ciddi çöküşün yaşandığını, savadsızlığın getdikcə kütləviləşdiyini göstərir.
Bunun fonunda isə təhsil müəssisələrində rüsvayçı ittihamlarla müşaiyət olunan skandalların yaşanması acı təəssüf doğurur.
Halbuki Mikayıl Cabbarov təhsil naziri postuna təyin edilərkən bir çoxları onun "gənc, müasir görüşlü olduğunu”, xaricdə təhsil aldığını əsas gətirib ölkə təhsilini acınacaqlı durumdan çıxara biləcəyini düşünürdü.
Təhsilin ümumi mənzərəsinə göz atdıqda isə Cabbarovun nazir təyinatından sonra müsbətə doğru dəyişən heç nə olmadığı, əksinə, təhsil sisteminin daha da böhranlı duruma yuvarlandığı aydın görünür.
Orta məktəb şagirdlərinin biliklərinin qiymətləndirilməsi zamanı ortaya çıxan pis göstəricilər azmış kimi, məktəblərdə baş verən anormal hadisələr Təhsil Nazirliyi rəhbərliyinin onlara nəzarəti tamam itirdiyini düşünmək üçün kifayət qədər əsaslar yaranır.
Özünüz deyin, bu qədər biabırçı olaydan sonra başqa cür düşünmək mümkündürmü?
Ən azı belə bir sual yaranır: adıçəkilən nazirliyin rəhbərliyi, məsul şəxsləri hara baxırlar, yaxud nə işlə məşğul olurlar ki, az hər ay az qala 2-3 məktəblə bağlı bu cür xoşagəlməz mənzərə ortya çıxır?!

Qaynarinfo

Şərhlər

XƏBƏR LENTİ